Bütün xəbərlər
13 oktyabr, 16:36

I YAZI

Müəllimlərin peşəkar inkişafı onların ilk ixtisas təhsilindən başlayaraq bütün pedaqoji fəaliyyət dövrünü əhatə edən ömürboyu öyrənmə prosesidir. Bu prosesdə müəllim illər ərzində təcrübə toplayaraq və həmin təcrübələrini sistemli təhlil edərək peşəkar inkişafa nail ola bilir.  Bəs bu inkişaf yolunda müəllim təkbaşına addımlayır, yoxsa ona müxtəlif səviyyələrdə dəstək göstərilir? Müəllimlərin peşəkar inkişafı necə təşkil olunur və bu prosesin əsas xüsusiyyətləri nələrdir? Beynəlxalq təcrübədə və ölkəmizdə bu sahənin təşkili ilə bağlı hansı oxşar və fərqli cəhətlər mövcuddur?

Müəllimlərin peşəkar inkişafı ilə bağlı müəllimlər tərəfindən ən çox ünvanlanan yuxarıdakı suallara cavab tapmağa çalışacağıq.

Müəllimlərin peşəkar inkişaf prosesi necə təşkil edilir? 

Müəllimlərin peşəkar inkişafı rəsmi və qeyri-rəsmi formada özünü göstərə bilər. Rəsmi peşəkar inkişaf dedikdə müəllimlərin iştirak etdikləri ixtisasartırma təlimləri, müxtəlif seminarlar, peşəkar görüşlər, metodik görüşlər, dərsdinləmələr və s. nəzərdə tutulur. Bu tədbirlər adətən müəllimlərin peşəkar inkişaf ehtiyacları müəyyənləşdirilməklə dövlət, məktəb rəhbərliyi və ya müəllimlərin özləri tərəfindən təşkil edilə bilir. Qeyri-rəsmi peşəkar inkişaf isə müəllimlərin heç bir öhdəlik olmadan öz peşəkar bilik və bacarıqlarını artırmaq üçün etdikləri təşəbbüslərdir. Bunlara akademik məqalə oxumaq, öz ixtisas sahələri və ya pedaqoji bacarıqlarla bağlı sənədli filmlər izləmək, yerli və beynəlxalq həmkarları ilə müəllimlik təcrübələrini bölüşmək və s. aid edilə bilər. Deməli, müəllimlər bu prosesdə tək deyillər; həm özləri, həm də dövlət dəstəyi ilə öz peşəkar inkişaflarına nail ola bilərlər.

Müəllimlərin peşəkar inkişafının hansı xüsusiyyətləri olmalıdır?

Əvvəllər müəllimlərin peşəkar inkişafı dedikdə yalnız onlara peşələri ilə bağlı yeni informasiyaları ötürən qısamüddətli təlimlər nəzərdə tutulurdu. Bu təlimlər isə adətən nəzəri yüklü olub müəllimlərin praktik fəaliyyətinə müsbət təsir göstərə bilmirdi. Son zamanlar isə müəllimlərin peşəkar inkişafı ilə bağlı tədqiqatların artması bu sahəyə yeni yanaşmaların ortaya çıxmasına səbəb olmuşdur. Həmin yanaşmalara əsasən, müəllimlərin peşəkar inkişafı aşağıdakı xüsusiyyətləri özündə ehtiva etməlidir (Villegas-Reimers, 2003; Darling-Hammond, Hyler və Gardner, 2017; Boeskens və başqaları, 2020):

1. Məzmuna əsaslanma: müəllimlərin peşəkar inkişaf proqramları fənn kurikulumları ilə sıx bağlı olmalı və müəllimlərə həmin fənni tədris etmək üçün pedaqoji və metodiki dəstək göstərməlidir.

2. Məlumat ötürücülük deyil, konstruktivlik: müəllimlər peşəkar inkişaf fəaliyyəti zamanı real tədris, qiymətləndirmə, müşahidə, refleksiya tapşırıqları etməklə aktiv öyrənmə ilə məşğul ola bilməlidirlər.

3. Davamlılıq: müəllimlərin öyrənməsi yalnız bir dəfə təlimdə iştirak etməklə bitməməli, müntəzəm olaraq təşkil olunmalı və müəllimlərin əvvəlki təcrübələri ilə əlaqə yarada bilmələrinə şərait yaratmalıdır.

4. Kontekstə uyğunluq: ən səmərəli peşəkar inkişaf formaları müəllimlərin fəaliyyət göstərdiyi məktəbdə onların gündəlik təlim-tədris prosesi ilə bağlı olan öyrənmə fəaliyyətləridir. Bunlara öyrənmə qrupları (həmkarlarla əməkdaşlıq), tədris fəaliyyətinin təhlili (action research) və portfoliolar aid ola bilər.

5. Əməkdaşlıq: peşəkar inkişafın səmərəliliyi üçün müəllimlərin bir-biri, həmçinin valideynlərlə və icma üzvləri ilə əməkdaşlığı önəmli faktorlardan biridir.

6. Səmərəli fəaliyyət modellərindən istifadə: müəllimlər real təlim-tədris prosesinə aid ən yaxşı nümunə dərs planlaması, şagird qiymətləndirməsi, dərs dinləmə fəaliyyətləri və s. ilə bağlı yazılı və ya video formatlı dərs nümunələri ilə tanış olurlar.

7. Şagirdyönümlülük: səmərəli peşəkar inkişaf fəaliyyətləri şagirdlərin akademik və sosial-emosional problemlərinin həllinə yönəlmiş olmalı, eləcə də onların 21-ci əsr bacarıqlarına yiyələnmələri üçün müəllimləri lazımi bilik və bacarıqlarla təmin etməlidir.

Beləliklə, səmərəli peşəkar inkişaf - müəllimlərin bilik, bacarıq və təcrübələrində müsbət dəyişiklik yaradan sistemli öyrənmə prosesidir və bu proses şagird nəticələrinin yaxşılaşmasına gətirib çıxarmalıdır (Darling-Hammond, Hyler, və Gardner, 2017).

Müəllimlərin peşəkar inkişafı beynəlxalq arenada 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünya ölkələrində təlim-tədrisin vəziyyətini təhlil etmək üçün müəllimlər və məktəb rəhbərləri arasında təxminən hər 6 ildən bir TALIS (Teaching and Learning International Survey - Beynəlxalq öyrətmə və öyrənmə sorğusu) adlı sorğu keçirir. Ölkəmiz bu sorğuda 2024-cü ildə iştirak etmişdır. 2018-ci ildə keçirilmiş sorğuda müəllimlərə onların peşəkar inkişafı ilə bağlı aşağıdakı mövzularda suallar ünvanlanmışdır:

1. Peşəkar inkişaf fəaliyyətlərində iştirak - Bu suallar müəllimlərin il ərzində orta hesabla neçə gün peşəkar inkişaf fəaliyyətlərində iştirak etdiklərini aydınlaşdırmağı hədəfləyir. Sorğunun nəticələrinə əsasən, sorğu iştirakçılarının 94%-i son bir ildə ən az bir dəfə peşəkar inkişaf fəaliyyətində iştirak etmişdir. İştirakçı ölkələr arasında Sinqapur və Çinin Şanxay vilayətindən olan müəllimlər 100% iştirakla və il ərzində orta hesabla müvafiq olaraq 13 və 12 gün peşəkar inkişaf fəaliyyətinə cəlb olunmaqla diqqət çəkmişlər.

2. Peşəkar inkişaf fəaliyyətlərinin növləri - Bu suallar müəllimlərin hansı növ peşəkar inkişaf fəaliyyətlərinə cəlb olunduqlarını müəyyənləşdirmək üçündür. TALIS 2018 sorğusunun nəticələrinə əsasən, müəllimlərin ən çox iştirak etdikləri peşəkar inkişaf fəaliyyətləri kurs və seminarlar, təhsilverənlərin məktəbdaxili və məktəblərarası müəllim şəbəkələrində və ya peşəkar öyrənmə mühitlərində əməkdaşlıq etməsi, həmkar müşahidələri və mentorluğu, onlayn öyrənmə və rəsmi kvalifikasiya proqramlarıdır. Sinqapur və Çinin Şanxay vilayəti kimi güclü peşəkar inkişaf sistemləri olan ölkələrdə müəllimlər arasında müntəzəm əməkdaşlıq özünü göstərir.

3. Peşəkar inkişaf fəaliyyətlərinin məzmunu - Bu suallar müəllimlərin hansı mövzularda peşəkar inkişaf fəaliyyətlərində iştirak etdiyini aydınlaşdırmaq üçündür. TALIS 2018 sorğusunun nəticələrinə əsasən, peşəkar inkişaf fəaliyyətlərinin əsas məzmun istiqamətləri aşağıdakılardır: pedaqoji biliklər, informasiya-kommunikasiya texnologiyalarının (İKT) tədris prosesinə inteqrasiyası, sinif idarəetməsi, fənn biliyi, fənlərarası inteqrasiya ediləcək bacarıqlar və şagirdlərin qiymətləndirilməsi.

4. Peşəkar inkişaf fəaliyyətlərinin təsiri - Bu suallar müəllimlərin peşəkar inkişaf fəaliyyətlərinin onların sinifdəki təcübələrinə hansı dərəcədə təsir etdiyini müəyyənləşdirməyə yönəlib. TALIS 2018 sorğusunun nəticələrinə əsasən, müəllimlərin təlim-tədris prosesinə ən müsbət təsir etmiş peşəkar inkişaf fəaliyyətlərinin əsasında əməkdaşlıq, tədris edilən fənnin məzmunu ilə bağlılıq, İKT-dən istifadə və mentorluq dayanır. Rəsmi təhsil proqramları (bitirdikdə rəsmi dərəcə əldə edilir) və yeni işə başlayan müəllimlər üçün nəzərdə tutulan dəstək proqramlarının da müəllimlərin təlim-tədris fəaliyyətinə müsbət təsiri aşkarlanmışdır. Ən yaxşı peşəkar inkişaf sistemləri ilə fərqlənən Sinqapur, Yaponiya və Çinin Şanxay vilayətində peşəkar inkişaf fəaliyyətləri əsasən müəllimlərin işlədiyi məktəbdə təşkil olunur və məhz müəllimin sinifdəki fəaliyyəti ilə bağlı tədqiqata əsaslanır.

5. Peşəkar inkişafın qarşısında duran maneələr - Bu suallar müəllimlərin peşəkar inkişaf fəaliyyətlərində iştirakının qarşısını alan amilləri aydınlaşdırmağa çalışır. TALIS 2018-in nəticələrinə əsasən, dərs yükünün çoxluğu, peşəkar inkişafa kifayət qədər maliyyə vəsaitinin ayrılmaması, məktəb rəhbərlərinin dəstəyinin azlığı, həvəsləndirici faktorların çatışmazlığı, peşəkar inkişaf fəaliyyətlərinin müəllimlərin real ehtiyacları ilə üst-üstə düşməməsi sorğu iştirakçılarının peşəkar inkişafının qarşısını alan ən böyük maneələr kimi qeyd edilmişdir. Sinqapur, Çin (Şanxay), Estoniya kimi ölkələrdə isə sistemli planlaşdırma, kifayət qədər maliyyə vəsaitinin ayrılması və məktəb rəhbərliyinin yaxından iştirakı ilə bu maneələrin qarşısı alınır.

6. Peşəkar inkişaf ehtiyacları - Bu suallar müəllimlərin hansı sahədə peşəkar inkişaf ehtiyaclarının olduğunu müəyyənləşdirməyi hədəfləyir. TALIS 2018-in nəticələrinə əsasən, sorğuda iştirak edən ölkələrdə ilk növbədə xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə iş, müxtəlif mədəniyyətlərdən olan şagirdlərlə iş, İKT-nin təlim-tədris prosesinə tətbiqi, sinif idarəetməsi, diferensial təlim, şagird qiymətləndirilməsi və şagirdlərə rəy (əks-əlaqə) verilməsi müəllimlərin  peşəkar inkişafa ən çox ehtiyac hiss etdikləri sahələrdir. 

Beləliklə, dünyanın təhsil sahəsində qabaqcıl ölkələri olan Sinqapur, Çin (Şanxay), Yaponiya və Estoniyada müəllimlərin peşəkar inkişafı sistemli formada təşkil edilir və bu sistemlilik müəllimlərin peşəkar inkişaf fəaliyyətlərində yüksək iştirak faizi ilə müşayiət olunur. Həmçinin həmin ölkələrdə müəllimlərin peşəkar inkişafının sistemliliyi təlim-tədris prosesinə və şagirdlərin akademik nəticələrinə də müsbət təsiri ilə diqqət çəkir. Bəs sistemlilik dedikdə nə nəzərdə tutulur?

1. Əməkdaşlığa önəm verilməsi (həmkarların bir-birindən öyrənməsi);

2. Kontekstə uyğunluq (müəllimlərin çalışdığı məktəbin ehtiyaclarının nəzərə alınması və peşəkar inkişaf fəaliyyətlərinin həmin məktəbdə təşkil edilməsi);

3. İştirak üçün zaman ayrılması və həvəsləndirici faktorların təklif edilməsi;

4. Müəllimlərin peşəkar inkişafının kurikulum islahatı, müəllim qiymətləndirilməsi, müəllimlərin ilkin pedaqoji təhsili və karyera inkişafı ilə əlaqələndirilməsi;

5. Müəllimlərin peşəkar inkişafının təlim-tədris prosesi ilə bağlı tədqiqata əsaslanması (təlim-tədris prosesində ortaya çıxmış problemlərin həllinə yönəlməsi);

6. Məktəb rəhbərliyinin dəstəyi;

7. Müxtəlif növ peşəkar inkişaf fəaliyyətlərinin təklif edilməsi (kurs və seminarlar, mentorluq, dərsdinləmələr, həmkarların birgə dərs planlaması, yeni işə başlayan müəllimlər üçün dəstək proqramları və s.).

Gülşən NƏBİYEVA,

ARTİ-nin Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzi, Əlavə təhsil üzrə innovasiyalar və tədqiqatlar şöbəsinin baş mütəxəssisi

Şərhlər

Xəbər lenti

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

13 oktyabr, 12:10

Naxçıvanda Çin ilə əməkdaşlıq çərçivəsində data mərkəzi açılacaq

13 oktyabr, 11:40

Azərbaycan müəllimləri süni intellektdən istifadəyə görə OECD ölkələrini qabaqlayırlar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.