· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Mehdi Mehdizadə - 105

Böyük ömrün anları

Onu hər kəs yaxşı tanıyırdı. Kiçiklər onun haqqında böyüklərdən eşidiblər.  Azərbaycan elminin,  təhsilinin, maarifçiliyinin inkişafında əvəzsiz xidmətləri olmuş, uzun illər maarif naziri işləmiş, görkəmli şəxsiyyət, akademik Mehdi Mehdizadə əməlləri ilə yaddaşlarda əbədiyyətə qovuşub. Yanvarın 5-də mərhum ictimai xadimin 105 yaşı tamam oldu.   Onunla bağlı əziz xatirələri bir daha yada salmaq istədim. Qızı Zemfira Mehdizadə ilə görüşdüm, elə iş yerindəcə. Əvvəlcədən zəngləşmişdim. Gəlişimin məqsədi ona aydın idi.   Zemfira xanım Mehdi Mehdizadənin sonbeşiyidir. Hazırda Beynəlxalq Tibb Korpusunun "İnklüziv təhsil" layihəsinin koordinatorudur. Amma  ailənin bütün üzvləri kimi o da uzun illər elmi fəaliyyətlə məşğul olub. Namizədlik dissertasiyası Azərbaycanda nəşr olunan ilk dərslik haqqında olub. Zemfira xanım atasının istəyi ilə bu mövzunu işləyib. Aradan uzun bir müddət keçib. Amma heç atasının yoxluğunu hiss etmir. Bir anlıq masasının üstündə çərçivədə saxladığı fotoşəklə işarə edərək dedi: "O, həmişə mənimlədir. Atam həyatda olmasa da, onun adı həmişə  üstümüzdədir. Yadımdadır, çətin 90-cı illərdə ictimai qadın təşkilatının fəaliyyəti ilə bağlı evsiz-eşiksiz insanların problemlərini həll edərkən çıxılmaz vəziyyətlərə düşmüşəm. Amma təkcə "Mehdi Mehdizadənin qızıdır" kəlməsi  bəs edib ki, ətrafımda cərəyan edən hadisələr müsbətə doğru dəyişsin".

 

 

Onun evdə bərkdən danışdığını eşitmədik

Ailədə sonuncu  övlad olduğum üçün  mənə münasibət  fərqli idi.  Ailədə 4 uşaq olmuşuq. Böyük qardaşım Rafiq, bacılarım Elmira və Nailə.   Bacılarım və qardaşım ailə qurduqdan sonra  valideynlərimlə birgə yaşayıb, onlarla çox ünsiyyətdə olurdum. Bacılarım  atamdan çəkinərdilər, mən isə qətiyyən ehtiyat etməzdim.  Bütün problemlərimi  onunla bölüşər, müzakirə edərdim.  Bəlkə də xasiyyətimdəki bu sərbəstlik bacılarımdan fərqli olaraq, mənim rus bölməsində  təhsil almağımdan irəli gələ bilərdi. 

Atam  əsasən işdə olduğu üçün bizə çox az vaxt ayırardı. Ailənin bütün yükü anamın - Lətifə xanımın çiyinlərinə düşmüşdü. Atam ciddi, təmkinli və olduqca yumşaq xasiyyətli, anam isə əksinə, çox hökmlü idi. Bəzən  əsəbiləşəndə atam araya zarafatla söz salar,  gərginliyi aradan götürərdi.  Elə edərdi ki, ailədə söz-söhbət,  konflikt yaranmasın. Əlli ildə bir dəfə də onun evdə bərkdən danışdığını, səsinin tonunun qaldırdığını eşitməzdik. Anam ailədə elə bir mühit yaratmışdı ki, atamın başı xırda məsələlərə qarışmasın. Atamın rahatlığı üçün əlindən gələni əsirgəmirdi.  Hətta atamın ölümü anamı elə sarsıtmışdı ki, şeir yazmağa başlamışdı.  Anam atamdan sonra 15 il yaşadı, ancaq bir an belə olsun, atamın adı onun dilindən düşmədi.

Aylar keçər, illər   ötər  həmişə,

Qəlbimizdə çiçəklənib, açarsan!

Mənalı bir ömür sürdün, əzizim,

Xalqımızın xatirində yaşarsan!..

 

Dənizkənarı parkda gəzməyi çox sevərdi

Xüsusilə, istirahət günlərində, yaxud axşamüstü atam anamla  ən çox  dənizkənarı parka getməyi xoşlayardı. Anamsız, ya da mənsiz gəzintiyə çıxmazdı. O vaxt  dənizkənarı  park məşhur incəsənət, elm adamlarının toplaşdığı  məkan idi.  Atam  onlarla   parkda görüşər, müxtəlif mövzularda söhbətlər edərdi. 

Bizi teatr tamaşalarına, konsertlərə aparardı. Sonrakı illərdə o, asudə vaxtlarını nəvələrinə ayırmağı daha çox  xoşlayardı. Nəvələri ilə maraqlı söhbətlər etməkdən  doymazdı. Uşaqlar onu işdən ayırsa, acıqlanmaz, əksinə, onları   arzularına müvafiq əyləncələrlə məşğul edərdi. 

Atamın işinin həddindən çox olması  ilə əlaqədar qonaq getməyi xoşlamazdı. Amma qonaqları qəbul  etməkdən zövq alardı. Xüsusilə, Cəbrayılın Daşkəsən kəndindən gələn qonaqlarımız olanda kənd həyatından məzəli söhbətlər edər, keçmiş günlərdən şirin xatirələri yada salardılar.

Amma nədənsə, yaxın qohumlar atamdan çox çəkinərdilər. Elə onun suallarına "bəli, qağa", "xeyr, qağa", - deyib başlarını aşağı salıb dinməzdilər. Arada pərdə var idi. Nəsə... Heyif o günlərdən...

 

 

Məktəbdə baş verənləri nəvələrindən soruşardı

Yaxşı yadımdadır, 134 nömrəli məktəbin 7-ci sinfində oxuyurdum. Qışın oğlan çağı idi. Bərk qar yağırdı. Atam anamı məni məktəbə aparmağa qoymadı. özü apardı. Qapıdan içəri girdik. Gördüm ki, hamı əl-ayağa düşdü, narahat olmağa başladı.  Atam  isə təmkinlə dedi ki, niyə qaçırsınız? Gəlmişəm hal-əhvalınızı soruşum, məktəbin vəziyyəti ilə tanış olum. Atamda bəyəndiyim bir xüsusiyyət onu maraqlandıran bir məsələni  məhz həmin  sahəyə  mənsub adamdan  öyrənməsidir. Dəqiqliyi sevərdi.  Məsələn, məktəbdə mövcud olan müəyyən   problemləri araşdırmaq üçün  mütləq nəvələrini sorğu-sual edərdi. çünki uşaqlar məktəbdə oxuyurdular və  hadisəni olduğu kimi qiymətləndirmək üçün ona daha  düzgün məlumat verə bilərdilər. Məktəbdə nə baş verərdisə, onu nəvələrindən soruşardı.

Onun övladları da elm-maarif yolunu seçiblər. Qardaşım Rafiq texnika elmləri doktoru, professordur.   Azərbaycanda Texniki  Universiteti bitirdikdən sonra elmi fəaliyyətini davam etdirmək üçün Sankt-Peterburqa getdi və indiyə kimi orada yaşayır. Bacım  Elmira riyaziyyat elmləri namizədi, Azərbaycan Neft Akademiyasının dosenti, Nailə isə bu ali təhsil  ocağının baş müəllimidir. Mən isə pedaqoji elmlər namizədiyəm.

Xatırlayıram, namizədlik dissertasiyamla əlaqədar elmi məqalələr yazmalı idim.   Atam bir dəqiqə də olsun məni rahat qoymurdu. Məqalələrdə hər cümlə yüz dəfə  ölçülüb-biçilməli və  dəqiq olmalı idi. Atamın öz işinə  münasibəti də belə olub. çünki elm həmişə dəqiqlik tələb edir.

 

 

özündən sonra böyük bir irs qoydu

 

Atamın elmi fəaliyyəti çox zəngin idi. O, işləməkdən yorulmazdı. Elm  onun həyatının ayrılmaz bir parçası idi.  Azərbaycanın məktəb tarixi  ilə bağlı namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.  Müasir rus dilinin tədrisi, pedaqoji təcrübənin təhlili, təhsilin inkişafı haqqında müxtəlif  elmi əsərləri var. Atamın  elmi əsərləri  Rusiyada da böyük rəğbət qazanmışdı. Mən 1981-ci ildə  Moskvada  4 aylıq təkmilləşdirmə kurslarına  getmişdim. Mühazirələrdə müəllimlər atamın əsərlərindən sitatlar gətirirdilər və onun elmi fəaliyyəti haqqında  çox yüksək fikirlər  söyləyirdilər. Atam Moskva Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü,  onun əsasını qoyanlardan biri olub.  O dövrdə təhsillə bağlı bütün ictimai  proseslərdə xüsusi fəallığı ilə seçilən şəxsiyyətlərdən biri olub. M.Mehdizadə 1930-cu ildən ömrünün sonuna qədər ardıcıl elmi-pedaqoji tədqiqatlar aparıb, pedaqoji fikrin və təhsilin inkişaf tarixi, təlim-tərbiyə nəzəriyyəsinin  aktual problemləri üzrə  fundamental əsərlərin müəllifi kimi tanınıb. "Azərbaycanda sovet məktəbinin tarixi haqqında oçerklər", "Azərbaycanda xalq maarifinin sürətli inkişafı", "Məktəbdə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları" və s. əsərləri Azərbaycan və rus dillərində nəşr olunub.  Atam 1961-1964-cü illərdə YUNESKO-nun təhsil üzrə komitələrindən birinin üzvü olub. Təşkilatın bütün beynəlxalq konfranslarında və müşavirələrində fəal iştirak edib. 

 

 

Sağlam həyat tərzi onu yaşından cavan göstərirdi

 

Bilirsiniz ki, atam  uzun illər Azərbaycan Respublikasının Maarif  Nazirliyinə rəhbərlik edib.   Amma gərgin iş rejimi onun sağlam həyat tərzi keçirməsinə mane olmayıb. O, səhərlər   mütləq gimnastika ilə məşğul olardı.

İdman, rejimlə qidalanma, axşamlar gəzintilər onun ömrünü uzadan əsas amillərdən idi. Amma  ömrünün son illərində onun ağır xəstəliyə mübtəla olması atamı yaman sarsıtmışdı. Həmin xəstəlik atama imkan vermədi.  Müalicələrin xeyri olmadı. 1984-cü il mayın 1-də atamın halı  qəflətən pisləşdi və o, 81 yaşında  dünyasını dəyişdi.   ölümünə  inanmaq çox çətin idi...

Aynur GüLüSTAN