Bütün xəbərlər
26 avqust, 09:57

"Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir".

Bu ibrətamiz fikirlər ölkəmizin davamlı inkişafı, dövlətçiliyimizin, milli-mənəvi dəyərlərimizin qorunması sahəsində misilsiz xidmətlər göstərən, xalqımızın xoşbəxt və firavan yaşamasını öz əməli fəaliyyətinin amalına çevirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məxsusdur. Doğma xalqa, Vətənə xidmət etmək prinsipi birinci xanımın çoxşaxəli fəaliyyətinin əsas prioritet istiqaməti olaraq dəyişməz olaraq qalmaqdadır. 

Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər bu gün doğum gününü qeyd edən Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Məhz bu keyfiyyətləri ilə birinci xanım bütün dünyada Azərbaycan qadınının simvoluna çevrilib.

“İnsanların etimadını doğrultmalıyam”  

Məlum olduğu kimi, 2016-cı il sentyabrın 26-da dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm bir addım atıldı. Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə, ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı. 2017-ci il 21 fevral tarixində isə dövlət başçısının imzaladığı Sərəncama əsasən, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Azərbaycanın birinci xanımı bu mühüm dövlət vəzifəsinə ölkəmizin ictimai-siyasi, mədəni həyatında uzun müddət oynadığı vacib və fəal rol sayəsində yüksəldi.

Məhz Birinci vitse-prezidentin yüksək şəxsi keyfiyyətləri, peşəkar idarəetmə bacarığı, işinə dürüst, vicdanla yanaşması, qarşısına qoyduğu məqsədlər üçün əzmlə çalışması, ölkənin, xalqın maraqlarını hər şeydən üstün tutması amili başlıca rol oynadı.  

Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilir. “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”, - bu sözləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında səsləndirib. Bu gün xalqımız Mehriban xanımın söylədiyi fikirlərinin real həyatda uğurla həyata keçirdiyinin şahidiyik.

Mehriban Əliyevanın o vaxt dediyi sözlər bu gün cəmiyyətimizdə öz təsdiqini tapıb: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.  

Vətənə və xalqa xidmət nümunəsi

Bu gün tam əminliklə söyləmək olar ki, yüksək dövlət vəzifəsində fəaliyyət göstərən Mehriban xanım ölkə başçımızın, ona inanan, ümid bəsləyən minlərlə insanın etimadını layiqincə doğruldur. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu, sözün əsl mənasında, Vətənə və xalqa xidmət nümunəsidir.

Bu gün Mehriban xanım Əliyevanın həyat yoluna nəzər saldıqca açıq-aydın görünür ki, onun reallaşdırdığı bütün layihələr, gördüyü əvəzsiz işlər, təhsil, mədəniyyət, ədəbiyyat sahəsində həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti xalqımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır. 

Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. 

Mehriban xanım Əliyevanın 2004-cü ildən uğurla rəhbərlik etdiyi və ölkə həyatının ayrı-ayrı sahələrində öz mütərəqqi təşəbbüsləri nüfuz qazanmış Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayıb, onların qayğısına qalıb. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.

Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, postmüharibə dövründə isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri, Şuşada dünyaya səs salan möhtəşəm “Xarıbülbül” musiqi festivalının təşkili və digər mədəni-kütləvi təşəbbüslər Mehriban Əliyevanın xidmətləri sırasında xüsusi yer tutur.

Bu məqamda Mehriban xanımın Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki duyğusal sözlər yada düşür: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs arzu 44 gün ərzində reallaşdı. Doğma Qarabağımız Ali Baş Komandanın sarsılmaz iradəsi, Ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində azadlığına qovuşdu.

“Yeniləşən Azərbaycana yeni məktəb”

Birinci vitse-prezident Mehriban Əliyeva daim Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən önəmli təşəbbüslərlə çıxış edir. Təhsilə göstərilən qayğı kontekstində ötən illərin növbəti təşəbbüsləri xüsusi olaraq vurğulanmalıdır: “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək” və s. Qeyd olunan proqramların icrası nəticəsində son illərdə təhsildə, habelə savadlı və vətənpərvər nəslin formalaşdırılması prosesində əsaslı nailiyyətlər əldə olunub. Xüsusilə “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı üzrə 2005-2024-cü illər ərzində ölkənin müxtəlif bölgələrində 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. 2025-ci ildə isə 20-dək yeni məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.

Ölkəmizdə müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olub. Orta məktəb və digər təhsil müəssisələrinin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə gətirib çıxarıb. 

Məhz Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2019-2020-ci tədris ilindən başlayaraq Elm və Təhsil Nazirliyi tərəfindən “STEAM Azərbaycan” layihəsinə start verilib. Hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir.

Əhalinin sağlamlığının qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşulub, uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi üçün “Talassemiyasız həyat naminə” layihəsinə start verib. “Mənim arzum odur ki, Azərbaycanda hər bir uşaq xoşbəxt olsun. Ona görə də biz uşaqlarımızı, balalarımızı məhəbbətlə, hörmətlə, mərhəmətlə, diqqətlə böyütməliyik” deyən Mehriban xanım ölkənin gələcəyi olan hər bir uşağa öz övladı kimi yanaşır. 

Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğı mövzusu daim həlledici yer tutub, əsas qayəsini və məzmununun təşkil edib. Onun uşaqlara sevgisi hüdudsuzdur. İndi bütün uşaqlar bu sevgini və qayğını hiss edirlər. Təsadüfi deyildir ki, Heydər Əliyev Fondunun əksər layihələri, istər təhsil sahəsində, istər səhiyyə sahəsində məhz uşaqlara yönəlmişdir. Bu layihələrə o, xüsusi can yandırır, ürəklə yanaşır. 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun aşağıdakı sözləri birinci xanımın uşaqlara həssas yanaşmasını tam dəqiqliyi ilə ifadə edir:  “Çox sadə istəyi var. O, bütün uşaqları xoşbəxt görmək istəyir. Mehriban xanımın uşaq evlərindəki körpələrlə görüşlərdən sonra qəlbində kədərli hisslərin baş qaldırdığının dəfələrlə şahidi olmuşam. Uşaq evləri və internat məktəblərini ziyarət edərkən hər bir xırdalıqlara fikir verir, mütləq mətbəxə baş çəkir, uşaqların qidalanması ilə maraqlanır, bütün şəraiti nəzərdən keçirir. Bu gün valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar onun sayəsində qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə mühiti yaradılıb”. 

Mehriban Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artıb. Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezidentin yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir. Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də, ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlülüyünün dəfələrlə şahidi olub. Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharət və uğurla gəlir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa edib, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirib. Bundan əlavə, Birinci vitse-prezident Mehriban Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlamaları, dini ayinlərini sərbəst yerinə yetirmələri üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanıb. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda dini-mədəni abidələrimizin bərpası da Mehriban Əliyevanın rəhbərliyi altında aparılır.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci ildə onun təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası hər il davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulub. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilib, yeni parklar və bağlar salınıb. Həmçinin, “Nəsimi İli” çərçivəsində Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağac əkilib və Bakı şəhərində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilib. Beynəlxalq ekspertlərin və xarici ölkələrin aparıcı təşkilatlarının diqqətini cəlb edən Sammitdə Qafqazda biomüxtəlifliyin qorunması məsələləri müzakirə olunub.

Fəaliyyətində hər zaman ətraf mühitin mühafizəsinə xüsusi önəm verən Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə bu istiqamətdə əməli işlər həyata keçirib. Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) istər hazırlıq mərhələsində, istərsə də konfrans dövründə Mehriban Əliyeva ölkəmizdə ekoloji maarifləndirmə, "Yaşıl enerji" təşəbbüslərinin dəstəklənməsi, Azərbaycanda ekoloji mədəniyyətin gücləndirilməsi üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi sahəsində əsas təşəbbüslərin müəllifi olub. 

Ən böyük mükafatı xalqın ona olan sevgisidir 

Böyük fəxrlə deyə bilərik ki, hazırda ölkəmizdə Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi, vətəndaş və dövlət xadimi obrazı formalaşıb. Mehriban Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə ədalətli baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açıb, idarəetmədə qadınların rolunun artmasına səbəb olub. Ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.

Bu gün öz ali missiyasında Ulu Öndər Heydər Əliyevin "Gərək nəbzin Vətənin nəbzi ilə döyünsün” müdrik kəlamına sadiqliyini fəaliyyətinin hər addımında nümayiş etdirən birinci xanım insanları xoşbəxt görmək istəyir və buna can atır. "Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir". 

Bu seçim xalqımızın arzu və istəklərini, qayğılarına həssas münasibətin ali təzahürüdür. 

Bu seçimin məramını Mehriban Əliyeva dəqiq ifadə edir: “İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”. 

Doğum günündə aldığı ən böyük mükafatı isə xalqın ona olan sevgisidir.  

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.