Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

O, şərəfli bir ömür yaşayır

 

O, bir ömür yaşayır. Şərəfli, ləyaqətli alim ömrü. Əslində alimliklə bərabər həm də müəllim ömrü. Peşəsinin fədaisi, sənətinin vurğunudur. Çətin və keşməkeşli, enişli, yoxuşlu həyat yolundan keçərək zirvələri fəth edən, ömrünün 75-ci baharına qədəm qoyan bu şəxs həm də gözəl insan, el ağsaqqalıdır. Haqqında söhbət açdığımız şəxs Bakı Dövlət Universitetinin professoru, BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyinin direktoru, tanınmış alim, əməkdar müəllim Qasım Zülfəli oğlu Hüseynovdur.

O, 1940-cı il mayın 25-də Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub. Orta təhsilini 1948-1958-ci illərdə Şahbuz rayon Kükü kənd orta məktəbində alan Qasım müəllim 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə qəbul olmuş və 1963-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Elm sahəsinə xüsusi marağı olan Q.Hüseynov 1963-1966-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1966-1977-ci illərdə Azərbaycan MEA Aşqarlar Kimyası İnstututunda kiçik elmi işçi, baş mühəndis, laboratoriya müdirinin müavini və baş elmi işçi vəzifələrində çalışıb. 1977-ci ildən müsabiqə yolu ilə pedaqoji işə keçərək, akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki NDU) baş müəllim, dosent və 1984-cü ildən kafedra müdiri vəzifələrində işləyib. Hər zaman məsuliyyəti və işə olan peşəkarlığı ilə seçilən Qasım müəllim 1989-cu ildə Y.Məmmədəliyev adına NDPİ-nin (indiki NDU) rektoru vəzifəsinə təyin edilib. 1996-cı ilə qədər bu vəzifədə çalışan Q.Z.Hüseynov rektor işlədiyi dövrdə Azərbaycan Nazirlər Kabinetinin 29 dekabr 1990-cı il tarixli 584 nömrəli qərarı ilə pedaqoji institut Naxçıvan Dövlət Universitetinə çevrilib, ona ikinci kateqoriyalı ali məktəb statusu verilib, müstəqil iqtisad fakültəsi, beynəlxalq əlaqələr və aspirantura şöbələri yaradılıb, yeni kafedralar və ixtisaslar açılıb, universitetin "Fikir" qəzeti nəşrə başlayıb.

1996-cı ildən fəaliyyətini BDU-nun "Neft-kimyası və kimya texnologiyası" kafedrasında davam etdirən Q.Hüseynov hazırda həmin kafedranın professoru vəzifəsində işləyir. Bununla yanaşı o həm də 2007-ci ilin noyabr ayından etibarən BDU-nun nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyinin direktorudur. Qeyd etmək lazımdır ki, "Gənc istedadlar" liseyi qazandığı uğurlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərindən biri olub. Liseyin məzunları qəbul imtahanlarında ən yüksək nəticələr göstərir. Bütün bu uğurlar liseyə rəhbərlik edən Qasım müəllimin və pedaqoji kollektivin gərgin əməyinin nəticəsidir.

Q.Hüseynovun elmi fəaliyyətinə nəzər saldıqda görürük ki, o, 1968-ci ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissetrasiyasını müdafiə edib. 1991-ci ildə professor elmi adına layiq görülüb. Q.Hüseynovun elmi-tədqiqat işləri sürtkü yağlarının, yanacaqların keyfiyyətini yaxşılaşdıran aşqarların, metalları korroziyadan qoruyan inhibitorların və analitik rentgentlərin sintezinə və tədqiqinə həsr olunub. O, dizel mühərriklərinin işlənmiş qazlarının tüstülülüyünü azaldan, keçmiş SSRİ-də ilk dəfə alınan və tətbiqinə dair 1977-ci ildə SSRİ Dövlət Standartlaşdırma Komitəsi tərəfindən qərar verilən İXP - 706 aşqarının müəllifidir. Q.Hüseynovun "Kobaltın fotometrik üsulla təyini" barədəki ixtirası 1986-cı ildən Xarkov şəhərindəki zavodda tətbiq olunur.

Yuxarıda göstərilən elmi-tədqiqat işlərinin nəticələri 200-dən çox elmi əsərdə, o cümlədən 18 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Bundan başqa Q.Hüseynov bir dərs vəsaitinin və ali məktəblər üçün hazırlanmış 6 fənn proqramının müəllifidir. Onun rəhbərliyi və yaxından iştirakı ilə 1 nəfər doktorluq, 7 nəfər namizədlik, 10 nəfər isə magistr dissertasiyası müdafiə etmişdir.

O, dəfələrlə beynəlxalq simpoziumlarda Azərbaycan kimya elmini ləyaqətlə təmsil etmişdir.

Q.Hüseynovun elmi və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1986-cı il tarixli fərmanı ilə "Şərəf nişanı" ordeni ilə, D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin Fəxri Fərmanı və həmin cəmiyyətin Azərbaycan filialının diplomu ilə, Türkiyənin Ankara Universitetinin xatirə medalı ilə təltif olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 oktyabr 2009-cu il tarixli sərəncamı ilə Q.Hüseynov "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Q.Hüseynov Azərbaycan MEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu nəzdində Birləşmiş Müdafiə Şurasının üzvüdür.

Qasım müəllim haqqında onunla çiyin-çiyinə işləyən, onu yaxından tanıyan şəxslərin fikirlərini oxuculara  təqdim edirik. 

Naxçıvan Dövlət Pedaqoji İnstitutuna gəlməsi kimya kafedrasının inkişafına böyük təkan verdi 

Tofiq Əliyev, NDU-nun kimya   kafedrasının müdiri, kimya elmləri doktoru: - Qasım Hüseynovla ilk tanışlığım  1977-ci ilə - onun Naxçıvan Dövlət Pedaqoji İnstitutunun kimya kafedrasına işə göndərildiyi vaxta təsadüf edir. O vaxt artıq mən həmin kafedranın müəllimi vəzifəsində çalışırdım.İlk baxışda elə də diqqəti cəlb etməyən  bu insan az sonra bütün kafedra üzvlərinin, daha sonra isə institut əməkdaşlarının böyük əksəriyyətinin sevimlisinə çevrildi: sadəliyi, səmimiliyi, qayğıkeşliyi, eləcə də nəzəri və praktiki baxımdan mükəmməl bir kimyaçı olması sayəsində. Açığını söyləmək lazımdır ki , Qasım Hüseynovun Naxçıvan Dövlət Pedaqoji İnstitutuna gəlməsi kimya kafedrasının inkişafına böyük təkan verdi. Doğrudur, buna qədər də mərhum professor İsrafil Məmmədovun  rəhbərliyi ilə mənim tərəfimdən yığılan qurğular elmi-tədqiqat kimya laboratoriyasında korroziya tədqiqatları aparmağa imkan verirdi. Lakin o dövrə qədər korroziya inhibitoru kimi tədqiq etdiyimiz maddələr və bitki ekstraktları  müxtəlif elmi-tədqiqat institutlarından və tədqiqatçılardan əldə edilirdi.  Bu isə çox vaxt böyük çətinliklər yaradırdı. Qasım Hüseynov kafedramıza gəldikdən sonra isə onun rəhbərliyi ilə elmi-tədqiqat laboratoriyasında tərkibində müxtəlif funksional qrup və heteroatom saxlayan ayrı-ayrı üzvi birləşmələrin sintezini həyata keçirdiyi üçün müvafiq qurğular yığıldı və tədqiqat işlərinə başlandı. Kafedra üzvlərinin demək olar ki, böyük əksəriyyəti bu işə cəlb olundu. Belə ki, sintez etdiyimiz birləşmələr mənim tərəfimdən korroziya inhibitoru antiabraziv aşqar və bakteroisid  kimi, digər yoldaşlar tərəfindən isə antioksidləşdirici aşqar, tüstülənməyə qarşı aşqar, analitik reagent və s. kimi tədqiq edilirdi. Çox keçmədi ki , bu işlər öz bəhrəsini verməyə başladı. Aldığımız nəticələr respublikanın və ittifaqın bir çox nüfuzlu jurnallarında dərc olundu, müxtəlif simpozium və konfranslarda məruzə edildi və həmkarlarımız tərəfindən böyük maraqla qarşılandı. Elə həmin dövrlər apardığımız tədqiqatlarla bağlı mənim və Qasım müəllimin müəllifi olduğu "xidməti istifadə üçün" qrifinə malik müəlliflik şəhadətnaməsi də alındı.

Qasım Hüseynov gözəl tədqiqatçı olmaqla yanaşı, həm də gözəl pedaqoq olduğunu bizimlə birgə çalışdığı dövrdə sübut etdi. Onu kollektivə sevdirən xüsusiyyətlərdən biri də sonralar kafedra müdiri və rektor olduğu dövrlərdə də sadəliyini və təvazökarlığını qoruyub saxlaması idi. Tam səmimiyyətlə qeyd etmək istərdim ki, Qasım Hüseynovun universitetdən getməsi kafedramızda aparılan elmi-tədqiqat işlərinə öz təsirini göstərdi. Bu gün Qasım Hüseynov Azərbaycanın ən böyük elm və təhsil məbədi olan Bakı Dövlət Universitetində öz elmi-pedaqoji fəaliyyətini davam etdirir. BDU-nun rektoru, çox hörmətli Abel Məhərrəmov onu universitetin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyinə direktor vəzifəsinə irəli çəkmişdir. Bu liseydə əldə edilən uğurlar bir daha Q.Hüseynovun yüksək elmi-pedaqoji səriştəsindən xəbər verir. 

Bu günlərdə professor Qasım Hüseynovun anadan olmasının 75 ili tamam olur. Fürsətdən istifadə edərək onu öz adımdan, eləcə də bütün kollektivimiz adından səmimi-qəlbdən təbrik edir, ona daha uzun və sağlam ömür, bundan sonrakı fəaliyyətində isə daha böyük uğurlar arzu edirəm. 

Mənalı ömür  

Musa Bayramov, BDU-nun Neft kimyası və texnologiyası kafedrasının müdiri, kimya elmləri doktoru,  professor,  əməkdar elm xadimi: - Elmin ən yüksək zirvəsində olan, ömrünün 55 ilini elmə, təhsilə həsr edən, əməkdar müəllim, kimya elmləri doktoru Qasım müəllim haqqında danışmaq mənim üçün çox xoşdur. Onu uzun illərdi tanıyıram. Daim məsuliyyəti və zəhmətkeşliyi ilə tanınan Qasım müəllim  kafedranın pedaqoji-elmi həyatında yaxından iştirak edir. Təhsilin bakalavr və magistr pillələrində yüksək səviyyəli mühazirə, eləcə də laboratorya dərsləri tədris etməklə yanası, neft-kimyəvi sintezlə əlaqəli elmi fəaliyyətlə də məşğul olur. Onun elmi araşdırmaları sayəsində üzvi və neft kimyasının çox az tədqiq edilmiş sahələrindən biri olan tiofenollar və merkaptokarbon  turşularının reaksiya qabiliyyətləri, kimyəvi xassələri öyrənilmiş, kükürdlü birləşmələrin sintezinin yeni prinsipləri işlənib hazırlanmışdır. Q.Hüseynov tərəfindən ilk dəfə olaraq bəzi kükürdlü üzvi  maddələrin sintezinin sadə və effektli üsulları təklif edilmişdir. Bütün bu sadalananlarla yanaşı Q.Hüseynov şərəfli bir yol keçmişdir. O, gözəl alim, pedaqoq olmaqla yanaşı, həm də yüksək insani keyfiyyətlərə malikdir. İşlədiyi müddətdə fakültə, o cümlədən kafedra kollektivinin, tələbələrin böyük hörmətini qazanmışdır.

Kimya fakültəsinin kollektivi əməkdar müəllim, Neft kimyası və kimya texnologiyası kafedrasının professoru, kimya elmləri doktoru Qasım Zülfəli oğlu Hüseynovu ömrünün 75-ci baharı münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzu edir.   

O həm yaxşı alim, həm də gözəl insandır 

İbrahim Məmmədov, BDU-nun Neft kimyası və texnologiyası kafedrasının professoru: - Qasım müəllim xeyirxahlıq, təvazökarlıq, sadəlik, ekstremal vəziyyətlərdən operativ çıxmaq bacarığı kimi yüksək insani keyfiyyətləri özündə birləşdirən bir şəxsdir.  O, qızıldan qiymətli vaxtı həmişə düzgün bölür, insana bir dəfə verilən ömür saatlarını xeyirli işlərə sərf edir. Q.Hüseynov  ömrü boyu alın təri ilə yaşayan, müəllim titulunu şərəflə, vicdanla, namusla çiyinlərində daşıyan əməksevər bir müəllim və alimdir. Kimya elmində özünəməxsus dəst-xətti olan Qasım müəllim həm də öz pedaqoji ustalığını daim təkmilləşdirərək alim-pedaqoq kimi minlərlə insanın sevimlisinə çevrilib.  Belə yaşamın bir adı var - şərəfli pedaqoq ömrü. Bu sadaladıqlarımdan başqa, mən qətiyyətlə deyə bilərəm ki, Qasım müəllimi fərqləndirən ən başlıca xüsusiyyət onun həm də çox gözəl, səmimi insan olmasıdır. Ataların belə bir deyimi var: "alim olmaq asandır, insan olmaq çətin". Qasım müəllimi tanıyanlar yaxşı bilirlər ki, o həm yaxşı alim, həm də gözəl insandır.  O hər bir tələbəyə, şagirdə xüsusi həssaslıqla yanaşır. Onların probleminin həll olunmasında yaxından köməklik göstərir. Bundan başqa, rəhbərlik etdiyi müəssisələrdə daim demokratik sağlam mühit formalaşdıraraq kollektivin sevimlisinə çevrilib.

Qasım müəllimi 75 illik yubileyi münasibətilə təbrik edirəm. Ona həyatda ən şirin nemət olan cansağlığı arzulayıram.  

Müəllimliyin ən yüksək zirvəsində 

Vəli Əliyev, BDU nəzdində "Gənc istedadlar" liseyinin kimya müəllimi,  kimya  üzrə  fəlsəfə  doktoru, respublikanın əməkdar müəllimi:  - Gözəl müəllim, gözəl alim, gözəl təşkilatçı, gözəl ailə başçısı, gözəl insan - bu qədər gözəl xüsusiyyətlərin bir fərddə olması xoşbəxtliyin əsas göstəricisi deyilmi? Deyilənlər ömrünü elmə, gənclərimizin təlim-tərbiyəsinə həsr etmiş kimya elmləri doktoru, professor, respublikanın əməkdar müəllimi, Bakı Dövlət Universiteti nəzdində "Gənc istedadlar" liseyinin direktoru Qasım Hüseynova aiddir. Qasım müəllim kollektivin sevimlisidir. Qasım müəllim müəllimliyin ən yüksək zirvəsindədir. Bu hər müəllimə nəsib olmur. Bunun üçün təkcə bilik, bacarıq kifayət deyil, eyni zamanda qəlbi məhəbbətlə dolu böyük insan olmaq lazımdır. Ailəyə, uşaqlara, insanlara, gördüyün işə, ümumiyyətlə insanı əhatə edən hər şeyə olan böyük məhəbbət insanı yaşadır və sevdirir. Elə ona görə də bu günlərdə 75 illik yubileyini qeyd edən Qasım müəllim gümrah, işgüzar, zarafatından qalmayan bir həyat tərzi yaşayır. Artıq neçə illərdir ki, Qasım müəllimin həyatı "Gənc istedadlar" liseyi ilə bağlıdır. Belə bir istedadlı insanın "Gənc istedadlar" liseyinin direktoru olması heç də təsadüfi deyildir. Bu seçim Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, hörmətli akademik Abel Məhərrəmovun uzaqgörənliyinin təzahürüdür. Qasım müəllim liseydə hər bir şagirdi adı, soyadı ilə tanıyır və hər biri ilə dostcasına söhbət etməyi bacarır. Şagirdlərin hər hansı tədbirdə qazandığı uğurlara uşaq kimi sevinir. Ümumiyyətlə, Qasım müəllim həyatda sevinməyi bacaran bir insandır. Lisey kollektivinin tədbirlərində, direktor kimi yox, kollektivin fəal bir üzvü kimi həmişə öndə olur. Bütün bu gözəllikləri özündə birləşdirən sevimli Qasım müəllim, sizi 75 illik yubileyiniz münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür və işlərinizdə uğurlar arzulayıram. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov