
Məmməd Araz poeziyası ilə Məhəmmədhüseyn Şəhriyar poeziyasını doğmalaşdıran nə idi? Məmməd Araz jurnalistin “Prezident Şəhriyara yaşamaq üçün ev versəydi, Bakıya gələrdimi?” sualına niyə “yox” cavabı vermişdi?
İki ustad sənətkarın - Seyid Məhəmmədhüseyn Şəhriyarla Məmməd Arazın yaradıcılığına nəzər salanda, fikir süzgəcindən keçirtdikdə onlar arasında qəribə, ilahi sözün yaratdığı mistik bir cazibənin, bağlılığın şahidi oluruq. Bu iki sənət fədaisinin poeziyasını birləşdirən təbiilikdir, səmimilikdir, ruhi bağlılıqdır. Və həm də milli dəyərlərə hörmətin, milli köklərə bağlılığın, milli yaddaşa söykənməklə, ondan güc almaqla millətin işıqlı gələcəyini qurmaq arzusunun, ideyasının təbliğidir.
“Fərariliyin ən bədnam çeşidi - əcdaddan üz çevirməkdir, kökdən, mənşədən, "mən"dən fərar eləməkdir, milli hafizədə, mənəvi yaddaşda (yəni əsəbdə, qanda, kökdə!) "skleroz" olmaqdır. Yaddaşı olmayan ədəbiyyat yalnız yaddaşı olmayan xalqın nəsibidir, siması olmayanın tarixi taleyi, zatı və nəsli, əsli və nəcabəti olmayanın alın yazısıdır. Üfüq, səma, göy daş saxlamadığı kimi, mənəvi və əxlaqi boşluq da yaddaş saxlamır”. M.Şəhriyarın “Heydərbabaya salam”, “Səhəndiyyə” poemalarını, milli yaddaşımızı silkələyən əsərlərini ədəbiyyatşünas alim-tənqidçi Yaşar Qarayevin fikrinin məntiqi davamı kimi də izah etmək olar. Doğma yurd-yuvasına - Şəngülava obasına qayıdan M.Şəhriyarın yaddaşında uşaqlığının, yeniyetməlik dövrünün acılı-şirinli xatirələri bir sinema pərdəsi kimi canlanır, vətənin, millətin tarixinə, qan yaddaşına dönür, şair qələmində milli simfoniyaya çevrilir. “Heydərbabaya salam” poemasını Arazın hər iki tayında yaşayan yurddaşlara sevdirən, doğmalaşdıran millətin ürəyindən keçənlərin öz dillərində ona təqdimidir:
Heydərbaba, Quru gölün qazları,
Gədiklərin sazaq çalan sazları,
Kənd-kövşənin payızları, yazları,
Bir sinema pərdəsidir gözümdə,
Tək oturub seyr edirəm özüm də .
Paralel olaraq M.Araz poeziyasına nəzər yetirək. Eyni hisslər M.Araz poeziyasının da ana xəttini, şeirlərinin mayasını təşkil edir. “Ata ocağı” şerinin əsas leytmotivi milli qeyrətə söykənən təəssübkeşlik, onun millətin sabahı üçün keçirdiyi narahatlıq hissidir:
Babandan qalıbdır bu ocaq bizə,
Bir ocaq sönəndə bir tifaq itir.
Bir ocaq söngüsü qeyrətimizə
Bir düşmən nəslinin qəhqəhəsidir.
Milli ruhun, milli şüurun əsasını milli dil təşkil etdiyindən M.Şəhriyar yaradıcılığında ana dilin, doğma dilin təbliğinə geniş yer verir, türk dilini sevə-sevə tərənnüm və təbliğ edir:
Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.
M.Araz da eynən bu müqəddəs qayəni təbliğ edərək doğma dillərini bəyənməyənlərə səslənərək yazırdı:
Dilimin ətrindən dili kallaşan,
Təzə dil axtaran dillərdən qorun.
Dünənki tarixi bugünkü daşa
Yamayıb, basdıran əllərdən qorun
M.Şəhriyar poeziyasının Məmməd Araz yaradıcılığına mənəvi təsiri sözsüz ki, səbəbsiz deyildi. Xatırlayaq ki, XX əsrin ikinci yarısında M.Şəhriyarın məşhur “ Heydərbabaya salam” əsəri bütün türk dünyasında ən oxunaqlı əsərlərdən biri idi, ona yazılan nəzirələrin sayı-hesabı yox idi, hər yerdə müzakirəsi gedirdi. Arazın bu tayında – Şimali Azərbaycanda M.Şəhriyarın tanıdığı, şeirləşdiyi şairlər, ədəbiyyatşünas alimlər də kifayət qədər idi. M.Rahim, S.Rüstəm, B.Vahabzadə, N.Xəzri, H.Billuri, Ə.Tudə, R.Əliyev və s. Bu siyahıya yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında yeni bir səhifə açmağa çalışan M.Araz da daxil idi. M.Arazın verdiyi müsahibələr, ona həsr etdiyi şeirlər, əsərlərində Şəhriyarla bağlı etdiyi qeydlər şairin Şəhriyar poeziyasına bağlılığını, Şəhriyar qələminə məhəbbətini göstərir.
M.Arazın 1967-ci ildə Azərbaycan ədəbiyyatının klassiklərindən olan M.Vaqifin anadan olmasının 250 illiyi ilə bayram edildiyi bir gündə, bayramın son saatında M.Şəhriyara həsr etdiyi şeirinə diqqət edək:
Baxışlar asıldı təyyarələrdən,
Ümidlər yollara sərili qaldı.
Bu ağır xəbərdən, bu nəhs xəbərdən,
Güllər güllüklərdə dərili qaldı.
Şəhriyar gəlmədi...
M.Araz sonradan “Şəhriyar gəlmədi “ şerinin yazılmasına belə aydınlıq gətirəcəkdi: “Bu şeir çoxdan – böyük Vaqifın anadan olmasının 250 illiyini bayram etdiyimiz ildə, son təntənə günündə, bir axşamda yazılıb. O vaxt xalqımızın bu boyük bayramına ustad Şəhriyarı da dəvət eləmişdik. Lakin o zamankı şahlıq üsul-idarəsi Azərbaycanın işığını, böyük nailiyyətlərini Şəhriyarın görməsini istəmədi, onun gəlməsinə mane oldu”.
M.Şəhriyarın Azərbaycana hansı səbəblərdən gəlməməsi, hər iki tərəfdən kimlərin bu işə mane olmaları ədəbiyyatımızda hələ ki, tabu kimi saxlanılır. Nə vaxta qədər? və niyəsini açıqlamaq isə hələ ki, imkanımız xaricindədir. Amma böyük söz ustadının həsrətində olduğu Şimali Azərbaycana gəlişinin əngəllənməsi M.Şəhriyarın gəlişini səbirsizliklə gözləyən bütün şəhriyarsevərləri, o cümlədən, M.Arazı da qəlbən sarsıtmışdı:
Əslində şairin Vətəni dünya,
Əslində şairin söz məni dünya.
Əslində şairə sədd qoyan naşı
Çıxır bu dünyanın özünə qarşı,
Ağ olur yaranış qanunlarına,
Ağ olur fırlanan qanunlarına…
Hər nə söyləsək də, həqiqət budu:
Onu görməyimiz çox müşkül oldu...
M.Araz jurnalistlərə verdiyi müsahibələrin birində Seyid Məhəmmədhüseyn Şəhriyara olan böyük, ülvi sevgisindən belə dilə gətirib: “Ustad ömrünün sonunadək Vətəndən vətənə həsrət körpüsünü keçə bilmədi. Üz-üzə, göz-gözə görüşməsək də qəlbimin hərarəti, ürək döyüntülərim - şerlərim Şəhriyarla görüşüb, ona məndən tez yetib. İndi eşitdikcə ki, misra-misra şerlərimi dinlədikcə ustad nisgil-nisgil göz yaşları axıdıb, ürəkdən kövrəldim. Bu gün Şəhriyarın şeir-sənət qaynağından su içən onlarca gənc şair var. “Heydərbabaya salam” silsilə şerləri yaranıb”
Bu şeirlər içərisində şair M.Arazın yazdığıqlarının da öz yeri var:
Heydərbaba, görəmmədin bu günü,
Qayaların çağıraydı bu ünü,
Yasa döndü bir millətin düyünü,
Korun-korun ürək yanar, göz ağlar,
Kəlmə kəssək, dilimizdə söz ağlar ...
M.Şəhriyarla M.Araz yaradıcılığını birləşdirən oxşar cəhətlərdən biri də hər iki şairin Azərbaycanın bütövlüyü üçün çəkdiyi iztirab, Araz niskili idi. Ustad Şəhriyarın S.Rüstəmə ithafən yazdığı şeirlərdə sanki Araz çayı yox, vətən həsrəti axır:
Göz yaşımsan, ay Araz, qoyma gözüm baxsa da görsün,
Nə yaman pərdə çəkibsən iki qardaş arasında!
Demə dağ-daşdı, Süleyman, səni məndən ayıran şey,
Bir çibandır ki, çıxıbdır göz ilə qaş arasında...
“Taleyimi Araza bağladığım gündən Araz dərdi poeziyamın şah damarına çevrilib. İmperiya zəncirlərinə əsir düşmüş Arazın bu tayında-qədim Naxçıvanda dünyaya göz açmışam. Ağlım kəsəndən də Araz dərdi dərdimə çevrilib. “Arazın işıqları”, “Bu gecə yuxumda Arazı gördüm”, “Yenə Arazı gördüm”, “Mövzularım tükənəndə...” və s. “Araz axır” poeması hələ 60-cı illərdə yazılıb”
Avropa, xəritəndə
Bu rəng çay yoxdu, axı!
Şırım-şırım sinəndən
Nə qanlı çaylar axır!
Məmməd Araz poeziyasında Araz dərdi, niskili milli istiqlal və bütövlük ideyalarına xidmət edir. Bu mövzuda yazdığı şeirlər şair üçün vətən tarixinin bir salnaməsidir:
...Araz deyəndə mən,
Yalnız çay düşünmürəm.
O, tarixdir, baxıram...
Və yaxud:
Bu gecə yuxumda Arazı gördüm…
Arazı bəxtindən çox razı gördüm.
Üstündən yol atdı: “Cəsarətlə keç!”
Dedi: ...Cəsarət üstümdə şahə qalxmasa,
Təbriz itirəcək Təbrizliyini.
M.Araz poeziyasını tədqiq edən ədəbiyyatşünas alim Ramiz Qasımov şairin yaradıcılığına məhz bu amilləri yüksək qiymətləndirir: “Mən Arazın səsiyəm" deyən şair, Araz mövzusu ilə Azərbaycanın parçalanma tarixinə nəzər saldığı kimi, onun birləşəcəyi ümidlərini də bir ideya, ideal olaraq yaşatmağa nail oldu. O, həm də buna görə böyük vətəndaş-şairdir ki, Araza həsr olunan əsərlərində Azərbaycan sözünü işlətmədən belə, azərbaycançılıq məfkurəsini əks etdirməyə nail olub”.
Məmməd Araz Şəhriyar şəxsiyyətinin böyüklüyünə, kamilliyinə, mənən zənginliyinə bütün yaradıcılığı, fəaliyyəti boyu dərin hörmətlə yanaşıb. Jurnalist Teymur Mahmudluya verdiyi müsahibədə bu dəyərin böyüklüyü aydın gözə çarpır: “Söhbət əsnasında Məmməd Arazdan soruşuram ki, nə fikirləşirsiniz, əgər Şəhriyar sağ olsaydı və Prezident Şəhriyara yaşamaq üçün ev versəydi, Bakıya gələrdimi? Cavab verir ki, gəlməzdi. O, Təbrizi çox sevirdi. Ona birmərtəbəli yapalaq evi dünyanın bütün evlərindən əziz idi. Sonra mənə Naxçıvandan keçməklə Təbrizə getməyindən danışır. Şəhriyarın kasıb və sadə evini, qəbrini ziyarət eləməyindən danışır. Təbriz küçələrində fars şovinistlərinin qorxusundan adamların ona necə ehtiyatla yanaşmasından danışır”.
M.Şəhriyar “Heydərbabaya salam” poemasında dağla salamlaşıb dərd-qəm yükünü paylaşanda, həm də onunla vidalaşır ki, bəlkə də taleyinin güzarından bir də bu yerlərə yolu düşmədi:
Çox şükrü var, yenə gəldik, görüşdük,
İtənlərdən, bitənlərdən soruşduq,
Küsüşmüşdük, Allah qoysa, barışdıq,
Bir də görüş qismət ola, olmaya,
Ömürlərdə fürsət ola, olmaya...
M.Arazın “Əlvida, dağlar” şerinə diqqət edəndə “Heydərbabaya salam”ın təsirini, M.Şəhriyar duyumunu açıq-aydın hiss edirik. Bu təsirlərdə üst-üstə düşən məqamlarsa hər iki sənətkarda doğma yurd yerlərinə olan sevgidir, bağlılıqdır, onu itirmək qorxusudur:
Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan, salamat qal, ax - salamat qal!
Xatırladaq ki, M.Şəhriyara ithafən yazılmış şerləri birləşdirən bir amal var – ustad sənətkara ilahi məhəbbət, sənətinə sonsuz hörmət, ehtiram. M. Araz da bu amala sadiq qalır. Ustad Şəhriyara ithafən yazdığı “Qalır hələ” şeirində Azərbaycanın bütövlüyü probleminin ağrısını onunla bölüşür:
Bir ölkə var - özü boyda bir körükdür,
Həqiqəti dil ucuna hörüklüdür.
Çoxu zülmət suvağını söküb, gülür,
Heydər babam, Savalanım qalır hələ.
Məhəmmədhüseyn Şəhriyarın “Azərbaycan” şeiri yaradıcılığının şah əsərlərindən hesab olunur. Fars dilində yazılmasına baxmayaraq şeirə əsl milli ruh, azərbaycançılıq ideyası, bir millət fədaisinin vətənini bütöv görmək arzusu xasdır. Şəhriyarşünas alim Elman Quliyev “Şəhriyar poeziyası və milli təkamül” kitabında bu əsərin ustad sənətkarın yaradıcılığındakı yerini yüksək qiymətləndirərək yazır: “Şair ictimai-siyasi məsələlərin bütün dərinliklərinə nüfuz edərək milləti bəlalardan qurtara biləcək çarə kimi xalq obrazına daha üstünlük vermiş və şeirlərində bu məsələləri dönə-dönə əks etdirmişdir. “Azərbaycan” şeirində də eyni məntiqin davamı kimi , Azərbaycan xitabı altında xalq birliyini,xalq gücünü əsas götürür və ümidlərinin doğrulacağı yəqinliyi ilə fikirlərini belə tamamlayır:
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarında kül ələndi başımıza,
Dur ayağa!Ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın vətən harayı M.Arazın “Ayağa dur, Azərbaycan” şeirində sanki əks-səda verir. M.Şəhriyarın “Azərbaycan” şeiri ilə M.Arazın “Ayağa dur, Azərbaycan” şeirlərini birləşdirən ümumi cəhətlərə gəlincə isə, bunlar üsyankarlıq motivləri, vətənin sabahı üçün keçirilən narahatlıq hissləri, millətin birliyinə çağırış nidasıdır:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi belə billik!
Səndən qeyri biz hamımız ölə billik!
Şəhriyarın millət harayı M.Arazın sanki köksünü parçalayır, yaxasından tutub silkələyir, hayqırtı, dəli nərə kimi səslənir, əks-səda verir:
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey yaradan, səninləyəm!
Şair Məmməd İsmayıl “Məhəmmədhüseyn Şəhriyar şeirinin Azərbaycanın azadlıq mübarizəsindəki rolu” məqaləsində yazırdı: “Azərbaycan türklüyünün özünə dönüşünün ən böyük amillərindən biri də heç şübhəsiz Şəhriyar sənətidir. Misralarının alt qatlarına, ta qədimlərdən gələn bir torpaq, ana südü, millət, ənənə və adət qoxusu çökmüşdür. Onlardan dünyaya bir milli birlik ruhu yayılmaqdadır. Bu ruh köhnə dünyanın əskiyə bürünmüş yepyeni bir canlanması idi. Bu Tanrıdan enib gələn dağ ruhu, Heydərbaba ruhu idi”.
Burda düşən karvan çatıb köçübdü,
Ayrılığın şərbətini içibdi,
Ömrümüzün köçü burdan keçibdi,
Keçib gedib gedər-gəlməz yollara,
Tozu qonub bu daşlara, kollara.
Şairlər millətin danışan dili, yaratdılqarı əsərlər isə nəsilləri bir-birinə bağlayan söz kəməndidir. Görkəmli tənqidçi alim professor Yaşar Qarayevin təbirincə desək: “...Həqiqətən yaddaş - ağrı səviyyəsində dərk olunmuş vəhdət və bütövlüyün özüdür. Yalnız yaddaş olan yerdə tamlıq var, əsrlər və nəsillər arasında bağlılıq var”. Bu mənada ölməz söz ustadları Seyid Məhəmmədhüseyn Şəhriyar ilə Məmməd Arazın poeziyasını Azərbaycan xalqının tarixi söz yaddaşı, milli ruh xəzinəsi, o taylı, bu taylı Azərbaycanın milli bütövlüyünə hesablanmış söz sipəri də adlandırmaq olar. Millətimizin milli yaddaşı belə sənət dahilərinin əli ilə yaradılır, nəqşlənir, söz, poeziya dili ilə nəsildən-nəslə ötürülür.
Biz hər iki şairin ictimai-siyasi məna daşıyan, vətənin milli birliyini təbliğ edən, vahid Azərbaycan ideyasını dəstəkləyən, milli ruh, milli yaddaş, milli şüur və onun əsas amili olan milli dili, azərbaycançılığı tərənnüm edən əsərlərini gözdən keçirtdikdə alınan nəticə bu oldu ki, M.Şəhriyar və M.Araz poeziyası bu günümüz üçün də aktuallığını saxlayır, zamanla tam səsləşir, bədii və ictimai dəyərini nəinki itirmir, əksinə, qloballaşan dünyamızda milli yaddaş amilinin necə vacib olduğunu bir daha önə çəkir, xatırladır, gen yaddaşımızı oyadır, həyəcan təbili çalır. Sən kimsən, kökün kimdir, yolun hayanadır, məqsədin, məramın nədir? - suallarını yaradır. Və bu suallardan narahat olmayan, cavab tapmayan millətlər tarixin zaman sınağından çətin ki, adlaya bilə. M.Şəhriyarla M.Arazın millətdaşlarına aşılamaq istədiyi əlahəzrət həqiqət də budur!
Esmira İsmayılova,
Filologiya üzrə fəlsəfə doktoru
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər