.jpg)
Yevlax şəhərinin təhsil aləmində özünəməxsus yeri olan S. Vurğun adına 5 №-li tam orta məktəb illər boyu yetişdirdiyi istedadlı şagirdləri, fədakar müəllimləri və ardıcıl uğurları ilə diqqət mərkəzindədir. Gəlin bu uğurların arxasında duran əzmkarlığa və fədakarlığa birlikdə nəzər salaq.
Yevlax şəhəri S. Vurğun adına 5 nömrəli tam orta məktəb 1935-ci ildə tikilərək qapılarını şagirdlərin üzünə açıb. Məktəb fəaliyyətə başladığı gündən öz nailiyyətləri ilə həmişə fərqlənib. “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qalib olan məktəb 2016-cı ildə Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin təşkil etdiyi “Ən yaxşı fənn müsabiqəsi”ndə iki fənn müəllimi ilə təmsil olunub. 2012-ci ildən 2019-cu ilədək məktəbə rəhbərlik etmiş Zərxanım Əhmədova da “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Məktəb işgüzar, yaradıcı və təşəbbüskar kollektivə malikdir. Hazırda burada 1105 şagird təhsil alır, 109 müəllim çalışır. Tədris Azərbaycan və rus dillərində aparılır. Məktəb pilot layihələrdəki iştirakına görə də daim fərqlənib.
Direktor Sevda Kərimova qeyd edir ki, şagirdlərin inkişafına dəstək verən yeni imkanlar yaradılır: “İki ildir ki, II–IV siniflərdə şahmat dərsləri tədris olunur və şagirdlərimiz müxtəlif yarışlarda uğurlu nəticələr göstəriblər. “Şagird davranış qaydaları”nın tətbiqi də artıq iki ildir ki, uğurla davam etdirilir. Rayon üzrə ilk dəfə olaraq 2025-ci ilin mart ayında məktəbimizdə Şagird Şurası tətbiq olunub. Bu şura şagirdlər arasında kreativliyi, sosiallaşmanı və məsuliyyət hissini artırmağa kömək edir. Eyni zamanda, IV siniflərdə keçirilmiş monitorinq imtahanlarında ən yüksək bal toplayan şagirdlərdən ibarət 5 “ç” və 6 “ç” istedad sinifləri də ilk olaraq məktəbimizdə yaradılıb".

Məktəbin məzunları hər zaman əldə etdikləri yüksək nailiyyətlərlə seçiliblər. Keçən il məktəbi bitirən 64 şagirdin 56-sı ali təhsil müəssisələrinə sənəd verib, onların 31-i qəbul olub. XI sinif şagirdlərindən 6 nəfəri, IX sinif şagirdlərindən isə 2 nəfəri fərqlənmə attestatı alıb. Ali məktəblərə qəbul imtahanında rayon üzrə ən yüksək bal toplamış (675 bal) Nərmin Süleymanova da məktəbimizin yetirməsidir.

Direktor əlavə edib ki, bu il məktəbin Azərbaycan bölməsini 49, rus bölməsini 15 şagird bitirib. XI sinif şagirdlərinin 29-u buraxılış imtahanında 200 baldan yuxarı nəticə göstərib. Məktəb üzrə imtahan nəticələrinə görə hədəf götürdüyümüz orta bal 125 olduğu halda, bu il nəticə 133 bala çatıb".
Bir sinfin 8 şagirdi fərqlənmə attestatı alıb
IX sinif şagirdlərinin nəticələri də məktəbin uğur hekayəsinin bir hissəsidir. Məktəbdə Azərbaycan bölməsi üzrə dörd, rus bölməsi üzrə bir 9-cu sinif komplekti olub. Məktəbin ən uğurlu sinfi 9 “c” sinfidir. Bu sinifdəki 23 şagirdin 8-i fərqlənmə attestatı alıb. Sinfin buraxılış imtahanındakı orta balı 201 bal təşkil edib.
Riyaziyyat müəllimi Telli Kərimxanova hər zaman kreativliyi, innovativ dərs metodları və səriştəsi ilə fərqlənib. O, 2019-cu ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. Hazırda Azərbaycan Respublikası Təhsil İnstitutunun Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə qiymətləndirmə metodisti, həmçinin Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzində təlimçi kimi fəaliyyət göstərir.

Telli müəllimə qeyd edir: “2019-cu ildə rəhbərlik etdiyim 11 “a” sinfinin bütün şagirdləri ali təhsil müəssisələrinə qəbul olub. Sinif rəhbəri olduğum 9-cu sinfin qarşısındakı məqsəd də yüksək balla ali məktəbə qəbul olmaqdır. Bu sinfin şagirdlərindən ibarət Fİ komandası Azərbaycanda keçirilən ilk layihə əsaslı “Azərbaycanın gənc qurucuları” olimpiadasında II yerə layiq görülmüşdü. Mənim üçün ən böyük motivasiya şagirdlərimin uğurlarıdır".

“Məktəb təkcə dərs öyrənilən yer yox, həm də şagirdlərin evi olmalıdır”
16 ildir ki, məktəbdə çalışan riyaziyyat müəllimi Günay Zeynalovanın fikrincə, məktəb təkcə dərs öyrənilən yer yox, həm də şagirdlərin evi olmalıdır: “Şagirdlərimin məktəbi özləri üçün doğma məkan kimi hiss etmələrinə çalışıram. Birlikdə məktəbimiz üçün müxtəlif fəaliyyətlər həyata keçiririk. Açıq dərsləri tez-tez təşkil etməyimin səbəbi şagirdlərimdə məsuliyyət hissini gücləndirməkdir. Bir şeyi nə qədər çox etsək, o, adət halına çevrilir. Mən də şagirdlərimə bunu aşılamağa çalışıram. Bir dəfə açıq havada “Quşlar bizim evimizdir” dərsini keçdik, quş yuvaları düzəldib asdıq. Bu kimi fəaliyyətlər şagirdlərdə bilikdən əlavə, təbiətə qarşı sevgi və məsuliyyət hissi də formalaşdırır”.

Məktəbin şagirdləri təkcə yerli deyil, beynəlxalq səviyyədə də uğurlara imza atırlar
Vaqif Kərimli Dubayda keçirilən FISO Beynəlxalq Riyaziyyat Olimpiadasının final mərhələsində iştirak edərək 18 ölkədən olan şagirdlər arasında II yerə layiq görülüb. Vaqif deyir: “Beynəlxalq olimpiadada iştirak etmək və gümüş medal qazanmaq mənim üçün böyük bir təcrübə və qürur idi. Bu uğurda müəllimlərimin, xüsusilə də riyaziyyat müəllimim Telli Kərimxanovanın böyük rolu var. Onların mənə verdiyi biliklər, inam və dəstək olmasaydı, bu nəticəni əldə edə bilməzdim".

Məktəbin 10-cu sinif şagirdi Rəhman Kərimli 2025-ci il aprel ayında Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində II yeri tutub. Rəhman deyir ki, bu müsabiqədə uğur qazanmaq onu çox həvəsləndirib:
“Azərbaycan dili və ədəbiyyat müəllimim Aytəkin Quliyevanın dəstəyi ilə bu nəticəyə nail oldum. Məktəbimiz bizə təkcə bilik vermir, həm də özümüzü ifadə etmək üçün platformalar yaradır”.

2024–2025-ci tədris ilində məktəbin 3 şagirdi Respublika Fənn Müsabiqəsinin final mərhələsində iştirak etmək hüququ qazanıb. Bu da məktəbdəki istedadlı şagirdlərin və onların üzərində qurulan sistemli işin nəticəsidir.
Məktəb təkcə təhsil nailiyyətləri ilə deyil, həm də şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, milli-mənəvi dəyərlərimizin onlara öyrədilməsi ilə fərqlənir. Məktəbdə çağırışaqədərki hazırlıq dərsləri II Qarabağ müharibəsi iştirakçısı Bayram Hüseynov tərəfindən tədris edilir.
Hərbi rəhbər Bayram müəllim bildirir: “Mənim üçün şagirdlərə vətən sevgisini aşılamaq, onların milli ruhda böyüməsinə kömək etmək prioritetdir. Biz daim şəhidlərimiz haqqında məlumat verir, Şəhidlər xiyabanına ziyarətlər təşkil edir, şəhid ailələri və qazilərlə görüşlər keçiririk. Məktəbimizin şəhid məzunları haqqında məlumatları şagirdlərə çatdırmaqla onların qəhrəmanlıqlarını yad edirik”.
2023–2024-cü tədris ilində məktəbin “Zəfər-44” adlı komandası “Gənc xilasedici və yanğınsöndürənlər” yarışında zona üzrə I yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb. Məktəbin şagirdləri “Şahinlər” hərbi-idman oyununda da zona üzrə III yeri tutublar.
Yevlax şəhəri S. Vurğun adına 5 nömrəli tam orta məktəb öz zəngin tarixi, davamlı inkişafı, fədakar müəllimləri və bacarıqlı şagirdləri ilə bölgənin aparıcı təhsil ocaqlarından biridir. Bu məktəb biliklərin tədris olunduğu, bacarıqların inkişaf etdirildiyi və milli-mənəvi dəyərlərin yaşadıldığı bir mühit təqdim edir. Məktəb kollektivi zamanla ayaqlaşaraq daim öz üzərində işləyir və şagirdlərə böyük həvəslə elmin sirlərini öyrətməyə davam edir. Bu məktəb gələcəyimiz üçün parlaq ümidlər vəd edir, çünki buradan yetişən hər bir gənc cəmiyyətimizə dəyərli töhfələr verəcək bir fərd kimi formalaşır.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər