Sevinc Məmmədova, Corc Vaşinqton Universitetinin proqram direktoru: “Təhsildə transformasiya çox ehtiyatlı və yavaş getməlidir”


Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Corc Vaşinqton Universiteti (CWU) arasında “Təhsil və insan inkişafı: təhsil siyasəti və liderlik” ixtisası üzrə ikili diplom proqramı öz hədəflərinə çatmaqdadır. Artıq proqramın məzunları təhsil sahəsində öz uğur hekayələrini yazmaqdadır. Bugünlərdə proqram üzrə keçilən dərslərdə iştirak edərək Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova və amerikalı professor Ceyms Villiyamsdan “Azərbaycan müəllimi” üçün müsahibələr aldıq.

 

Söhbətimizə öncə Sevinc Məmmədova ilə körpü saldıq. Müsahibimiz proqramın icrası və nəticələri barədə məlumat verdi.

 

- Artıq 50-yə yaxın tələbəmiz məzun olub. Onların məzun olmaları artıq böyük bir uğurdur. Yəni ağır bir proqramdan çıxmaq və sonrakı tərəqqini görmək böyük uğurdur. Məzunlarımız artıq öz biliklərini, öyrəndikləri alətləri tətbiq etməyə başlayıblar. Bəzi məzunlarımız xaricdə doktorantura təhsili alır, bəziləri proqramdan sonra öz iş yerlərini dəyişərək təhsil sahəsində çalışırlar.   Onlar təhsil sahəsində yeni, məsələn,  xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı yeni layihələr icra edirlər. Digər əməkdaşlarımız autizm sindromu olan uşaqlarla bağlı layihələr həyata keçirirlər. Bəzilərinin isə təhsil texnologiyalarına çox böyük maraqları var. Onlar bu sahədə müxtəlif platformalar üzərində işləyirlər.

 

Proqramın başlıca məqsədi nədir? Biz onlarda fikir, düşüncə bacarıqlarını oyatmağa və daha da genişləndirməyə çalışırıq ki, təhsil məsələlərinə başqa prizmadan baxsınlar. Çünki bəzən biz özümüz də hiss etmədən eyni problem üzərində dönə-dönə fikirləşirik, ancaq onun kökünün nədə olduğu, ona təsir edən faktorları, amilləri düşünmürük. Hər iki universitet olaraq məqsədimiz həmin o düşünüləcək məsələlərə tələbələrin fərqli yanaşmalarını tədris etməkdir. Biz görəndə ki, məzunlarımız 2-3 ildən sonra artıq onu tətbiq etməyə başlayıblar, bunu proqramın böyük uğuru saya bilərik.

 

- Təhsil siyasəti, insan inkişafı dünya təhsil sistemləri üçün nə dərəcədə aktualdır və bu aktuallıq nə ilə bağlıdır?

- Düşünürəm ki, xüsusilə son illərdə süni intellektin (Sİ) sürətli inkişafı dünyada birdən-birə xaos yaratdı. Universitetlər artıq narahat olmağa başladılar ki, bizim tələbələrə verə biləcəyimiz bacarıqları artıq Sİ verir. Əvvəllər biz  uşaqların, məsələn, riyaziyyat nəticələrinin nəyə görə aşağı və ya yuxarı olmasından danışırdıq. İndi isə artıq söhbət ondan gedir ki, biz təhsili və insan inkişafını necə birləşdirə bilərik ki, robotların, texnikanın verdiyi bacarıqları daha da üstələsin. Əvvəl fikirləşirdik ki, yazı yazmaq bacarığı çox vacibdir, indi isə artıq onu bizə Sİ verir. Universitetlər, təhsil ocaqları, məktəblərın yükü çox artıb. Onlar tədris prosesini elə bir kreativ yanaşma ilə təşkil etməlidirlər ki, Sİ tərəfindən əvəz oluna bilməsin. Buna görə də bu, artıq insan inkişafı, təhsilin daha da humanistləşdirilməsi, dəyərlərə əsaslanan təhsil və s. böyük bir trendə çevrilib. Bu, təkcə Amerika, Azərbaycan üçün deyil, bütün ölkələr, təhsil sistemləri üçün xarakterikdir. Fikirləşirəm ki, biz təhsil və insan inkişafını necə qabarıq şəkildə böyük bir təhsil siyasətinə çevirə bilərik ki, çağırışlara cavab versin.

 

- Təhsili daha da inkişaf etdirmək üçün nələr etməliyik?

- Məncə, ən birincisi biz yeniliklərlə, bu inkişafla necə uzlaşmaq lazım olduğunu  öyrənməliyik. Ən vacib şərt nə etməliyik sualıdır. Əgər yenilikləri qəbul edə bilmiriksə, gözümüzü açanda görəcəyik ki, artıq gecikmişik, onda gec olacaq. Ona görə də yeniliklərə, dəyişikliklərə açıq olmalıyıq.

 

Biz tələbələrə öyrədirik ki, bir-birinizə qarşı açıq fikirli olsunlar, bir-birlərinə sual versinlər. Əgər yaxşı sual verə bilmirsənsə, onda sən yaxşı tələbə deyilsən. Əgər sual varsa, demək ki, beyin fikirləşir. Bir çox alimlər var ki, onları oxumaq üçün universitetdə gedib magistr təhsili almağa ehtiyac yoxdur. Amma elə bacarıqlar var ki, onu oxumaqla əldə etmək olmur. Məsələn, sual vermək bacarığı. Bu, bir -iki günə yaranan qabiliyyət deyil. Mən Amerikaya köçəndə 2-3 il mənim üçün çətin idi. İlk verdiyim suallarla indi verdiyim sual arasında böyük fərq var. Bu, bir prosesdir, onu da tələbələrə biz öyrətməliyik. Tələbələri sual verməyə həvəsləndiririk, sonra hansı informasiyanı seçmək istəyirlərsə, özləri seçsinlər, bunu onların öhdəsinə buraxırıq. 

 

- Təhsildə innovasiyaların rolunu necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, innovasiyaların ən pik dövrünə doğru gedirik, hər sahədə yenilik istəyirik. Bütün təhsil mövzuları yeniliklər, çağırışlar və innovasiyalarla bağlıdır. Tələbələri innovasiyalara aparan da  bacarıqlar, yəni düşüncə bacarıqlarıdır. Əgər biz onu  uşaq vaxtından tətbiq etmiriksə, uşağa sual verməyi, axtarmaq, tapmaq, axtarışda olmağı öyrətmiriksə, onda heç bir innovasiyadan danışa bilmərik. İnnovasiyaların hər biri həmişə uğurlu olmur. O qədər uğursuz innovasiyalar olur ki, məhz onun nəticəsində uğurlu innovasiyalar üzə çıxır. Bəzən biz hər hansı innovasiya edirik, uğursuz olanda qorxuruq. Amma bu, əslində öyrənilmiş dərslərdir. Bu kimi proseslər innovativ fikirlərin yaranmasına  kömək edir.

 

Uşaqlar erkən yaşından çox informasiya alırlar. Fikirləşirik ki, əgər tələbə riyaziyyatı yaxşı bilirsə, vurma cədvəlini yaxşı bilirsə, ağıllı tələbədir. Ancaq vurma cədvəlini öyrənməyin səkkiz yolunu bilirsə, o daha yaxşı tələbədir. Çünki o, 8 həll yolunu bilir. Mən belə düşünürəm. Ola bilsin ki, uşaq 12- yə qədər ədədləri  vura bilmir, ancaq 5-ə qədər vura bilir, amma onu 8 yolla vura bilir. İnnovasiyalar da belədir.

 

Əgər biz çoxlu alimlər yetişdiririksə və onların içindən tam iki nəfər innovasiyalarla məşğul olursa, innovativ fikirlər, düşüncələr gətirirsə, bu, çox gözəldir. Şagirdlərə aşağı sinifdən açıq sual verməyi öyrədə bilməliyik. Yəni 5 almaq vacib deyil, şagird 3, 4 də ala bilər, amma yeni düşüncələrini yavaş-yavaş inkişaf etdirə bilsin. Bu, vacibdir, indi hər ölkə buna fərqli yanaşır. Mən Amerikada yaşadığım üçün məsələyə bu təcrübə ilə yanaşıram. Düşünürəm ki, Amerika bu istiqamətdə yaxşı işlər görür. Azərbaycanda da artıq bu yanaşmanın tətbiqinə başlanılıb. Ümid edirik ki, bizim tələbələrimiz artıq işləməyə başlayanda mütləq bunu təbliğ edəcəklər.

 

- Ser Ken Robinsona görə, təhsildə uğurlar bir çox halda uğurlu tədris mühitindən asılıdır. Biz bu uğurlara aparan tədris mühitini necə yarada bilərik?

- Çox yaxşı sualdır. Biz həmişə tələbələrimizə öyrədirik ki, yaxşı təhsil sistemini də dizayn eləmək lazımdır. Amerika üçün yaxşı mühit Azərbaycan üçün yaxşı mühit olmaya bilər. Ona görə lokal cəmiyyətin, icmanın onların ehtiyaclarına uyğun bir təhsil sistemi və təhsil mühitini yaratmaq lazımdır.

 

Biz ümid edirik ki, tələbələrimiz bu vacib yanaşmaları öyrənməklə artıq gedib hər regionun, hər kəndin, hər şəhərin öz mühitinə uyğun olan yaxşı bir tədris mühiti yaratmalıdır.

 

Qayıdaq yaxşı mühit nədir sualına. Mən düşünürəm ki, yaxşı mühit yaxşı insan yetişdirən mühitdir. Ola bilsin ki, uşaq 4 -5-ci siniflərdə yaxşı oxumur, birdən-birə başlayır yaxşı oxumağa. Müəllimlərimiz bu gec çiçək açanlar üçün mühit yaratmalıdır. 

 

- Növbəti sual təhsili idarəetmə ilə bağlıdır. Təhsil idarəçiləri  ənənəvi yanaşmalardan çıxmalı və ya yeniliklərə adekvat olmalıdır...

- Yaxşı sualdı. Mən əslində, təhsili idarəetmədə qarışıq modeli çox sevirəm.  Elə ənənəvi yanaşmalar var ki, onlar illərdir işləyib və onu saxlamaq lazımdır. Tutaq ki, regionun xarakteristikasına uyğun olan yanaşmalar var. Tarixi, mədəni faktorlar var ki, onları dərhal dəyişdirə bilmərik. Həmçinin yeni yanaşmaları bilməliyik. Məsələn, V sinifdə uşaqları riyaziyyatdan ildə 5 dəfə test eləmək artıq işləmir. Yeni yanaşmalar nədir, onu öyrənmək lazımdır. Yeniliklərə açıq olmalıyıq və bu idarəçilərdən gəlir. Düzdür, icraçılar həmişə müəllimlər və müəllim köməkçiləri olur. Amma idarəçilər fikirləri tətbiq edənlərdir. Ona görə, düşünürəm ki, hər ikisinin qarışığı, ənənəvilik və yeniliklərin bir yerdə olması daha yaxşı nəticə verir.

 

- Hazırda beynəlxalq platformalarda təhsilin transformasiyasından çox danışılır. Təhsilin transformasiyası nə vəd edir?

- Transformasiya həm yaxşıya, həm də pisə doğru gedə bilər. Transformasiyanı aparanda baxmalıyıq ki, biz tələbələrə nəyi çatdırmaq istəyrik? Biz həmişə tələbələrimizə deyirik  ki, “torpağı həmişə hazırlamaq lazımdır, birdən-birə biz orada ağac əkə bilmərik”. Yəni təhsildə inkişaf da belə olmalıdır. Birdən-birə biz nəyisə gətirib, gəlin transformasiya edək, bu, mümkün deyil. Təhsildə transformasiya  çox ehtiyatlı və yavaş getməlidir, bu, bir prosesdir. Biz onu mərhələli şəkildə eləməliyik. Biz birdən-birə hər şeyin dəyişilməsini istəyə, həm müəllimi, həm şagirdi, həm universitetləri dəyişdirə bilmərik.

 

- Təhsil sistemində həyata keçirilən bir çox layihələrlə tanışsınız. Təhsil sahəsində hansısa təşəbbüs, layihələriniz varmı?

- Mənim ən çox narahat olduğum təhsil pilləsi erkən təhsildir. Düşünürəm ki, bütün təhsil transformasiyaları, dəyişiklikləri erkən təhsildən başlamalıdır. Və erkən təhsil 5 yaşından deyil, ondan başlamalıdır ki, artıq 2-3 yaşından  uşaq hansı dəyişikliklərdən keçməlidir.

 

Çünki erkən təhsildən orta məktəbə və ali təhsilə, sonradan əmək bazarına gedən uşaqlar Azərbaycan iqtisadiyyatına töhfə verirlər. Bu gün təhsilə qoyulan vəsait 15 ildən sonra iqtisadiyyatımıza təsir edir. Ona görə şəxsən mən erkən təhsildən başlayardım. Erkən təhsildə informasiya yükləmə yox, daha çox uşaqlarda kreativ düşüncə, onların yanaşmalarının müxtəlifliyi və s. bu kimi təhsil siyasəti üzrə yeni işlər aparardım.

 

- Tələbələr, gələcəyin təhsil idarəçilərinə nə kimi tövsiyələrimiz olardı...

- Öyrənməyi davam etsinlər, həmişə özlərinə sual versinlər. Yeni fikirlərə açıq olsunlar. Əgər insan öz üzərində işləyirsə, bu, yaxşı bacarıqdır. Tövsiyəm budur ki, gənclərimiz, proqramın məzunları, iştirakçıları öz üzərlərində işləsinlər və ideyaları inkişaflarına cəm etməyi dayandırmasınlar. Çünki 100 fikirdən biri hardasa öz yerini tutur. Bizim Corc Vaşinqon Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti də belə bir fikri böyük ideyaya çevirə bildi. Artıq bu ideya dövlət əhəmiyyətli bir proqrama çevrilib.

 

“Mən onların öyrənmə istəklərinə heyranam”

 

Amerikalı professor Ceyms Villiyams ADPU və Corc Vaşinqton Universiteti arasında “Təhsil və insan inkişafı: təhsil siyasəti və liderlik” ixtisası üzrə ikili diplom proqramı üzrə keçdiyi dərslər və tələbələrimizin  öyrənmə həvəsi və motivasiyası barədə “Azərbaycan müəllimi”nə danışır:

 

- Mən öz təəssüratlarımı sizinlə bölüşüm. Mən onların motivasiyasına, öyrənmə istəklərinə heyranam. Onların çox yüksək səviyyədə öyrənmə istəkləri var. Bu, yaxşı başlanğıcdır. ABŞ-da tələbələrimiz öyrənmə prosesinə daha az maraq göstərirlər, ola bilsin ki, onların çox imkanları var. Ən vacib məsələ ondan ibarətdir ki, tələbələrimiz öyrənmə prosesinə çox həvəslə yanaşırlar. Biz onlara yerli konteksti, məzmunu öyrədirik. Ancaq ən böyük məqsədimiz dərslərdə onlara düşüncə prosesini, necə düşünməyi öyrətməkdir.

 

Düşünürəm yaxşı bir haldır ki, bu proqramda iştirak edənlərin bu sahədə təcrübələri var. Bu, çox yaxşı bir kombinasiyadır, həm məzmun bilikləri, həm təcrübələri var. Bu düşüncə onlara imkan verir ki, hansısa bir problem haqqında yaxşı düşünə bilsinlər. Üçüncü vacib bir element isə akademik göstəriciləri, uğurları var. Yəni, çox yaxşı təhsilləri var. Biz onların beyinlərində olan bilikləri daha da genişləndiririk. Ancaq daha çox bacarıqlara fokuslanırıq. Bu spesifik dərs beynəlxalq təcrübəyə əsaslanır. Biz beynəlxalq təcrübələri tələbələrlə bölüşürük. Azərbaycan bu təcrübələrdən nə öyrənə bilər, bu barədə danışırıq. Əsas məqsədimiz Azərbaycanı qlobal kontekstdə göstərmək, güclü və zəif cəhətlərini başqa ölkələrlə müqayisə etməkdir. Biz buna “borc almaq” deyirik, yəni başqalarından nə götürə bilərik. Başqa ölkələrə baxmaq, bu, normaldır.

 

Məqsədimiz bütün sistemi öyrənib tətbiq etmək deyil, həmin sistemin içində olan xüsusi, tutaq ki, müəllim, şagird faktoru və yaxud peşəkar inkişaf və s. hər sistemdən nəyisə öyrənib tətbiq edə bilərik, onları öyrənməkdir. Yəni bütün sistemi köçürmək yox, hər sistemdən hansısa elementləri öyrənib Azərbaycan üçün istifadə edə bilərik, bunu öyrədirik.

 

- Azərbaycanlı tələbələrimiz artıq özlərini Amerika kontekstində təhsil alan tələbələr kimi hiss edə bilərlərmi?

- Bəzi adaptasiyaları etməklə, bəli! Amerikada bəzi azərbaycanlı tələbələri tanıyıram, onlar çox uğurlu olublar. Bəlkə də onlar xüsusi tələbələrdir, bəlkə də Azərbaycanda olduğu kimi adi tələbələrdir. Hər dərsin, hər fənnin özünün xüsusi pedaqoji yanaşması var. Misal üçün, bizim digər professorumuz doktor K.Qrin öz dərsində azərbaycanlı tələbələri kurikulum haqqında daha dərin fikirləşməyə vadar edir. Bizim dərs isə daha çox mövzunu açmaq və ideyaları tapmaqdır. Bu, çox fərqli bir dərsdir. Yəni biz xüsusi bir bilik vermirik. Amma onlara düşünmə prosesində kömək edirik.

 

Dərs prosesi, ümumiyyətlə, düşünmə qabiliyyətini inkişaf etdirmək prosesidir. Mənim sentyabrda dərs dediyim fənn daha çox alətləri necə inkişaf etdirmək, necə alətlər yaratmaq, həmin alətlərdən təhsil sistemində olan dəyişikliklərdə necə istifadə etmək olar, daha çox bunlara fokuslanmışdı. Bu, çox sxemə salınmış bir dərs idi. Bəzi dərslər var ki, “necə edək” sualına cavab verir, bəzi dərslər var ki, “nə edək” sualına cavab verir. Bu fənn isə “niyə edək” sualına cavab verir.

 

“Proqram düşüncə bacarıqlarımızın inkişafına səbəb olur”

 

 

Şəmsinur Əsədova, proqram iştirakçısı: - ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramının bir parçası olmaqla, hər iki universitetdən olan tanınmış professorlar və təhsil ekspertləri ilə əməkdaşlıq etmək imkanı qazanmışıq. Baxmayaraq ki, bu proqramda nisbətən yeniyik, bu, bizim tədqiqat və yaradıcı düşüncə bacarıqlarımızın inkişafına səbəb olur. Eyni zamanda, iki müxtəlif ölkənin təhsil strategiyalarını müqayisəli şəkildə öyrənərək, hər ikisinin müsbət tərəflərini götürüb birləşdirmək imkanımız var. Proqramın bu ilk mərhələsində belə, karyeramda qarşılaşacağım baryerlər və imkanlar üçün hazırlaşdığımı hiss edirəm. Hər iki universitetin təqdim etdiyi dəstək həm şəxsi, həm də peşəkar inkişafımda mühüm rol oynayır.

 

 

 

Oruc MUSTAFAYEV