
Sentyabrın 3-də Təhsilin İnkişafı Fondu ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə tədbir keçirilib.
TİF-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə dövlət-özəl əməkdaşlığının genişləndirilməsi, eləcə də təhsil və gənclərin inkişafı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan Texniki Universitetinin nəzdində yerləşən Davamlı İnkişaf Mərkəzində keçirilən tədbirdə İCMA-ya üzv şirkətlər və “Marsol Group”a daxil olan şirkətlərin nümayəndələri də iştirak edib.
Tədbiri açıq elan edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov fondun sahibkarlıq subyektləri ilə əməkdaşlığın təhsil sektoruna gətirəcəyi faydalardan, dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən söz açıb. O vurğulayıb ki, belə tərəfdaşlıqlar yeni imkanların yaradılmasına və təhsilin əmək bazarının tələblərinə uyğun inkişafına xidmət edəcək.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev çıxış edərək universitetlər və özəl sektor arasında qurulan əlaqələrin təhsil prosesinin keyfiyyətinin artırılmasındakı müsbət rolundan danışıb. Rektor bildirib ki, müasir dövrdə əməkdaşlıq platformaları tələbələrin daha hazırlıqlı kadr kimi formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.
Ardınca İCMA-nın İdarə Heyətinin sədri və “Marsol Group”un təsisçisi Tural Mustafayev çıxış edərək özəl sektorun təhsilə dəstəyinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, iş dünyasının təhsil müəssisələri ilə qurduğu əlaqələr həm tələbələr, həm də sahibkarlar üçün olduqca vacibdir.
Görüş çərçivəsində fondun ümumi fəaliyyət istiqamətləri, xüsusilə “TələbəPlus” kartı və Qarabağ Təqaüd Proqramı barədə təqdimatlar keçirilib. Keçirilən təşəbbüslərin tələbələrin sosial rifahına və təhsil imkanlarının genişlənməsinə töhfə verəcəyi bildirilib.
Tədbirin ən mühüm hissəsi isə Təhsilin İnkişafı Fondu ilə İCMA arasında Əməkdaşlıq Memorandumunun imzalanması olub. Sənəd tərəflər arasında birgə layihələrin icrasını, tələbələrin dəstəklənməsi və təhsildə innovativ yanaşmaların təşviqini nəzərdə tutur.
İmzalanma mərasimindən sonra tədbir iştirakçıları qarşılıqlı fikir mübadiləsi aparıblar.
Sonda iştirakçılar üçün İT təhsil layihəsi olan “Peerstack Academy”, eləcə də Kitabxana İnformasiya Mərkəzinə infotur təşkil olunub. Qonaqlar akademiya və kitabxananın fəaliyyəti, tətbiq olunan müasir metodlar və tələbələr üçün təqdim edilən imkanlar barədə məlumatlandırılıb.
1 /12
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər