· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bakı Slavyan Universiteti yeni inkişaf mərhələsində

Müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etmiş ümummilli lider Heydər Əliyevin fədakar əməyi nəticəsində Azərbaycanın dünya birliyinə inteqrasiyası, inkişaf etmiş xarici ölkələrlə qurulan və günbəgün möhkəmlənən əlaqələr, respublikamızın müasir dünyaya qovuşması gənc nəslin təlim-tərbiyəsi sahəsində aparılan dövlət siyasəti qarşısında yeni tələblər qoydu. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 2000-ci iİ 13 iyunda imzaladığı "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərman və bu sənədin dövlət strukturları qarşısında qoyduğu vəzifələrin icrası ilə bağlı görülmüş tədbirlər ölkənin təhsil sisteminin inkişafında tarixi addım kimi qiymətləndirilməlidir.

ölkə başçısının bu fərmanına müvafiq olaraq, təməli 1946-cı ildə qoyulmuş, sonradan M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu kimi fəaliyyət göstərmiş ali məktəbin bazasında yeni tədris ocağı - Bakı Slavyan Universiteti yaradıldı.

Bu universitetin yaradılmasını, ilk növbədə, müstəqil Azərbaycanın dünya birliyi ölkələri ilə, o cümlədən, Şərqi Avropa dövlətləri ilə daim genişlənən əlaqələri, bu ölkələrin dil və ədəbiyyatını, iqtisadiyyatını, coğrafiyasını, ictimai-siyasi sistemini və mədəniyyətini dərindən bilən yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi tələbatı şərtləndirmişdir. Bu vəzifənin yüksək səviyyədə həyata keçirilməsi məqsədi ilə Bakı Slavyan Universitetinin köklü şəkildə yenidən təşkili zərurəti ortaya çıxdı. Respublikada daha yüksək statusa və tələbələrin daha geniş ixtisaslaşmasını təminetmə qabiliyyətinə malik yeni tədris ocağı yaradılmış, qısa bir müddət ərzində BSU yüksək hazırlıqlı mütəxəssislərə, peşəkar kadrlara, tədris və elmi potensiala, müasir infrastruktura malik çoxşaxəli tədris müəssisəsinə çevrilmişdir.

Qısa müddət ərzində sürətli inkişaf yolu keçən BSU-nun kollektivini ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın son illərdə qazandığı möhtəşəm uğurlar, dövlət  başçımızın təhsilə, elmə qayğısı yeni nailiyyətlərə ruhlandırır. Təhsil sistemində aparılan köklü islahatlar, tədris prosesinin təkmilləşdirilməsi, orta və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil işçilərinin maddi rifahının yüksəldilməsi və ölkənin təhsil sisteminin dünya standartlarına uyğun təşkil edliməsi ilə bağlı digər aktual problemlər dövlət rəhbərinin gündəlik diqqət yetirdiyi məsələlərə çevrilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin Moskva kommunikesində ayrıca sətirlə BSU-ya hərtərəfli dəstək göstərilməsinin bəyan edilməsi kollektivimiz tərəfindən dərin minnətdarlıqla qarşılanmışdır.

Həmin qayğı nəticəsində bu gün Bakı Slavyan Universiteti unikal təhsil və mədəniyyət mərkəzi kimi slavyan xalqlarının mənəvi dəyərlərini tədqiq edən nüfuzlu təhsil ocağına çevrilmişdir. Burada rus və digər slavyan dilləri və ədəbiyyatı üzrə ciddi tədqiqatlar həyata keçirilir, təkcə respublikamız üçün deyil, həm də bir çox Şərq ölkələri üçün yüksək hazırlıqlı mütəxəssislər hazırlanır.

Son illər ərzində universitetdə baş vermiş struktur dəyişiklikləri onun bütün fəaliyyət sahələrini əhatə etmişdir. BSU-da altı fakültə, magistratura və qiyabi təhsil şöbələri, hazırlıq şöbəsi, humanitar lisey fəaliyyət göstərir.

Filologiya fakültəsi filologiya - rus dili və ədəbiyyatı, filologiya - Azərbaycan dili və ədəbiyyatı və jurnalistika ixtisasları üzrə kadr hazırlığını həyata keçirir. Pedaqoji fakültədə respublikanın orta ümumtəhsil məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimləri, həmçinin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bakalavrlar hazırlanır. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində beynəlxalq münasibətlər üzrə mütəxəssislər, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, Bolqarıstan, çexiya və Yunanıstan üzrə genişprofilli regionşünaslar təhsil alırlar. Tərcümə fakültəsində iki xarici dil - rus və ingilis, polyak və ingilis, çex və ingilis və digər dillər üzrə ixtisaslaşan peşəkar tərcüməçilər hazırlanır. İxtisasartırma və yenidənhazırlanma fakültəsi pedaqoji kadrların yenidən hazırlanmasını və onların ixtisaslarının artırılmasını təşkil edir. Respublikanın ali və orta məktəb müəllimləri burada rus dili və ədəbiyyatı üzrə ixtisaslarını artırır və dinləyicilər müxtəlif sahələr üzrə yeni ixtisaslara yiyələnirlər. Ədəbi istedadı olan gənclər üçün BSU-da qeyri-formal təhsil həyata keçirən yaradıcılıq fakültəsi  açılıb, burada poeziya, nəsr, tənqid üzrə kurslar keçilir.

Universitetin magistratura şöbəsində dilşünaslıq, filologiya, regionşünaslıq, beynəlxalq münasibətlər, maarif  istiqamətlərində müxtəlif ixtisaslar üzrə magistr hazırlığı aparılır. Humanitar lisey, qiyabi şöbə də universitet həyatında əhəmiyyətli yer tutur.  

Son illər ərzində BSU adi təhsil ocağından slavistika və slavyan mədəniyyəti mərkəzinə çevrilmişdir.

Bu gün Bakı Slavyan Universitetində 25 kafedra fəaliyyət göstərir. Universitetin professor-müəllim heyətinə 50-yə yaxın elmlər doktoru, professor,  200-dən çox elmlər namizədi, dosent, 300-dən çox baş müəllim və müəllim daxildir.

BSU-da "Lüğət mərkəzi", "Tərcümə problemləri", "Türk-slavyan əlaqələri", "Folklor araşdırmaları", "ölkəşünaslıq" elmi-tədqiqat laboratoriyaları, analitik informasiya mərkəzi yaradılmışdır. Universitetdə yüksək ixtisaslı bakalavr və magistr hazırlığını həyata keçirən fakültə və kafedralardan, həmçinin ümumi və tədris leksikoqrafiyasının, tərcüməşünaslığın, türk-slavyan ədəbi və mənəvi əlaqələrinin, azərbaycanşünaslığın aktual problemlərini tədqiq edən elmi-tədqiqat laboratoriyalarından başqa, Xarici əlaqələr şöbəsi, Sosioloji tədqiqatlar xidməti, Ukrayna "Bazar günü" məktəbi, "Kitab aləmi" nəşriyyat-poliqrafiya mərkəzi, Tələbə teatrı, "Səfir saatı" klubu, aspirantura və doktorantura, "Russkaya kniqa" kitab mağazası, Azərbaycan İngilis dili Müəllimləri Birliyinin ofisi fəaliyyət göstərir. Universitetdə "BSU-nun elmi əsərləri", "Azərbaycanda rus dili və ədəbiyyatı" elmi-metodik jurnalı, "Mütərcim" ədəbi, elmi, tərcümə jurnalı, alim və müəllimlərin, aspirant və magistrantların elmi məcmuələri nəşr edilir, "Tələbə dünyası" qəzeti çap olunur. BSU-da "Slavyan dilləri", "Dünya ədəbiyyatı" və müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisasları üzrə doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya Şurası fəaliyyət göstərir, "Müqayisəli ədəbiyyat", "Müasir dilçiliyin problemləri" adlı və digər  ənənəvi beynəlxalq elmi konfranslar keçirilir. Bir çox xarici ölkələrin nüfuzlu alimlərinin iştirak etdikləri bu ənənəvi konfranslar öz sambalı ilə dünya səviyyəsində seçilir.Universitetimizdə "Filoloqun kitabxanası" silsiləsindən dünya filoloji fikrinin görkəmli nümayəndələrinin əsərləri orijinaldan tərcümə edilərək çap olunur. Artıq M.Baxtin, E.Koseriu, N.Xomski, Y.Qolosovkerin monoqrafiyaları işıq üzü görmüşdür.

BSU-da ali məktəb tələbələri üçün elmin müasir tələblərinə cavab verən yeni dərsliklər və tədris vəsaitlərinin, lüğət və məlumat ədəbiyyatının, tədris proqramları və metodik tövsiyələrin hazırlanmasına xüsusi diqqət yetirilir. Bütün ixtisaslar üzrə yeni tədris proqramlarının tərtib edilməsi, rus ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, praktik rus dili, pedaqogika, rus dilçiliyi və elmin digər sahələri üzrə ali məktəb tələbələri üçün dərslik və tədris vəsaitlərinin çapa hazırlanıb nəşr edilməsi və dördcildlik "Azərbaycanca-rusca lüğət"in işıq üzü görməsi buna bariz nümunədir.

2000-ci ildə Bakı Slavyan Universitetinin "Fəxri doktoru" adı təsis edilmişdir. ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, elm, təhsil və mədəniyyətin inkişaf etdirilməsi işində xüsusi xidmətlər göstərmiş bir sıra görkəmli dövlət rəhbərləri və ictimai-siyasi xadimlər BSU Elmi Şurasının qərarı ilə bu fəxri ada layiq görülmüşlər. Rusiya Federasiyasının Prezidenti V.V.Putin, Moskva və Bütün Rusiya patriarxı II Aleksi, Bolqarıstan Respublikasının Prezidentləri J.Jelev  və G.Pırvanov, Yunanıstan Respublikasının Prezidenti K.Stefanopulos, Ukrayna Respublikasının Prezidenti V.A.Yuşşenko, Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri S.M.Mironov və Ukrayna Ali Radasının spikeri V.S.Plyuş  Bakı Slavyan Universitetinin fəxri  doktorlarıdır.

BSU bir çox xarici ölkələrin ali məktəbləri ilə çoxşaxəli əlaqələr qurmuşdur. Universitetin xarici əlaqələri Rusiya, Fransa, İsveçrə, Türkiyə, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Bolqarıstan, çexiya, Polşa, Rumıniya, Yunanıstan və digər dövlətlərin nüfuzlu ali məktəbləri, elmi  təşkilatları ilə imzalanmış müqavilə və sazişlərlə tənzimlənir.

Xarici dövlətlərin ictimai-siyasi dairələrinin nümayəndələri, tanınmış elm, təhsil və mədəniyyət xadimləri universitetlə sıx əməkdaşlıq edirlər. Son illər ərzində bir çox ictimai xadimlər, siyasətçilər və alimlər, xarici ölkələrin bir sıra mətbuat orqanlarının nümayəndələri və görkəmli mədəniyyət işçiləri universitetin qonağı olmuşlar.

Universitet tələbə və magistrantlarının Rusiya, Ukrayna, Bolqarıstan, Polşa və digər xarici ölkələrin tanınmış ali məktəblərində elmi-tədqiqat təcrübəsinə cəlb olunmaları, ixtisasartırma kurslarında təhsil almaları, bu tədris müəssisələri ilə müəllim və tələbə mübadiləsi ənənəvi hal almışdır.

BSU-nun Azərbaycan Respublikası Təhsil Nazirliyi və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi ilə birgə keçirdikləri beynəlxalq elmi-praktik konfranslarda Azərbaycanın orta ümumtəhsil məktəblərində rus dili və ədəbiyyatının tədrisinin aktual problemləri gündəmə çıxarılmış, bu problemlərin həlli yolları araşdırılmış, Rus dili və Ədəbiyyatı Müəllimlərinin Respublika Koordinasiya Şurası yaradılmışdır. 

Universitetdə Rusiya tədris-mədəniyyət mərkəzi ("Moskva auditoriyası"), Ukrayna tədris-mədəniyyət mərkəzi, Yunan dili və mədəniyyəti mərkəzi, Bolqar dili və mədəniyyəti mərkəzi, Polyak dili və mədəniyyəti mərkəzi, Türkiyə araşdırmaları mərkəzi, "Sankt-Peterburq" mədəniyyət və tədris mərkəzi, "Azərbaycanşünaslıq" tədris-mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Qısa bir müddət ərzində beynəlxalq aləmdə nüfuz qazanmış BSU fəaliyyət göstərdiyi illərdə təkcə respublikamız üçün deyil, yaxın və uzaq ölkələr üçün də yüksək ixtisaslı mütəxəssislər və elmi kadrlar hazırlamışdır. Son illərdə BSU-da  bir çox xarici ölkələrin, o cümlədən Rusiya, Türkiyə, İran, Türkmənistan, çin, Estoniya, Gürcüstan, Koreya, Bolqarıstan və Ukraynanın yüzlərlə vətəndaşı təhsil almışdır.

Eyni zamanda bir sıra xarici universitetlərin müəllimləri BSU-da ixtisasartırmada olur, universitetimizin müəllimləri xaricdə mühazirələr oxuyur, tədrislə məşğul olurlar.

Universitetdə təhsil alan bir çox  tələbələr, gənc tədqiqatçılar və müəllimlər xarici ölkələrin, o cümlədən Rusiya, Ukrayna, Bolqarıstan, ABŞ, Yunanıstan, Türkiyə, Almaniya və Polşanın  universitetlərində  istehsalat və elmi-tədqiqat təcrübəsi keçmiş, ixtisasları üzrə hazırlıq səviyyələrini yüksəltmiş, bilik və bacarıqlarını təkmilləşdirmişlər.

Tələbələrə ixtisaslaşdıqları ölkənin dili, ədəbiyyatı, tarixi, coğrafiyası, mədəniyyəti, fəlsəfəsi, ictimai-siyasi həyatı, hüququ, iqtisadiyyatı üzrə kompleks biliklər verilir. Humanitar, ictimai fənlərin belə vəhdəti tələbələrə elmi bilik və mənəvi dəyərlərin bir-birini tamamlayaraq aşılanmasına imkan yaradır. Qeyd edim ki, respublikamızda ilk dəfə olaraq BSU-da azərbaycanşünaslıq ixtisasına da qəbul keçirilmiş və tədris təşkil olunmuşdur. Bu ixtisas üzrə tədrisin əsasında da ölkəmiz haqqında ətraflı elmi biliklərlə yanaşı, milli mənəvi dəyərlərin, əxlaqi meyarların, mədəniyyətimizə xas özünəməxsusluğun və ümumbəşəri dəyərlərin aşılanması üstünlük təşkil edir. Həmin mütəxəssislərin xarici mədəni-diplomatik əlaqələr, diaspora ilə iş, milli maarifçilik sahələrində xüsusi rol oynayacağına əminik.

BSU xarici universitetlərlə ikitərəfli əməkdaşlıq edir  - ölkəmizdə slavistikanın, xaricdə azərbaycanşünaslığın təbliğinə və inkişafına çalışır. Artıq Rusiya, Fransa, Polşa, Ukrayna və digər ölkələrin nüfuzlu universitetlərində  azərbaycanşünaslıq tədris olunur, müvafiq bölmələr açılıb və ya açılmaqdadır.

Təhsilin səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə universitetin professor-müəllim heyəti son zamanlar sanballı elmi əsərlər üzərində işləmişlər. Alimlərin məqalələri respublika elmi ictimaiyyəti arasında böyük nüfuz qazanmış iki istiqamətli ("Dil və ədəbiyyat", "İctimai və siyasi elmlər") "Elmi əsərlər"də, "Azərbaycanda rus dili və ədəbiyyatı" elmi-metodik və ictimai jurnalında, "Mütərcim" ədəbi, elmi və tərcümə jurnalında dərc olunur.

Qeyd edilməlidir ki, BSU yarandığı gündən universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris binalarının müasir tələblərə uyğun abadlaşdırılması, tədris prosesinin elmi-metodik ədəbiyyatla, əyani və texniki vasitələrlə təchiz edilməsi, kafedra və elmi-tədqiqat laboratoriyalarının kompüter avadanlığı ilə təmin edilməsi sahəsində gündəlik və gərgin iş aparılır.

Müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin elmi biliklərə yiyələnmələrində, onların oxucu maraqlarının genişlənməsində, bədii mütaliəyə həvəsləndirilməsində, elmi yaradıcılığa cəlb edilməsində universitet kitabxanası mühüm rol oynayır.  Hazırda universitet kitabxanasının fondunda 0,5 milyon nüsxədən çox ədəbiyyat saxlanılır. Daim yeniləşən və zənginləşən kitabxana fonduna daxil olan nəşrlər barədə universitet qəzetində mütəmadi olaraq məlumat verilir və tematik kitab sərgiləri keçirilir.

Universitetin xarici ölkələrin ali təhsil müəssisələri ilə qurduğu əlaqələr sayəsində kitabxana fondu yunan, polyak, türk, bolqar, rus, Ukrayna dillərində nəşr olunmuş elmi, bədii və publisistik ədəbiyyatla, lüğətlərlə zənginləşmişdir. Xarici ölkə universitetləri tərəfindən kitabxanaya çoxsaylı kitab və dövri mətbuat nümunələri hədiyyə edilmişdir.

Universitet son zamanlar ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır. BSU Boloniya prosesinə fəal şəkildə qoşulmaqla ölkənin müasir Avropa təhsil sisteminə inteqrasiyasında fəal mövqe tutmaq niyyətində olduğunu bildirmişdir. Əgər kredit sistemi ilə tədris 2006-2007-ci tədris ilində yalnız rus dili və ədəbiyyatı ixtisası üzrə aparılmışdısa, 2007-2008-ci tədris ilində ibtidai təhsilin pedaqogikası və metodikası, Azərbaycan dili və ədəbiyyatı, regionşünaslıq və tərcümə ixtisasları da kredit sistemi ilə tədrisə qoşulmuşdur. Təhsil islahatlarının tərkib hissəsi kimi universitetdə çoxballı sistem tətbiq olunmuş, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi sahəsində mühüm əməli nəticələr əldə edilmişdir. Sessiyalar dövründə imtahanlara valideynlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin fəal surətdə cəlb edilmələri, aşkarlıq və obyektivliyin təmin edilməsi, tələbələrin pedaqoji təcrübələrinin qaçqın şəhərciklərinin orta məktəblərində təşkili gənclərə fəal həyat mövqeyinin, yüksək vətəndaşlıq hissinin aşılanması istiqamətində atılan addımların bariz nümunəsidir.

Bu gün BSU bir sıra beynəlxalq təşkilatların, o cümlədən Maqna Charta Universitatium - Azadlıqların Böyük Xartiyasının, Beynəlxalq Kadr Akademiyasının, Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının, Rus dili və ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının, regionşünaslıq və beynəlxalq münasibətlər istiqamətləri üzrə Rusiya Federasiyası ali məktəblərinin tədris-metodik birliklərinin üzvüdür.

Respublikada ilk dəfə olaraq universitet tələbələrinin pedaqoji təcrübələrinin qaçqın şəhərciklərinin orta məktəblərində təşkili artıq ənənəyə çevrilmişdir. Tələbələr hər il Bərdə, Biləsuvar, Beyləqan rayonlarının qaçqın şəhərciklərindəki orta məktəblərdə təcrübə keçirlər. Təcrübə dövründə universitet tələbə və magistrantları tərəfindən qaçqın uşaqlara yardım göstərilir, məktəblərə dərs ləvazimatı, kitablar və əyani vəsaitlər hədiyyə edilir. Son 3 il ərzində rayonlardakı qaçqın şəhərciklərinin orta məktəblərində keçirilmiş pedaqoji təcrübələr ölkənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Bütövlükdə pedaqoji təcrübənin coğrafiyası geniş olmuş və respublikanın 8 rayonunu əhatə etmişdir.

Universitetdə folklor təcrübəsinə, xüsusən rus folklorunun toplanılmasına xüsusi diqqət yetirilir. Folklor materiallarının toplanılması və emalını nəzərdə tutan bu növ təcrübə tələbələrə şifahi xalq ədəbiyyatı nümunələrinin geniş tədqiqi üzrə bacarıq və vərdişlərin aşılanmasını nəzərdə tutur. Son illərdə folklor təcrübəsi Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Əli Bayramlı şəhərləri ilə yanaşı, respublikanın 16 rayonunda, o cümlədən İsmayıllı rayonunun İvanovka qəsəbəsində keçirilmişdir.

BSU-da müxtəlif ixtisaslar üzrə kadr hazırlığını təmin edən tədris prosesi təlim-tərbiyə işləri ilə sıx və ayrılmaz vəhdət təşkil edir.

Universitetdə təhsil alan tələbə gənclərin təlim və tərbiyəsi istiqamətində görülən işlərin başlıca məqsədi seçdikləri ixtisaslar üzrə dərin biliyə, geniş dünyagörüşünə və yüksək mədəniyyətə malik, xalqımızın milli müstəqillik ideyalarına sədaqətli, Vətənini, millətini və dövlətini sevən əsl vətənpərvər yetişdirməkdir. Bu məqsədə nail olunmasında universitetdə aparılan təlim-tərbiyə işinin düzgün təşkili xüsusi əhəmiyyət kəsb edir.

Universitetdə təlim-tərbiyə işi müxtəlif istiqamətlərdə həyata keçirilir. Son dövrdə "Birgünlük xəlifə" tələbə özünüidarəetmə günü, "Şam işığında" və "Gənc qələmlər" ədəbi dərnəklərinin məşğələləri, Tələbə teatrının quruluşunda səhnələşdirilən tamaşalar, xeyriyyə marafonları, "Səfir saatı" klubunda və "Disput klub"unda görüşlər yaddaqalan hadisələrdir. Təhsildə və davranışda seçilən tələbələr üçün Heydər Əliyev adına, eləcə də M.Kazım bəy, A.Bakıxanov, M.F.Axundov, M.Tağıyev adına fəxri təqaüdlər təsis edilmişdir. Slavistika və azərbaycanşünaslığın inkişafı məqsədi ilə gənc tədqiqatçılar üçün də Heydər Əliyev adına fərdi təqaüd təsis edilmişdir.

BSU bu gün özünün inkişaf dövrünü yaşayır. Universitet kollektivi qazanılan nailiyyətlərlə kifayətlənməmək, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək, təhsildə və elmdə əldə etdiyi nəticələrə özünütənqid ruhunda yanaşmaq, islahatları genişləndirmək, möhtərəm Prezident İlham Əliyevin təhsil işçiləri qarşısında qoyduğu vəzifələri layiqincə icra etmək əzmindədir.

 

Kamal ABDULLAYEV,

Bakı Slavyan Universitetinin rektoru,

professor, əməkdar elm xadimi,

AMEA-nın müxbir üzvü