· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

20 Yanvar faciəsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tədbirlər planı hazırlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, paytaxtın təhsil müəssisələrində 20 Yanvar faciəsinin on səkkizinci ildönümünün qeyd olunması ilə bağlı ciddi hazırlıq işləri görülür. Artıq bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın 10.01.2008-ci il tarixli 3 nömrəli əmri ilə tədbirlər planı təsdiq olunub. Plana əsasən yanvar ayının 14-dən 20-dək Bakı şəhərinin ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunan müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Ayın 19-dək təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunan fotostendlər, guşələr, rəsm sərgiləri hazırlanır, divar qəzetləri buraxılır, sənədli və bədii filmlər nümayiş etdirilir, ümumtəhsil məktəblərinin şagirdlərinin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunur.

Tədbirlər planına uyğun olaraq yanvarın 15-dən 18-dək ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində "Şəhidlərimizin ruhu bizi səsləyir" adlı ədəbi-bədii kompozisiya keçirilir.

Həmin planda yanvarın 18-də Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının rəsm qalereyasında paytaxtın ümumtəhsil məktəbləri şagirdlərinin 20 Yanvar faciəsinə həsr edilmiş rəsm əsərlərinin sərgisinin təşkil olunması haqqında məlumat verilir.

Bütün bunlardan başqa, ayın 18-19-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan müəssisələrdə konfranslar, toplantılar, disputlar keçirilməsi, ilk dərs və məşğələlərdə 20 Yanvar faciəsindən bəhs olunması nəzərdə tutulub.

Respublikanın hər yerində olduğu kimi, Bakının təhsil ocaqları da faciənin on səkkizinci ildönümünü layiqincə qeyd etməyə hazırlaşır.