Bütün xəbərlər
30 aprel, 16:15

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məktəbəqədər təhsil ümumi təhsilin birinci pilləsidir və onun gələcək inkişafı vektorunu müəyyən edən hüquqi-normativ sənədlərlə tənzimlənir. Sənədlərdə qeyd olunduğu kimi, hər bir uşaq üçün təhsilin keyfiyyəti və əlçatanlığı məktəbəqədər təhsilin birinci istiqamətidir. Şübhəsiz ki, müasir dövrdə məktəbəqədər təhsil sahəsi çox mühüm və aktualdır. Hazırkı dövrdə təhsil sahəsində təkzibolunmaz inkişafla yanaşı, həlli mümkün olan müəyyən problemlər də mövcuddur. Məhz məktəbəqədər yaş dövründə uşaqda bir sıra anatomik-fizioloji xüsusiyyətlər formalaşır və onun fiziki, psixi və əqli inkişafı müəyyən edilir. Bu yaşda hər bir uşağın inkişaf xüsusiyyətləri nəzərə alınmazsa, bu onların gələcək həyatına mənfi təsir göstərə bilər. 

Müasir təhsil modelinin bünövrəsi hesab edilən məktəbəqədər təhsil sosial şəxsiyyətin əsaslarını qoyan təhsilin birinci pilləsi və ailə dəstəyinin ən mühüm institutudur. Son illər məktəbəqədər təhsil sahəsində əsaslı dəyişikliklər baş verir, təkmilləşdirilir və inkişaf etdirilir. 

Məktəbəqədər təhsil, ümumiyyətlə, daim dəyişən və transformativ bir prosesdir. Demək olar ki, son illərdə bütün dünyada gənc nəslin təlim-tərbiyəsi və ümumi inkişafı ilə bağlı problemlər kəskinləşir. 

Məktəbəqədər yaş dövrü uşaqların tərbiyəsində xüsusilə məsuliyyətli dövrdür. Uşaq şəxsiyyətinin ilkin formalaşma dövrü məhz məktəbəqədər yaş dövrüdür. Bu yaş dövründə uşağın həmyaşıdları ilə ünsiyyəti zamanı onun şəxsiyyətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən kifayət qədər mürəkkəb münasibətlər formalaşır. Uşaqlarda ünsiyyət azlığı xüsusi diqqət yetirilməli olan böyük bir problemdir. Ünsiyyət zamanı eşitmə və dinləmə bacarıqlarına yaşıdları və böyüklərlə təmasda olmaq, fikirlərini ifadə etmək və nitqi başa düşmək kimi bacarıqlar daxildir [Cəfərova, L., 2002]. 

Məktəbəqədər təhsil sahəsində mövcud problemlərdən biri sağlamlıq imkanları məhdud uşaqların sayının artmasıdır. Bu, çox aktual problemdir. Sağlamlıq imkanları məhdud uşaqların tərbiyəsi və təhsilində aparıcı istiqamət inklüziv təhsildir. 

İnklüzivlik sağlamlıq imkanları məhdud uşaqların sağlam uşaqlarla bərabərhüquqlu olmasını təmin edir. Məktəbəqədər təhsil müəssisələrində inklüziv təhsil, əlilliyi olan uşaqların cəmiyyətdə tam hüquqlu inkişafına imkan yaradan innovativ təhsil sistemidir. Problemin həlli məsələləri bu təhsil müəssisələrinin mütəxəssislərinin korreksiya pedaqogikası və xüsusi psixologiyanın əsaslarını bilməməsi, müəssisələrin kifayət qədər maddi-texniki avadanlıqlarla təchiz olunmaması, eyni zamanda, “inklüziya”nın formalaşdırılmamış proqram və metodik vasitələri ilə daha da ağırlaşır. Bu fikrə əsaslanaraq deyə bilərik ki, təhsil müəssisələrində inklüziv təhsili həyata keçirən müəllimlərin, sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin peşə səriştəlilik səviyyəsinin inkişaf etdirilməsi və artırılması üçün şərait yaradılması zəruridir [“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, 2017]. 

Təəssüflə qeyd etmək olar ki, hazırda məktəbəqədər müəssisələrin maddi-texniki təchizatla, ilk növbədə, kompüter avadanlıqları ilə təmin olunmasında, eyni zamanda, təşkilati məsələlərdə yaranan çətinliklər mövcud problemlərdən biridir. Məktəbəqədər müəssisələrin kompüter avadanlıqları ilə təchiz olunmasının əsas təşkilati problemlərinə obyektiv və subyektiv səbəblər daxildir. 

Məktəbəqədər təhsilin problemlərini təsvir edərkən uşaqların ailəsi ilə qarşılıqlı əlaqə problemi üzərində dayanmamaq mümkün deyil. 
Ailə ilə qarşılıqlı əlaqə problemi, bəlkə də, təhsil prosesinin təşkilinin ən vacib aspektidir. Müasir uşaq bağçası şəraitində dəstək və qarşılıqlı anlaşma, həmçinin valideynlərin qarşılıqlı əlaqəsi və iştirakı, onların təhsil fəaliyyətinə daxil edilməsi də labüddür. 
Təlim-tərbiyə məsələlərinin həyata keçirilməsində valideynləri məktəbəqədər təhsil müəssisələri ilə fəal əməkdaşlığa cəlb etmək lazımdır.

Müasir məktəbəqədər təhsil sahəsində mövcud problemlərdən biri uşaq şəxsiyyətinin kommunikativ tərəflərinin inkişaf etdirilməsidir. Valideynin məktəbəqədər müəssisə ilə əməkdaşlığı olmadan uşağın tam inkişafının təmin edilməsi mümkün deyil. Valideyn məktəbəqədər yaşlı övladının yanında olmalı, ona kömək etməyə çalışmalıdır. Valideynlərin əksəriyyəti məşğul olduqlarını əsas gətirərək məktəbəqədər müəssisələr ilə əməkdaşlıq etməkdə çətinlik çəkirlər. Tərbiyəçi-müəllimin vəzifələrindən biri valideynlərdə maraq oyatmaq, onları qarşılıqlı əməkdaşlığa təşviq etməkdir. Bu, ilk növbədə, valideynlərdən, tərbiyəçi-müəllimin peşəkarlığından, onun qarşıya qoyduğu məqsəddən, müasir məktəbəqədər təhsildə aktual problemlərin necə həll olunacağından asılıdır. 

Texnologiyanın sürətlə inkişaf etdiyi hazırkı dövrdə uşağı düzgün tərbiyə etmək asan olmayan və çox əmək tələb edən prosesdir. Məktəbəqədər müəssisələrdə pedaqoji innovasiyalardan, təlim texnologiyalarından istifadə uşaqların idrak qabiliyyətlərini inkişaf etdirən, onları müstəqil qərar çıxarmağa sövq edən, onlarda fəal həyat mövqeyi formalaşdıran metodlardır. Tərbiyəçi-müəllimlər tərəfindən təlim prosesində tətbiq edilən müasir pedaqoji texnologiyalar məktəbəqədər yaşlı uşaqların gələcək nailiyyətlərinə və onların məktəbdə uğurlu təhsilinə zəmanət verir. 

Uşağın həyat şəraitini yaxşılaşdırmaq və tərbiyəsinə nəzarəti artırmaq, tam hüquqlu, ahəngdar şəxsiyyətin əsaslarını formalaşdırmaq üçün uşaq bağçası ilə ailə arasında sıx əlaqələri, qarşılıqlı əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək lazımdır [“Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”, 2019]. Əməkdaşlıq prosesində tərbiyəçi-müəllim valideynlərə uşağın düzgün tərbiyə olunması haqqında məsləhətlər verir. Məktəbəqədər müəssisədə tərbiyəçi-müəllimlər yalnız uşaqların müəllimi deyil, həm də onların tərbiyə olunmasında valideynlərin tərəfdaşı rolunda çıxış edirlər. 

Məktəbəqədər təhsil uşağın ətraf aləmlə harmoniyasını təmin etmək, onda xeyirxah hisslər formalaşdırmaq, əməkdaşlığa və müsbət özünütəsdiqə nail olmaq baxımından əhəmiyyətlidir. Buna baxmayaraq, məktəbəqədər müəssisələrdə tərbiyəçi-müəllimlər tərəfindən həyata keçirilən sosial-mənəvi tərbiyə məsələləri təkcə məktəbəqədər təhsil çərçivəsində həll edilə bilməz. Uşaqlara sosial-mənəvi tərbiyənin aşılanmasında valideynlərin tərbiyəçi-müəllimlərlə əməkdaşlıq əlaqələri yaradılmalıdır. Ailə uşaqlarda şəxsi münasibətləri, yaxınlarına və ailəsinə hörmət, sevgi, qayğı, təhlükəsizlik və inam hissini formalaşdırır. Lakin təəssüf ki, bu keyfiyyətləri heç də bütün ailələrə aid etmək olmur. Müasir dövrdə dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da bir çox ailə ağır böhran keçirir: ailədaxili münaqişələrin, boşanmaların, sosial risk altında olan ailələrin, tək anaların və işsiz qadınların sayı artıb. Bir çox valideynlərin uşağını böyütmək üçün “məsuliyyət” kimi bir anlayışı yoxdur. Həqiqətən, V.G Belinskinin “Ətrafda çoxlu valideynlər var, atalar və analar isə azdır!” sözlərini xatırlayırıq. Əminliklə deyə bilərik ki, bu gün hər bir ailədə kompüter, notbuk, planşet, smartfon və digər növ qadcetlər mövcuddur. Bu da valideynlər və uşaqlar arasında qarşılıqlı ünsiyyət əlaqələrinin azalmasına səbəb olur. Əgər qadcetlər uşağın bütün şüurunu zəbt edirsə, o zaman uşaqla valideyn arasında sıx ünsiyyət arxa plana keçir, uşaq planşet və ya telefonla vaxt keçirməyə üstünlük verir; uşaq boş vaxtını səmərəli keçirə bilmir, oyuncaqlara, kitablara az maraq göstərir, həmyaşıdları ilə ünsiyyətə həvəsi olmur. Hər bir valideyn yadda saxlamalıdır ki, fasiləsiz olaraq telefon və ya planşetlə məşğul olan uşaq həmyaşıdları ilə ünsiyyət qurmaq və əməkdaşlıq etməyi bacarmayacaq. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, valideyn övladını erkən yaş dövründən diqqət və qayğısı ilə əhatə etməli, onu əsl şəxsiyyət kimi formalaşdırmalı, müsbət keyfiyyətlər aşılamalıdır [Grebeshova, S.В., 2016].

Məktəbəqədər müəssisənin uşağın fiziki, zehni, sosial və emosional inkişafındakı rolu nədən ibarətdir? Məktəbəqədər müəssisənin əsas üstünlüyü burada uşaqlar üçün sosial təcrübə məkanının yaradılmasıdır. Mühüm aspektlərdən biri böyüklər və uşaqlar arasında etibarlı tərəfdaşlıq, ünsiyyət tərzinin seçilməsidir. Əməkdaşlıq texnologiyaları, pedaqoji dəstək və uşağın fərdiləşdirilməsi təhsilin yeni dəyərləri kimi, xüsusilə aktualdır. Şəxsiyyətyönümlü təlim və tərbiyə texnologiyaları təhsil prosesinin təşkilinin iki əsas modelində – tərbiyəçi-müəllimlə uşaqların birgə fəaliyyəti və uşağın müstəqil fəaliyyəti ilə ön plana çəkilir. Uşağa şəxsiyyətyönümlü yanaşma hər bir uşağın fərdiliyinin inkişafı üçün əlverişli şəraitin yaradılmasına yönəlmiş pedaqoji dəstəyə əsaslanır. Eyni zamanda, təlim zamanı xarakter, temperament, artıq əldə edilmiş bilik və bacarıqların səviyyəsi, habelə gələcək təlim və inkişaf üçün zəruri olan qabiliyyət və səriştələrin formalaşma dərəcəsi nəzərə alınır. 

Pedaqoji dəstək əlverişli şəraitin yaradılmasına, dəstəkləyici səylərin kompleksinə, uşaqların inkişafında uzunmüddətli maneəsiz yardıma, müstəqilliyi vurğulamağa yönəldilmişdir. 

Təlim-tərbiyə prosesində məktəbəqədər yaşlı uşaqların sosial və kommunikativ bacarıqlara yiyələnmələri üçün şəxsiyyətyönümlü inkişafetdirici təlimin aşağıdakı texnologiyalarından istifadə prioritet məsələdir:

• güvən qazanmağa kömək etmək; 
• fərddə müsbət başlanğıcı gücləndirmək; 
• inkişafa mane olan şeylərdən uzaq durmaq; 
• müxtəlif səviyyəli təlimlər; 
• modul tipli təlimlər; 
• inkişafetdirici təlimlər; 
• birgə öyrənmə; 
• layihə üsulu; 
• kompleks qarşılıqlı təlimlər. 

Sosiallaşma və fərdiləşmə uşaq şəxsiyyətinin inkişafı üçün vacibdir. Hər uşaq özünəməxsusdur, fərqli xarakter xüsusiyyətlərinə və potensiala malikdirlər. Buna görə də onlara fərdi yanaşmaq və fərqli keyfiyyətlərini nəzərə almaq, ekskursiyalarda, gəzintilərdə, yemək zamanı, oyun prosesində, təlim fəaliyyətlərində yardım, müdafiə, qarşılıqlı əlaqə, pedaqoji dəstək göstərmək lazımdır. Sosial prioritetlərin, əxlaqi və ailə dəyərlərinin qurulması ilə bağlı söhbətlərə, didaktik və rollu oyunlara daha çox vaxt ayırmaq, qısamüddətli və uzunmüddətli layihələrin təlim prosesinə daxil edilməsi məqsədəuyğundur. Layihə mövzuları fərqli ola bilər [Taguma, M., Litjens, I., and Makowiecki, K., 2012]. 

Uşaqların inkişafı, əsasən, onları əhatə edən əşyəvi-inkişafetdirici mühitdən: oyuncaqlar, metodik vəsaitlər, rəsmetmə, modelləşdirmə, dizayn üçün materiallar, kitablar, musiqi alətləri, bədən tərbiyəsi avadanlıqları, didaktik və metodik ədəbiyyatda elmi əsasları müəyyənləşdirilmiş təlimin təşkili formalarından asılıdır [Kurrikulum po vospitaniyu detey rannego i doshkolnogo vozrasta (1–7 let), 2007].

Hazırkı dövrdə valideynlərin əksəriyyəti məşğul olduqlarını əsas gətirərək məktəbəqədər təhsil müəssisələri ilə müntəzəm şəkildə əlaqə saxlamaqda, əməkdaşlıq etməkdə çətinlik çəkirlər. Tərbiyəçi-müəllimin vəzifəsi valideynlərdə maraq yaratmaq və onları qarşılıqlı əməkdaşlığa təşviq etməkdir.

Məktəbəqədər müəssisə ilə ailə arasında əməkdaşlıq əlaqələrinin vacib cəhəti ondan ibarətdir ki, müəssisə “təşkilat mərkəzi” rolunu oynayır və “evdə təhsilə təsir edir”, buna görə də uşaqların tərbiyəsində uşaq bağçası ilə ailə arasında qarşılıqlı əlaqəni mümkün qədər səmərəli təşkil etmək lazımdır. Bu gün ailənin potensial imkanları ciddi dəyişikliklərə məruz qalır. Tərbiyəçi-müəllimlər onun təhsil potensialının azaldığını, uşağın ilkin sosiallaşması prosesində rolunun dəyişməsini qeyd edirlər.

Müasir dövrdə bəzi valideynlər vaxt çatışmazlığı, məşğulluq və məktəbəqədər pedaqogika və psixologiya məsələlərində səriştəsizlik səbəbindən bir çox çətinliklərlə qarşılaşırlar [Schweinhart, L., 2006]. Uşaqların əqli, fiziki, sosial, emosional inkişafı üçün əlverişli şərait yaradan və onların tərbiyəsində valideynlərin iştirak dərəcəsini artırmaqda maraqlı olan məhz məktəbəqədər müəssisələrin pedaqoji işçiləridir. 

Bir çox valideynlər məktəbəqədər müəssisənin yalnız valideynlər işdə olarkən uşaqlarına baxdıqları bir yer olduğuna inanırlar. Tərbiyəçi-müəllimlər də çox vaxt bu səbəbdən valideynlərlə ünsiyyət zamanı böyük çətinliklərlə üzləşirlər. Valideynlər bilməlidirlər ki, uşaq yalnız qidalanmalı və gözəl geyinməli deyil, o, eyni zamanda ünsiyyət bacarıqlarına yiyələnməli, düşünməyi, fikirləşməyi öyrənməlidir. Valideynləri əməkdaşlığa necə cəlb etmək olar? Ailədə və məktəbəqədər müəssisələrdə uşağın inkişafı üçün vahid məkan necə yaradılmalı, valideynləri təhsil prosesinin iştirakçısına necə çevirmək olar?

Məktəbəqədər müəssisələr ilə ailələr arasında qarşılıqlı əlaqə sisteminin həyata keçirilməsi zəruridir [“Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”, 2019]. Eyni zamanda, valideynlərlə müxtəlif əməkdaşlıq formalarından (valideyn iclasları, birgə şənliklərin keçirilməsi, müsabiqələr, sərgilərin təşkili və s.) təlim-tərbiyə məsələlərinə həvəs oyatmaq, mövcud pedaqoji bilikləri genişləndirmək və dərinləşdirmək, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək lazımdır. 

Məktəbəqədər müəssisə ilə ailə arasındakı dialoq bir qayda olaraq, tərbiyəçi-müəllimin uşağın nailiyyətlərini, müsbət keyfiyyətlərini, qabiliyyətlərini və s. nümayişi əsasında qurulur. Belə müsbət rolda olan tərbiyəçi-müəllim təhsildə bərabərhüquqlu tərəfdaş kimi qəbul edilir. Valideynlərin tərbiyəçi-müəllimlərin fəal köməkçilərinə çevrilmələri üçün onları müəssisə ilə əməkdaşlığa cəlb etmək lazımdır. Müasir məktəbəqədər təhsil necə olmalıdır? Tərbiyəçi-müəllimlər özləri məktəbəqədər bilikləri “süngər” kimi qəbul edən uşaqlarla işləyirlər. Uşaq öyrənməkdə, yeni bilik və bacarıqlara yiyələnməkdə fəaldır. Bu da o deməkdir ki, dövrün tələblərinə cavab verən müasir məktəbəqədər təhsilə müasir texnologiya və metodları tətbiq etmək lazımdır [Heckman, J.J., Moon, S.H., Pinto, R., Savelyev, P.A., Yavitz, A., 2009]. 

Müasir dövrdə məktəbəqədər təhsilin təşkili məsələlərində müsbət dəyişikliklərlə yanaşı, çatışmazlıqlar da özünü göstərir. Bu çatışmazlıqlar məktəbəqədər təhsilin səmərəli təşkilinə mane olur. Məktəbəqədər təhsilin əsas problemləri cəmiyyətin inkişafı və təhsil sahəsindəki çağırışlarla bağlıdır. Yuxarıda bəzi məsələlərə nəzər saldıq. Bunlarla yanaşı, bir sıra problemlər də mövcuddur ki, bu problemlər məktəbəqədər təhsildə keyfiyyətin yüksəlməsinə mane olur. Bu çatışmazlıqlar və onların həlli yolları aşağıdakı kimi ümumiləşdirilə bilər: 

1. Keyfiyyətli təhsil resursları çatışmazlığı və problemin həlli yolları: 

• müasir təlim metodikalarının və metodik vəsaitlərin, texnologiyaların hazırlanması; 
• tərbiyəçi-müəllimlərin peşəkar inkişafına dəstək olmaq üçün ixtisasartırma kurslarının təşkili; 
• elektron tədris resurslarının yaradılması və onlardan istifadə. 

2. Məktəbəqədər müəssisə sayının az olması, bir çoxlarının standartlara cavab verməməsi və problemin həlli yolları: 

• bərabər imkanların təmin edilməsi üçün xüsusi proqramların tətbiqi. 

3. Məktəbəqədər təhsilə əksər ailələrin əlçatanlığının aşağı olmasının səbəbləri və problemin həlli yolları: 

• məktəbəqədər təhsil üçün dövlət subsidiyalarının artırılması; 
• aşağı gəlirli ailələr üçün pulsuz və ya güzəştli təhsil proqramlarının tətbiqi; 
• alternativ təhsil metodlarının (uşaq bağçaları, səyyar bağçalar və s.) təşviqi. 

4. Müasir pedaqoji yanaşmaların azlığı və problemin həlli yolları: 

• fəal təlim metodlarının tətbiqi (oyunlar, layihələr, tədqiqatyönümlü təlimlər); 
• uşaq psixologiyasına və fərdi inkişafa əsaslanan təlim proqramlarının hazırlanması; 
• tərbiyəçi-müəllimlər üçün müasir pedaqoji metodlara, yanaşmalara, texnologiyalara dair təlimlərin təşkili. 

5. Valideynlərin məktəbəqədər təhsilə münasibəti, maarifləndirmənin qənaətbəxş olmaması və problemin həlli yolları: 

• valideynlər arasında maarifləndirmə kampaniyalarının aparılması; 
• məktəbəqədər təhsil müəssisələri və ailələr arasında müasir əməkdaşlıq modellərinin tətbiqi. 

6. İnklüziv təhsilin məhdud inkişafı və problemin həll yolları: 

• xüsusi təhsil ehtiyaclı uşaqlar üçün inklüziv qrupların yaradılması; 
• tərbiyəçi-müəllimlərin inklüziv təhsil üzrə təlim keçməsi;
• uşaqların sosial inteqrasiyasını təmin etmək üçün müvafiq mexanizmlərin hazırlanması. 

Müasir dövrdə keyfiyyətli məktəbəqədər təhsilin inkişafı bu kimi problemlərin aradan qaldırılması və həll edilməsi ilə mümkündür. Bunun üçün dövlət, cəmiyyət və təhsil müəssisələrinin əməkdaşlığı vacibdir.

Mənbə: “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalı 2025, №1/250, s.23-32 

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.