
Böyük maarifçilik ideyaları hər zaman cəmiyyətin tərəqqisində əsas hərəkətverici qüvvə olmuşdur. Təhsil ocaqlarında hər bir müəllim tək bilik verən yox, həm də gənc nəslin dünyagörüşünü, dəyərlər sistemini formalaşdıran maarifçi missiyasını daşıyır. Xüsusilə Azərbaycan dili və ədəbiyyat fənni bu baxımdan əvəzsiz imkanlara malikdir. Ədəbiyyat vasitəsilə şagirdlər həm milli-mənəvi dəyərlərimizi dərindən mənimsəyir, həm də əsərlərin təhlili, müqayisəsi və hadisələrə müstəqil qərar vermə bacarıqlarını inkişaf etdirirlər. Maarifçilik, əslində, şagirdlərə pisi yaxşıdan ayırd etməyi öyrətmək, onlarda həyati məsələlərə dərindən yanaşma tərzini aşılamaq deməkdir. Müəllim bugünkü mürəkkəb informasiya axınında gənclərin ideoloji maariflənməsində rəhbər rolunu oynayaraq, onların düzgün həyat yolunu seçməsinə kömək edir.
“Azərbaycan müəllimi” olaraq ölkəmizin ilk təhsil ocaqlarından olan Şəki şəhər 5 nömrəli tam orta məktəbində 25 illik pedaqoji fəaliyyəti olan Azərbaycan dili və ədəbiyyat müəllimi Ləman Abdullayeva ilə həmsöhbət olduq. Söhbət zamanı “Şagirdlərlə təhlil, müqayisə və müstəqil qərar qəbul etmə bacarıqlarının yaradılmasında ədəbiyyat fənninin imkanları” mövzusundan danışdıq.

Maarifçilik ideyalarını hər zaman fəaliyyətinin əsasında tutan L.Abdullayeva 25 illik müəllim ömründə daim axtarışda olaraq, öyrənərək öyrətməyi özünə hədəf seçib. Onun “Azərbaycan müəllimi” qəzetində “Təhsil siyasətinə maarifçi və mesenatların dəstəyi” və müzakirə mövzusuna həsr olunmuş məqalələri işıq üzü görüb.
Dahi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş müəllimlər arasında keçirilən “Nəsimi haqqında düşüncələrim” inşa yazı müsabiqəsində birinci yerin qalibi olub. ATİAHİ-nin (Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı) Şəki rayon Komitəsinin yaranmasının 100 illiyi münasibətilə keçirilən inşa müsabiqəsində ikinci yerə layiq görülüb.
Müasir nəslə təkcə danışıqla dərs keçmək olmaz
Ləman müəllim 20 il əvvəl dərs dediyi şagirdlərlə indiki nəsil arasında böyük fərqin olduğunu qeyd edir: “İndiki nəsil daha çox bilir, sual verir, öyrənməyə meyil edir. Müəllim sinfə dərsə girəndə onların suallarını sadə danışıqla deyil, daha dərindən mənimsəmələri üçün mövzu üzərində düşünmə, qərar qəbul etmə bacarıqlarını formalaşdırmağa dəstək olmalıdır. Müasir dövrün şagirdləri daha dünyagörüşlüdür. İnternetin olduğu bir dövrdə onları nəyəsə inandırmaq çətindir”.
Dilimiz zənginləşir, metodlarımız dəyişməlidir
“Azərbaycan dilinin qanunauyğunluqları durmadan dəyişir, yeni sözlər dilə daxil olur. Neologizmlərin hesabına dilimiz zənginləşir. Belə olduğu təqdirdə, dərsdə verdiyimiz sualların forması da dəyişməlidir. Biz dərsləri daha çox həyatla əlaqələndirməliyik. Kurikulumdan istifadə edərək həyatla əlaqəli suallarla interaktiv dərs keçmək daha məqsədəuyğundur. Yoxsa yeni nəsli öyrətmək getdikcə çətinləşər. Əgər müəllim axtarışda olub yeni biliklərlə dərsə gəlməsə, müasir şagirdin maraq dairəsini cəlb edə bilməz”.
Şagirdə pislə yaxşını ayırd etməyi aşılamaq lazımdır
“Müəllimin ən böyük maarifçilik missiyası gənc nəslin ideoloji maariflənməsinə dəstək olmaqdır. Bu günün şagirdi məlumat bolluğu içində yaşayır. Onlar təkcə biliyi məktəbdən almırlar; cəmiyyətdəki neqativlikləri də internet vasitəsilə görürlər. Bizim əsas vəzifəmiz bu mürəkkəb informasiya axınında onlara pislə yaxşını ayırd etməyi öyrətməkdir. Bunun üçün biz müasir texnologiyalardan - mətnlərin səsli verilməsi, sualların internet vasitəsilə araşdırılması və daha sonra onların müzakirəsindən istifadə etməliyik. Şagirdlər bu proseslərə cəlb edildikcə onlarda həm liderlik, həm də kommunikasiya bacarıqları formalaşır. Bir müəllim fənnini çox yaxşı bilə bilər, lakin yüksək ünsiyyət bacarığı yoxdursa, tədris prosesində ciddi boşluqlar yaranır. Maarifçilik, əslində, şagirdin həyat yolunda ideoloji dəstəkçisi olmaqdır”.
Virtual səyahət və interaktiv dərs metodları
Ləman müəllim şagirdlərin ədəbiyyata marağını artırmaq üçün qeyri-adi bir təcrübəyə imza atıb. O, Təbriz şəhəri ilə əlaqə yaradaraq şagirdlərinin Məhəmmədhüseyn Şəhriyarın ev-muzeyinə virtual səyahətini təşkil edib.
O deyir: “Bu maraqlı virtual sərgini təşkil etmək asan olmadı. Amma nəticəsi şagirdlərimin maraq dolu sualları oldu. Bu suallar bizi mövzunu daha dərindən araşdırmağa sövq etdi və “açıq dərs”lərimdə təkrar bu mövzuya yer ayırdım. Düşünürəm ki, müəllim hər zaman yenilikçi olmalı, fənnini şagirdlərə müxtəlif üsullarla sevdirməyi bacarmalıdır”.

Müəllim həm pedaqoq, həm də valideyn olmalıdır
O, müəllim-şagird münasibətlərində sevgini və səbri əsas tutur. “Müəllimlik həm də sevmək peşəsidir. 25 illik fəaliyyətimdə qarşımdakı şagirdi anlamağa çalışır, onlara sevgi ilə yanaşıram. İndiki şagirdlərdə aqressiya yaratmaq çox asandır. Müəllim hər şagirdə həm müəllim, həm də valideyn kimi yanaşmalıdır. Müəllimin səbri tükənməz olmalıdır. Mənə peşə sevgisini müəllimlərim aşılayıb, mən də bu sevgini şagirdlərimə ötürməyi özümə borc bilirəm”.
Valideyn-şagird-müəllim üçbucağında müəllimin rolu
“Mən düşünürəm ki, valideyn-şagird-müəllim üçbucağı hər zaman aktiv olmalıdır. Valideyn də anlamalıdır ki, yeni nəsil formalaşır. Və bu nəsil bizim dövrümüzdən daha güclü və dinamik inkişafa meyillidir. Valideyn müəllimlə birgə, daim şagirdlə maraqlanmalıdır. Biz, əslində, şagirdlərin gələcəyini formalaşdırırıqsa, bunu hərtərəfli etməliyik. Bəzən valideynlər səbirsiz olur, övladlarına düzgün yanaşma metodunu seçə bilmir. Müəllimlər bu keyfiyyətləri özündə daşımalı, hər şagirdə həm müəllim, həm də valideyn kimi yanaşmalıdır. Belə olduqda şagirdlərin uğurları da qaçılmaz olur. Mən həmişə qeyd edirəm ki, valideyn şagirdin həyatında nə qədər önəmlidirsə, müəllim də o qədər önəmlidir. Müəllimin rolu şagirdin həyatında əvəzolunmazdır. İnanıram ki, süni intellekt və İKT bu hissləri və duyğuları əvəz edə bilməz. Müəllimlik peşəsi dünya durduqca yaşayacaq, çünki bu, insana toxunmaq, onu sevmək və yönləndirmək peşəsidir”.
"Hər kənddə, hər şəhərdə, sənin meyvələrin var!"
“Müəllimin zəhmətinin əsl bəhrəsi nədir? Mənim üçün bu, tək dərs öyrətmək deyil, şagirdlərimin uğurlarıdır. Onların ali təhsil müəssisələrinə, xüsusilə də xarici ölkələrin nüfuzlu ali məktəblərinə qəbul olması həqiqətən qürurvericidir. Mən düşünürəm ki, müəllimin bəhrəsi də məhz budur – şagirdləri ilə qürur duymaq, fəxr etmək. Onların həyatda öz yerlərini tapması, peşəkar kimi yetişməsi mənim 25 illik əməyimin qiymətidir.
Hətta xarici ölkədə olarkən dərs dediyim şagirdlərdən biri ilə qarşılaşdım. O an Bəxtiyar Vahabzadənin o misraları yadıma düşdü: “Hər kənddə, hər şəhərdə sənin meyvələrin var!”. Bu misralar müəllim üçün ən böyük xoşbəxtliyin və mənəvi zənginliyin ifadəsidir. Hər şagird mənim üçün bir meyvədir, bir uğurdur. Onlar yetişdikcə, böyüdükcə mən də özümü həmişə xoşbəxt və peşəmdə tam hiss edirəm. Bu hisslər müəllimə yeni dərslər qurmaq, yeni biliklər öyrənmək üçün tükənməz enerji verir”.
Ləman müəllimlə söhbətimiz bir daha təsdiq etdi ki, müəllim tək pedaqoq deyil, həm də cəmiyyətin mənəvi təməlini qoyan maarifçidir. Onun 25 illik fəaliyyəti sübut edir ki, səbir, sevgi, daimi axtarış və yenilikçilik müasir dövrün çətinliklərində belə müəllimlik missiyasını uğurla yerinə yetirməyin açarıdır. Müəllimin rolu şagirdin gələcəyini hərtərəfli formalaşdıran əvəzolunmaz bir dəstəkdir. Ləman müəllim kimi fədakar insanlar sayəsində yetişən nəsil, şübhəsiz ki, hər zaman düzgün istiqamətə yönələcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər