Bütün xəbərlər
15 sentyabr, 07:30

Əziz müəllimlər, şagirdlər, valideynlər və “Azərbaycan müəllimi” qəzetinin çoxsaylı oxucuları!

Hər birinizi 15 sentyabr "Bilik günü" və yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edirik. Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. 
Bu müqəddəs missiya yeni tədris ilindən başlayır. Təhsil müəssisələrində ilk zəng tədris prosesinin bütün iştirakçıları üçün ən yaddaqalan, həyəcanlı və sevincli günlərdən biridir. 

Hər tədris ili yeni mühüm mərhələdir və bizim ümumi uğurumuz son nəticədə bu gün şagirdlərimizin dərslərə, tələbələrimizin mühazirələrə, məşğələlərə nə qədər ciddi və məsuliyyətlə yanaşmağımızdan asılıdır.

Hörmətli müəllimlər!

Sentyabrın 15-də tədris, təhsil, gənc nəslin inkişafına kömək etmək üçün bir daha doğma məktəbə öz missiyasının – öyrətmək missiyasının başına keçən bütün müəllimlərə təşəkkür və təbriklərimizi çatdırmaq istəyirik.

Şagirdlərinizə bilik xəzinəsinin açarları ilə yanaşı, onlara müdriklik işığı və ürəyinizin hərarətini verirsiniz. Bu gün, "Bilik günü"ndə biz sizə gündəlik işinizdə hədsiz fədakarlığınıza görə təşəkkür etmək istəyirik. Gənc ürəklərdə maraq qığılcımını alovlandıran, onları bilik və kəşf yolu ilə aparan bütün müəllimlərimizə təşəkkürlərimizi çatdırırıq: enerjiniz və ilhamınız heç vaxt tükənməsin!

Azərbaycan müəllimi tarixin bütün mərhələlərində öz maarifçilik missiyasının öhdəsindən böyük fədakarlıq və şərəflə gəlib. Əldə etdiyimiz bütün uğurlarda müəllimlərimizin titanik əməyinin bəhrələri var. Məhz Azərbaycan müəllimi müasir Zəfər tariximizin qəhrəmanlarını – vətənpərvər gəncliyi yetişdirib. Məhz bu gənclik ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpası yolunda öz canından keçib. 

İnanırıq ki, Azərbaycan müəllimi yenə də vətənpərvər gənc nəslin yetişdirilməsində öz missiyasına sadiq qalacaq, ölkəmizin tərəqqisi və çiçəklənməsi yolunda bilikli, savadlı, yüksək intellektli yeni nəslin hazırlanmasına öz töhfələrini verəcək. 

Bu gün müəllimlərimizə xüsusi təşəkkürümüzü bildiririk: “Siz şagirdlərimiz üçün hikmət və ilham mənbəyi, nümunəsiniz. Sizin əməyiniz və təhsilə olan bağlılığınız cəmiyyətimizin gələcəyini formalaşdırır. Uşaqlarımıza göstərdiyiniz səbir, qayğı və sevgi üçün Sizə təşəkkür edirik!”. 

Hörmətli müəllimlər! Müəllimlik istedadınız, müdrikliyiniz və səbriniz sayəsində əmin ola bilərik ki, doğma Azərbaycanımızın gələcəyi vətənpərvər, ağıllı, peşəkar, uğurlu insanların əlindədir.  

Müəllimlərə bir daha öz fəaliyyətlərində tükənməz yaradıcılıq potensialı, öz ideyalarını ən yaxşı şəkildə həyata keçirmələrini arzulayırıq. Qoy onların yetirmələri təkcə əla akademik göstəricilərlə deyil, həm də gözəl insanlar kimi böyüsünlər.  

Əziz tələbələr!

Bu gün universitet auditoriyalarında qazandığınız biliklər, təcrübələr, səriştələr sizin gələcəyinizdir, böyük həyata aparan yoldur. Bu, sizə müasir dünyada özünüzü kəşf etmək, ölkəmizin əsl vətəndaşı və vətənpərvərləri olmaq imkanı verəcək. "Bilik günü" bütün nəsillər üçün əzizdir.

Hər birimizin həyat yolu əsasən biliklərin əldə edildiyi və gələcək peşənin əsaslarının qoyulduğu təhsil illəri ilə müəyyən edilir. Bu gün universitetlərimizin auditoriyaları qonaqpərvərliklə öz qapılarını tələbələrin üzünə açır. 

"Bilik günü" bütün tələbələr üçün yeni nailiyyətlər üçün başlanğıcdır. Yalnız savadlı insan bütün maneələri dəf edə, bəşər sivilizasiyasının əldə etdiyi müdrikliyin dərinliyinə və bilik zirvəsinə çata bilər. 

Bu gün ölkəmizin ali təhsil müəssisələrinə yollanan minlərlə birinci kurs tələbəsi üçün sevincli gündür. Bu gün sizin üçün yeni üfüqlər açılır. Universitet həyatınızda müəllimlərinizə sual verməkdən və qarşınıza qoyduğunuz hədəflərə çatmaqdan qorxmayın. Qoy bu tədris ili sizin üçün yeniliklər, dostluq və maraqlı uğur hekayələri ilə zəngin bir dövr olsun! Hər gününüz yeni kəşflər və nailiyyətlərlə yaddaqalan xatirəyə çevrilsin!

Əziz şagirdlər! 

Sentyabrın 15-də təhsil ocaqlarının qapılarını açan bütün şagirdlərimizi ürəkdən təbrik edirik, onlara yeni dərs ilində əzmkarlıq, dərslərində uğurlar, əla qiymətlər, sadiq dostlar, maraqlı və dolğun həyat arzulayırıq.

Bilik bizim üçün sonsuz imkanlar açan güclü bir vasitədir. O, gələcəyimizi formalaşdırır, daha yaxşı olmağa, yeni zirvələrə çatmağa və istənilən maneələri dəf etməyə kömək edir. Şagirdlərimizə demək istəyirik: Hər biriniz öz arzuları və məqsədləri olan unikal fərdlərsiniz. Əminik ki, siz öz potensialınızı reallaşdıra və ölkəmizin inkişafına töhfə verə biləcəksiniz.

Yeni dərs ilində ilk dəfə 130 mindən çox şagird birinci sinifdə təhsil alacaq.

Birincilərə xüsusi təbrikimiz var. Axı onlar bu günün əsas qəhrəmanlarıdır, onlar üçün ilk zəng çalınır, bu günlərdə ilk və ən vacib kitabı – ilk dəfə “Ana dili” kitabını açacaqlar.  

Bu gün birinci sinif şagirdlərimiz üçün maraqlı görüşlər və heyrətamiz kəşflərlə dolu yeni bir həyat mərhələsi başlayacaq. Qoy bu gün bütün birinci sinif şagirdləri üçün sevincli olsun, sonrakı bütün günlərdə bilik yolunda keçirəcəkləri xoşbəxt və ilham dolu anlarla yaddaşlarında qalsın.

Hörmətli valideynlər!

15 sentyabr xüsusi bir gündür, çünki bu günün intizarını, həyəcanını yaşayanların böyük hissəsi valideynlərdir. Bu gün təkcə uşaqların deyil, həm də valideynlərin bayramıdır, çünki onların böyüməsinə, inkişafına və yüksəkliklərə çatmasına kömək edən sizin dəstəyiniz və qayğınızdır. Bütün valideynlərə möhkəm cansağlığı, övladlarınıza sevgi, nikbinlik və gələcəyə inam arzulayırıq.    

Övladlarınıza dəstək olun, onlara biliyə gedən yolu uğurla keçmələrinə kömək edin. Arzu edirik ki, övladlarınız sizi öz nailiyyətləri və uğurları ilə sevindirsin! Bu tədris ili övladlarınıza yeni kəşflər, uğurlar və öyrənmə sevinci gətirsin. Övladlarınıza bilik yolunda verdiyiniz dəstəyə görə təşəkkür edirik.

Bir daha qeyd edirik: 15 sentyabr öz biliklərini səxavətlə gənc nəslə ötürən, bölüşən, gənclərə bilik xəzinəsinin açarını verən, həm də öz ölkəsinin əsl vətənpərvərlərini yetişdirən müəllimlərə hörmət və ehtiramımızı bildirdiyimiz, gündəlik gərgin və şərəfli əməyinə görə minnətdarlıq duyğularımızı ifadə etdiyimiz bir gündür.   

Azərbaycan təhsili sürətli transformasiya dövrü yaşayır, ölkəmizin tərəqqisi naminə öz missiyasını şərəflə yerinə yetirir. Ümumi vəzifəmiz bu tendensiyanı qorumaq və inkişaf etdirməkdir. 

Öyrənən və öyrədən hər kəsə uğurlu əməkdaşlıq, qarşılıqlı hörmət arzulayırıq. Şagirdlərə və tələbələrə əzmkarlıq, əməksevərlik, özünəinam və yeni təhsil zirvələrini fəth etmək, valideynlərə və müəllimlərə müdriklik, səbir, xoşbəxtlik və firavanlıq diləyirik.

Bayramınız mübarək! "Bilik günü"nüz mübarək!
“Azərbaycan müəllimi”

Şərhlər

Xəbər lenti

15 sentyabr, 10:25

Sağlam qidalanma mədəniyyəti

15 sentyabr, 10:22

Yeni salınacaq Qaraxanbəyli kəndində 2 məktəb və 3 uşaq bağçasının inşası planlaşdırılır

15 sentyabr, 10:10

Nazir müavini: Təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır

15 sentyabr, 09:55

Azərbaycanın 10 milyonuncu sakini məktəbə başladı – FOTOLAR

15 sentyabr, 09:51

MDU-da müəllimlərin beynəlxalq sertifikasiyaya hazırlığına start verilib

15 sentyabr, 09:47

AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq müzakirə olunub

15 sentyabr, 09:37

Həsən Həsənli: İldən-ilə məktəblərimizin uğurlarının artdığını görürük

15 sentyabr, 09:37

Gəncədə tam orta ümumtəhsil müəssisəsi təmirdən sonra istifadəyə verilib

14 sentyabr, 17:18

Prezident Qarabağ Universiteti Klinikasının və yeni tədris korpusunun açılışında iştirak edib

13 sentyabr, 15:22

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

12 sentyabr, 21:12

Siniflər hansı meyarlara əsasən komplektləşdirilir? – AÇIQLAMA

12 sentyabr, 18:33

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

12 sentyabr, 18:00

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

12 sentyabr, 17:56

Eşqi Bağırov: Olimpiada və müsabiqələrdə iştirak edən şagirdlərin sayı artıb

12 sentyabr, 17:52

“Yenilənən məktəblər”: Zərdab rayonu Dəli Quşçu kənd tam orta məktəbi – FOTOLAR

12 sentyabr, 17:48

Naxçıvanda peşə təhsili müəssisələrinə 700 yerlik qəbul planı tərtib olunub

12 sentyabr, 17:40

Bəzi regionlarda müəllimlərin dərs yükünün 24 saatı keçməməsi tələbi var? – AÇIQLAMA

12 sentyabr, 17:37

Naxçıvanda 30 məktəbin bütün məzunları tələbə adını qazanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.