Bütün xəbərlər
2 iyun, 17:51

OECD tərəfındən "Litvada keyfiyyətli peşə və ali təhsilin təmin edilməsi" hesabatı hazırlanıb. Hesabat Litvada ali təhsil və peşə təhsili sahəsində keyfıyyətin artırılması istiqamətində son illərdə həyata keçirilən siyasətləri və mövcud çağırışları təhlil edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin may sayında hesabatdan çıxarışlara yer verilib.

Hesabatda bildirilir ki, Litva hökuməti xarici qiymətləndirmə və keyfiyyət təminatı sistemlərini gücləndirmək məqsədilə bir sıra mühüm islahatlar həyata keçirib. Məsələn, Peşə Təhsili və Təlimi İnkişaf Mərkəzinə (KPMPC) bütün rəsmi peşə təlimi təminatçılarının keyfiyyətinin dövri yoxlanılması tapşırılıb. Eyni zamanda, Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzi (SKVC) isə öz qiymətləndirmə metodologiyasını yeniləyib. Bundan əlavə, ali təhsildə performans əsaslı maliyyələşmə mexanizmi tətbiq olunub. Bununla yanaşı, tələb olunan bacarıq sahələrində peşə təhsilindən ali təhsilə keçidi asanlaşdırmaq üçün qısa dövr proqramları yaradılmışdır. Həmçinin hesabat Litvada ali və peşə təhsili sistemlərində ciddi struktur problemlərin davam etdiyini vurğulayır. 2023/2024 tədris ili üzrə məlumatlara əsasən Litvada 44 dövlət peşə təhsili müəssisəsi və 35 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Əsas problemlərdən biri təhsil proqramlarının sərt tənzimlənməsidir. Habelə mövcud qanunvericilik akademik heyətin proqram dizaynında çevikliyini məhdudlaşdırır, bu da əmək bazarının və cəmiyyətin dəyişən ehtiyaclarına uyğunlaşmasını çətinləşdirir. 

Hesabat Litvanın yeni rəqəmsal təhsil formatlarının və mikrokvalifikasiyaların inkişafı üçün normativ baryerləri aradan qaldırmasının vacibliyini qeyd edir. Bundan əlavə, Litvada tələbə başına düşən təhsil xərcləri beynəlxalq standartlarla müqayisədə aşağıdır. Eyni zamanda, tələbə sayı isə son 10 ildə əhəmiyyətli dərəcədə azalıb. Tələbə bazasının kiçilməsi regional qeyri-bərabərlikləri artırır və bəzi bölgələrdə təhsil müəssisələrinin bağlanmasına səbəb olur. Digər tərəfdən isə işçi qüvvəsinin təxminən 60%-nin iş yerinə görə həddən artıq yüksəkixtisaslı olması təhsil və əmək bazarı arasında uyğunsuzluq yaradır. 

Keyfiyyət təminatı sistemləri sahəsində də ciddi boşluqlar mövcuddur. SKVC və KPMPC tərəfındən həyata keçirilən xarici qiymətləndirmələr əsasən uyğunluğun yoxlanılmasına yönəlir və inkişafı təşviq edən mexanizmlər zəifdir. Məsələn, hazırkı peşə təlimi proqramlarında iş yerində öyrənmə komponentləri beynəlxalq standartlarla müqayisədə kifayət qədər strukturlaşdırılmayıb. Habelə iş yerlərində təcrübənin keyfiyyətinə dair sistemli monitorinq aparılmır. Bu da praktik bacarıqların zəif formalaşmasına səbəb olur. Hesabat peşəkar standartların müasir tələblərə uyğunlaşdırılmasının və əmək bazarına inteqrasiyanın gücləndirilməsinin zəruri olduğunu vurğulayır. Həmçinin pedaqoji bacarıqların inkişafı sahəsində də ciddi çatışmazlıqlar mövcuddur. Bir çox peşə təlimi və ali təhsil müəssisələrinin daxili keyfıyyət idarəetmə sistemləri yenicə qurulub. Buna baxmayaraq, müəllim heyətinin peşəkar inkişafını dəstəkləyən resurslar kifayət qədər deyil. Ali təhsildə isə pedaqoji mükəmməlliyi təşviq edən milli təşəbbüslərin təsiri zəifdir. 

Hesabat Litvada bütün ali təhsil müəssisələri üçün ümumi pedaqoji kvalifikasiya sisteminin yaradılmasını, tədris və öyrənmə sahəsində mükəmməllik mərkəzlərinin formalaşdırılmasını tövsiyə edir. Bundan başqa, hesabatda sistem səviyyəsində peşə təlimi və ali təhsil sektoru arasında əməkdaşlığın zəifliyi, proqramların uyğunsuzluğu kimi problemləri və dövlət maliyyələşmə mexanizmlərinin koordinasiyasızlığı qeyd edilir. Vurğulanır ki, hökumət hər il dövlət hesabına maliyyələşdirilən təhsil yerlərinin sayını müəyyən edir. Lakin bu qərarlar kifayət qədər əmək bazarı təhlili məlumatlarına əsaslanmır. 

OECD hesabatı Litvaya bir sıra konkret tövsiyələr təqdim edir. Bunlara normativ baryerlərin aradan qaldırılması, risk əsaslı keyfiyyət monitorinq sisteminin qurulması, peşə təhsilində iş yerində təlimlərin keyfiyyətinin artırılması, pedaqoji bacarıqların inkişafı üçün milli ekosistemin yaradılması və daha güclü sistem səviyyəli məlumatların toplanması daxildir. Həmçinin Litvaya peşə təlimi və ali təhsil sektorları arasında ortaq strategiya formalaşdırmaq, təhsil yollarını bir-birinə daha sıx bağlamaq tövsiyə olunur. Nəticədə Litva ali və peşə təhsili sahəsində mühüm islahatlar həyata keçirmişdir. Lakin təhsil sistemlərinin səmərəliliyinin artırılması, tədris keyfıyyətinin davamlı inkişaf etdirilməsi üçün kompleks və koordinasiyalı tədbirlərə ehtiyac var. Əgər hesabatda təqdim olunan yol xəritəsi ardıcıl şəkildə icra olunarsa, Litva təhsil sistemini daha çevik, əmək bazarına uyğun və beynəlxalq rəqabətədavamlı hala gətirə bilər.

Mənbə: OECD (2025), Ensuring Quality Vocational and Higher Education in Lithuania, Higher Education, OECD, Paris Cedex 16, https://doi.org/10.1787/7a0131cf-en

Şərhlər

Xəbər lenti

24 iyun, 18:18

Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında iştirak edib

24 iyun, 18:14

İmtahanın dördüncü günü – Kimya-biologiya müəllimlərindən yüksək nəticə

24 iyun, 17:45

Hazırlıq və məsuliyyət uğurun əsas şərtləridir” – Maksimum bal toplayan müəllim

24 iyun, 17:42

Nazir: Bizdə müəllimlik yarımştat işdir, bunu dəyişməyə çalışırıq

24 iyun, 17:41

İdarəetmənin qeyri-mərkəzləşdirilmiş formaya keçidi üçün işlər aparılır – Nazir

24 iyun, 17:28

“Sertifikatlaşdırma ailə büdcəmizə də müsbət təsir göstərəcək” – Naxçıvanda imtahandan uğurla keçənlər 

24 iyun, 17:23

“Xüsusi təhsilə yanaşma çox köhnədir” – Nazir

24 iyun, 17:23

Nazir: Məktəbəqədər təhsillə bağlı keyfiyyət problemimiz var

24 iyun, 16:58

60 bal topladı – Region birincisi oldu

24 iyun, 16:45

“Uğur çalışana qismət olur” – İmtahanda 60 bal toplayan müəllim

24 iyun, 16:45

“İmtahanın daha çətin olacağını düşünürdüm” – Sertifikatlaşdırmadan keçənlərin təəssüratları

24 iyun, 16:41

Emin Əmrullayev: Məktəblərdə Çin dilini tədris etmək istəyirik

24 iyun, 16:33

AzTU-da “Məzun günü-2025” tədbiri keçirilib

24 iyun, 16:16

Region birincisi: Müəllimlər məktəb dərsliklərini mükəmməl bilsələr, kifayət edir

24 iyun, 16:11

Kənd məktəbinin müəllimi Naxçıvan üzrə birinci oldu

24 iyun, 16:09

AzMİU-da dünya alimləri inşaatın müasir problemlərini müzakirə etdilər

24 iyun, 16:02

Uğurun sevincini yaşayanlar – sertifikasiya davam edir

24 iyun, 15:51

Sertifikatlaşdırmada könüllü iştirak edib 58 bal topladı 

24 iyun, 15:16

RFO qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

24 iyun, 15:04

Qismən akademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı uzadılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.