
“Təhsil idarəçiləri üçün müəllimlərin davamlı inkişafı və onların potensialının dəyərləndirilməsi çox vacibdir. Məsələyə bu prizmadan baxıldığında, tərbiyəçi- müəllimlərin diaqnostik qiymətləndirilməsi yalnız bir tələb yox, həm də bir məsuliyyətdir. Eyni zamanda, bu, dövrün tələbidir”.
Bu sözləri “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, məktəbəqədər təhsil üzrə mütəxəssis Rasif Dünyamalıyev deyib.
O bildirib ki, son dövrlərdə məktəbəqədər təhsildə yaranan problemlər xüsusi diqqət tələb edir. Nazirliyin bir müddət əvvəl apardığı araşdırmalar göstərdi ki, bu sahədə çalışanların əksəriyyətinin ixtisaslarına uyğun sertifikatları yoxdur, müxtəlif sahələrdən olan insanlar illər ərzində təcrübə qazanaraq bu sahədə çalışıblar. Lakin həmin təcrübə dəyişməyən metodlarla davam edib, nəticədə yenilikdən uzaq bir təhsil mühiti yaranıb:
“Məktəbəqədər təhsil uşaqların gələcək inkişafında həlledici rola malikdir. Oradakı boşluqları və problemləri həll etsək, məktəb təhsili mərhələsində daha güclü bir baza qurmuş olarıq. Təhsil sistemində keyfiyyətin artırılması üçün müasir metodların tətbiqi və müəllimlərin davamlı inkişafı vacibdir”.
Rasif Dünyamalıyevin sözlərinə görə, məktəbəqədər təhsilin vacibliyi dünya miqyasında qəbul edilmiş bir həqiqətdir. Avropa ölkələrinin çoxunda bu sahəyə ciddi investisiya yatırılır və nəticədə, uşaqların təxminən 90%-i məktəbəqədər təhsilə cəlb olunur. Bizimlə oxşar inkişaf xüsusiyyətlərinə malik olan Qazaxıstan kimi ölkələrdə də bu sahədə dövlət tərəfindən geniş imkanlar yaradılıb. Bu ölkədə məktəbəqədər təhsilə cəlb olunan uşaqların nisbəti hələ 90%-ə çatmasa da, mövcud şərait müsbət istiqamətdədir:
“Bu məsələdə davamlı irəliləyişə nail olmaq üçün bir sıra sahələrə xüsusi diqqət yetirilməlidir. Xüsusilə, qiymətləndirmə, diaqnostika və sertifikasiyada daha sistemli yanaşma tələb olunur. Hazırda bu sahələrdə müəyyən addımlar atılır, amma prosesin davamlı olması, problemlərin ardıcıl şəkildə həll edilməsi vacibdir. Son araşdırmalar göstərir ki, Azərbaycanda məktəbəqədər təhsil üzrə bəzi pedaqoji kadrlar gözlənilən peşə bacarıqlarına sahib deyillər. Misal olaraq, keçən il sənədlərin araşdırılması zamanı bəlli oldu ki, dövlət bağçalarında çalışan 800 nəfər pedaqoji işçinin nəinki bu sahədə, hətta ümumiyyətlə təhsili yoxdur. Nə orta ixtisas, nə də ali təhsili var. Bu da məktəbəqədər təhsilin keyfiyyətinə mənfi təsir edir, çünki pedaqoji kadrlar yalnız nəzarətçi kimi yox, eyni zamanda uşaqların hərtərəfli inkişafını dəstəkləyən, effektiv müəllimlər olmalıdırlar. Təhsilin bu sahələrində davamlı inkişafın təmin edilməsi üçün daha çox səy göstərilməlidir”.
O, həmçinin bu sahəyə yeni, potensiallı kadrların cəlb edilməsinin əhəmiyyətindən də danışıb. Mütəxəssis qeyd edib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin çox sayda məzunu, xüsusilə Azərbaycan sektorundan olanlar, təhsil sahəsində iş tapmaqda çətinliklərlə üzləşirlər. Məzunların bağçalarda praktik təcrübə qazanması üçün tələbəlik dövründə daha çox imkanlar yaratmaq lazımdır. Bu, onlara azyaşlılarla daha rahat işləmək imkanı verəcək. Bununla yanaşı, problemin həlli üçün universitetin praktiki proqramlarını inkişaf etdirmək və gənc məzunları peşəkar təlimlərə cəlb etmək vacibdir. Bu, məzunları təhsil sahəsinin tələblərinə daha yaxşı hazırlamağa kömək edəcək. Beləliklə, Azərbaycan Dövlət Pedaqoji Universiteti məzunlarının iş imkanlarının artırılması üçün sistemli bir yanaşma tələb olunur:
“Uzun illər təcrübəsi olan, lakin pedaqoji sahədə uyğun diplomu olmayan müəllimlərin və işçilərin yenidən təlim keçməsi zəruridir. Bu şəxslərin təcrübəsindən yararlanmaq üçün uyğun kursların təşkil olunması yaxşı bir nəticə verə bilər. Müəyyən kurslara qatılaraq mövcud biliklərini yeniləyə bilmələri üçün müəllimlərə imkanlar yaradılmalıdır”.
Gələcəyə sərmayə qoymaq üçün təhsilin əhəmiyyətini vurğulayan ekspert uşaqların məktəbəqədər dövrdə qazandıqları təcrübələrin onların gələcəkdəki uğurlarına təsir göstərəcəyini bildirir. Məktəbəqədər təhsildəki boşluqlar uşaqların motivasiyasına və davranışlarına mənfi təsir göstərə bilər:
“Məktəbəqədər təhsil sahəsində çalışan mütəxəssislərin geniş bilik və bacarıqlara malik olması vacibdir, çünki bu sahədə uşaqlarla işləmək onların fərqli ehtiyaclarını qarşılamağı tələb edir. Uşaqların maraqları çoxşaxəlidir və onların verdiyi suallar psixologiya, pedaqogika, hətta hüquq kimi müxtəlif sahələri əhatə edə bilər. Bu səbəbdən, məktəbəqədər təhsil mütəxəssisləri həm uşaqların sosial-emosional ehtiyaclarını, həm də tədris metodlarını yaxşı bilməli, onların suallarına cavab vermək üçün geniş dünyagörüşünə sahib olmalıdırlar”.
Onun sözlərinə görə, tərbiyəçilərin diaqnostik qiymətləndirilməsi bu baxımdan xüsusi diqqət tələb edir. Hazırda bu proses ilk olaraq test mərhələsində həyata keçirilir, lakin tərbiyəçilərin yalnız nəzəri bilikləri yoxlanılmayacaq:
"Sonrakı müsahibə mərhələsində onların uşaqlarla necə ünsiyyət qurduqları, tədris metodikalarından necə istifadə etdikləri və psixoloji vəziyyətləri də qiymətləndiriləcək. Məsələn, müsahibələrdə psixoloqların iştirakının təmin edilməsi və tərbiyəçilərin psixoloji bacarıqlarının da dəyərləndirilməsi vacibdir, çünki uşaqlarla işləyən mütəxəssisin psixoloji dayanıqlılığı və ünsiyyət bacarıqları çox önəmlidir. Dəyişiklik və islahatlar günümüzün tələbidir. Bu, təhsil siyasətinin inkişaf etdirilməsi və tətbiqi baxımından olduqca əhəmiyyətlidir. Müəllimlərin təcrübəsinin qiymətləndirilməsi, təhsilin keyfiyyətinin artırılması və uşaqların gələcək uğurları üçün möhkəm təməllərin qoyulması cəmiyyətin ümumi inkişafı baxımından vacibdir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər