
Cari ayda Dünya İqtisadi Forumu tərəfindən "Agentik süni intellektin (Aİ) işçi qüvvəsinin transformasiyasına təsiri" adlı məqalə dərc olunub. Məqalədə agentik süni intellektin (Aİ) işçi qüvvəsinin transformasiyasına necə təkan verə biləcəyi, yenidən ixtisaslaşma (reskilling) və mövcud bacarıqların təkmilləşdirilməsi (upskilling) proqramlarının inkişafında rolu araşdırılıb. Eləcə də gələcəyin iş mühitində yaranan yeni imkanlar və çağırışlardan bəhs olunur.
“Azərbaycan müəllimi” xəbər verir ki, məqalə tərcümə edilərək Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin may sayına salınıb.
Məqalədə vurğulanır ki, 2025-2030-cu illər ərzində mövcud bacarıqların təxminən 39%-i yarasız olacaq və ya əhəmiyyətini itirəcək. Əmək bazarında bacarıq qeyri-sabitliyi həm işəgötürənlər, həm də işçilər üçün əsas risk faktorudur. Qeyd olunur ki, işəgötürənlər biznesin inkişafı üçün aktual bacarıqlara ehtiyac duyur. Bundan əlavə, işçilər isə karyera inkişafı və imkanlardan yararlanmaq üçün yeni bacarıqlar əldə etməlidirlər.
Məqalədə qeyd olunur ki, təlim yenidən ixtisaslaşma (reskilling) və mövcud bacarıqların təkmilləşdirilməsi (upskilling) proqramları nəticəsində bacarıq qeyri-sabitliyi 2020-ci ildəki 57%-dən, 2023-cü ildə 44%-ə enib. Bu təlim proqramlarının effektivliyini və əmək bazarının adaptasiya qabiliyyətinin sübutudur. Bu səbəblə də gələcəyin iş mühitində işəgötürənlər bilik əsaslı işçi qüvvəsi formalaşdırmalı və agentik süni intellekt dəstəyi ilə transformasiya strategiyaları tətbiq etməlidirlər. Agentik süni intellekt insan müdaxiləsi olmadan mürəkkəb tapşırıqları yerinə yetirə, qərarlar qəbul edə bilən, təlimat və tarixi bilikləri təbii dildə başa düşən süni intellekt növüdür. Bu texnologiya işçi qüvvəsinin inkişafı üçün fərdiləşdirilmiş təlim proqramlarının hazırlanmasına, bacarıq boşluqlarının müəyyənləşdirilməsinə və işçilərin potensialının maksimum dərəcədə artırılmasına imkan yaradır. Agentik süni intellekt ənənəvi süni intellektdən fərqli olaraq yalnız məlumat emalı və proqnozlaşdırma ilə məhdudlaşmır, həm də müstəqil qərarvermə, məqsədyönlü fəaliyyət və kontekstual uyğunlaşma qabiliyyətinə malikdir. Agentik süni intellektin əsas üstünlükləri aşağıdakılardır:
– Fərdiləşdirilmiş təlim: Agentik süni intellekt fərdi bacarıq səviyyəsini və öyrənmə ehtiyaclarını təhlil edərək hər bir işçi üçün optimal təlim marşrutu təklif edir.
– Bacarıq boşluqlarının analizi: Süni intellekt əsaslı qiymətləndirmə alətləri işçilərdə mövcud və potensial bacarıq boşluqlarını müəyyənləşdirir, onların aradan qaldırılması üçün hədəfli təlimə proqramları hazırlayır.
– Öyrənmə davranışının idarə edilməsi: Agentik süni intellekt öyrənmə prosesində aktiv iştirak və koqnitiv məşğulluğu təşviq edir. Bu da biliklərin daha effektiv mənimsənilməsinə və tətbiqinə səbəb olur.
– İşçi qüvvəsinin strateji idarə edilməsi: İnsan resursları üzrə menecerlər üçün süni intellekt əsaslı analitik alətlər işə qəbul, yüksəliş və rotasiya proseslərini optimallaşdırır.
“EdTech” və agentik süni intellekt sintezi
“EdTech” sektorunda agentik süni intellektin tətbiqi təlim və inkişaf programlarının effektivliyini artırır. Məqalədə qeyd olunur ki, süni intellekt əsaslı platformalar psixometrik və peşəkar qiymətləndirmə vasitələri ilə inteqrasiya olunaraq işçi qüvvəsinin texniki və yumşaq bacarıqlarını balanslaşdırır. Bu yanaşma müəssisələrin strateji məqsədlərinə uyğun, bilik əsaslı və çevik işçi qüvvəsi formalaşdırmasına imkan verir. Bundan əlavə, süni intellekt əsaslı proqnozlaşdırıcı analizlər və rəqəmsal indentifikasiya xidmətləri müəssisələrə gələcək işçi qüvvəsi ehtiyaclarını planlaşdırmaq və istedadın inkişafını izləmək imkanı yaradır. “EdTech” və süni intellekt platformaları ilə əməkdaşlıq, müəssisələrin texnoloji, iqtisadi və sosial dəyişikliklərə daha çevik reaksiya verməsini təmin edir. Gələcəyin iş mühitində insan bacarıqları – liderlik, uyğunlaşma, əməkdaşlıq, motivasiya, empatiya və təsir texnologiya ilə yanaşı, vacib və əhəmiyyətli olacaq. Süni intellekt əsaslı avtomatlaşdırma məhsuldarlığı artırır, gündəlik və təkrarlanan tapşırıqlar da işçilərə vaxt qazandırır. Eyni zamanda, süni intellekt gənc və az təcrübəli işçilərin bacarıqlarını artırır, peşəkarlar üçün isə daha müstəqil iş imkanları yaradır. Məqalədə qeyd olunur ki, ABŞ-də 2026-cı ilə qədər süni intellektin imkanlarından istifadə zamanı məhsuldarlıq artımında həftəyə düşən saat miqdarına əsaslı qənaət edilə bilər. 2030-cu ilə qədər isə uzaqdan iş yerlərinin sayında xeyli artım müşahidə olunacaq. Bu yeni ekosistem işçilərə yer və zaman baxımından daha çox müstəqillik verir.
Agentik süni intellekt bu dəyişikliklərə uyğunlaşmaq və yeni imkanlardan istifadə etmək üçün müəssisələrə kömək edir. Belə ki, süni intellekt agentləri öyrənmə mühitini optimallaşdırır, fərdi öyrənmə yolları təklif edir və bilik boşluqlarını müəyyənləşdirir. Həmçinin məqalədə vurğulanır ki, gələcəyin iş mühitində bilik əsaslı işçi qüvvəsinin formalaşdırılması və ənənəvi idarəetmə yanaşmalarının agentik süni intellekt dəstəyi ilə transformasiyası vacibdir. Agentik süni intellekt fərdiləşdirilmiş və miqyaslana bilən təlim modelləri yaradaraq müəssisələrin dəyişən iş mühitinə uyğunlaşmasına, işçi qüvvəsi üzrə potensialın maksimum dərəcədə reallaşmasına imkan verir.
Məqalədə bu istiqamətdə tövsiyələr də öz əksini tapır:
– Müəssisələr agentik süni intellekt əsaslı təlim və inkişaf proqramlarını tətbiq etməlidir.
– İnsan resursları üzrə strategiyalar fərdi bacarıq inkişafına və ömürboyu öyrənməyə fokuslanmalıdır.
– “EdTech” və süni intellekt platformaları ilə əməkdaşlıq genişləndirilməlidir.
– Bacarıq boşluqlarının müəyyənləşdirilməsi və aradan qaldırılması üçün süni intellekt əsaslı qiymətləndirmə alətlərindən istifadə olunmalıdır.
Mənbə: Sinha, A. (2025, May 9). See why EdTech needs agentic Al for workforce transformation. World Economic Forum. https://www.weforum.org/stories/2025/05/see-why-edtech-needs-agentic-ai-for-workforce-transformation/
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər