Bütün xəbərlər
29 sentyabr, 19:26

“Peşəkar təşəbbüs” anlayışı müxtəlif elmi ədəbiyyatlarda təhsil sektorunun inkişafının mənbəyi və mexanizminin göstəricisi kimi istifadə olunur. Təhsildə müəllimin peşəkar təşəbbüsü təkcə yeni ideyaların tətbiqində deyil, həm də təhsil sisteminin mövcud təşkilati və məzmun strukturlarının xarici təsirlərə davamlı, çevik, operativ uyğunlaşdırılmasında özünü göstərir. Beləliklə, müəllimin peşəkar təşəbbüsü geniş təhsil mühitinin bir hissəsi kimi təhsil təcrübəsini və onun tərkib hissələrinin məcmusunda təhsil prosesini dəyişdirməyə yönəlib: məqsədlər, nəticələr, məzmun, texnologiya, təşkilat, şərtlər, prinsiplər (Drujilovskaya, 2015). 

Digər müəlliflərin (Kondrux, 2001; Prozumentova, 1996; Qorbunova, 2004 və b.) qənaətlərinə görə, təşəbbüs daxili və xarici müəyyənliyə malik olan subyektiv və ya obyektiv yeni fəaliyyət növləri və formalarını həyata keçirmək üçün stimuldur. Peşəkar təşəbbüs müəllimin özünü təsdiq etməsi, özünü ifadə etməsi və özünü aktuallaşdırmasının göstəricisi, eyni zamanda yolu kimi çıxış edir (Qorbunova, 2004). 

Effektiv peşəkar inkişaf müəllimləri dəstəkləyici, professional fəaliyyətə və təlimata yönəlmiş, əməkdaşlığa əsaslanan davamlı öyrənmə imkanlarına cəlb edir. Bu xüsusiyyətləri rəhbər tutduğu təqdirdə məktəbin səlahiyyətli şəxsləri bütün müəllimlər üçün effektiv öyrənmə təcrübələri hazırlaya bilərlər. Peşəkar inkişaf bugünkü məktəblərdə zəruri bir gözləntiyə çevrildiyindən bu məsələdə şagirdlərin xüsusiyyətlərini başa düşmək mühüm başlanğıc nöqtəsidir. Tədqiqatlar göstərir ki, müəllimlərin effektiv peşəkar inkişafı onları dərsə həvəsləndirir. Peşəkar inkişaf fərdlərin ehtiyaclarını məktəbin məqsədləri ilə birləşdirir (Flores, 2005), şagirdləri cəlb edir, məktəblərin və müəllimlərin təhsil ehtiyaclarını ödəyir (Quick və b., 2009). Bu məqsədlə müəllimlərin şəxsi və peşəkar ehtiyacları (Flores, 2005; LoucksHorsley & Stiegelbauer, 1991), onların fərdi öyrənmə üslubları və üstünlükləri nəzərə alınır (NSCD, 2009). Bundan əlavə, effektiv peşəkar inkişafa müəllimlərin nəyi və necə öyrənəcəkləri (Liberman & Pointer Mace, 2008), həmçinin tədrisin sürəti və istiqaməti ilə bağlı müəllim seçimi də daxildir (NSCD, 2009; Porter və b., 2003). 

Müəllimlər üçün effektiv peşəkar inkişafın fəaliyyət sferası ilə bağlı olması onu daha aktual və etibarlı edir. Müəllimlər peşəkar inkişafı birbaşa onların spesifik ehtiyac və problemlərini həll etdikdə (Guskey, 1995) və ya tədris təcrübələri ilə gündəlik məsuliyyətləri arasında əlaqə gördükdə (Flores, 2005; Tate, 2009) məqsədəuyğun hesab edirlər. Təlimçilik, mentorluq və təhsil qrupları kimi məktəb kontekstlərində peşəkar inkişaf ənənəvi öyrənmə şəraitlərindən daha çox aktiv öyrənməyə və ardıcıllığa cəlb edir (Quick və b, 2009). 

Peşəkar inkişafın əsas məqsədi şagird nailiyyətlərini yaxşılaşdırmaqdır (Mundry, 2005; Porter və b., 2003). Quick və digərlərinə (2009) görə, tədris strategiyalarına tədris fənlərinin məzmunundan daha çox diqqət yetirilməsi şagirdin nəticələrinin yaxşılaşmasına səbəb ola bilməz. Çünki yalnız metodlara fokuslanmaq şagirdlərin uğurlu nəticə əldə etməsinə kifayət etmir. Effektiv peşəkar inkişaf dedikdə həm tədris fənlərinin məzmunu, həm də onun necə öyrədilməsi nəzərdə tutulur (Lambert və b., 2007). Ona görə də müəllimlər tədris etdiyi fənnin məzmununu kifayət qədər yaxşı bilməlidirlər ki, şagirdlərin yanlış təsəvvürlərini qabaqlaya bilsinlər və onları təlim strategiyaları vasitəsilə öyrənməyə cəlb etsinlər (King &Newmann, 2004). 

Effektiv müəllim fəaliyyətinin peşəkar inkişafı əməkdaşlıq əsaslıdır, çünki o həm fəal, həm də interaktiv öyrənmə təcrübələrini çox vaxt maarifləndirici mühitdə iştirak etməklə nümayiş etdirir. Effektiv peşəkar inkişaf problemlərin həlli, paylaşma və müzakirə, simulyasiya və rol oyunları, vizual təsvirlər, tətbiq, izləmə və əksetdirmə kimi vasitələrlə müəllimlərin fiziki, idraki və emosional cəhətdən cəlb edilməsini daha da aktivləşdirir (Knowles, 1983; Lieberman & Mace, 2008). Fəal öyrənmə, xüsusən də fiziki hərəkət tələb olunduqda diqqəti və yaddaşı dəstəkləyir (Tate, 2009), çünki bu zaman müəllimlərin əvvəlki bilik və təcrübələrindən də istifadə edilir (Knowles, 1983). Bir araşdırmada iddia edilir ki, aktiv iştirak ilə müşayiət olunan fəaliyyət müəllimlərə peşəkar inkişafda yaşadıqlarının 90%-ni yadda saxlamağa kömək edir (Tate, 2009). 

Effektiv peşəkar inkişafın sosial mahiyyəti müəllimlərin öyrənmə icmalarında iştirakını asanlaşdırır. Öyrənmə icmaları “öyrənmək, dərsin birgə planlaşdırılması və problemlərin həlli məqsədilə müntəzəm olaraq, həftədə bir neçə dəfə görüşən davamlı komandalar” kimi müəyyən edilir (NSDC, 2009b). Onlar şöbə, komanda və ya sinif, məktəb və ya məktəblər şəbəkəsi vasitəsilə təşkil oluna bilər (Liberman & Mace, 2008; NSDC, 2009b). Öyrənmə icmaları bu hallarda dəstəklənir və davamlı olur: 1) məktəbə rəhbərlik direktor və müəllimlər arasında bölüşdürüldükdə; 2) peşəkar inkişaf ortaq missiya, baxış və ünsiyyət əsasında idarə olunduqda; 3) məktəb mühiti müəllimlərin sərbəst fikir bildirməsinə, yeni tədris yanaşmalarını tətbiq etməsinə və öz inkişaf məsuliyyətini dərk etməsinə şərait yaratdıqda (Flores, 2005; Lambert və b., 2007). Həmkarlar arasında əks-əlaqə və əməkdaşlıq peşəkar inkişafın vacib aspektidir. Tədqiqatlar göstərir ki, öz təcrübələrini həmkarları ilə açıq şəkildə bölüşdükdə və rəyləri asanlıqla qəbul etdikdə müəllimin öyrənmə imkanı güclənir. (Lambert və b., 2007; Lieberman& Mace, 2008). Bundan əlavə, müntəzəm rəy bildirmə müəllimlərin güclü tərəflərini inkişaf etdirmələrinə, fikirləri aydınlaşdırmağa və yanlış təsəvvürləri düzəltməyə kömək etməklə müəllimin öyrənməsini dəstəkləyir (Guskey, 1995; Quick və b., 2009). O həm də obyektiv özünüqiymətləndirmə üçün mühüm ilkin şərtdir, “ömür boyu öyrənmənin təməl daşı”dır (Senge və b., 2000). 

Dlamini və Mbatha’ya (2018) görə, müəllimlərin peşəkar inkişaf strategiyaları onları internetlə əlaqəli öyrənmə mühitlərində effektiv şəkildə dərs deməyə hazırlamaq məqsədilə uyğun təchizatla təmin etmək üçün hazırlanır, inkişaf etdirilir və icra olunur. Bu peşəkar inkişaf proqramları müəllimlərin fərdi sinif ehtiyaclarını, sinifdə texnologiyalardan istifadəni təmin etməlidir. Bundan əlavə, Philipsen və digərlərinə (2018) görə, sinifdə üzbəüz dərs demək üçün tələb olunan bacarıqlar onlayn və ya qarışıq mühitdə tədris üçün tələb olunanlardan fərqlidir. 

Müasir dünya iqtisadiyyatı və cəmiyyətlər yeni texnologiyaların tətbiqinə (məsələn, süni intellektin yüksəlişi və iş yerində avtomatlaşdırma), mütərəqqi biliyə çıxışın yeni yollarının yaranmasına, eləcə də hər zaman baş verə biləcək “fövqəladə hallara” (məsələn, iqlim dəyişikliyi, populyasiyanın artması və sağlamlıq böhranları: Brown & Luzmore, 2021; Brown və b., 2023) təcili reaksiya vermək zərurəti ilə üzləşir. Bu və oxşar problemlərin həllində gələcək nəsillərin effektiv iştirakını təmin etmək üçün təhsilalanların zəruri bilik və bacarıqlarla təchiz edilməsi mühüm əhəmiyyət kəsb edir. Təlim prosesində bunlara nail olmaq üçün pedaqoqlar bu cür davranışları və xüsusiyyətləri modelləşdirməyi, yeni aspektləri və iş üsullarını inkişaf etdirməyi bacarmalıdırlar. Başqa sözlə, müəllimlər və məktəb direktorları öz peşəkarlıq səriştələrini də daim inkişaf etdirməlidirlər, yüksək ixtisaslı mütəxəssislər olmalıdırlar (Schleicher, 2012). Bu kontekstdə yüksək keyfiyyətli, davamlı peşəkar öyrənmə və inkişaf zəruridir; bu o deməkdir ki, məktəblərdə işçilərin öyrənməsini təşviq etmək vacibdir. 

Təhsil sahəsində peşəkar inkişaf tədris təcrübələrinin davamlı təkmilləşdirilməsini təmin etmək və son nəticədə şagirdlərin təlim nəticələrini artırmaq üçün çox vacibdir. Peşəkar inkişafa müxtəlif amillər kömək etsə də, bu prosesdə müəllimin peşəkar təşəbbüskarlığı mühüm göstərici kimi səciyyələndirilir. Müəllimin peşəkar təşəbbüsü dedikdə, pedaqoqların öz peşə rolları çərçivəsində davamlı öyrənmək, özünü təkmilləşdirmək və yeniliklərlə məşğul olmaq üçün fəal səyləri və istəyi nəzərdə tutulur. 

Müəllimlərin peşəkar inkişafında məktəb direktorlarının rolu 

Direktorun əsas vəzifəsi rəhbərlik etdiyi təhsil ocağının aparıcı qüvvəsi olmaqdır. WestBurnham (2001) qeyd edib ki, məktəbin müvəffəqiyyəti və səmərəliliyi məktəb kontekstində təklif olunan liderlik keyfiyyətindən asılıdır. Direktor məktəbin bütün fəaliyyət və tapşırıqlarına cavabdehdir. O, şagirdlər, müəllimlər və digər maraqlı tərəflərlə birlikdə məktəbin təkmilləşməsi üçün işləyir və bu, sözsüz ki, şagirdlərin akademik göstəricilərinə də müsbət təsir göstərir. 

Şagirdlərin uğuru məktəb direktorunun səmərəli rəhbərliyindən çox asılıdır. Məktəb direktoru məktəb müəllimlərinin motivasiyası və bacarığına dəstək olaraq şagird nailiyyətlərini artıra bilər. Clark və Bates (2003) öz tədqiqatlarında aşkar ediblər ki, məktəb direktorlarının düzgün qurulan işitədrisin keyfiyyətini yüksəldə bilər ki, bu da öz növbəsində şagirdlərin öyrənməsinə birbaşa təsir edir. 

Rəhbərlik istər biznes, istər sənaye, istərsə də təhsil sahəsində olmasından asılı olmayaraq, istənilən təşkilatın uğur qazanmasında mühüm faktor hesab olunur. Yukl (2006) liderliyi “nəzərdə tutulan nəticələrə nail olmaq üçün digər hərəkətlərə təsir prosesi” kimi qəbul edir. Bu həm də fərdlərə kömək prosesi və ortaq məqsədlərə nail olmaq üçün birgə səylər kimi təsvir edilə bilər. Ümumiyyətlə, liderlik bir qrup insanda ümumi məqsədlə bağlı inam yaratmaq qabiliyyətini tələb edən idarəçilik bacarığıdır. 

Direktorlar məktəblərdə peşəkar öyrənmə icmalarının (Professional Learning Communities-PLC) inkişafında əsas rol oynayırlar. Hargreaves və Fullan (2012) müəllimlərin birgə sorğu, birgə planlaşdırma və əks-əlaqə üzərində qurulan dialoq əsaslı əməkdaşlıq mədəniyyətinin inkişaf etdirilməsində məktəb direktorlarının əhəmiyyətini xüsusi vurğulayırlar. Peşəkar öyrənmə icmalarının iştirakı ilə direktorlar bilik mübadiləsini və kollektiv problemlərin həllini asanlaşdırır, nəticədə kollektiv effektivlik və qarşılıqlı dəstək vasitəsilə müəllimin peşəkarlığını artırır. 

Darling-Hammond (2017) virtual öyrənmə, onlayn kurslar və rəqəmsal əməkdaşlıq platformaları kimi texnologiyalardan istifadə edərək peşəkar öyrənmənin təşviqində məktəb direktorlarının roluna diqqət çəkirlər. Peşəkar inkişafa innovativ yanaşmalardan istifadə etməklə direktorlar müəllimlərə texnologiyanı tədris təcrübəsinə effektiv şəkildə inteqrasiya etmək imkanı verirlər. 

Təhsil müəssisələrində direktorlar mədəniyyətə əsaslanan tədris təcrübələrinin təşviqində mühüm rol oynayırlar. Bu mövzuya toxunan Ladson-Billings (2014) mədəniyyət əsaslı pedaqogikanın (Culture Relevant Pedagogy) tərəfdarı kimi mədəni səriştə və ədalətliliyin təşviqində məktəb direktorlarının əhəmiyyətini vurğulayır. Mədəni məlumatlılığa və inklüzivliyə üstünlük verən direktorlar müəllimlərə şagird müxtəlifliyinə tolerant yanaşmağa və müvafiq təcrübələr tətbiq etməyə imkan verən müsbət öyrənmə mühiti yaradırlar. 

Müəllimlər məktəb direktorunu məktəbin və nizamnamənin formal tərəflərinə diqqət yetirən, müəllimlərin ehtiyac və problemlərini nəzərə almayan, onların müstəqilliyini və bacarıqlarını qəbul etməyən bir şəxs kimi qəbul etsə, minimum səviyyədən artıq heç bir səy göstərməyəcəkləri, tapşırığa, rəhbərlərə, digər işçilərə mənfi münasibət bəsləyəcəkləri, laqeydlik göstərəcəkləri düşünülə bilər. Bu vəziyyət insani münasibətlər baxımından, eləcə də məktəb müdirinin bilik, bacarıq, davranış və rəftarının təşkilati işlərə və işçilərə necə təsir etdiyini göstərmək baxımından əhəmiyyətlidir. Məktəb müdiri məktəbi üç aspektdən – cəmiyyət daxilində, təhsil sistemi daxilində və universal standartlar çərçivəsində görməyi bacarmalıdır. 

Kim və digərləri (2019) iddia edirlər ki, XXI əsr təhsili kimi tanınan səriştəliliyin inkişaf etdirilməsi sinifdə tədrisin keyfiyyətini artırmaq strategiyası kimi populyarlıq qazanır. Fisher və Wallerin (2013) fikrincə, sinifdə təhsil texnologiyalarının inteqrasiyası XXI əsrin bacarıqlarını inkişaf etdirə və öyrənməni praktiki alətlərlə təmin edə bilər. Bununla belə, sinifdə texnologiyaların effektivliyi müəllimin təhsilin keyfiyyətini artırmaq üçün ondan nə dərəcədə istifadə etməsindən asılıdır. Buna görə də araşdırmada iddia edilir ki, XXI əsr müəllimləri mükəmməl təhsil təlimi almalıdırlar. Təəssüf ki, Fisher və Waller (2013) müxtəlif çətinliklərin texnologiyanın tədrisə inteqrasiyasına mane olduğunu və bu səbəbdən müəllimlərin texnologiyanı kifayət qədər mənimsəyə bilmədiklərini vurğulayırlar. Göstərilən maneələrdən biri yerlərdə təhsili idarə edən orqanlar və direktorlar tərəfindən peşəkar inkişaf dəstəyinin olmamasıdır. Halbuki müəllimlərin XXI əsrin təhsilinə hazırlanması, xüsusən də məktəblərdə tədris və təlimin yaxşılaşdırılması üçün İKT ilə bağlı təlim proqramlarının yaradılması, məktəb direktorlarının da bu proqramlara dəstək verməsi müəllimlərin peşəkarlığının artırılmasına əhəmiyyətli təsir göstərə bilər. 

Azərbaycanda müəllimlərin peşəkar inkişafı istiqamətində məktəb direktorlarının fəaliyyəti 

Ölkəmizdə təhsil məqsədlərinə nail olmaq üçün yaxşı hazırlanmış və motivasiya olunmuş müəllimlərin zəruriliyi dərk edilərək, təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi üçün birgə səylər göstərilir. Elm və Təhsil Nazirliyi direktorların rəhbərlik etdiyi məktəb əsaslı təşəbbüslərin əhəmiyyətini vurğulayaraq, müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə müxtəlif təhsil siyasəti və proqramlar həyata keçirir (ETN, 2021). Müəllimlərin peşəkar inkişafını effektiv şəkildə dəstəkləmək üçün Azərbaycanda direktorlar müxtəlif strategiyalardan istifadə edirlər:

• Müəllim hazırlığı və seminarlar üçün xüsusi vaxt və resursların ayrılması; 

• Xarici təhsil təşkilatları və ekspertlərlə əməkdaşlığın qurulması; 

• Yüksək texnologiyalı təlim vasitələrinin peşəkar inkişaf fəaliyyətlərinə daxil edilməsi; 

• Müəllimlər arasında refleksiv təcrübəni inkişaf etdirmək üçün qarşılıqlı kouçinq və müşahidənin həvəsləndirilməsi. 

Azərbaycanda müəllimlərin peşəkar inkişafına verilən önəmə baxmayaraq, məktəb direktorları bir sıra problemlərlə üzləşirlər. Bu problemləri aşağıdakı şəkildə sıralamaq olar: 

• Hərtərəfli peşəkar inkişaf proqramları üçün məhdud resurslar və maliyyə; 

• Bəzi müəllimlər arasında dəyişikliyə qarşı müqavimət və ənənəvi tədris üsulları; 

• İnzibati məsuliyyətlərin təlimatçı liderlik öhdəlikləri ilə balanslaşdırılması (ETN, 2021). 

Bununla belə, müəllimlərin inkişaf təşəbbüsləri üçün yeni texnologiyalardan istifadə və beynəlxalq əməkdaşlığın inkişafı kimi mühüm imkanlar da mövcuddur. 2022-ci ildə pedaqoji kadrların attestasiyası həyata keçirilib, nəticədə 11591 ibtidai sinif müəllimi attestasiyaya cəlb olunub, 8787 müəllim (76%) attestasiyadan uğurla keçib. Əmək bazarı səriştə və nəticələrə görə diferensiallaşdırılıb, rəqabətədavamlı əmək haqqı və motivasiya sistemi tətbiq edilib, attestasiyadan keçən 3163 müəllimin (27%) 10 faizinin əmək haqqına; 2022-ci ilin sentyabrına qədər 5624 müəllimin maaşına (49%) əlavə edilib. 868 təhsil müəssisəsində çalışan direktor və direktor müavinlərinin maaşlarına artımlar tətbiq edilməyə başlanılıb. 2022-ci il ərzində 30 000 müəllim ixtisasartırma təlimlərini tamamlayıb və 10 280 müəllim üçün İKT üzrə təlim təşkil edilib (ETN, 2022). 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycandakı Nümayəndəliyi arasında müəllimlərin potensialını artırmaq və Azərbaycan Respublikasının Elm və TəhsilNazirliyi üçün təhsil informasiya sisteminin yaradılması məqsədilə texniki yardım layihəsi üzrə müzakirə protokolu imzalanıb və təsdiq olunub. Layihənin əsas məqsədi müəllimlərin ixtisasının artırılması üçün elektron tədris sisteminin yaradılması, Azərbaycan dilində milli elektron məzmunun yaradılması mexanizminin formalaşdırılması, o cümlədən müəllimlərin ixtisasartırma kursunun gücləndirilməsidir. 

2022-ci ilin 25-30 sentyabr tarixlərində Koreya Respublikasında layihə çərçivəsində yaradılmış sistemlər üzrə ETN nümayəndələri üçün təlim proqramı təşkil olunub. Rəsmi səfər çərçivəsində nümayəndə heyəti Koreya Respublikasında rəqəmsal təhsilin yaradılması və elektron təhsil resurslarının inkişafı prosesi ilə tanış olub, eyni zamanda Koreyada müəllimlərin peşəkar inkişafını təmin edən bir sıra qurumlarla görüşlər təşkil edilib (ETN, 2022). Bu layihə çərçivəsində aşağıdakıtədbirlər həyata keçirilib: 

• Layihə üzrə nəzərdə tutulan elektron məzmunun hazırlanması məqsədilə STEAM Təhsil Muzeyində müvafiq video, audio və Koreya istehsalı olan digər avadanlıqlarla təchiz olunan studiya otağı yaradılıb, “Təhsil” televiziyasının əməkdaşları bu avadanlıqdan istifadə ilə bağlı müvafiq təlim keçiblər. Növbəti təqvim ilində tələbələr üçün müəllim hazırlığı resurslarının, tədris videomühazirələrinin, elektron məzmunun və tədris resurslarının hazırlanması məqsədilə avadanlıqların istifadəyə verilməsi nəzərdə tutulur; 

• Koreya Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin binasında yerləşən Data Mərkəzində müvafiq server və şəbəkə avadanlığı quraşdırılıb; 

• Koreya təcrübəsi əsasında Azərbaycan dili müəllimləri üçün təlim proqramının ilk milli elektron məzmununun 123 dərsini əhatə edən 21 elektron məzmun layihəsi istifadəyə verilib; 

• Koreya tərəfindən müəllimlərin peşəkar inkişafını dəstəkləmək üçün yeni elektron tədris portalı yaradılıb, müvafiq sistemin işlədilməsi və idarə edilməsi üzrə texniki bilik və təcrübə əldə etmək üçün təlimlər keçirilib. Elektron təhsil sistemi eyni vaxtda 5000 istifadəçiyə xidmət imkanına malikdir. Növbəti təqvim ilindən sistemin pilot rejimdə müəllimlər tərəfindən istifadə edilməsi planlaşdırılır. İlkin mərhələdə təlimin yalnız bir hissəsinin, növbəti mərhələdə isə bu təlimlərin tamamilə sistem vasitəsilə keçirilməsi nəzərdə tutulur (ETN, 2022). 

2023-cü ildə “eTwinning” layihəsi çərçivəsində 17 təhsil işçisi – 8 müəllim Avropanın müxtəlif ölkələrində keçirilən konfranslarda, 9 müəllim isə beynəlxalq onlayn təlimlərdə iştirak edib. Avropa Mərkəzi Dəstək Xidmətinin dəstəyi ilə həyata keçirilən tədbirlərin məqsədi müasir metodlardan istifadə etməklə müəllim hazırlığını inkişaf etdirmək, İKT və dil biliklərini təkmilləşdirmək, həmkarlarla və beynəlxalq layihələrlə birgə dərs nümunələrinin yaradılmasına şərait yaratmaqdır (ETN, 2023). 

Layihə həmçinin müəllim heyətinə onlayn təlimlərdə iştirak etmək imkanı yaradıb. Belə ki, 2023-cü ildə Yunanıstan Milli Dəstək Xidmətinin inklüziv məktəb mövzusunda təşkil etdiyi beynəlxalq tədbirdə ölkənin hər yerindən 9 müəllim iştirak edib (ETN, 2023). 

Qeyd edək ki,“eTwinning” Avropa İttifaqının ömürboyu təhsil proqramının bir hissəsidir və məktəbəqədər, orta və ali təhsil müəssisələrində çalışan müəllimlərə peşəkar inkişaf təlimlərində iştirak etmək, beynəlxalq səviyyədə əməkdaşlıq etmək və birgə təlim modelləri yaratmaq imkanı verir. 

Qeyd olunmalıdır ki, Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllimlərin peşəkarlığının artırılması üçün yuxarıda qeyd olunan təşəbbüslərdə məktəb direktorları mühüm rol oynayır. Direktorlar effektiv dəstək və resurslarla təmin etməklə müəllimlərə öz tədris təcrübələrini daim təkmilləşdirmək və şagird nailiyyətlərini yaxşılaşdırmaq üçün səlahiyyət verirlər. Gələcəkdə Azərbaycanda müəllimlərin peşəkar inkişafı və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün əsas potensialın yaradılmasına və birgə səylərə davamlı investisiyaların qoyuluşu zəruri xarakter daşıyacaqdır. 

Ədəbiyyat icmalı təsdiq edir ki, məktəb direktorları müəllimlərin peşəkar inkişafı təşəbbüslərinə yüksək qiymət verməlidirlər. Qeyd etmək vacibdir ki, müəllimin peşəkar inkişafı üçün yalnız təlim proqramlarına investisiya qoyulmamalı, həm də müəllimlərin inkişaf edə və inkişaf etdirə biləcəyi, yeni bilik və bacarıqları uğurla tətbiq edə biləcəyi dəstəkləyici təhsil mühit yaradılmalıdır. Bununla yanaşı, Azərbaycanın məktəblərində müəllimlərin peşəkar inkişafı ilə bağlı direktorların fəaliyyəti barədə konkret məlumat məhz məktəblərin özündə və bəzən də kütləvi informasiya vasitələrində əks olunur. 

Şəkil 1-dən göründüyü kimi, müsahiblərin 7-si qadın, 8-i kişi cinsindən olan məktəb direktorlarıdır. 

Müsahibələr martın əvvəlindən sonuna qədər aparılıb, cavab əldə edildikdən sonra səs yazısı qısa qeydlər şəklində “MAXQDA 2020” proqramında kodlaşdırılıb. MAXQDA tədqiqatçılara mətnlərini sistemli şəkildə qiymətləndirməyə və şərh etməyə kömək edən kompüter proqramıdır. O həm də nəzəriyyələrin inkişafı və nəzəri nəticələrin sınaqdan keçirilməsi üçün güclü vasitədir. Əsas menyunun dörd pəncərəsi var: 1) məlumat paneli; 2) kod və ya kateqoriya sistemi; 3) təhlil edilmiş mətn və 4) əsas və mürəkkəb axtarış nəticələri. MAXQDA iyerarxik kod sistemindən istifadə edir. Tədqiqatçı mətn parçasına çəki hesabı əlavə edə bilər. Qeydlər müxtəlif formalarda (məsələn, nəzəri və ya metodoloji qeydlər) asanlıqla yazıla və saxlanıla bilər. Bununla yanaşı, bu proqram vizual xəritəçəkmə xüsusiyyətinə də malikdir. Müsahibədə iştirak edənlər haqqında məlumatlar Cədvəl 1-də göstərilib. Müsahibə müxtəlif stajlı və təcrübəli direktorlar arasında aparılıb. Şəkil 2-dən göründüyü kimi, müsahibədə iştirak edən direktorların 5-i riyaziyyat, 2-si biologiya və 2-sitarix müəllimi, digər direktorlar isə riyaziyyat-informatika, ingilis dili, rus dili, ibtidai sinif müəllimləri və “Menecment” ixtisası üzrə təhsili olan rəhbərlərdir. 

Mənbə: Uğurlu Ş. (2025). Müəllimlərin peşəkar inkişafı ilə bağlı təşəbbüslər: məktəb direktorlarının mövqeyi. Azərbaycan məktəbi. № 3(712), səh. 53–68

1 /1

Şərhlər

Xəbər lenti

29 sentyabr, 22:09

Tələbələrin sahibkarlıq bacarıqlarının inkişafı üçün yeni platforma yaradılıb – Nazir

29 sentyabr, 19:56

Nazir: Yeni sənəddə süni intellektin təhsil müəssisələrində tətbiqi xüsusi vurğulanacaq

29 sentyabr, 19:45

Nazir: Sahibkarlığın inkişafı təhsilin mahiyyətinin dəyişməsi ilə də mümkündür

29 sentyabr, 19:37

Bu tarixdən məktəbli avtobusları fəaliyyətə başlayacaq

29 sentyabr, 18:51

Özbəkistan TİFT-in tələbəsi mübadilə proqramı çərçivəsində BMU-da təhsil alır

29 sentyabr, 18:50

“Rəqəmsal bacarıqlar” layihəsi yarım milyon şagirdi əhatə edir

29 sentyabr, 18:50

Nazir: Səhvlərdən öyrənmək və açıq müzakirə vacibdir

29 sentyabr, 18:40

Çinin sürətli yüksəlişinin arxasında nə dayanır?

29 sentyabr, 18:38

Nazir: Əsas məsələ yalnız bilik əldə etmək deyil

29 sentyabr, 18:36

“Şagirdlərin üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır” – Nazir

29 sentyabr, 18:32

Emin Əmrullayev: İnnovasiya üçün fundamental biliklər və STEAM təhsili vacibdir

29 sentyabr, 18:15

“BYD-nin 100 min işçisi fəlsəfə doktorudur” – Harvardın professoru

29 sentyabr, 17:58

Tarun Xanna: Çin 14 sahə üzrə patent müraciətlərində ABŞ-ni geridə qoyub

29 sentyabr, 17:34

Ozon qatı bərpa olunur

29 sentyabr, 17:24

Leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

29 sentyabr, 17:23

ADPU rəhbərliyi doktorantlarla görüşüb

29 sentyabr, 17:19

İRİA proqramlarını bitirənlərin 78%-i iş həyatına başlayıb

29 sentyabr, 17:08

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

29 sentyabr, 16:59

Yüzyaşlı məktəbdən kitab yazıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.