Xəyalə
Abdulla şahmat üzrə beynəlxalq usta, yığma
komandanın üzvü, 18 yaşlı qızlar arasında
Azərbaycan 2-cisi, 20 yaşlı qızlar arasında
Azərbaycan çempionudur. O, idmanın bu növü ilə
uşaq yaşlarından məşğul olur. Dəfələrlə
Azərbaycan birinciliyinin mükafatçısı olub. Bu
ilin sentyabrında Gürcüstanın Batumi
şəhərində keçirilən yeniyetmələrin Avropa
birinciliyində ən yaxın rəqibi ilə 2-ci, 3-cü
yerləri bölüşüb. O, Azərbaycan Respublikası
yığma komandasının məşqçisi, beynəlxalq
qrossmeyster Rəsul İbrahimovun yetirməsidir.
Məşqçinin digər yetirməsi beynəlxalq usta Nərmin
Kazımova bu il dünya çempionu olub.
Bakı şəhəri üzrə 1 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Şahmat-Dama İdman
Məktəbinin digər yetirmələrindən biri də Abdulla
Qədimbəylidir. O, dəfələrlə 8 yaşlılar arasında
yaxşı nailiyyətlər əldə etmişdir. 2 dəfə
Azərbaycan çempionu olmuş, 2009-cu ildə isə
Batumi şəhərində keçirilən Avropa birinciliyində
qalib gəlmişdir. Bu il Gürcüstanın Batumi
şəhərində 8 yaşlılar arasında Avropa
birinciliyinin qalibi və Yunanıstanın Halqidiki
şəhərində keçirilən dünya birinciliyinin
qalibidir. Abdulla beynəlxalq qrossmeyster,
Azərbaycan Respublikası yığma komandasının üzvü
Fərid Abbasovun yetirməsidir. Onun ən böyük
arzusu ölkəmizi beynəlxalq turnirlərdə
layiqincə təmsil etmək və bayrağımızı həmişə
zirvələrə ucaltmaqdır.
***
Dekabrın 6-da Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyi və Azərbaycan Şahmat
Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri
Respublika Şahmat Mərkəzində Azərbaycan şahmatı
üzrə komanda çempionatı keçiriləcək. Turnirdə
hər bir komandanın tərkibinə 6 əsas və 2
əvəzedici oyunçu daxildir. Çempionat dairəvi
sistem üzrə keçirilir. Nəzarət vaxtı hər bir
şahmatçıya oyunun sonuna qədər 90 dəqiqə, hər
gedişə 30 saniyə əlavə olunmaqla vaxt verilir.
Birincilikdə 6-8 komanda iştirak edəcək.
Komandaların tərkibi müəyyənləşdirilərkən heç
bir yaş həddi qoyulmur. Çempionatın qalibləri
xallar əsasında müəyyənləşdiriləcək. Komandanın
qələbəsi üçün 2 xal, heç-heçə üçün 1 xal
verilir. Xallar bərabər olduqda oyunçuların
ümumi xalı, komanda berger əmsalı ilə qaliblər
müəyyənləşdirilir. Dekabrın 12-də başa çatacaq
turnirdə qalib komandaya kubok, mükafata layiq
yerləri tutmuş komanda üzvlərinə isə diplomlar
veriləcəkdir.
Rəşad RAMAZANOĞLU |