
“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması üzrə illkin ictimai müzakirə təşkil edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın, peşə təhsili müəssisələrinin, qeyri-hökumət təşkilatlarının və özəl şirkətlərin nümayəndələri iştirak ediblər.
İlkin müzakirələr “Peşə təhsilinin, o cümlədən yüksək texniki peşə təhsilinin əhatəsinin artırılması”, “Əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili və təlim-tədris prosesinin qurulması”, “İnklüziv peşə təhsili” və “Səriştələrin davamlı inkişafına əsaslanan “ömür boyu təhsil” sisteminin gücləndirilməsi” mövzuları üzrə keçirilib.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova ictimai müzakirələrin bir neçə istiqamətdə təşkil ediləcəyini və yeni strategiya layihəsinin müzakirələr nəticəsində təkliflərə əsasən hazırlanacağını bildirib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Kənan Həsənli bildirib ki, hazırda peşə təhsilində əhatəliliyin artırılması, təhsil və təlim keyfiyyətinin yüksəldilməsi prosesi davam edir. O qeyd edib ki, 2024-cü ildə peşə təhsili müəssisələrinə qəbul olanların sayı 24 800-ə çatıb, 2026-cı ilə qədər isə bu sayın 28 minə çatdırılması nəzərdə tutulur. Bundan başqa, peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində həm keyfiyyət, həm də məzmun baxımından işlərin aparıldığını bildirib. “Əsas hədəflərdən biri 2022-2026-cı illər ərzində hər il 15 tədris proqramının təkmilləşdirilməsidir. Artıq bu hədəfə çatmaq üçün müəyyən işlər görülüb”.
K.Həsənli peşə təhsili müəssisələrində maliyyələşmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən də danışıb. Onun sözlərinə görə, indiyədək 8 mindən artıq tələbənin təhsili bu mexanizm vasitəsilə maliyyələşdirilib. Bu proses 2026-cı ilə qədər 12 min tələbəni əhatə edəcək.
Müzakirələrdə nəzərə çatdırılıb ki, müasir tədris proqramı, yeni məzmun və tam təchizatlı müəssisədə təlim və tədris prosesini aparan müəllimlərin də keyfiyyət göstəriciləri önəmlidir. Odur ki, yeni konsepsiya hazırlanmalıdır.
Müzakirələrdə peşə təhsilində inklüzivliyin artırılmasının, eyni zamanda qadınların peşə təhsilinə cəlbinin vacibliyi vurğulanıb, bu istiqamətdə mobil proqramların təşkili, kurikulumların yenilənməsi, rəqəmsallaşma kimi mövzulara toxunulub.
Sonda növbəti müzakirələrin sentyabr ayında keçirilməsi qərara alınıb.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər