Sona Camalova: “Yurd-yuvamdan ayrı düşmək məcburiyyətində qalsam da, məktəbi, şagirdlərimi tərk etməmişəm”


36 ilin müəllimidir. Hələ müəllimliyinin başında ikən çox şey itirib. Çox olub yaşadığı acılar. Ömür-gün yoldaşını, yurdunu itirəndə elə sanıb dünyanın sonudur. Birdən-birə qapqaraya boyanan o günləri xatırlayanda qəhərlənir, kövrəlir, titrəyir. 30 il öncə yaşadıqlarını yenidən yaşayır elə bil. Daha sonra yaşadıqları da sıradan deyildi onun müəllim ömründə. Hər günündə həyəcan, ən əsası mübarizə vardı. Başına gələnlərin təsiri ilə gücdən düşüb özünü itirməyib, həyatın çətinliklərinə qarşı mərd-mərdanə dayanıb, ürəyi gəncliyində olduğu kimi eyni həyəcanla döyünüb müəllimlik üçün. Elə müəllimlik sayəsində də dərd dizlərini, çətinliklər biləyini bükə bilməyib, şagirdlərindən aldığı sevgi ilə ağrı-acılarına müqavimət göstərib, kiçicik, ağ təbaşirlə qara günlərə bəmbəyaz uğurlar yazıb. Daha bir Əməkdar müəllimdən bəhs edəcəyik bu dəfə. Adından, sadəcə doğulduğu Zəngilan torpağında, günü-gündən nüfuz qazandığı Bakı şəhərində, pedaqoji təcrübəsini qürurla paylaşdığı Sumqayıt məktəblərində deyil, bütün Azərbaycanda bəhs etdirən Sona müəllim Camalovadan.

 

Müəllimlikdə məktəb-məktəb...

 

Naxçıvan Dövlət Universitetini “Azərbaycan dili və ədəbiyyat” ixtisası üzrə fərqlənmə ilə bitirib və bitirər-bitirməz yurduna qayıdıb. Müəllimlik fəaliyyətinə Zəngilan şəhərindəki 3 nömrəli tam orta məktəbdə başlayıb. Ailə qurub və ana olmağın sevincini yaşayıb. Bir gün sevdiyindən ayrılacağını, sevdiyindən də artıq bağlı olduğu yurd-yuvasını tərk etmək məcburiyyətində qalacağını heç ağlına da gətirmədən: “Vətənimi çox sevirəm. Həyat yoldaşım polis baş leytenantı Faiq Rzayev 1993-cü il avqustun 25-də Zəngilan uğrunda gedən döyüşlərdə şəhid oldu, mən də 3 yaşlı qızımla oktyabr ayında mühasirəyə düşdük. Ən son ana qədər yurdumu tərk etmədim. Nəinki mən, vəziyyətin çox ağır olmağına baxmayaraq, müəllimlərimizin böyük əksəriyyəti şagirdlərimizi, məktəbimizi, evimizi buraxmadıq”.

 

Düşmən amansız, ömrün bu hissəsi qara yazılmışdı. Başqa çarə yox idi. O da bu qara yazıyla barışıb doğma yerləri tərk etməli oldu: “Qucağımdakı körpəmlə bərabər mühasirədə qaldıq, sonra birtəhər qonşu ölkənin ərazisindən keçərək xilas olduq”.

 

Xilas etdiyi ömrünün sonrakı 30 ili idi. O illərin içərisində bir qızı vardı, bir də müəllimliyi: “Yurd-yuvamdan ayrı düşmək məcburiyyətində qalsam da, məktəbi, şagirdlərimi tərk etməmişəm”.

 

Dost-tanışı müəllimliyə məktəbdə deyil, orta ixtisas təhsili müəssisələrindən birində davam etdirməyi tövsiyə edib: “Düşünürdülər ki, bu cür ağır itkilərdən sonra məktəbdə işləmək mənə çətin olar. Amma ata-anamızdan sonra bizim ən böyük məsləhətçimiz olan bacım dedi ki, məni bu vəziyyətdən  şagirdlərim çıxaracaq. Həqiqətən də elə oldu. Onların həyatına toxunduqca özümü, dərdlərimi, acılarımı unutdum. Onlara sevgi və bilik verdim, qarşılığında qazandığım hörmət və nailiyyətlərin verdiyi güclə yenidən ayağa qalxdım”.

 

Məcburi köçkün həyatına Bakıda, müəllimliyə Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbdə davam edib: “Burada I kateqoriya almışam. 1997-ci ildən Sumqayıt şəhərindəki 7 nömrəli tam orta məktəbdə çalışıram”.

 

Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 123 yaşlı bu məktəbdən isə onu ancaq Zəngilanda fəaliyyətini bərpa edəcək məktəb ayıra bilər: “Dəfələrlə adlı-sanlı məktəblərə dəvət edilsəm də  məktəbimdən ayrılmağı heç düşünməmişəm. Bu məktəb mənim sirdaşım, ən ağır günlərimin şahidi olub. Buradan bir də o zaman ayrılacağam ki, öz yurduma qayıdacağam”.

 

Nüfuzlu bir zəngilanlı kimi qayıtdığı yurduna həm də müəllim kimi qayıdışı uzaqda deyil: “Həyatımdakı ən önəmli hadisələrdən biri 2021-ci ilin oktyabr ayında baş verdi. Ayın 20-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə 30 ildən sonra ilk dəfə Zəngilana ayaq basdım. Zəngilanla bağlı danışmaq haqqını mənə verdilər.  Verilən bu söz həyatım boyu qazandığım ən məsuliyyətli, ən şərəfli vəzifə, ən yüksək qiymət oldu”.

 

Bəli, qiymətlərin ən böyüyü... Ürəyi vətən həsrəti ilə döyünən bir müəllim üçün Prezident İlham Əliyevin imzası ilə aldığı “Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adından sonra başqa  böyük qiymət nə ola bilərdi ki?..

 

Şagirdləri ilə öyünür

 

Müəllimlikdə zirvəyə yüksəlməsində ən böyük rol isə şagirdlərinindir, deyir: “Şagirdlərim müxtəlif nailiyyətlər qazanaraq məni həm qürurlandırıb, həm də mükafatlandırıblar. Onların nailiyyətləri ilə bəslənib ucalmışam. Respublika fənn olimpiadası və inşa yazı müsabiqələrində I yerə layiq görülən şagirdlərim var. Məsələn, Gülnar Məlikova 2007-ci ildə “Müstəqil Azərbaycanın gələcəyini necə görürəm” adlı inşa yazı müsabiqəsinə qatıldı. Təqdim etdiyi inşada bugünkü Şuşada nələri görürüksə, onları yazmışdı. O da xəyalında Şuşada idi, xarici qonaqlar, diplomatlar da orada idi. Bu yazı böyük əks-səda doğurdu, məni də çox qürurlandırdı. Bu il də böyük nailiyyətlərim var. XI sinfi bitirən şagirdlərimin demək olar hamısı ali məktəblərə qəbul olunub”.

 

Şagirdlərindən biri də öz qızıdır

 

“Biz torpaqlarımızı tərk edəndə qızımın 3 yaşı vardı”, - deyən Sona müəllimin bir də ana ömrü var. Təkbaşına böyütdüyü qızı ilə həm də şagirdi kimi öyünür, onu şəhid atasına layiq övlad kimi böyütməsi ilə qürurlanır. Çünki Səmra anasını təhsilinin hər pilləsində sevindirib: “Qızım Səmra Rzazadə IX sinifdə oxuyarkən respublika fənn olimpiadasında I yerə çıxdı. Sonra tələbə adını qazandı. Azərbaycan Dillər Universitetində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirdi. Hazırda doktorantdır”.

 

Hər şagird nailiyyəti müəllim əməyinin nəticəsidir

 

Sadaladığı və indi hamısını xatırlamaqda çətinlik çəkdiyi hər şagird nailiyyəti ilə pillə-pillə qalxıb. Ancaq şagird nailiyyətləri də elə-belə qazanılmayıb. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif təlimlərə qatılıb, fəallığı ilə seçilərək müxtəlif sertifikatlar alıb. Sona müəllim öz üzərində işləyərək sevdiyi peşəni layiqincə inkişaf etdirib. Həm öz bacarıqlarını artırıb, həm də təcrübəsini paylaşaraq peşəsinin inkişafına töhfə verib: “Sevdiyim işlə məşğulam. Pedaqoji təcrübəm Sumqayıt məktəbləri arasında yayılıb. Elm və Təhsil Nazirliyi istedadlı şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafında səmərəli fəaliyyətimə görə məni I dərəcəli diploma layiq görüb.“Təhsildə yeni çağırışlar” III Beynəlxalq Forumunda iştirak edərək beynəlxalq sertifikat almışam”.

 

Öz üzərində işləməyinin, peşəsinə məsuliyyətinin nəticəsini isə qiymətləndirmə imtahanlarında göstərib. Əvvəlcə diaqnostik qiymətləndirmədən 56 bal toplayıb, sonra müəllimlərin sertifikatlaşdırma imtahanında eyni nəticəni təkrarlayıb və uğurla keçərək qazandığı adların, nüfuzun, hörmət və sevginin, aldığı mükafatların, fəxri fərmanların haqqını verib.

 

Bir sözlə, “Müəllimlik edərkən heç vaxt düşünməmişəm ki, bir fəndən dərs deyirəm. Uşaqlarla hərtərəfli məşğul olmuşam”, - deyən Sona Camalova əsl müəllimdir: “Yeganə məqsədim şagirdlərimə təhsil və tərbiyə vermək yox, həm də onları vətənpərvərlik ruhunda yetişdirmək olub. Hesab edirəm ki, bu qədər od-alovdan, ağrı-acıdan keçən bir ölkənin hər müəllimi bunu etməlidir. Bizim birinci məqsədimiz məhz bu tərbiyəni aşılamaqdır”.

 

Əsl müəllim yetişdirən mühit

 

Təbii ki, müəllimliyin ailədə qoyulan bünövrəsi də vardı. Atası Zəngəzurda ilk ali təhsilli kənd təsərrüfatı mütəxəssisi olub Sona Camalovanın. Ailədə təhsilli insan olunca, mühit dəyişir. Həmin mühit müəllim yetişdirmək üçün çox münbit idi. Bunu bir-birinin ardınca böyüyərək müəllimliyi seçən qızlar bir daha sübut etdi. Sona xanımdan əvvəl müəllim olan iki bacısı vardı. O, da müəllim oldu. İndi müəllimliyi onunla sevib, onun yolu ilə gedən yüzlərlə müəllim çalışır Azərbaycan məktəblərində: “Şagirdlərimdən mənim yolumu davam etdirib Azərbaycan dili və ədəbiyyat müəllimi olanlar çoxdur”.

 

İngilis dili müəllimi olan qızı isə ona öz peşə uğuru ilə sürpriz yaşadıb. Bu il direktorların işə qəbulu imtahanlarına qatılaraq Sumqayıt şəhər 10 nömrəli məktəbə direktor təyin edilib. Ana Sona Camalova bu xəbəri başqa müəllimlər kimi mətbuatdan öyrənib: “Sumqayıtda şəhid övladı məktəb direktoru təyin edildi” - başlıqlı xəbərləri oxuyarkən həmin direktorun qızım olduğunu öyrəndim”.

 

Özü isə direktor olmaqdan çəkinib: “Uşaqlarımdan, lövhə önündən uzaqlaşmaq ehtimalı məni hər zaman qorxudub. Əlimdə təbaşir lövhə önündə işlədiyim anlar həyatımın ən unudulmaz anları, ömrümün ən mənalı dəqiqələri olub”.

 

Daha bir müəllimin uğur hekayəsi onu deməyə əsas verir ki, amalı vətən, yolu müəllim yolu, məqsədi vətənpərvər nəsil yetişdirmək olan hər müəllim bir gün ƏMƏKDAR MÜƏLLİM olacaq!

 

Ruhiyyə DAŞSALAHLI