
İyunun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizov Fransanın Strasburq Universitetində təşkil olunan Yay məktəbində iştirak edəcək tələbələrlə görüşüb.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, görüş zamanı rektor Strasburq Universitetində keçiriləcək Yay məktəbinə qatılacaq ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrini təbrik edib, onlara uğurlar arzulayıb. O, çıxışında Strasburq Universiteti, ADNSU və UFAZ-ın təhsil imkanları barədə məlumat verərək bu kimi beynəlxalq proqramların tələbələrin elmi və şəxsi inkişafında mühüm rol oynadığını vurğulayıb. Rektor həmçinin elmin dərindən mənimsənilməsinin və tədqiqat sahəsinə marağın artırılmasının vacibliyini qeyd edib.
“Bu gün ölkəmizdə, o cümlədən ADNSU-da tədqiqat sahəsinin inkişafına xüsusi diqqət yetirilir və bu istiqamətdə irəliləyiş ildən-ilə daha da sürətlənir. Tələbələrimiz həm ölkə daxilində, həm də xaricdə bu sahəyə önəm verməli, yaradılan imkanlardan maksimum faydalanmağa çalışmalıdırlar,” – deyə dosent Rüfət Əzizov bildirib.
Görüşdə ADNSU-nun Strateji məsələlər üzrə prorektoru, dosent Vazeh Əskərov da çıxış edərək Yay məktəbinin tələbələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, artıq səkkiz ildir tələbələr Strasburq Yay məktəbində iştirak edirlər və bu təcrübə onların gələcək uğurlarına da təsirsiz ötüşmür.
Görüşün sonunda rektor tələbələrin yay məktəbi, təhsil və tədrislə bağlı suallarını cavablandırıb və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, bu il ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın 40 tələbəsi iki həftə ərzində Strasburq Universitetində təşkil olunacaq Yay məktəbində iştirak edəcək. Proqram çərçivəsində dil kursları, danışıq klubları və Strasburq Universitetinin elmi-tədris laboratoriyalarında keçiriləcək dərslər nəzərdə tutulub. Tələbələrin eyni zamanda, Strasburqun muzeylərini və mədəni-tarixi məkanlarını da ziyarət etməsi planlaşdırılır.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər