
"Hər il sentyabrın 15-i “Bilik günü” ölkəmizdə xüsusi təntənə ilə qeyd olunur. Bu il isə bu tarix sizin üçün xüsusilə əlamətdardır. Çünki siz yeni dərs ilinə təkcə yeni ümidlərlə deyil, həm də yeni, ən müasir standartlara cavab verən məktəb binasında başlayırsınız".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli "Bilik günü"ndə paytaxtdakı 151 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində müəllim, şagird və valideynlərin qarşısında çıxışı zamanı deyib.
O bildirib ki, ölkə başçısı İlham Əliyev tərəfindən 2026-cı ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir və bu gün II-XI siniflərdə ilk dərslər “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub: "Xalqımız müstəqil, azad və firavan yaşayır. 30 ildən artıq işğal altında olan torpaqlarımız Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində azad olunub. Biz şəhidlərin əziz xatirəsini hər zaman ehtiramla anır, qazilərimizə cansağlığı arzulayırıq. Bizim ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hər bir cəmiyyətin tərəqqisinin başlıca amili təhsildir. Bu, ölkələrin inkişafına münasibətdə də belədir. Bu gün ölkəmizdə təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır".
Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində ardıcıl və məqsədyönlü islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün doğma Qarabağımızın təhsil müəssisələrində “Bilik günü” xüsusi təntənə ilə qeyd edilir. Ölkənin hər yerində yeni məktəb binaları tikilir, mövcud məktəblər əsaslı təmir olunur, müəllimlərin sosial rifahı yaxşılaşdırılır.
151 nömrəli tam orta məktəb üçün tikilən yeni bina da həmin dövlət qayğısının təzahürüdür. Burada şagirdlərin yüksək bilik almaları, müəllimlərin peşəkar fəaliyyətləri üçün bütün şərait yaradılıb. Geniş sinif otaqları, müasir laboratoriyalar, idman və akt zalları, kitabxana və informasiya texnologiyaları ilə təchiz olunmuş siniflər gələcəyin savadlı, yaradıcı və dünyagörüşlü vətəndaşlarının yetişməsinə zəmin yaradacaqdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər