Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Sentyabr 2010 - 34

 

Azərbaycan Tibb Universitetinin 80 yaşı tamam olur

Kadr hazırlığı: ənənələr, yeniliklər

Bookmark and Share

Respublikamızda səhiyyənin inkişafı və ümumən vətəndaşlarımızın sağlamlığı ulu öndər Heydər Əliyev fəaliyyətinin ana xətlərindən birini təşkil edirdi. Respublikamızda təhsili, xüsusilə səhiyyə təhsilini daim diqqət mərkəzində saxlayan ulu öndərimiz dəfələrlə Azərbaycan Tibb Universitetində olmuş, onun maddi-texniki bazasının zənginləşməsi, kadr hazırlığı istiqamətində ölçüyəsığmaz dərəcədə faydalı işlər görmüşdür. Xüsusi qeyd olunmalıdır ki, bu gün müvəffəqiyyətlə fəaliyyət göstərən professorlardan çoxu (o cümlədən bu sətirlərin müəllifi də) məhz onun uzaqgörənliklə Rusiyanın qabaqcıl təhsil ocaqlarına göndərdiyi həmin məktəbləri keçərək respublikamıza qayıdan kadrlardır.

Hazırda onun siyasi davamçısı və varisi olan möhtərəm Prezidentimiz İlham Əliyev cənabları da bu ənənəni müvəffəqiyyətlə davam etdirir. Respublikamızın ayrı-ayrı bölgələrində qısa müddətdə dünya standartlarına cavab verən diaqnostika və müalicə mərkəzlərinin yaradılması,  bir sıra, o cümlədən şəkər, onkoloji və s. kimi xəstəliklərin pulsuz müalicəsi dediklərimizə əyani misaldır. Son illər  İlham Əliyev cənablarının universitetimiz üçün təzə terapevtik və cərrahi korpusların tikilməsi haqqında imzaladığı fərmanlar, artıq istifadəyə tam hazır olan və bu günlərdə açılışı gözlənilən terapevtik korpusun tibbi texnikanın son aparatları ilə təchiz olunması onun səhiyyə təhsilinə göstərdiyi qayğının təzahürüdür. Bu sahədə Heydər Əliyev Fondunun, onun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın apardığı işlər xalqımızın ürəyincədir. Əlbəttə, bütün bunların həyata keçməsində rektorumuz, akademik Əhliman Əmiraslanovun yorulmaq bilmədən məqsədyönlü fəaliyyət göstərməsini və çoxsaylı kollektivə layiqincə rəhbərlik etməsini də qeyd etməmək olmaz.     

 Bu il Azərbaycan Tibb Universitetinin yaradılmasının 80 illiyi qeyd olunur. Bu barədə  möhtərəm Prezidentimiz İlham Əliyev cənabları 30 aprel 2010-cu il tarixində sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, respublikamızda təbabətin ən müxtəlif sahələrində yüksək hazırlıqlı kadrların yetişdirilməsində və mötəbər elmi mərkəz kimi tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamış Azərbaycan Tibb Universiteti milli səhiyyənin inkişafına layiqli töhfələr vermişdir. Respublikamızda təbabət sahəsində xidmətlərini nəzərə alaraq Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi qərara alınıb.    

Azərbaycanda tibbi kadrların hazırlanması  əvvəlcə Bakı Dövlət Universiteti, 1930-cu ildən başlayaraq bilavasitə Azərbaycan Tibb İnstitutu, daha sonra isə Tibb Universiteti ilə əlaqədardır. Tibb Universiteti nəinki həkim kadrlarının hazırlanmasında, ümumən səhiyyənin təşkilində, eləcə də dövlət quruculuğunda və dövlətin idarə olunmasında bütün dövrlərdə qabaqcıl mövqe tutmuşdur.  Xatırlatmaq yerinə düşər ki, respublikamızın, həmçinin  Sovetlər Birliyinin ilk rəhbərlərindən biri Nəriman Nərimanov, uzun müddət Dağıstan kimi mürəkkəb bir respublikanın rəhbəri, tibb sahəsində çalışan görkəmli alim Əziz Əliyev, yaxud respublika KP MK-nın birinci katibi Vəli Axundov ixtisasca həkim olmuşlar.    

Öncə qeyd edək ki, Azərbaycan təhsilində və dünya şöhrətli tibbi kadrların hazırlanmasında Azərbaycan Tibb Universitetinin xidmətləri şəksizdir. Təkcə onu qeyd etməliyik ki, Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, akademik M.Mirqasımov, akademiklər M.Topçubaşov, Z.Əliyeva, M.Cavadzadə, akademiyanın müxbir üzvləri D.Hacıyev, Ə.Həsənov, professorlar Ə.Əliyev, Q.Qəhrəmanov, B.Mahmudbəyov, Z.Məmmədov ya bu universitetdə oxumuş, təhsil almış, ya da burada fəaliyyət göstərmişlər. Hazırda Tibb Universitetində dünya şöhrətli alimlər Ə.Əmiraslanov, Ə.Namazova, B.Ağayev və b. alimlər çalışırlar.

Sovetlər Birliyi süquta uğradıqdan sonra SSRİ Tibb Elmləri Akademiyası Onkoloji  Mərkəzinin elmi işlər üzrə direktor müavini Ə.Əmiraslanov Azərbaycan Tibb Universitetinə rəhbərlik etmək üçün dəvət olundu. Son 18 ildən artıq bir zamanda rektor universitetin həm maddi-texniki bazasının möhkəmlənməsi,  həm də kadr potensialının gücləndirilməsi istiqamətində geniş işlər aparıb. Dünyanın bir çox qabaqcıl tibb universitetləri ilə, xüsusilə qardaş Türkiyə və qonşu Rusiya universitetləri ilə elmi əlaqələr yaradılıb, alimlərimiz mötəbər elmi forumlarda elmimizi layiqincə təmsil edirlər, tələbə mübadiləsi aparılır. Amerika, Almaniya və digər inkişaf etmiş ölkələrin tibb universitetlərində Azərbaycan Tibb Universitetinin tələbələri öz təhsillərini davam etdirir və yaxud həmin universitetlərdə çalışırlar.     

Universitetimizdə ilk yaradılan kafedralardan biri də Tibbi biologiya və genetika kafedrasıdır.  80 il müddətində kafedraya kimlər rəhbərlik etmiş, hansı alimlər işləmiş, hansı elmi problemlər araşdırılmışdır, ümumən yubiley ərəfəsində kafedra əməkdaşları qarşısında duran vəzifələr haqqında oxuculara qısaca məlumat vermək istərdik. Respublikamızda yüksəkixtisaslı həkim kadrların hazırlanmasında bioloqların da xidməti az olmayıb. Hər şeydən öncə, biologiya təbabətin nəzəri əsasını təşkil edən fənlərdən biridir. Biologiya elmini tibb elmindən, tibb elmini biologiya elmindən ayrı təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, təbabətin atası sayılan Hippokrat (b.e.ə. 460-cı il) göstərirdi ki, hər bir həkimin təbiəti bilməsi vacibdir. Bütün nəzəri və praktiki təbabətdə ümumi bioloji nəticələrdən istifadə olunur. Biologiyanın müxtəlif sahələrində aparılan nəzəri tədqiqatların nəticələrindən həkimlər praktik fəaliyyətlərində geniş istifadə edirlər. Əyani bir misal deyək: xəstəlik törədən virusun  və ümumən infeksion xəstəliklərin törədicilərinin quruluşunun öyrənilməsi, onlara qarşı peyvəndlənmə üsulunun tapılması insanların kütləvi ölümünün qarşısının alınması ilə nəticələndi.

Məlumdur ki, insanlar çox qədimdən heyvanları əhliləşdirməklə onlardan istədikləri kimi faydalanıblar, lakin bir sıra xəstəliklərə də yoluxublar. Başqa sözlə, heyvanlar insanlar üçün xəstəlik mənbəyi rolunu oynayıb. Bunlardan bəzilərini açıq şəkildə görmək mümkünsə (məsələn, parazit qurdlar), bəzilərini görmək mümkün deyil (malyariya, ensefalit, irsi xəstəliklər və s.). Bu heyvanların bioekologiyasını dərindən bilmədən ona qarşı mübarizə üsulları yaratmaq mümkün deyil. Ona görə də bioloqlarla parazitoloqlar daim birlikdə axtarışlar aparırlar. Parazitologiyanın sirlərinə yaxından bələd olmayan həkimlər, xüsusilə gənc pediatr-həkimlər qarın boşluğundakı ağrıların diaqnostikası zamanı səhvlərə yol verə bilərlər ki, o da ağır fəsadlar törədər.

Tibb sahəsində aparılan çox mürəkkəb cərrahi əməliyyatlar başlanğıcda heç də birbaşa insanlar üzərində aparılmır. Həmin əməliyyatlar dəfələrlə və son dərəcə dəqiqliklə heyvanlar üzərində aparıldıqdan sonra əmin olunur ki, onu (əməliyyatı) insan üzərində aparmaq olar. Təsadüfi deyil ki, laboratoriya heyvanlarına insanın sağlamlığı sahəsindəki xidmətlərinə görə  hətta heykəl də qoyulub. Sankt-Peterburq şəhərində İ.P.Pavlovun işlədiyi Fiziologiya İnstitutunun qarşısında itə və Fransanın Paris şəhərində Təbabət tarixi muzeyinin qarşısında qurbağaya heykəl qoyulub. Xiyabanlarda, şəhərin görkəmli yerlərində, yol kənarında və digər ictimai yerlərdə qoyulmuş bu və ya digər heyvan heykəli sadəcə olaraq ekzotik xarakter daşıyır. Bu baxımdan, bioloqların apardığı tədqiqat işlərinin nəticələrinin əhəmiyyəti danılmazdır və universitetimizin Tibbi biologiya və genetika kafedrası əməkdaşlarının əməyi az olmayıb. Məhz bioloqlarla həkimlərin birlikdə məqsədyönlü tədqiqatları nəticəsində bir çox qorxulu xəstəliklərin müalicəsi  məsələsi artıq öz həllini tapıb, bəzilərinin isə yaxın gələcəkdə həll olunacağı gözlənilir.

Azərbaycan Dövlət Tibb İnstitutu 1930-cu ildə sərbəst olaraq Azərbaycan Dövlət Universitetindən ayrıldıqdan sonra Biologiya kafedrası təşkil edilib. Yeni yaradılmış  kafedranın ilk rəhbəri Fətulla Əziz oğlu Rzabəyli olmuşdur. O, 1911-ci ildə Novorossiya   Universitetini bitirmiş və 1913-cü ilədək həmin universitetdə işləmişdir. Vətənə qayıdaraq  Azərbaycan SSR-də müxtəlif vəzifələrdə çalışmış, 1930-1933-cü illərdə isə  tibb institutunda biologiya kafedrasının müdiri vəzifəsində işləmişdir. Kafedranın formalaşmasında, onun nəzdində tədqiqat laboratoriyası və tələbə elmi dərnəyinin yaradılmasında, preparat və tabloların əldə edilməsində və digər tədris vəsaitlərinin hazırlanmasında onun müstəsna rolu olub. Parazitologiyanın tibdə əhəmiyyətini nəzərə alaraq tədris zamanı bu sahəyə xüsusi diqqət yetirib.

1933-1944-cü illərdə kafedraya professor V.S.Yelpatevski rəhbərlik etmişdir. O zaman Azərbaycanda yüksək ixtisaslaşmış kadrlar olmadığından kafedra müdirləri Rusiyadan dəvət olunurdu. 10 ildən artıq bir dövrdə biologiya kafedrasına rəhbərlik edən professor V.S.Yelpatevski tədris proqramının təkmilləşdirilməsi, dərs vəsaitlərinin sayının artırılması və yeni elmi istiqamətin müəyyənləşməsi, eləcə də tədris otaqlarının bioloji istiqamətə uyğunlaşması baxımından çox böyük işlər görmüşdür. Professor V.S.Yelpatevski 1936-1939-cu illərdə Azərbaycan EA Zoologiya İnstitutunun direktoru vəzifəsində də işləmişdir.

1944-1946-cı illərdə kafedraya rəhbərlik professor Z.M.Şahtaxtinskayaya həvalə olundu. Qısa dövr ərzində o, özündən əvvəlki kafedra müdirlərinin ənənələrinə sadiq qalaraq elmi və pedaqoji  potensialın genişlənməsi sahəsində yorulmadan çalışmışdır. 1946-cı ildən kafedraya rəhbərlik yenidən professor F.Ə.Rzabəyliyə tapşırıldı. Onun rəhbərliyi altında kafedra əməkdaşları əvvəlcə məktəbyaşlı uşaqların fiziki inkişaf dinamikasının öyrənilməsi və helmintlərə yoluxmuş Bakı məktəblilərinin müayinəsi problemi ilə, daha sonra isə Azərbaycan ərazisində bitən bitkilərin fitonsid  xüsusiyyətləri mövzusu ilə məşğul olublar.

1964-cü ildən biologiya kafedrasına Azərbaycan SSR EA-nın müxbir üzvü, professor Dəmir Vahid oğlu Hacıyev rəhbərlik etməyə başladı. Professor D.Hacıyev 1954-cü ildə ADTİ-nin pediatriya fakültəsini bitirib, iki il Krım vilayətində həkim işlədikdən sonra Vətənə qayıdaraq Azərbaycan EA-ya işə qəbul olunub. 1961-ci ildə elmlər namizədi alimlik dərəcəsi almaq üçün müdafiəyə təqdim etdiyi dissertasiya işində həll edilən problemin böyük elmi-praktik əhəmiyyətini və özünün hərtərəfli elmi hazırlığını nəzərə alaraq  SSRİ Ali  Attestasiya Komissiyası ona birbaşa biologiya elmləri doktoru elmi dərəcəsini vermişdir. D.Hacıyev 1964-cü ildən ömrünün sonunadək (1999) Biologiya kafedrasının müdiri işləməklə yanaşı, 1965-1968-ci illərdə ADTİ-nin elmi işlər üzrə prorektoru vəzifəsində də çalışmışdır. O, yüzdən artıq elmi məqalənin, çoxsaylı dərslik, dərs vəsaiti və proqramın müəllifidir. D.Hacıyevin kafedraya rəhbərlik etdiyi dövrdə əməkdaşlar respublika faunasının paleontoloji baxımdan tədqiqi ilə məşgul olmuş, tədris və elmi-tədqiqat işinin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən zəngin zooloji muzey yaratmışlar. Muzeydə Azərbaycan faunasını, xüsusilə məməlilərin skelet sistemini əks etdirən nümunələr toplanmışdır. Hazırda kafedranın zooarxeoloji və poleoosteoloji muzeyində minlərlə qədim və müasir heyvan kolleksiyası saxlanılır. Bununla yanaşı, kafedra əməkdaşlarının əsas tədqiqat işləri respublika ərazisində yaşamış və hazırda yaşamaqda olan məməlilərin skeletinin inkişaf qanunauyğunluqlarının, istinad-hərəkət sisteminin əsasını təşkil edən skelet və əzələnin embrional və postembrional inkişaf xüsusiyyətlərinin öyrənilməsi olmuşdur.  Bu dövrdə kafedra əməkdaşlarının əsas müvəffəqiyyətlərindən biri ana dilində yazılıb nəşr olunan yeni dərslik və dərs vəsaitləridir. İlk dəfə olaraq 1964-cü ildə dosent K.M.Səfərov biologiyadan praktik məşğələlər üçün dərslik nəşr etdirdi ki, o da Azərbaycan bölməsi tələbələrinin dərsi mənimsəmə keyfiyyətinin yüksəlməsində mühüm rol oynadı. Kafedranın yüksəkixtisaslı professor-müəllim heyəti 1980-ci ildən başlayaraq keçmiş SSRİ-nin tibb institutlarının tədris proqramına uyğun olaraq yeni dərslik və dərs vəsaitləri hazırlamaq sahəsində fəaliyyətlərini genişləndirdilər. Qısa müddət ərzində kafedranın əməkdaşları, əsasən D.V.Hacıyev, R.Ə.Əliyev, S.D.Əliyev birlikdə hazırladıqları "Parazitizmin bioloji əsasları"(1981), "Tibbi biologiya" (1993),  "Biologiya"(1995) dərslikləri öz dövrü üçün xüsusi əhəmiyyət daşıyıb. 1994-96-cı illərdə "İnsan ekologiyası və atmosferin çirklənməsi" (D.V.Hacıyev,Y.X.Hidayətov,1994), "Hüceyrə biologiyasının molekulyar-genetiki aspektləri" (N.Əliyev, 2007) və digər dərslik və dərs vəsaitləri yazılaraq nəşr etdirilmişdir.

1999-cu ildə professor D.V.Hacıyev dünyasını dəyişdikdən sonra kafedraya rəhbərlik biologiya elmləri doktoru, professor Əkbər Əskər oglu Mehrəliyevə tapşırıldı.

2000-ci ilin mart ayında Tibbi biologiya və genetika kafedrasının müdiri vəzifəsinə müsabiqə yolu ilə AMEA-nın müxbir üzvü (hazırda həqiqi üzvüdür), professor Məmməd Əhməd oğlu Salmanov seçilmişdir. Onun əsərləri dünyanın bir çox ölkələrinin nüfuzlu jurnallarında nəşr olunmuşdur. Məmməd müəllim 2002-ci ildən AMEA-nın Mikrobiologiya İnstitutuna direktor təyin olunub, AMEA-nın həqiqi üzvü seçilib və bu gün də həmin vəzifəni layiqincə yerinə yetirir. Akademik M.Ə.Salmanov yuxarıda qeyd etdiyimiz instituta direktor təyin olunduqdan sonra 2002-ci ildən kafedraya rəhbərlik yenidən professor Ə.Ə.Mehrəliyevə tapşırıldı.

Professor Ə.Ə.Mehrəliyev kafedraya rəhbərlik etdiyi dövrdə kafedranın tematik planında və proqramında bəzi dəyişikliklər etmiş, təbabətə daha yaxın olan və müasir dövrün tələblərinə uyğun gələn "Parazitologiyanın bioloji və molekulyar əsasları" mövzusunu muhazirə və seminarlara daxil etmişdir. Əkbər müəllim səhiyyə, baytarlıq və balıqçılıq təsərrüfatı üçün xüsusi əhəmiyyət daşıyan 80-dən çox elmi əsərin, o cümlədən abituriyentlər üçün "Biologiyadan vəsait" (1974), "Biologiya" (1989), "Onurğasızların müqayisəli anatomiyası" (2002) və digər dərslik və dərs vəsaitinin müəllifidir.

2007-ci ildən isə kafedraya müdir vəzifəsinə müsabiqə yolu ilə sətirlərin müəllifi seçilmişdir.

Azərbaycan Tibb Universiteti nəinki Müstəqil Dövlətlər Birliyi məkanında, eləcə də Avropada və Asiyada çox böyük nüfuza və beynəlxalq statusa malik olan universitetlərdən biridir. Məhz elə buna görə də hazırda universitetimizdə minlərlə soydaşlarımızla yanaşı, çoxsaylı xarici ölkələrdən yüzlərlə tələbə təhsil alır, onların sayı  ildən-ilə  artmaqdadır. Universitetimizdə təhsil alan tələbələrə biologiya fənninin sirlərini yüksək səviyyədə öyrətmək üçün hər cür şərait yaradılıb. Geniş, işıqlı və hər cür avadanlıqla təchiz olunmuş mühazirə zalları, eləcə də laboratoriya, praktik məşğələ və seminar dərslərini aparmaq üçün tədris otaqları tələbə və müəllimlərin ixtiyarındadır. Universitetimizin rəhbərliyinin məqsədyönlü fəaliyyəti hesabına kafedramız təlimin ən müasir texniki vasitələri ilə təmin olunub. Son illər müxtəlif böyütmə qabiliyyətinə malik olan mikroskop və kompüterlərin əldə olunması dediklərimizə əyani sübutdur. Yubiley ərəfəsində tədris otaqlarının ən müasir və rahat mebellərlə təmin olunması tələbə və müəllimlərə hədiyyədir. İndi tələbələr  kompüter siniflərində ayrı-ayrı mövzuların elektron variantı vasitəsi ilə biologiyanın sirlərini öyrənirlər. Tibbi biologiya və genetika kafedrasında uzun illərin nəticəsi olaraq çox zəngin osteoloji muzey yaradılıb. Həmin muzeyin materialları da tələbələrin istifadəsindədir.

Hazırda kafedramızda bir  professor, 6 dosent, 5 baş müəllim, 8 assistent, 2 baş laborant, 2 laborant və 3 preparator, 4 xadimə çalışır. Universitetimizdə təhsil alan xarici ölkə tələbələri ilə ingilis dilini mükəmməl bilən müəllimlərimiz  məşğul olurlar. Kafedrada çalışan yaşlı nəsil pedaqoqların təcrübəsindən istifadə etməklə yanaşı, gənc nəslin yetişdirilməsi yönümündə də ciddi işlər görülür. Son illər işə qəbul olunan gənc kadrlar pedaqoji fəaliyyətlə yanaşı, respublikamızın yaxşı öyrənilməmiş faunasının tədqiqi, Abşeronun herpetofaunasına antropogen təsirlərin analizi və s. kimi aktual mövzuların üzərində elmi tədqiqat işləri aparırlar. İndi kafedramızda  biologiya ixtisası üzrə iki doktorant və beş fəlsəfə doktoru dissertasiyası üzərində işlər aparılır.  2007-ci ildən  kafedranın tədris proqramında, elmi istiqamətində, yeni dərsliklərin, dərs vəsaitlərinin tərtibatında müsbət dəyişikliklər aparmaqla yanaşı, kafedranın maddi-texniki bazasının genişlənməsinə və osteoloji muzeyin zənginləşməsinə çalışılır. Tərkibin gənc və perspektivli kadrlarla əvəz olunmasına, onların dissertasiya mövzuları ilə təmin olunmasına, respublikamızın indiyədək öyrənilməyən fauna növlərinin tədqiq olunmasına  cəlb edilməsinə xüsusi fikir verilir. Kafedranın əməkdaşları professor C.Ə.Nəcəfov, dosentlər R.Ə.Əliyev və Ə.P.Əzizovla birlikdə "Tibbi biologiya və genetikanın əsasları"  (2008) dərsliyini, R.Ə.Əliyev, C.Ə.Nəcəfov, S.D.Əliyev, Ə.P.Əzizov və Y.V.Şəkərəliyeva "Tibbi biologiya və genetika" (2008) adlı laboratoriya məşğələləri dərs vəsaitini, C.Ə.Nəcəfov, M.Ş.Əminova və R.K.Kərimova "Tibbi biologiya və  genetikadan  praktiki məşğələ   albomu"  (2008,2009)   dərs  vəsaitini (I hissə), C.Ə.Nəcəfov, M.Ş.Əminova və S.A.Əlizadə ilə birlikdə eyni adlı dərs vəsaitinin II hissəsini (2008,2009), C.Ə.Nəcəfov, S.D.Əliyev və T.O.Məmmədov "İnkişafın biologiyası və genetikası" (2009) adlı dərs vəsaitlərini Azərbaycan və rus dillərində nəşr etdirmişlər. Tibbi biologiya və genetika kafedrası əməkdaşlarının əsərləri ABŞ, Almaniya, Polşa, İngiltərə, Fransa, Türkiyə, MDB ölkələrinin ən mötəbər jurnallarında, "Zoologiya", "Morfologiya" (Moskva), "Heyvanların biologiyası" (Moskva), "Journal of Morfology" (ABŞ), "Journal of Morfology" (Almaniya), "Zoologiya xəbərləri" (Kiyev), Azərbaycan MEA "Məruzələri" və "Xəbərləri" və digər jurnalların səhifələrində çap olunub. Ümumilikdə götürdükdə kafedra əməkdaşları son on ildə 500-dən çox elmi əsəri, o cümlədən 14 monoqrafiya, 16 dərslik və dərs vəsaiti, çoxsaylı proqram hazırlayaraq nəşr etdirmişlər. Dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq konqreslərin, konfransların və digər forumların təşkilatçısı və iştirakçısı olmuşlar. Son illər kafedramızın əməkdaşlarından 3 nəfəri müvəffəqiyyətlə biologiya elmləri namizədi dissertasiyası müdafiə edib təsdiqini almışdır.

Xüsusi qeyd etməliyik ki, tədrisin məzmunu və formasına uyğun olaraq zaman-zaman kafedranın adı da bir neçə dəfə dəyişdirilmişdir. Hazırda biologiya fənninin həkimlərin nəzəri hazırlığında mühüm rol oynadığını və müxtəlif bioloji problemlər (həyatın mahiyyəti və orqanizmlərin quruluş səviyyəsi, hüceyrə haqqında ümumi məlumat, ontogenezin biologiyası və mexanizmi, embrional inkişafın əsas qanunauyğunluqları, sağlamlıq və xəstəliyə bioloji baxış, ümumi genetikanın əsasları, genlərin ilişikli keçməsi və qarşılıqlı təsiri, insan genetikasının əsasları, tibbi parazitologiya, parazit qurdlar və onların tibdə əhəmiyyəti, onurğalı heyvanlar və onların müqayisəli anatomiyası, zəhərli heyvanlar, onların tibdə əhəmiyyəti və s.) tədris olunduğu üçün kafedra Tibbi biologiya və genetika  adlanır. Kafedrada tələbə elmi cəmiyyəti də fəaliyyət göstərir. Biologiya elminə həvəsi və marağı olan tələbələrlə kafedramızın təcrübəli alimləri məşğul olur, elmin incəliklərini onlara öyrədirlər. Kafedramızın bütün əməkdaşları universitetimizin ictimai həyatında fəal iştirak edirlər. 80 illik  yubiley bizim kafedra əməkdaşları qarşısında mühüm vəzifələr qoyur.  

C.NƏCƏFOV,
ATU-nun Tibbi biologiya və genetika kafedrasının müdiri,

 biologiya elmləri doktoru, professor

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Sentyabr 2010 - 34

M.M.Sadıqova "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə əsaslı bərpa olunmuş müasir məktəb binası hədiyyə edib
 
Gənc mütəxəssislərə tətbiq olunan güzəştlər üçün maliyyə vəsaiti artırılıb
 
Latın Amerikasından ilk qonaq
 
Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı
 
"Sənətkar" jurnalının 40 illik yubileyi qeyd olundu
 
Payız buraxılış imtahanlarının vaxtı müəyyənləşdirildi
 
Bakıda 2 məktəb üçün əlavə korpus tikilib, 22 təhsil müəssisəsi əsaslı təmir olunub
 
Bakı Avropa Liseyi
 
"Uşaqlığım çox ağır keçib"
 
UGYM-in yetirmələri "Artek"dən xoş təəssüratla qayıdıblar
 
Yeni tədris ilində Masallı rayonunda iki yeni məktəb binası istifadəyə veriləcək
 
Təbii fəlakətdən qəzalı vəziyyətə düşən Carlı kənd orta məktəbi üçün yeni bina tikilir
 
Kadr hazırlığı: ənənələr, yeniliklər
 
"Sülh korpusu" Bərdədə məktəb üçün əlavə korpus inşa edir
 
"Təhsilin əsasları" fənnini tədris edənlər üçün seminar keçirilir
 
İnternetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırılıb
 
"Təhsil" Respublika İdman Mərkəzinin yetirməsi Sinqapurdan qələbə ilə qayıdıb
 
Yeni tədris ilinə hazırlıq işləri görülür
 
Qafqaz Universitetində təşkil olunmuş "Yay məktəbi" başa çatıb
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Mentalitetlə bağlı düşüncələr
 
"Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi"
 
Dünya universitetləri: Dublin Triniti Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov