
“Müəllimlərin sertifikatlaşdırılması prosesi üçün yaradılan elektron imtahan sisteminə kənardan müdaxilə mümkün deyil”.
Bunu “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin layihə rəhbəri Orxan Bəhramov bildirib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasındakı bir mərkəz də daxil olmaqla, ölkədəki bütün imtahan mərkəzləri Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. ATŞ-də xüsusi qorunaqlı sistem vasitəsilə intranetdən istifadə olunur. İmtahandan öncə bütün mərkəzlərdə sistemlər yoxlanılır, şəbəkələr test edilir: “Beş gündür ki, davam edən imtahanlara 24 min müəllim cəlb olunub. İmtahan mərkəzlərində üz tanıma sistemlərindən istifadə olunur ki, uyğunluq təsdiq olunduqdan sonra namizədlər imtahan binasına daxil ola bilirlər”.
O.Bəhramov qeyd edib ki, şəxsiyyət vəsiqələrindəki məlumatlar əsasında namizədlər imtahan sisteminə daxil olurlar: “İmtahanın başlanması, bitməsi, baş verən digər proseslər proqram təminatı tərəfindən idarə olunur. İmtahan zamanı hər hansı bir nasazlıq baş verərsə, onların anında araşdırılıb aradan qaldırılması istiqamətində işlər görülür. Proqram təminatı imtahanda baş verən bütün prosesləri elektron tarixçəyə qeyd edir. Bu qeydlər saxlanılır, hər hansı bir problem və ya şikayət olarsa, araşdırılır”.
O.Bəhramov əlavə edib ki, imtahan müddəti ilə bağlı müraciətlər də daxil olur: “Lakin bildirməliyik ki, sistem iştirakçının imtahana başladığı anda imtahanı başladır və 120 dəqiqənin sonunda bitirir. Buna görə imtahan müddəti ilə bağlı hər hansı problemin olması ehtimalı yoxdur”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər