Bütün xəbərlər
16 aprel, 14:50

Ölkəmizdə elmi müəssisələrin fəaliyyətinin yenidən effektiv təşkili ilə bağlı növbəti islahatlar başlayıb. Ölkə başçısı İlham Əliyev 4 aprel 2025-ci il tarixində “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sərəncam ölkəmizdə elmi idarəetmənin müasirləşdirilməsi və institutlararası əməkdaşlığın gücləndirilməsi sahəsində mütərəqqi addım kimi qiymətləndirilir.

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi, fizika elmləri doktoru, professor Elçin Hüseynov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında adıçəkilən Sərəncamı müasir dövrün çağırışlarına uyğun verilmiş strateji və zamanında atılmış bir addım kimi qiymətləndirib. Onun sözlərinə görə, uzun illər boyu mövcud olan elmi institutların say çoxluğu, təəssüf ki, fəaliyyətin səmərəliliyinə deyil, inzibati-idarəetmə yükünün artmasına, resursların parçalanmasına və təkrarçılığın çoxalmasına səbəb olub. Bir çox hallarda “say çox, müdir çox” prinsipi ilə idarə olunan strukturların elmi nəticə əmsalı aşağı idi və bəzi institutların fəaliyyət sahələri bir laboratoriyanın və ya bir tədqiqat qrupunun öhdəsindən gələ biləcəyi qədər dar çərçivədə idi. Belə bir kontekstdə aparılan optimallaşdırma prosesi keyfiyyətin artırılmasına, resursların rasional bölüşdürülməsinə və daha effektiv nəticələrin əldə olunmasına zəmin yaradacaqdır.

Keyfiyyətin artırılması

Müsahibimiz qeyd edir ki, sərəncamın icrası çərçivəsində Elm və Təhsil Nazirliyinin vizyonuna uyğun olaraq elmi institutlarda fəaliyyətin keyfiyyət parametrləri üzrə yenidən qurulması olduqca vacibdir. Bu istiqamətdə nazirliyin çevik və məqsədyönlü idarəetmə mexanizmləri formalaşdırması, eləcə də struktur islahatlarının praktik müstəvidə həyata keçirilməsi əsas şərtdir. “Əgər bu islahatlar səmərəli şəkildə davam etdirilərsə, elmi fəaliyyətin məhsuldarlıq göstəricilərində, beynəlxalq əməkdaşlıqlarda və nəşr keyfiyyətində əhəmiyyətli irəliləyişlərin baş verəcəyi qaçılmazdır. Təbii ki, 70-80 il ərzində formalaşmış və müəyyən ənənələr əsasında kök salmış bir sistemin bir gün ərzində tamamilə dəyişdirilməsi nə realdır, nə də elmi-inzibati baxımdan mümkündür. Belə bir sistemin transformasiyası zaman tələb edir və sözügedən dəyişikliklərin həyata keçirilməsi üçün təkcə inzibati qərarlar kifayət etmir, bu, eyni zamanda elmi ictimaiyyətin adaptasiyasını, yeni idarəetmə mədəniyyətinin formalaşmasını, texnoloji və intellektual resursların düzgün səfərbər olunmasını, həmçinin müvafiq hüquqi-normativ bazanın da zamanla yenilənməsini tələb edir”. 

E.Hüseynov qeyd edir ki, bu baxımdan sistemin modernləşdirilməsi və müasir çağırışlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün kifayət qədər uzunmüddətli, ardıcıl və məqsədyönlü fəaliyyətə, həmçinin bütün iştirakçı tərəflərin – dövlətin, elm adamlarının, idarəedicilərin və gənc tədqiqatçıların səmərəli əməkdaşlığına ehtiyac vardır. Bu proses həm zamanla, həm də böyük zəhmətlə müşayiət olunmalıdır. Məhz bu zəhmətin nəticəsində gələcək nəsillər üçün daha çevik, effektiv və dayanıqlı elmi sistemin formalaşdırılması mümkün olacaqdır.

İnfrastrukturun müasirləşdirilməsi

Oxşar elmi istiqamətlər üzrə fəaliyyət göstərən institutların birləşdirilməsini səmərəli və məqsədəuyğun bir addım hesab edən E.Hüseynova görə, bu yanaşma, həm resursların optimallaşdırılması, həm də elmi fəaliyyətin koordinasiyalı şəkildə təşkili baxımından böyük əhəmiyyət daşıyır. Lakin institutların struktur səviyyəsində birləşdirilməsi ilə yanaşı, onların daxili təşkilati quruluşlarında da ciddi və məqsədyönlü islahatların aparılması zəruridir.

“Təəssüf ki, bir çox elmi institutlar hələ də Sovet idarəçilik modelinin mirası olan prinsiplərlə fəaliyyət göstərməkdə davam edir. Bu, həm idarəetmə mexanizmlərinə, həm də maddi-texniki bazaya, xüsusilə laboratoriyalara aiddir. Müşahidələr göstərir ki, bəzi institutlarda hələ də XX əsrin 30-cu, 50-ci və 70-ci illərinə aid texniki baza və laboratoriya şəraiti mövcuddur. Əlbəttə, həmin dövrlərdə bu laboratoriyalar mütərəqqi texnoloji imkanlara malik olub və dəyərli elmi nəticələrin əldə olunmasında mühüm rol oynayıb. Lakin müasir elmi çağırışlar və texnologiyaların sürətli inkişafı fonunda, bu infrastruktur artıq elmi fəaliyyətin səmərəliliyinə cavab vermir. Burada əsas məqsəd tarixi elmi irsi tamamilə inkar etmək deyil, əksinə, ona hörmətlə yanaşmaq və elmi fəaliyyətin keçmişini qoruyaraq gələcəyini formalaşdırmaqdır.

Hesab edirəm ki, müəyyən laboratoriyalar, xüsusilə tarixi əhəmiyyətə malik olanlar – sırf elmi və mədəni irs baxımından qorunmalı və elmi muzey və ya arxiv laboratoriyası kimi fəaliyyətini davam etdirməlidir. Belə yanaşma həm elmi ənənələrin yaşadılması, həm də gələcək nəsillərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, ümumi yanaşmada laboratoriyaların müasir elmi tələblərə cavab verən yeni struktur və texnoloji bazalarla əvəz olunması vacibdir. Yalnız bu halda ölkəmizin elmi-tədqiqat potensialı beynəlxalq səviyyədə rəqabətqabiliyyətli ola bilər. Bu məsələyə yanaşarkən qeyd etmək istərdim ki, mənim bu fikrim yaşca böyük və təcrübəli həmkarlarımızın zəhmətinə kölgə salmaq məqsədi daşımır. Əksinə, onların illərlə topladığı elmi təcrübənin dəyərini yüksək qiymətləndirir və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıram. Ancaq həyatın və elmin inkişaf qanunları dəyişməzdir, bu gün bizə müasir görünən texnologiya və metodologiyalar 50 il sonra arxaik hesab oluna bilər. Ola bilər ki, gələcəkdə bu gün məşğul olduğumuz sahələri köhnəlmiş hesab edəcəklər. Mən şəxsən bu halı normal qəbul edir və sevinirəm ki, gələcəkdə bizim fəaliyyətimiz muzeylərdə, elmi tarix kitablarında yaşadılacaq”.

İnstitutlararası əməkdaşlıq və avadanlıqların iqtisadi paylanması

Müasir dövrdə elmin inkişafı və qlobal rəqabətədavamlı elmi məhsulların ortaya qoyulması üçün institutlararası, o cümlədən institutlarla ali təhsil müəssisələri arasında effektiv əməkdaşlığın qurulması strateji əhəmiyyət daşıyır. E.Hüseynova görə, bu əməkdaşlıq təkcə intellektual potensialın birləşdirilməsi baxımından deyil, həm də maddi-texniki və maliyyə resurslarının daha səmərəli istifadəsi baxımından xüsusi önəm kəsb edir. “Təəssüflə qeyd edilməlidir ki, əvvəlki illərdə mövcud olmuş inzibati idarəetmə yanaşmaları bu əməkdaşlığın formalaşmasına əngəl törədən əsas faktorlardan biri olub.  Bəzi hallarda elmi institutların rəhbərliyi həmin qurumlara və onların maddi-texniki bazasına sanki "şəxsi mülkiyyət" kimi yanaşmış və bu da elmi əməkdaşlığa, cihaz və avadanlıqların paylaşımına, birgə layihələrin icrasına ciddi maneələr yaradıb. Bu yanaşmanın neqativ nəticələrindən biri də odur ki, müxtəlif institutlarda eyni tip və yüksək dəyərə malik avadanlıqların təkrar alınıb yerləşdirilməsi müşahidə olunub. Halbuki, bu cür paralel və təkrarlanan investisiyalar əvəzinə, müxtəlif funksional imkanlara malik, bir-birini tamamlayan avadanlıqların alınması daha rasional və elmi baxımdan məhsuldar olardı.

Əslində, elmi institutlar da, onların malik olduqları texnoloji resurslar da Azərbaycan dövlətinin mülkiyyətidir və onlardan istifadədə əsas prinsip ümummilli maraqların təmin olunması olmalıdır. Alimlər – istər institutda, istər universitetdə fəaliyyət göstərsinlər, ilk növbədə, vətəndaş məsuliyyəti ilə hərəkət etməli, resursların bölüşdürülməsi və paylaşımı məsələsində əməkdaşlıq mədəniyyətinə sadiq qalmalıdırlar”. 

E.Hüseynov xarici təcrübədən nümunə gətirib. “Öz şəxsi təcrübəmdən irəli gələrək vurğulamaq istəyirəm ki, inkişaf etmiş ölkələrin, xüsusilə ABŞ və aparıcı Avropa dövlətlərinin elmi idarəetmə sistemində bu məsələyə daha rasional və səmərəli yanaşılır. Bu ölkələrdə bahalı avadanlıq və texnologiyaların mərkəzləşdirilmiş şəkildə istifadəsi sistematik şəkildə təşkil edilir. Yəni hər tədqiqat institutunun eyni cihazı almağa çalışması əvəzinə, həmin cihaz bir mərkəzdə yerləşdirilir və müxtəlif tədqiqatçılar ona açıq və bərabər əsaslarla çıxış əldə edirlər. Hətta bəzi hallarda, bahalı avadanlığın ölkə daxilində belə alınması mümkün olmadıqda, həmin tədqiqatlar beynəlxalq əməkdaşlıq çərçivəsində başqa ölkələrdə həyata keçirilir. Bu yanaşma elmi-tədqiqatların həm iqtisadi səmərəliliyini artırır, həm də müxtəlif ölkələr arasında elmi əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirir.

Nəticə etibarilə, hesab edirəm ki, Azərbaycanda da bahalı elmi avadanlıq və texnoloji infrastruktura mərkəzləşdirilmiş və açıq əsaslı çıxışın təmin edilməsi, tədqiqatçılar arasında əməkdaşlıq mədəniyyətinin formalaşdırılması və institutların "şəxsi mülkiyyət" kimi idarə olunması tendensiyasına son qoyulması elmi səmərəliliyin artmasına mühüm töhfə verəcək. Bu, eyni zamanda, ölkənin elmi potensialının optimal səviyyədə reallaşması üçün əlverişli mühit formalaşdıracaq”.

Multidisiplinar tədqiqatların potensialı və idarəetmədə dəyişiklik

Müasir elmin inkişaf meyilləri göstərir ki, ən mühüm elmi kəşflər və innovativ texnologiyalar, adətən, sərhədləri aşan, fərqli elmi sahələrin sintezindən yaranan multidisiplinar tədqiqatlar nəticəsində ortaya çıxır. E.Hüseynov qeyd edir ki, bu baxımdan, ölkəmizdə elmi institutların birləşdirilməsi yalnız struktur dəyişikliyi deyil, həm də yeni elmi sinerjilərin yaranmasına zəmin yaradan mühüm strateji addım kimi qiymətləndirilməlidir. Əgər bu proses köhnə idarəetmə psixologiyası və Sovet dövründən miras qalmış dar korporativ yanaşmalardan uzaq şəkildə, “ortaq resurs – ortaq məsuliyyət – ortaq nəticə” prinsipi ilə aparılarsa, bu, birləşmiş institutların daha genişmiqyaslı və multidisiplinar layihələr həyata keçirməsi üçün real zəmin formalaşdıracaq. İndiyədək mövcud olan “bu institut mənimdir”, “bu avadanlıq yalnız bizim üçündür” kimi yanaşmaların elmin inkişafına deyil, əksinə, onun parçalanmasına səbəb olduğu təəssüf doğuran faktdır.

Yeni mərhələdə əsas məqsəd, fərqli sahələri təmsil edən alimlərin birgə platformalarda əməkdaşlığını təmin etmək, elmi ideyaların sərbəst şəkildə mübadiləsini mümkün edən inklüziv və açıq sistemlər formalaşdırmaq, habelə beynəlxalq layihələrə inteqrasiya imkanlarını artırmaq olmalıdır. Bu mənada, institutların struktur səviyyəsində birləşdirilməsi ilə yanaşı, onların elmi fəaliyyətlərinin də qarşılıqlı əlaqələndirilməsi vacib şərtdir. Sadəcə fiziki və inzibati birləşmə yox, həm də ideoloji və metodoloji sintez baş verməlidir. 
“Eyni zamanda, birləşmiş institutlarda yeni və müasir elmi istiqamətlərin formalaşdırılması, qlobal elmi çağırışlara cavab verə bilən layihələrin icrası, süni intellekt, biotexnologiya, yaşıl enerji, nanotexnologiyalar, kvant fizikası kimi yüksək prioritetli sahələrdə tədqiqatların aparılması qarşıdakı dövrün əsas hədəfləri sırasındadır. Bu istiqamətlər üzrə elmi resursların, kadr potensialının və infrastruktur imkanlarının birləşdirilməsi nəticəsində ölkəmizin elmi potensialı daha da güclənəcək və beynəlxalq elmi arenada rəqabət qabiliyyəti artacaqdır. Beləliklə, birləşmiş institutların səmərəli fəaliyyət göstərməsi üçün onların təşkilati strukturunda, idarəetmə fəlsəfəsində və əməkdaşlıq modelində fundamental dəyişikliklərə ehtiyac vardır. Əgər bu transformasiyalar reallaşdırılsa, elmi tədqiqatların keyfiyyəti əhəmiyyətli dərəcədə yüksələcək və Azərbaycan elmi qlobal elmi icmanın fəal iştirakçılarından birinə çevriləcəkdir”.

Alimlərin sosial rifahı və əlçatanlıq

Müasir dünyada elmin inkişafının yalnız maddi-texniki baza və təşkilati strukturla deyil, eyni zamanda alimlərin sosial rifah səviyyəsi, iş mühiti və motivasiyası ilə sıx bağlı olduğunu deyən E.Hüseynova görə bu kontekstdə, Azərbaycan Respublikasında elmi fəaliyyətlə məşğul olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların əmək şəraitinin müasirləşdirilməsi və maddi stimullaşdırma mexanizmlərinin təkmilləşdirilməsi elmi potensialın reallaşdırılmasında əsas şərtlərdən biri kimi çıxış edir. İnstitutlar daxilində müasir tələblərə cavab verən yeni laboratoriyaların qurulması, elmi infrastrukturun yenilənməsi və qabaqcıl texnologiyaların tətbiqi təkcə tədqiqat imkanlarını genişləndirmir, eyni zamanda alimlərin işinə yanaşmasını, məhsuldarlığını və elmi motivasiyasını əhəmiyyətli dərəcədə artırır. Bu gün artıq elmi məhsuldarlıqla alimlərin sayı arasında olan disbalans danılmaz faktdır. Bir çox hallarda yüksəkixtisaslı elmi kadrların potensialı maddi və texnoloji resursların çatışmazlığı səbəbindən tam reallaşdırılmır. Eyni zamanda, elmi avadanlıqlara əlçatanlığın genişləndirilməsi, onların ümumi istifadəyə açıq resursa çevrilməsi də həm əməkdaşlıq mədəniyyətini gücləndirəcək, həm də təkrar xərclərin qarşısını alacaq. Bu yanaşma nəticəsində mövcud resurslar daha optimal şəkildə istifadə olunacaq və elmi-tədqiqatlar daha çevik və funksional mühitdə həyata keçiriləcək.

Müsahibimiz qeyd edir ki, alimlərin sosial rifahı və əmək şəraitinin yaxşılaşdırılması yalnız humanitar və sosial məsələ deyil, elmin dayanıqlı inkişafının və yüksək nəticələrin əldə olunmasının əsas təminatçısıdır. Əmək şəraiti yaxşılaşdırılmış, sosial cəhətdən təmin olunmuş və qiymətləndirilən alim, təkcə öz sahəsində deyil, həm də cəmiyyətin intellektual və texnoloji inkişafına real töhfə vermək iqtidarında olacaqdır.

Yeni institutların infrastrukturunun yaradılması və stimullaşdırma mexanizmləri

E.Hüseynov hesab edir ki, elmi fəaliyyətin səmərəliliyinin artırılması üçün yalnız kadr potensialının gücləndirilməsi kifayət deyil, bu proses, eyni zamanda, müasir infrastrukturun yaradılması, maddi-texniki bazanın yenilənməsi və elmi mühitin dünya standartlarına uyğunlaşdırılması ilə müşayiət olunmalıdır. Yeni yaradılacaq və ya yenidən qurulacaq institutların müasir infrastruktura malik olması elmimizin inkişafına əhəmiyyətli dərəcədə dinamizm gətirəcək, alimlər üçün həm peşəkar, həm də sosial baxımdan daha əlverişli mühit formalaşdıracaq.

“Alim də bu cəmiyyətin ayrılmaz üzvüdür və onun əməyinin stimullaşdırılması həm motivasiya baxımından, həm də uzunmüddətli elmi strategiyaların reallaşdırılması nöqteyi-nəzərindən olduqca vacibdir. Sevindirici haldır ki, son illərdə bu istiqamətdə ciddi irəliləyişlər müşahidə olunmaqdadır. Xüsusilə də reytinq əsaslı indeksləşdirmə sistemlərinin tətbiqi, beynəlxalq elmi bazalarda yer alan alimlərin təşviq olunması, elmi fəaliyyətin nəticələrinə görə fərdi mükafatlandırma mexanizmlərinin hazırlanması mühüm addımlar kimi qiymətləndirilməlidir. Əlbəttə, hər bir yeni sistemdə müəyyən problemlərin, neqativ halların müşahidə olunması qaçılmazdır. Lakin bu, sistemin zəifliyi deyil, əksinə, onun işlədiyinin göstəricisidir. Çünki sistemlərə müdaxilə etməyə çalışanların varlığı, əslində həmin sistemin cəmiyyət üçün əhəmiyyətli və təsirli olduğunu sübut edir. Mühüm olan odur ki, bu cür hallara qarşı effektiv nəzarət mexanizmləri işlək vəziyyətdə saxlanılsın və sistem daim təkmilləşdirilsin”.

E.Hüseynov bildirib ki, hazırda müşahidə olunan tendensiyalar və məsul qurumların bu sahəyə göstərdiyi diqqət elmin inkişafı istiqamətində dövlət səviyyəsində ardıcıl və məqsədyönlü fəaliyyətin həyata keçirildiyini göstərir. Bu fəaliyyət çərçivəsində formalaşacaq yeni infrastruktur, şübhəsiz ki, ölkəmizin elmi potensialını daha yüksək səviyyəyə daşıyacaq və müasir düşüncəli elmi mühit formalaşdıracaq.

Qeyd edək ki, Elçin Hüseynov ABŞ, Almaniya, Belçika, İtaliya, Fransa, Çex Respublikası, Avstriya, Sloveniya, Türkiyə, və s. ölkələrin nüfuzlu mərkəzlərində radiasiya fizikası, nanoelektronika və nanonüvə texnologiyaları ilə əlaqədar elmi tədqiqatlar aparıb, konfrans və tədbirlərdə iştirak edib. Son beş ildə fizika sahəsində dünyanın top - 2 faiz alimləri siyahısına ardıcıl olaraq hər il daxil olan yeganə azərbaycanlıdır. Yüzdən çox elmi əsərin müəllifidir ki, onlardan da 70-ə qədəri dünyanın reytinqli və indeksli jurnallarda çap olunub. Beynəlxalq qiymətləndirmə sistemlərində h-indeksi – 26, i10-indeksi – 42, istinad sayı 1200-dən yuxarıdır. Azərbaycanda ən gənc elmlər doktoru (35 yaşa qədər) və ən gənc professor elmi adı almış şəxsdir.

Şərhlər

Xəbər lenti

1 may, 10:10

Sumqayıtda “Erkən nikahın qarşısının alınması” mövzusunda görüş olub

1 may, 09:57

Radiasiya Problemləri İnstitutunun alimləri ilə görüş keçirilib

1 may, 09:51

Məktəblərdə yaz tətili başladı

1 may, 09:46

Nazir müavini Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edib

1 may, 09:42

Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

1 may, 09:40

Leyla Əliyeva və Arzu Əliyeva tələbələrin konsertində iştirak ediblər

1 may, 09:37

Abituriyentlərin nəzərinə: Qeydiyyat başa çatır!

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.