.jpg)
“Məktəbəqədər təhsil müəssisələrinin nazirliyin tabeliyinə verilmə müddətinə baxsaq, görərik ki, o vaxtlar cəmi 16 faiz uşaq bağçaya gedirdi. İnsanlar bəlkə də əvvəl bağçalara çox fikir vermirdilər. Amma son 3 il ərzində bir çox işlər görülüb. “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, artıq 2025-ci ilin əvvəlində uşaqların məktəbəqədər təhsil müəssisəsinə cəlb olunması 38 faizə qalxıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu İTV-nin “Sabaha saxlamayaq” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova səsləndirib.
O bildirib ki, bu, bir neçə yolla baş verir. Birincisi, bu proses ümumtəhsil məktəblərin nəzdində olan məktəbəhazırlıq qrupları vasitəsilə həyata keçirilir: “85 min uşaq məktəbəhazırlıq qrupuna bir il də olsa, gedir. 20 minə yaxın uşaq icma əsaslı qruplara cəlb edilib. Bu icma əsaslı qruplar da yenə ümumtəhsil məktəblərinin nəzdindədir və 3-4 yaşlı uşaqları əhatə edir. Bizim 1667 dövlət bağçamız var, bu da təxminən 119 min uşağı əhatə edir. Amma ötən ildən başlayaraq, bu sahədə dövlət-özəl tərəfdaşlığına start verildi. Bunun çərçivəsində 157 özəl bağçaya qəbul üçün qrant müsabiqəsi elan olundu və xidmət haqqının bir hissəsini dövlət öz üzərinə götürdü, 250 manatı dövlət ödəyir, qalan hissəni valideyn qarşılayır. Bununla bərabər, 1500 uşağın həmin özəl müəssisələrə getməsi təmin olundu”.
İlahə Rəsulova qeyd edib ki, mütəmadi olaraq monitorinqlər aparılır: “Monitorinqlər zamanı görürük ki, xüsusilə region, kənd bağçalarında uşaqlar yoxdur. Bunun bir çox səbəbləri ola bilər: ya valideyn uşağını bağçaya göndərmək istəmir, ya da köçlə bağlı səbəblər var. Biz çox vaxt qrupları optimallaşdırırıq, yəni həmin qrupları birləşdirir və ya bağlayırıq. Çünki elə qruplar olur ki, orada ya uşaq olmur, ya da cəmi 1-2 uşaq olur. O zaman biz onları icma əsaslı qruplara cəlb edirik ki, uşaq ən azından geridə qalmasın. Onun hesabına daha çox növbəsi olan bağçalarda yeni qruplar açırıq. Bunun nəticəsində 2024-2025-ci tədris ilində 34 yeni qrup açıldı. Növbəti mərhələ bu il baş verəcək – daha 32 qrup açılacaq ki, bununla da təxminən 500-600 uşağın məktəbəqədər təhsillə əhatə olunacağı gözlənilir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər