
“Təhsil Tələbə Kredit Fondunun (TTKF) vəsaitləri hesabına təhsil almış və geri ödənişi başlayan məzunların əksəriyyəti rəsmi müqavilə əsasında əmək fəaliyyətinə cəlb olunub. Bu gün gənclərin təhsilə əlçatanlığı təmin olunur, işəgötürənlər kredit öhdəliyi olan gənclərə layiqli iş yerləri təklif edir və beləliklə, qarşılıqlı fayda doğuran əmək bazarı formalaşır”.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadənin “LinkedIn” hesabındakı bu paylaşımda qeyd etdiyi qarşılıqlı fayda doğuran əmək bazarının tərəflərindən biri də Gülsanə Novruzovadır.
Bir ailədən iki nəfər - Gülsanə və qardaşı Elnur təhsil tələbə krediti əldə edib. Biri, yəni Gülsanə təhsilini tamamlayıb, artıq geri ödəməyə başlayıb, üstəlik 25 faiz əlavə güzəştlə.
.jpeg)
“İnanmırdım ki, tələbəyönümlü layihə olsun”
Gülsanə Novruzova 2020-ci ildə Bakı Dövlət Universitetinə qəbul olub. “Hüquqşünaslıq” ixtisası üzrə aldığı təhsilini 2021-ci ildən SABAH qruplarında davam etdirib. 2024-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib: “Universitetə qəbul olunduğum il Təhsil Tələbə Krediti Fondu hələ yaranmamışdı. İlk ilin təhsil haqqını universitetə birdəfəyə ödədik. Fond yarananda artıq II kursda oxuyurdum. Bu barədə eşidəndə mənə maraqlı gəldi, amma müraciət etmədim. Düzü, inanmırdım ki, tələbəyönümlü layihə olsun. Ağlıma da gəlməzdi ki, bu cür güzəştlər edilsin. Semestr imtahanlarına hazırlaşırdıq. Təhsil tələbə krediti ilə bağlı məlumatlı olan qrup yoldaşlarımdan birindən sərfəli şərtlərin olduğunu öyrəndim. Onun dediyinə görə, kimdənsə borc alıb təhsil haqqı ödəməkdənsə, təhsil tələbə krediti almaq sərfəlidir. Sonra məlumatların doğruluğunu yoxlamağa başladım. Axırda bu qərara gəldim ki, yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır və lazımi sənədləri toplayıb fonda müraciət etdim”.
III kursdan hər semestr müracət edib, hər dəfə də müsbət cavab alıb
III kursdan hər semestr kredit üçün müraciət edən G.Novruzova hər dəfə müsbət cavab alıb və onun təhsil haqlarını Təhsil Tələbə Krediti Fondu ödəyib: “Akademik göstəricilərim yüksək idi, ortalama balım fərqlənirdi. Təhsil krediti şərtləri də məhz bunu tələb edir. Fondun tələbədən yeganə tələbi oxumaqdır və mən də həvəslə oxuduğum üçün hər müraciətim problemsiz təsdiq olunub”.

Güzəştli şərtlərlə verilən kredit borcuna əlavə güzəştin edilməsi də G.Novruzovanı təəccübləndirib: “Universiteti bitirəndə orta balım yüksək çıxdı. Amma ağlıma gəlməzdi ki, buna görə əlavə güzəşt edilər. Orta balı yüksək olan tələbələrə 25 faiz güzəşt tətbiq olunacağı xəbərinə mobil tətbiqdə borc məbləğinin azaldığını görənə qədər inanmadım”.
Gülsanə artıq əmək fəaliyyətinə başlayıb. O, Xətai rayon məhkəməsində katib vəzifəsində çalışır.
İşləməyi yenidən təhsil almaq planlarına, xaricdə təhsil almaq arzularına əngəl deyil: “Təhsilimi Azərbaycanda davam etdirmək istəmədim. Bir necə xarici universitetə müraciət etmişəm. Mümkün olsa, Dövlət Proqramı ilə xaricdə təhsil alacağam. Magistr təhsili almaq istəyirəm. Ancaq növbəti səviyyə üzrə xaricdə təhsil almaq, fərqli ölkələrdən insanlarla tanış olmaq, fərqli adət-ənənələrlə qarşılaşmaq istəyirdim. Bu səbəbdən hazırda planım xaricdə magistr təhsili aldıqdan sonra Azərbaycana geri qayıdıb hüquqşünas kimi burada fəaliyyət göstərməkdir”.

Ailədə təhsil krediti alanlar zənciri: Gülsanədən sonra qardaşı da təhsil krediti götürdü
Gülsanənin sözlərinə görə, ilk iki il təhsil haqqının ödənilməsində ona valideynləri dəstək olublar: “Amma fond xərclərimi öz üzərimə götürmək şansı verdi. Maddi cəhətdən onlar üçün əlavə xərclər yaratmaq istəmirdim və təhsil tələbə krediti sayəsində könül rahatlığı ilə bakalavr təhsili aldım. Özüm aylıq ödənişləri nəzərdə tutulan miqdarda edəcəm”.
Gələcəkdə vəkil olmaq istədiyini deyən Gülsanə artıq ilk ödənişini edib: “Kreditə müraciət edəndə ödəniş planı hazırlanır. Aylıq ödənişlər az məbləğdə nəzərdə tutulub. Bu səbəbdən inanıram ki, problemsiz şəkildə ödənişləri edə biləcəyik”.
.jpeg)
Gülsanə təhsil krediti ilə oxumağın rahatlığını gördüyü üçün onu başqalarına da tövsiyə edib, ilk əməl edən elə qardaşı olub: “II kurs tələbəsi olan qardaşım hazırda Azərbaycan İdman Akademiyasında təhsil alır və da fonda müraciət edərək kredit əldə edib”.
Qardaşı Elnur Novruzova gəlincə, o, hazırda Azərbaycan İdman Akademiyasının tələbəsidir. Onun təhsil haqqını TTKF ödəyir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər