
OECD tərəfindən “Norveçdə 15 yaşlı yeniyetmələrin karyera inkişafı” adlı hesabat hazırlanıb. Hesabatda Norveçdə yeniyetmələrin karyera inkişafı vəziyyəti təhlil edilir və daha çox 2022-ci il PISA məlumatlarına əsaslanır.
“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin aprel sayında hesabatdan çıxarışlara yer verilib.
Hesabatda Norveçdə şagirdlərin 45%-nin gələcək peşə planları barədə konkret təsəvvürə malik olmadığı qeyd olunur. Bu göstərici OECD ortalamasından yüksəkdir və 2015-ci ildən bəri ciddi artım müşahidə olunur. Belə ki, gələcək peşə planı olan şagirdlər arasında maraqlar daha geniş sahələri əhatə edir. Qeyd edilir ki, norveçli şagirdlər yalnız kiçik bir peşə qrupu üzərində cəmləşmirlər, texniki sahələrə (xüsusilə peşəkar və ixtisaslı iş sahələrinə) maraq OECD üzrə orta göstərici ilə müqayisədə daha yüksəkdir. Eyni zamanda, karyera planı olan şagirdlərin yalnız 51%-i peşəkar sahələrdə (məsələn: həkim, mühəndis, müəllim) işləməyi planlaşdırır. Bu nəticə OECD üzrə orta göstəricidən (58%) aşağıdır. Xüsusilə qızlar arasında akademik olaraq yüksək nəticələrin qeyd olunması və texniki peşələrə marağın artması müsbət tendensiya kimi qiymətləndirilir.
Bununla yanaşı, hesabat sosial bərabərsizliklərin karyera planlarına əhəmiyyətli təsir göstərdiyini vurğulayır. Sosial cəhətdən imkanlı və yüksək akademik nəticə əldə edən şagirdlərin 78%-i daha iddialı karyera və təhsil planlarına malikdir. Sosial cəhətdən imkanlı və imkansız şagirdlər arasında ali təhsil arzusu baxımından 25%-lik fərq müşahidə olunur. Qeyd olunur ki, bu "aspiration gap" (arzu boşluğu) yalnız Norveçdə deyil, digər OECD ölkələrində də müşahidə edilir və gələcəkdə əmək bazarına çıxışda bərabərsizliyə səbəb ola bilər.
Həmçinin hesabatda göstərilir ki, Norveçdə şagirdlərin 65%-i müxtəlif karyera inkişaf fəaliyyətlərində (məsələn, karyera məsləhətçiləri ilə görüşmək, iş yerlərinə səfərlər və iş yarmarkalarında) OECD ortalamasından daha fəal (58%) iştirak edirlər. Bu fakt Norveç məktəblərinin karyera yönləndirilməsinə verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir. Bununla belə, hesabatda vurğulanır ki, şagirdlərin 50%-dən azı 15 yaşına qədər real iş təcrübəsi əldə edib. Praktik fəaliyyətlərə (təcrübə proqramları, iş kölgəsi və s.) daha geniş çıxışın təmin olunması, şagirdlərin gələcəkdə əmək bazarına daha hazırlıqlı daxil olmasına kömək edə bilər.
Məktəbin rolu ilə bağlı şagirdlərin fikirlərinin isə birmənalı olmadığı da hesabatda öz əksini tapır. Bir çox şagird məktəbin onları yetkin həyata və iş dünyasına kifayət qədər hazırlamadığını düşünür. Belə ki, şagirdlərin 54%-i məktəbin onlara az dəstək verdiyini, 31%-i məktəbi vaxt itkisi hesab etdiyini, 43,4% isə iş həyatında lazım olacaq bacarıqları məktəbdə öyrənmədiyini qeyd edir (OECD ortalaması 32,6%). Bununla belə şagirdlərin 54,6%-i məktəbin onlara qərarvermə bacarığı qazandırdığını etiraf edir ki, bu da təhsil sisteminin şagirdlərin şəxsi inkişafına müəyyən müsbət təsir göstərdiyini sübut edir.
Nəticə olaraq, hesabatda vurğulanır ki, Norveçin karyera inkişafı sistemində güclü tərəflər (fəal iştirak, maraqların geniş spektrdə yayılması) olsa daartan karyera qeyri-müəyyənliyi, sosial bərabərsizliklər və real iş təcrübəsinin azlığı kimi sahələrdə inkişaf üçün ciddi ehtiyac qalır. Həmçinin, hesabat daha hədəfli və ədalətli karyera dəstəyi mexanizmlərinin qurulmasının vacibliyini vurğulayır.
Mənbə: Mann, A. and J. Diaz (2025), “Teenage career development in Norway: Insights from PISA”, OECD Education Working Papers, No. 330, OECD Publishing, Paris, https://doi.org/10.1787/e160a8a6-en.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər