· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Qış imtahan sessiyası davam edir

BAKI DöVLƏT UNİVERSİTETİ

Qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə yanvarın 15-də Bakı Dövlət Universitetinə getdik. öncə zala toplaşan fakültələrin nümayəndələri - koordinatorlar, müəllimlər, nəzarətçilər və müşahidəçilər qarşısında keçirilən imtahanların nəticələri barədə qısa məlumat verən BDU-nun prorektoru Vüsət Əfəndiyev bildirdi ki, çoxlu sayda tələbə imtahan verib, onlardan cəmi  52-si qeyri-kafi qiymət alıb. Bəzi yoxlamalar və təhlillər aparıldıqda məlum olub ki, 1-ci ilə 2-ci yoxlama  arasında müəyyən fərqlər yaranıb. Auditoriyalarda məsuliyyətin tam olaraq  koordinatorların çiyinlərinə düşdüyünü bildirən prorektor təsdiq olunmuş neqativ faktların əksəriyyətinin yerində həll olunduğunu qeyd etdi. Müvafiq tövsiyələrini verən V.Əfəndiyev imtahan keçirilən otaqların bölgüsünü və koordinatorları elan etdi, onlara lazımi sənədlər təqdim olundu.

Sonra imtahanların təşkili və gedişi prosesini müşahidə etmək üçün bir neçə fakültədə olduq. Hüquq fakültəsinin dekan əvəzi, hüquq elmləri doktoru Firudin Səməndərov, tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Sani Hacıyev və coğrafiya fakültəsinin dekan müavini Elxan Nuriyevin məlumatlarından aydın oldu ki, qış imtahan sessiyasına hazırlıq işləri rektorluğun əmrinə əsasən təşkil edilir.

Müvafiq lövhədə dərs ilinin əvvəlində bütün qrupların tələbələrinə imtahan keçiriləcək fənlərin siyahısı göstərilir, onlara suallar təqdim edilir. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün universitetin tanınmış əməkdaşlarından ibarət nəzarətçilər və Tələbə Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri tərəfindən müşahidəçi qrupları təşkil edilib. Onlar imtahanların gedişini izləyərək toplanmış informasiyaları dəqiqləşdirir, BDU-da yaradılmış nəzarət qərargahına ötürürlər.

Aşağı mərtəbədə qoyulmuş təklif və iradlar qutusundakı müraciətlərə dərhal reaksiya verilir. Onlar qeyd etdilər ki, 100 ballıq  sistem əsasında monitorinq üsulu ilə aparılan imtahanlar o birilərindən fərqlənir. Tələbələrə cavabları ətraflı yazmaq üçün xüsusi şərait yaradılıb. Onların tanımadıqları koordinatorların imtahanlarda iştirakı isə bu prosesin obyektiv keçməsinə əsas verir.

Hüquq, tarix və coğrafiya fakültələrinin bir neçə qruplarında apardığımız müşahidələr onu göstərdi ki, öncə otaqların isti və işıqlı olmasına xüsusi diqqət yetirilib. Tələbələrin hamısı imtahanlarda iştirak edirdi. Koordinatorlar lazımi izahlarını verirdilər. Əsasən monitorinq üsulu ilə keçirilən imtahanlarda iştirak etdiyimizdən burada tələbələrə öz bilik və bacarığını üzə çıxarmaq üçün daha yaxşı şəraitin yaradıldığının şahidi olduq. Bir neçə tələbədən aldığımız cavab bunu deməyə əsas verdi.  Keçən semestrə nisbətən bu prosesin daha yaxşı təmin olunduğunu qeyd edən tələbələr BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov və prorektor Vüsət Əfəndiyevin imtahanlara birbaşa nəzarət etməsini şəffaflığın və obyektivliyin qarantı kimi qiymətləndirdilər.

Reyd zamanı xırda çatışmazlıqlar qeyd olunsa da, ciddi problemlər aşkar olunmadı.

 

 

AZƏRBAYCAN DöVLƏT İQTİSAD UNİVERSİTETİ

Bu günlərdə imtahanların gedişini müşahidə etmək məqsədi ilə Azərbaycan Dövlət İqtisad Universitetində olduq. Birinci korpusda universitetin ümumi işlər üzrə prorektoru Elçin Əliyevlə görüşdük. Gəlişimizin məqsədini bilən Elçin müəllim dedi:

- Universitetimizin əyani və qiyabi şöbələrində 14470 tələbə təhsil alır. Onlardan 10263 nəfəri əyani şöbədə oxuyur və hazırda həmin tələbələr imtahan verir.

Təhsil Nazirliyinin imtahanların keçirilməsi ilə bağlı əmrinə əsasən İqtisad Universitetinin rəhbərliyi qış imtahan sessiyasına ciddi hazırlaşmış və əsas məsələlər elmi şurada  müzakirə olunmuşdur. Hələ dekabrın 5-də 2007-2008-ci tədris ilinin qış məqbul-imtahan sessiyasının təşkilinə və gedişinə nəzarət edəcək komissiyanın yaradılması haqqında əmr verilmişdir. Bu da imtahanın obyektiv qiymətləndirilməsində mühüm rol oynayır. Universitetdə yaradılmış  "qaynar xətt" Təhsil Nazirliyinin "qaynar xətt"i ilə əlaqəli şəkildə fəaliyyət göstərir. İqtisad Universitetində qış imtahan sessiyası dekabrın 7-də başlasa da, hələ ki, ciddi  nöqsanlar aşkar olunmamışdır.

Elçin müəllimdən onu da öyrəndik ki, hazırda bu korpusda universitetin beynəlxalq iqtisadi münasibətlər və maliyyə fakültələrinin müxtəlif kurs tələbələri imtahan verir. Biz beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədovla görüşdük. Müzəffər müəllim bildirdi ki, imtahan prosesinin hansı səviyyədə keçirildiyini özünüz də görürsünüz. Əvvəlki illərdən fərqli olaraq imtahanların keçirilməsi üçün xüsusi şərait yaradılıb. Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin əyani şöbəsində 4 ixtisas üzrə 1500-ə yaxın tələbə təhsil alır. Eyni zamanda fakültədə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə xüsusi istedadlı tələbələrdən ibarət qrup da fəaliyyət göstərir. Hazırda fakültəmizdə Prezident təqaüdünə layiq görülmüş 38 tələbə oxuyur. Bizdə həmçinin 100-ə yaxın əcnəbi tələbə də təhsil alır. Bu gün isə beynəlxalq iqtisadi münasibətlər fakültəsində 15 qrupda  350-yə yaxın tələbə imtahan verir. Bizim əsas məqsədimiz beynəlxalq aləmdə fəaliyyət göstərə biləcək yüksək intellektə malik ixtisaslı kadrlar yetişdirməkdir.

Sonra ümumi işlər üzrə prorektor və dekanla birlikdə beynəlxalq iqtisadi münasibətlər fakültəsinin III kurs 888-ci qrup tələbələrinin beynəlxalq statistika fənnindən imtahan verdikləri auditoriyaya girdik. Qrupda təhsil alan 24 tələbənin 23-ü imtahanda iştirak edirdi. Bir tələbə isə naməlum səbəb üzündən imtahana gəlməmişdi. İmtahan yazılı formada aparıldığı üçün bilet çəkmiş tələbələr onlara düşən suallar ətrafında fikirləşirdilər. İmtahan götürən fənn müəllimi dosent Aynur Cabbarova, assistent Bəhruz Səmədov və koordinator Elçin Əliyev hər biletdə olan 3 sualdan 2-sinin nəzəri, 1-nin isə məsələ olduğunu bildirdilər. 3 nömrəli bileti çəkmiş Sevinc Əliyeva sualların asan olduğunu dedi və bu imtahandan yüksək qiymət alacağına əmin olduğunu bildirdi.

Həmin fakültənin III kurs 896-cı qrup tələbələri isə fəlsəfədən imtahan verirdilər. Bu auditoriyada da imtahanın şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdı.

Baş çəkdiyimiz başqa auditoriyada isə maliyyə fakültəsinin I kurs 607-ci qrup (rus bölməsi) tələbələri ilə Azərbaycan tarixindən imtahan aparılırdı. Bu qrupda təhsil alan 20 tələbənin hamısı imtahanda iştirak edirdi.

İmtahanlar qurtardıqdan sonra koordinatorlar tərəfindən tələbələrdən yığılmış imtahan vərəqləri kodlaşdırılaraq qiymətləndirmə komissiyasına təhvil verildi.

Qiymətləndirmə prosesi başa çatdıqdan sonra məlum oldu ki, 888-ci qrupda 13 tələbə "əla", 5 tələbə "yaxşı", 4 tələbə "kafi", 1 tələbə isə "qeyri-kafi", 896-cı qrupda 7 nəfər "əla", 11 nəfər "yaxşı", 4 nəfər "kafi" qiymət alıb.

607-ci qrupun tələbələrindən isə 7 nəfər "əla", 13 nəfər isə "yaxşı" ilə qiymətləndirilib.

 

 

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

Artıq bir həftədən çoxdur ki, ali və orta ixtisas məktəblərində tədris ilinin ən məsul dövrü başlanıb. Qış imtahan sessiyasının həyəcan dolu günlərini yaşayan tələbələr bu günlərdə bilik və bacarıqlarını nümayiş etdirirlər. İmtahandan müvəffəq qiymət alması hər bir tələbənin özündən asılıdır. Keçilən dərslərə daim hazırlıqlı gələn, hər zaman yüksək bilik göstərən tələbələr təbii ki, imtahanlardan da alnıaçıq, üzüağ çıxırlar. Dərslərdə iştirak etməyən, laqeydlik göstərən tələbənin müvəffəq qiymət alması ehtimalı isə, demək olar ki, sıfıra bərabərdir.

Olduğumuz Azərbaycan Dillər Universitetinin tələbələri də bütün bunları yaxşı bilirlər. İmtahanların təşkili, bu prosesin necə həyata keçirildiyini, tələbələrin imtahanlara hazırlıq səviyyəsini müşahidə etmək məqsədilə yanvarın 14-də adıçəkilən ali təhsil ocağında olduq. Rektorun müşaviri Səməd Həsənov bizimlə söhbətdə universitetdə qış imtahan sessiyası ərəfəsində görülmüş işlərdən bəhs etdi. Qeyd etdi ki, təhsil nazirinin əmrinə uyğun olaraq Azərbaycan Dillər Universitetində imtahanların gedişinə nəzarət etmək, yaranan münaqişələri operativ həll etmək üçün qərargah yaradılıb. Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının sədrləri də 5 nəfər üzvü olan bu qurumun işinə cəlb olunub. Sessiya müddətində universitetdə şikayətlərin obyektiv və operativ həllini təmin etmək məqsədilə "qaynar xətt" fəaliyyət göstərir.

Səməd Həsənovun məlumatına görə, yanvarın 14-də I növbədə ingilis dili-1 fakültəsinin Azərbaycan və rus bölmələrinin 204 tələbəsi 3 fənn üzrə - ümumi dilçilik, ingilis dilinin üslubiyyatı və ingilis dilinin praktik fonetikasından imtahan verirdi. II növbədə isə avropaşünaslıq və beynəlxalq münasibətlər fakültələrinin tələbələri öz biliklərini nümayiş etdirəcəkdilər. Söhbət zamanı onu da öyrəndik ki, bu təhsil ocağında imtahanlar artıq bir neçə ildir ki, yalnız çoxballı sistemlə aparılır.

Sonra ingilis dili -1 fakültəsinin dekanı Əfqan Abdullayevlə auditoriyalara gedərək imtahanların gedişini müşahidə etdik. 501 və 503 nömrəli otaqlarda 9 qrupda təhsil alan 75 dördüncü kurs tələbəsi ümumi dilçilik fənnindən imtahan verirdi. 501-də artıq biletindəki 5 sual üzərində düşünən 15 tələbə qalmışdı. İşini başa vuranlar imtahan vərəqlərini qeyri-ixtisas fənn müəllimi olan nəzarətçi Azadə Mikayılovaya təhvil verib otaqdan çıxırdı.

502 və 504 nömrəli auditoriyalarda isə fakültənin dördüncü kursunda oxuyan 9 qrupun tələbələri ilə ingilis dilinin üslubiyyatı fənnindən imtahan aparılırdı. Gülşən Məhərrəmovanın nəzarətçi olduğu otaqda cəmi 7 tələbə qalmışdı.

Qeyd edək ki, Azərbaycan Dillər Universiteti iki ildir ki, Boloniya prosesinə qoşulub. Onun şərtlərinə uyğun olaraq həmin vaxtdan universitetə qəbul olunanlarla tədris və imtahanlar kredit bal sistemi ilə aparılır. Getdiyimiz növbəti otaqda rus bölməsinin II kursunda oxuyan 6 qrupun tələbələri bu üsulla ingilis dilinin praktik fonetikası fənnindən imtahan verirdilər. Son iki tələbə də işini tamamlayıb otağı tərk etdi. Saat 12.00-da imtahan başa çatdı və nəzarətçi müəllim Səadət Abdurahmanova imtahan vərəqlərini kodlaşdırma otağına gətirərək Xatirə Şıxəliyevaya təhvil verdi.

Ə.Abdullayev bildirdi ki, kodlaşdırıldıqdan sonra fənn müəllimləri elə həmin gün bir neçə saat ərzində işləri yoxlayaraq qiymətləndirəcək. çoxballı sistemə uyğun olaraq tələbələrin semestr ərzində bir neçə göstərici əsasında ümumi fəaliyyəti (maksimum 50 bal) və imtahanda 5 sualın hər birinin cavabına ayrı-ayrılıqda verilən ballar nəzərə alınmaqla qiymətləndirmə aparılır və ümumiləşdirilmiş nəticə elan olunur. Dekanın sədrliyi ilə yaradılan apellyasiya komissiyası həmin gün saat 12.00-dək müraciət edən tələbənin işinə yenidən baxır və zəruri saydıqda onun yekun qiymətinin dəyişməsinə qərar verir.

 

"AZƏRBAYCAN MüƏLLİMİ"