
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu alimləri dünyada ilk dəfə olaraq fitoplazmalar arasında növlərarası rekombinasiyanın baş verdiyini müəyyən ediblər.
İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, ölkəmizdə ilk dəfə üzüm bitkisində təhlükəli “Bois noir” xəstəliyinin törədicisi olan “Candidatus Phytoplasma” solani fitoplazma növü aşkarlanıb. Onun genetik müxtəlifliyinin araşdırılması nəticəsində elm üçün yeni dörd genotip qeydə alınıb. Alimlər həmçinin dünyada ilk dəfə “Reptalus noahi” həşərat növünün bu fitoplazmanı yaydığını elmi əsaslarla sübut ediblər.
İnstitutun digər nailiyyətləri sırasında buğda genotiplərinin yeni nəsil genom texnologiyaları ilə stres amillərinə davamlılığının öyrənilməsi, RNAseq və GWAS analizləri əsasında məhsuldar sortların yaradılması, Lider və Yubiley-90 yumşaq buğda sortlarının patentləşdirilməsi, Əbədiyyət-100 və Çıraq-95 sortlarının isə sınaqlarının davam etdirilməsi yer alır. Azərbaycanda ilk dəfə olaraq noxud bitkisində elm üçün yeni nanovirus – “Black medic leaf roll virus” (BMLRV) identifikasiya edilib, həmçinin “faba bean necrotic stunt” virusun Avropada ilk dəfə identifikasiyası həyata keçirilib.
Zəfəranın yeni biotexnoloji çoxaldılma üsulu hazırlanıb, Şirvan-Şahi üzüm sortunun genofondu qorunub və bərpa edilib. Molekulyar-genetik araşdırmalar nəticəsində Azərbaycan populyasiyasının genetik strukturu müəyyən edilib, şəkərli diabet, xərçəng və koronavirus kimi xəstəliklərin molekulyar əsasları öyrənilib. Oksford Universiteti ilə əməkdaşlıq çərçivəsində yoğun bağırsaq xərçəngi üzrə də yeni elmi nəticələr əldə olunub.
Qeyd edək ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu 2016-cı ildə yaradılıb və hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Burada 14 laboratoriyada, o cümlədən 5-i beynəlxalq olmaqla, müasir tədqiqatlar aparılır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər