
Sentyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Mərkəzi Asiya+ rektorlar klubu”nun (“Rectors’ Club: Central Asia+”) VI görüşü keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, ölkəmizin bir sıra universitet rektorlarının, elm və təhsil ekspertlərinin iştirak etdiyi tədbirin məqsədi Avrasiya ali təhsil məkanında universitetlərin dəyərlər və missiya əsasında inkişaf yollarını, eləcə də qlobal təhsil sisteminə inteqrasiya zamanı özünəməxsusluğun necə qorunub saxlanıla biləcəyini araşdırmaqdır.
Tədbir 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

ADNSU-nun rektoru Rüfət Əzizov tədbir iştirakçılarını salamlayraq yüksəksəviyyəli görüşün mövzusunun ali təhsil müəssisələri üçün çox aktual olan məsələlərə həsr olunduğunu diqqətə çatdırıb. “Mənə görə tədbirin mövzusu olduca əhəmiyyətli məsələyə həsr olunub. Bu regionda bizim fundamental elm, riyaziyyat, mühəndislik sahəsində çox yaxşı universitetlərimiz var. Ali məktəblər üçün, ilk növbədə, beynəlxalq aləmdə görünürlük baxımından marketinq və brend mühüm əhəmiyyət daşıyır. Universitetin cəlbediciliyi, ən yaxşı tələbələr və müəllim heyəti, eləcə də ali məktəbin maliyyə sabitliyi baxımından brendinq çox yaxşı mövzudur. Düşünürəm ki, bu platforma daha intereaktiv olacaq, müxtəlif məsələlərin müzakirəsi, öz təcrübələrimizi bölüşmək, bir-birimizdən öyrənməyimiz baxımından səmərəli olacaq”.
Rektor tədbirin təşkilinə görə Qazaxıstanın Almatı Menecment Universitetinə minnətdarlıq edib. Vurğulayıb ki, ADNSU və Almatı Menecment Universiteti ilə birgə təşkil olunan tədbir regionda universitetlər arasında əməkdaşlığın daha bir nümunəsidir.
R.Əzizov son dövrdə ADNSU-nun 30-a yaxın tələbəsinin əsasən magistratura səviyyəsində Almatı Menecment Universitetində mübadilə proqramı çərçivəsində təcrübə keçdiyini, Qazaxıstanın digər ali təhsil müəssisələri ilə də oxşar layihələrin həyata keçirildiyini vurğulayıb. Əməkdaşlıq proqramları həm də professor-müəllim heyətini əhatə edir. Bütün bunlar isə universitetlərimizin əməkdaşlıq imkanlarından xəbər verir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova tədbir iştirakçılarını Azərbaycanın qədim tarixə, böyük ənənələrə malik ən nüfuzlu ali təhsil müəssisələrindən olan ADNSU-da görməkdən məmnunluğunu ifadə edərək son 2 gündə Bakıda Elm və Təhsil Nazirliyi və EATDA-nın dəstəyi ilə keçirilən “THE Avrasiya Universitetləri Sammiti” çərçivəsində bir sıra region universitetlərinin nümayəndələri ilə görüş imkanlarının olduğunu bildirdi.
O qeyd edib ki, ADNSU bir sıra sənaye sahələri ilə sıx əlaqələrə malikdir. Universitetin sənaye sahələri ilə əməkdaşlıq sahəsində çox böyük elmi potensialı və sıx əlaqələri mövcuddur.

Tədbirin mövzusuna toxunan Ü.Səttarova universitetlərimizin elm sahəsində yüksək əməkdaşlıq imkanlarına malik olduğunu, beynəlxalq aləm üçün kifayət qədər açıq olduqlarını bildirib. Eyni zamanda bəzi problemlər də var. Bu isə görünürlük, daha çox görünürlüyə sahib olmaq, daha geniş miqyasda tanınma ilə bağlıdır. Bu baxımdan qardaş ölkələrin, Orta Asiya, Türkiyənin universitetləri, eləcə də Macarıstan və digər ölkələrlə əməkdaşlıq şəbəkəsi mövcuddur. “Düşünürəm ki, bizim universitetlər qarşılıqlı etimada, ümumi gələcək uğura əsaslanan yaxşı əməkdaşlıq imkanları yarada bilərlər. Aydındır ki, beynəlmiləlləşmə, beynəlxalq əməkdaşlıq, kollaborasiyalar ali məktəblərin inkişafı və gələcəyi baxımından çox vacibdir”, – deyə Agentlik direktoru bildirib.
Daha sonra “Rektorlar klubu: Mərkəzi Asiya+” təşəbbüsünün təsisçisi, Almatı İdarəetmə Universitetinin prezidenti Assilbek Köçaxmatovun tədbir iştirakçılarına onlayn müraciəti təqdim olunub.

Konfransda ABŞ-nin Boston Kollecinin fəxri professoru, ali təhsilin beynəlmiləlləşməsi üzrə nüfuzlu dünya eksperti Hans de Vit “Avrasiya ali təhsili və qlobal qarışıqlıq dövründə beynəlmiləlləşmə", Niderlandın Maastrixt Universitetinin nümayəndəsi, ali təhsilin transformasiyası sahəsində beynəlxalq ekspert Dara Melnik “Region ideyası və ali təhsildə yenilik" mövzularında təqdimatlar ediblər. Təqdimatlar interaktiv, sual-cavab formasında keçirilib, ali təhsilin beynəlmiləlləşməsi, qlobal böhran dövründə ali təhsilin transformasiyası və region anlayışı kimi mövzuları əhatə edib.

Tədbirin sonunda panel müzakirələrində “Qlobal kontekstdə yerli kimlik”, “Avrasiya universitetləri kimi ortaq mənalı icma: dəyərlər, mədəniyyət və missiya vasitəsilə inkişaf” və “Avrasiya universitetlərinin rəqəmsal strategiyası və beynəlxalq görünürlüğü” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Avrasiya universitetlərinin brend strategiyaları, rəqəmsal transformasiya, qlobal görünürlük və ali təhsildə milli kimliyin qorunması kimi mövzular müzakirə olunub.
Görüş çərçivəsində ADNSU ilə Özbəkistanın Namangan Dövlət Texniki Universiteti və Qazaxıstan Mülki Aviasiya Akademiyası, eləcə də digər xarici universitetlərlə ölkəmizi təmsil edən ali təhsil müəssisələri arasında memorandumlar imzalanıb.

Tədbirin sonunda qonaqlar ADNSU-nun Rəqəmsal Energetika və Kibertəhlükəsizlik laboratoriyalarını, həmçinin Tarix və Minerologiya muzeylərini ziyarət ediblər. Universitetin elmi mühiti, laboratoriyaları və tədris imkanları ilə yaxından tanış olan qonaqlar ADNSU-nun potensialını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, 2023-cü ildə təsis olunan Rektorlar klubunun əsas məqsədlərinə Orta Asiyada ali təhsil məkanının təşviqi, ali təhsilin və tədqiqatın beynəlmiləlləşdirilməsi, ali təhsil sahəsində Mərkəzi Asiya ekspertləri üçün təcrübə icmalarının inkişafı, Orta Asiya universitetlərinin dünya səviyyəsində görünməsinin artırılması, COOPETITION (rəqabət+əməkdaşlıq) fəlsəfəsinin inkişafı daxildir.
1 /25
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər