Bütün xəbərlər
26 sentyabr, 17:12

“Azərbaycan müəllimi” qəzetinin “Gənc alimlərimiz” rubrikasından növbəti müsahibi Böyük Britaniyanın London Universitet Kollecinin (University College London-UCL) doktorantı Zərifə Kamilovadır. Z.Kamilovanın elmi-tədqiqat mövzusu olduqca maraqlı problemə həsr olunub. Diqqətimizi cəlb edən tədqiqat işi ilə tanış olmazdan əvvəl müsahibimizi oxuculara təqdim edirik.  

– Mən, Zərifə Kamilova 1983-cü ildə Bakıda anadan olmuşam. Azərbaycan Tibb Universitetini həkim olaraq bitirmişəm və bir müddət praktik həkimlik fəaliyyəti ilə məşğul olmuşam. Universiteti bitirdikdən 10 il sonra, 2017-ci ildə yenidən təhsil almaq qərarına gəlib Azərbaycan İdman Akademiyasının həkimlər üçün olan ingilisdilli “İdman tibbi və reabilitasiya” magistratura proqramına qəbul olaraq  idman həkimi və reabilitoloq ixtisasına yiyələnmişəm. Bu proqram Azərbaycan İdman Akademiyasının Böyük Britaniyanın London Universitet Kollecinin birgə layihəsidir və mən bu proqramın ilk məzunlarından biriyəm. Hazırda bu ali təhsil müəssisəsində tibb sahəsi üzrə PhD təhsili alıram və təhsilim Azərbaycan İdman Akademiyası tərəfindən maliyyələşir. Eyni zamanda Akademiyanın tədris işləri üzrə prorektorunun müşaviriyəm. 

– Britaniyada həm təhsil alır, həm də tədqiqatlarla məşğul olursunuz. Bu ölkəyə gəlişiniz nə ilə bağlı idi? Təhsilinizi davam etdirmək və ya tədqiqatlar aparmaq? 

– Böyük Britaniyanı seçməkdə qərar, ilk növbədə, orada verilən təhsilin keyfiyyəti ilə bağlı idi. Bildiyiniz kimi, dünya universitetləri reytinqində ilk onluqda yer alan universitetlərdən dördü Böyük Britaniyada yerləşir. Təhsil aldığım “University College London” da bu onluqda yer alır və tibb təhsilinə görə dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindən biri hesab edilir. Apardığı tətqiqatların gücünə görə UCL Böyük Britaniyada ikinci yerdədir. Mənim təhsilim də tam olaraq tədqiqatımla bağlıdır. Burada həm ixtisasla bağlı dərslər, eyni zamanda, tədqiqatın aparılmasına aid fənlərdən ibarət bir proqram qurulub ki, tam formatlı bir doktorantura təhsilidir.

– Səhv etmirəmsə, tibb ixtisası üzrə “University College London”un doktorantura səviyyəsinə qəbul olan ilk azərbaycanlısınız. Təhsil aldığınız ali məktəb və tədqiqatlarınız barədə nə deyərdiniz? 

– Məni UCL-in tibb fakültəsində doktorantura səviyyəsində oxuyan ilk azərbaycanlı olmağa aparan yol Azərbaycan İdman Akademiyasının həkimlər üçün olan ingilisdilli “İdman tibbi və reabilitasiya” magistr proqramından keçib. Bu proqram İdman Akademiyası və UCL-in İSEH İnstitutunun birgə layihəsidir və 2017-ci ildə yaradılıb. Proqramın rəhbəri UCL-in professoru Maykl Pol Luzmordur. O, həmçinin Kral ailəsinin şəxsi reabilitoloqu, Beynəlxalq Olimpiya Komitəsinin ekspertidir və boks üzrə tibb komitəsinin rəhbəridir.  

Bu proqramın müəllimləri Böyük Britaniyanın “University College London”, “Imperial College London”, “Kings College London” kimi nüfuzlu universitetlərinin müəllimləridir. Proqram modul xarakterlidir və modullardan biri 2 həftə ərzində London şəhərində təşkil edilir. Tələbələrimiz bu praktiki modul zamanı müəllimləri ilə birlikdə “University College London Hospital” və ISEH-də pasiyent qəbulu və müayinəsində iştirak edir. Eyni zamanda müxtəlif idman federasiyalarını, İngiltərə premyer-liqasının top klublarının təlim-məşq bazalarının fəaliyyəti ilə yaxından tanış olur və idmançılar üçün tibbi xidmətin təşkili ilə bağlı təcrübi biliklərə yiyələnirlər. 

Mən özüm də bu proqramın ilk məzunlarından biriyəm və təhsilimi başa çatdırandan sonra UCL-də PhD oxumaq təklifi aldım. Əlbəttə ki, tibb ixtisası üzrə “University College London”da doktorantura səviyyəsinə qəbul olan ilk azərbaycanlı olmaq çox qürurvericidir, amma eyni zamanda çox məsuliyyətli bir işdir. Və bu işin öhdəsindən gəlmək üçün çox çalışıram. UCL-in tabeliyində olan “Institute of Sport”, “Exercise and Health” (ISEH) İnstitutu London 2012 yay olimpiya oyunları üçün tikilmiş bir müalicə müəssisəsidir. Eyni zamanda ISEH-də idmançıların tibbi-bioloji müşayiəti və yarışlara hazırlığı da həyata keçirilir. 

Olimpiya oyunları bitdikdən sonra İnstitut UCL-ə verilmişdir və artıq müalicə müəssisəsi ilə yanaşı idman tibbi və reabilitasiya sahəsində tədris və tədqiqat mərkəzi kimi də fəaliyyət göstərir. Mənim təhsil bazam da məhz bu institutda yerləşir və elmi rəhbərlərim həm də bu ali təhsil müəssisəsinin əməkdaşlarıdırlar. Yeri gəlmişkən, İdman Akademiyasının İdman Tibbi tədqiqatları laboratoriyası da ISEH modelinə əsaslanaraq UCL mütəxəssislərinin tövsiyələrinə uyğun qurulub.

– Sizin tədqiqat mövzunuzun çox maraqlı adı var: "Azərbaycan milli rəqslərinin ürək çatışmazlığı olan xəstələrin ürək-damar sisteminin sağlamlığına və həyat keyfiyyətinə təsiri". Bu barədə ətraflı məlumat verə bilərsinizmi?

– Hələ tibb universitetində oxuduğum dönəmdə ürək-damar xəstəliklərinə, onların diaqnostikası və müalicəsinə çox böyük maraq göstərirdim. Daha sonra İdman Tibbi Reabilitasiya Magistraturasında təhsil alanda kardioreabilitasiya modulunda bu xəstəliklərin qarşısının alınması və reabilitasiyası haqqında öyrəndim. Fiziki aktiv olmaq və idmanla məşqul olmaq ürək-damar xəstəliklərin qarşısının alınmasında çox böyük rol oynayır. Amma təəssüf ki, müəyyən səbəblərdən idmanla məşğul olmaq hamı üçün və hər zaman əlçatan olmur. Bu səbəbdən alternativ fiziki fəaliyyət və idman hərəkətləri axtarmaq lazımdır. Və burada rəqs idman və fiziki fəaliyyət növü kimi köməyimizə çatır. Rəqslərin reabilitasiyada istifadəsi elmdə müəyyən qədər yeni mövzu sayılır və bu istiqamətdə o qədər də çox elmi tədqiqat aparılmamışdır. Ona görə də bizim araşdırmamız həm dünya elminə töhfə vermiş olacaq, eyni zamanda Azərbaycan milli rəqslərinin ancaq toy, şənlik, əyləncə məqsədilə deyil, həm də reabilitasiya və xəstəliklərin qarşısının alınması məqsədilə istifadə ediləcək. 

Bu mövzuya müraciət etməyiniz nə ilə bağlı oldu? Tədqiqat hansı yaş qrupundan olan insanları əhatə edir və araşdırmalarınızın nə kimi nəticələrini bölüşə bilərsiniz? 

– 2019-cu ildə sənədlərimi ilk dəfə UCL-ə təqdim etməkdən öncə elmi rəhbərlərimdən biri, Böyük Britaniyanın UCL və Keele Universitetlərinin professoru Con Bakli ilə hansı mövzu ilə müraciət edəcəyimizi düşünürdük. Bu mövzu həm idmana, həm tibbə, həm də reabilitasiyaya aid olmalı idi. Və söhbət əsnasında professor qeyd etdi ki, elmdə yeni bir istiqamət yaranıb, reabilitasiyada rəqs hərəkətlərinin idmana alternativ olaraq istifadəsi. Azərbaycan milli rəqsləri barədə suallar verdi və bir neçə rəqs videolarını izlədikdən sonra belə qərara gəldik ki, rəqslərimizin xroniki ürək çatışmazlığı diaqnozu olan xəstələrin reabilitasiyasında istifadəsi ilə bağlı bir elmi iş ola bilər. 

Tədqiqatımızın iştirakçıları yaşı 65-85 arası xroniki ürək çatışmazlığı olan xəstələr olacaq, hansılar ki, 3 qrupa bölünəcək. Qruplar üzrə 12 həftə ərzində rəqs, idman və sadə nəzarət tətbiq ediləcək. Tədqiqat bitəndən sonra ilkin və son nəticələr müqayisə ediləcək. Beləliklə, rəqsin də idman qədər effektiv olub-olmaması və hansı dərəcədə effektiv olması öyrəniləcək. 
 
İlkin olaraq deyə bilərəm ki, apardığımız ədəbiyyat araşdırması və pilot tədqiqatlarımızın nəticələrinə əsasən, rəqs terapiyasının reabilitasiyada istifadəsi müsbət nəticələr verir və pasiyentlərin həm fiziki, həm də psixoloji durumuna müsbət təsir göstərir. 

Tədqiqatlarınız ölkəmiz, eləcə də İdman Akademiyası üçün nə dərəcədə maraqlı və cəlbedicidir? 

– Ölkəmizin çox dərin idman ənənələri mövcuddur, eyni zamanda müasir zamanda da Azərbaycan idmançıları mötəbər idman yarışlarında qələbələr qazanır, bayrağımız dalğalanır, himnimiz səslənir, gənclərimizin vətənpərvərlik ruhunu yüksəldir. Ölkəmizdə beynəlxalq idman turnirləri təşkil edilir ki, bu da əhalinin idmana marağını daha da artırır, sağlam və fiziki aktiv həyat tərzi sürməyi təbliğ edir.  

Amma bir idman həkimi və reabilitasiya mütəxəssisi kimi demək istəyirəm ki, ümumi olaraq, əhalinin fiziki aktivlik səviyyəsini hələ də yüksək hesab etmək olmaz. Bu da öz növbəsində, insanların sağlamlığına mənfi təsir göstərir və müxtəlif xroniki xəstəliklərin əmələ gəlməsinə gətirib çıxarır. 

Təəssüf ki, bir çox xroniki xəstəliklərin müalicə protokollarında idman və məşq terapiyasının yer alması ilə bağlı məlumatlılıq azdır. 
Tədqiqatımın məqsədlərindən biri də idmanın və fiziki aktivliyin ancaq idmançılar üçün deyil, eyni zamanda ümumi əhali qrupu üçün də faydalı olduğunu, xəstəliklərin müalicəsində, qarşısının alınmasında, reabilitasiyasında müsbət təsir etdiyini göstərməkdir. Bunun da öz növbəsində, əhali arasında idmanla və fiziki aktivliklə bağlı məlumatlılığın artmasına və marağın yaranmasına gətirib çıxaracağına inanıram. 

O ki qaldı mövzunun Azərbaycan İdman Akademiyası üçün maraqlı olmağına, Akademiyamızın məqsədi təkcə idmançı və yaxud məşqçi hazırlamaq deyil. Biz əhalinin bütün yaş qruplarını əhatə edərək sağlam həyat tərzinin təşkili, təbliği, təşviqi və təminatını həyata keçirən mütəxəssislər hazırlayırıq. Odur ki, elmi işimin predmeti Azərbaycan İdman Akademiyasının əsas məqsədlərindən bəlkə də ən vacibini əhatə edir. 

– İdman Akademiyasının tədris işləri üzrə prorektorunun müşaviri kimi ali məktəbin İdman Tibbi Tədqiqatları Laboratoriyasının fəaliyyəti barədə nə deyərdiniz? 

– Azərbaycan İdman Akademiyasının İdman Tibbi Tədqiqatları Laboratoriyası akademiyada son illərdə aparılan islahatların bir hissəsi olaraq “University College London”un mütəxəssislərinin tövsiyələri əsasında yaradılıb. Laboratoriyamız həkimlər üçün olan ingilisdilli “İdman tibbi və reabilitasiya” magistr proqramının praktik bazası kimi fəaliyyət göstərir. 

Eyni zamanda İdman Tibbi Tədqiqatları Laboratoriyası milli idman federasiyaları ilə əməkdaşlıq edir və yığma komandaların hazırlığını həyata keçiririk. Bunlar cüdo, güləş, veloidman, boks, gimnastika, qılıncoynatma federasiyaları, paraolimpiya komitəsidir ki, bunların tibbi-bioloji müşayiəti və funksional diaqnostikasını həyata keçirmişik. 

Laboratoriyamızda çox ixtisaslı peşəkar komanda fəaliyyət göstərir (idman həkimləri, reabilitoloqlar, fizioterapistlər, idman psixoloqları və s.) və onlar idmançıların yarış öncəsi və sonrası idmana xas olan spesifik müayinələrdən keçirir, idmançıların dözümlülüyü, əzələ gücü və digər göstəricilərini ölçür, bu göstəricilərin əsasında hər bir idmançı üçün fərdi məşq və reabilitasiya proqramları qurur və tövsiyələr verir. 
Buna nümunə olaraq 2024-cü ilin Paris Yay Olimpiya Oyunlarına hazırlıq dövründə cudo və gimnastika federasiyaları ilə məhsuldar əməkdaşlığımızı göstərə bilərəm, xüsusən də cüdoda iki qızıl medal, gimnastikada isə bədii gimnastika üzrə qrup hərəkətləri növündə beşinci yer qazanması. 

Bundan əlavə, laboratoriyamız akademiyanın magistr və doktorantlarının elmi-tədqiqatlarının və təlimlərinin aparıldığı məkandır. Tələbələrimizin elmi rəhbərləri və təlimçiləri xarici mütəxəssislər olub, “University College London”, “Institute of Sport”, “Exercise and Health”, “Imperial College London”, “Keele University”, “University of Warwick” kimi ali təhsil müəssisələrinin professorlarıdır. 

Çox böyük qürur duyduğumuz məqam odur ki, Akademiyanın İdman Tibbi Tədqiqatları Laboratoriyasında Vətən müharibəsi iştirakçılarının, yaralı hərbçilərin reabilitasiyası aparılmışdır. Ümumi olaraq 110 nəfər qazimiz reabilitasiyaya cəlb edilmişdir, onlardan 60% apardığımız müalicə nəticəsində ordu sıralarına qaytarılmışdır. Bu prosesi Akademiyanın “İdman tibbi və reabilitasiya” proqramımızın məzunları UCL, ISEH protokollarından istifadə etməklə, professor Luzmorun rəhbərliyi altında, Avstriyanın “Complex Core” təşkilatının rəhbəri Roman Yahodanın dəstəyi ilə həyata keçiriblər. 

Həm təhsil alır, həm də tədqiqatlar aparırsınız? Bu sizin üçün çətin deyil ki? Çətin anlarda özünüzü necə motivasiya edirsiniz?

– Təhsilimin böyük bir hissəsi apardığım tədqiqatla bağlıdır. Bu səbəbdən böyük bir çətinlik hiss etmirəm. Əsas çətinliyim Vətəndən, ailəmdən və övladlarımdan uzaqda olmaqla bağlıdır. Onlar üçün çox darıxıram, amma bu, eyni zamanda, mənim üçün çox yaxşı motivasiyadır ki, təhsilimi uğurla başa vurub tezliklə Vətənə qayıdım. 

Gələcək planlarınız barədə nə deyərdiniz?

– Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıdıb, öyrəndiklərimi dərs deyərək gələcək nəsillərə ötürmək, elmi-tədqiqatların aparılmasında iştirak etmək və tələbələrimizə dəstək olmaqdır. 

İdmanın və məşq terapiyasının xroniki xəstəliklərin profilaktikası və qarşısının alınması, sağlam yaşlanmanın təminatı ilə bağlı çox böyük elmi sübutlar mövcuddur. 

Bu səbəbdən, ölkədə xroniki xəstəliklərin müalicəsində ancaq dərman vasitələrinin deyil,  idman və məşq terapiyasının rolunu artırmaq, əhalinin fiziki aktivlik ilə bağlı məlumatlılığını yüksəltməyə ehtiyac var. 

Arzum budur ki, Azərbaycanda da bu istiqamətdə beynəlxalq protokollara istinad edilərək islahatlar aparılsın. Mən də, öz növbəmdə UCL-da bu sahədə əldə etdiyim bilikləri və bacarıqları  paylaşmağa hazıram. 

Şərhlər

Xəbər lenti

26 sentyabr, 19:13

ADNSU-da Rektorlar Klubunun VI toplantısı keçirilib    

26 sentyabr, 18:08

İSİ-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib

26 sentyabr, 18:02

Güclü külək məktəbin darvazasını aşırıb

26 sentyabr, 17:28

NDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:09

MDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:04

Saatlıda kənd məktəbinin yeni tikilmiş binasının açılışı olub

26 sentyabr, 16:24

Naxçıvanda Anım Günü ilə bağlı onlayn dərs keçirilib

26 sentyabr, 16:17

EATDA və Nazarbayev Universiteti arasında əməkdaşlıq müzakirə edilib

26 sentyabr, 16:08

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

26 sentyabr, 15:51

Şagirdlərin peşə seçiminə yardım edən “Peşə seçimi” aləti təqdim olunub

26 sentyabr, 15:23

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan bəzi tələbələr dövlət sifarişi ilə təhsil alacaqlar 

26 sentyabr, 15:11

Qəbul imtahanlarında yeni test modeli tətbiq olunacaq? - DİM-dən açıqlama

26 sentyabr, 15:05

"İnklüziv təhsilin əhatə dairəsi genişləndirilməlidir" – Deputat

26 sentyabr, 15:02

LDU-da Anım Gününə həsr olunan tədbir keçirilib

26 sentyabr, 14:59

“İnformasiya mənbələrinin çoxluğu gəncləri peşə seçimi dövründə stresə sala bilər” – DİM 

26 sentyabr, 14:41

Kəlbəcər məktəbliləri Anım Gününü ilk dəfə öz rayonlarında qeyd etdilər

26 sentyabr, 14:38

Bu il 195 nəfər şəhid və qazi övladı ali məktəblərə qəbul olub

26 sentyabr, 14:28

Professor İlber Ortaylı NDU-da olub

26 sentyabr, 13:52

Fariz İsmayılzadə: Heç bir uşaq imtiyazlardan kənarda qalmamalıdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.