Bütün xəbərlər
23 may, 13:40

Riyaziyyat və zehni sağlamlıq ilk baxışda bir-birindən tamamilə ayrı sahələr kimi görünsə də, onlar arasında dərin və çox vaxt nəzərdən qaçırılan əlaqə mövcuddur. Riyaziyyat adətən məntiqi düşüncə və problem həlli ilə əlaqələndirilir, amma onun zehni rifaha müsbət təsir göstərmək potensialı da var:

– Riyazi diqqətlilik

Yaşadığımız dövrün qayğıları sayəsində diqqətimiz daim yayınır. Fikri riyazi məsələlərə cəmləmək isə diqqətliliyi artıra bilər. Riyaziyyatla məşğul olmaq diqqət tələb etdiyindən bizi mənfi düşüncə və təşviş doğuran xarici amillərdən uzaqlaşdırmağa kömək edir. Riyazi tapşırıqlara və hesablara tam dalmaq insanı sakitləşdirir.

Bunu təcrübədə yoxlamaq üçün sudoku həll etmək və ya zehni hesablamalarla məşğul olmaq lazımdır. Diqqəti tamamilə rəqəmlərə və misallara yönəltdikdə bunun sizi “indi və burada” saxlamağa kömək etdiyini müşahidə edəcəksiniz.

– Koqnitiv stimulyasiya və beyin sağlamlığı

Riyaziyyatı öyrənmək tənqidi düşüncə, problem həlli və məntiqi əsaslandırma tələb edir. Riyazi anlayışlarla mütəmadi məşğul olmaq beyin hüceyrələri arasında əlaqələri gücləndirir və beyin sağlamlığını dəstəkləyir. Bu zehni məşq yaddaşı, diqqət müddətini və ümumi koqnitiv funksiyanı yaxşılaşdırır ki, bunlar da zehni sağlamlıq üçün vacibdir.

Beyini çalışdıran riyazi tapşırıqlar və məntiqi suallarla da özünüzü sınaya bilərsiniz. Mütəmadi olaraq sudoku, krosvord və ya məntiq tapşırıqlar həll edin. Onlayn platformalarda və ya riyaziyyat tapşırıqları kitablarında müxtəlif çətinlik səviyyəsində olan suallarla məşğul olun.

– Dözümlülük qazanmaq

Riyaziyyat çətin məsələ və inadkarlıq tələb edən tapşırıqları ilə məşhurdur. Bu çətinlikləri dəf etmək insanda uğur hissi yaradır və dözümlülüyü gücləndirir. Riyaziyyatla məşğul olarkən inadla irəliləmək, yeni həll yolları axtarmaq və uğursuzluqları öyrənmək fürsəti kimi qəbul etmək bacarığı formalaşır. Bu bacarıqlar bizə gündəlik həyatda da çətinliklərin öhdəsindən gəlməkdə kömək edir.

Bunu yoxlamaq üçün anlamaqda çətinlik çəkdiyiniz bir riyazi mövzu və ya məsələ seçin. Onu öyrənmək və həll etmək üçün vaxt ayırın. Müxtəlif mənbələrdən istifadə edərək fərqli yanaşmalar axtarın. Səhvlərdən nəticə çıxarmağı və uğursuzluqlara baxmayaraq davam etməyi vərdişə çevirin. Hər bir kiçik irəliləyişinizi qeyd edin və qiymətləndirin.

– Emosional tənzimləmə

Riyaziyyat bizə emosiyaları tənzimləməyə kömək edən strukturlaşdırılmış və məntiqi bir çərçivə təqdim edir. Emosional baxımdan gərgin anlarda riyaziyyatla məşğul olmaq fikrimizi yayındıraraq özümüzə nəzarəti bərpa etməyə yardım edir. Riyaziyyatın məntiqi təbiəti nizam hissi yaradır, təşvişi və stressi azaldır. Üstəlik, bir məsələni düzgün həll etdikdə əldə edilən məmnunluq əhval-ruhiyyəni yüksəldə və özünə inamı artıra bilər.

Özünüzü emosional baxımdan gərgin hiss etdikdə, mental riyaziyyat məşqləri edin. Məsələn, böyük vurma əməliyyatlarını zehində hesablayın və ya mağazada səbətdəki məhsulların ümumi qiymətini təxmin edin. Bu cür hesablamalar düşüncələrinizi yönləndirməyə və daxili sakitlik hissi yaratmağa kömək edə bilər.

– Riyazi yaradıcılıq

Riyaziyyat yalnız hesablama və düsturlarla məhdudlaşmır – o həm də yaradıcılıq dünyasına qapı açır. Nümunələri araşdırmaq, yeni riyazi anlayışlar inkişaf etdirmək və yaradıcı həll yolları tapmaq xəyal gücü tələb edir. Bu proses insanlarda sevinc, maraq və özünü ifadə etmək hissini artırır – bunlar da zehni rifah üçün vacib amillərdir.

Bunu sınamaq üçün təbiətdə və ya sənətdə riyazi nümunələri araşdırın. Riyazi prinsiplərdən istifadə edərək öz həndəsi naxışlarınızı və ya tesselyasiyalarınızı (tesselyasiya - eyni və ya fərqli şəkillərlə bir səthi tam şəkildə örtməkdir-red.) yaradın. Rəqəmlər, fiqurlar və ya alqoritmlər üzərində işləməklə unikallığa nail olun. Riyaziyyatı və yaradıcılığı birləşdirərək xəyal gücünüzü sərbəst buraxın.

Duke Universitetinin “Clinical Psychological Science” jurnalı yuxarıda sadalananları təsdiqləyən araşdırma dərc edib. Araşdırmanın nəticələrinə görə, mental riyaziyyat tapşırıqlarının həlli beyinin müəyyən bir hissəsini aktivləşdirir və emosional sağlamlığa daha yaxşı təsir göstərir.

Universitetin psixologiya və neyrobiologiya üzrə araşdıma mərkəzində aparılan tədqiqatda göstərilir ki, riyaziyyat vasitəsilə depressiya və təşvişin qarşısını almağa yönəlmiş addımlar atmaq mümkündür. Riyaziyyatla emosiyalar arasındakı əlaqə daha dərindən araşdırılmalı olsa da, əldə olunan son məlumatlar psixoloji terapiyaların effektivliyini qiymətləndirmək üçün yeni testlərin hazırlanmasına səbəb ola bilər.

Universitetin psixologiya və neyrobiologiya üzrə professoru Əhməd Hariri bildirib ki, “Tədqiqat qorxu və qəzəb kimi emosiyaları tənzimləmək qabiliyyətinin beyinin real vaxtda riyazi hesablamalar aparmaq bacarığına təsir etdiyinə dair ilk birbaşa sübutları təqdim edir”. Əvvəldən fərqli görünsələr də, “soyuq” riyazi hesablama və “isti” emosiyaların tənzimlənməsi oxşar zehni çeviklik - məlumatları işləmək və yeniləmək qabiliyyəti tələb edir. Tədqiqatçılar uzun müddətdir ki, bu iki proses arasında əlaqə olduğunu düşünürdülər. Hələ də aydın deyil ki, bu beyin bölgəsini riyazi tapşırıqlarla daha çox aktivləşdirmək emosional tənzimləməni yaxşılaşdırır, yoxsa əksinə – emosional bacarıqlar həmin beyin fəaliyyətini artırır. Tədqiqatçılar eyni növ məlumatları daha uzun zaman ərzində toplamağı planlaşdırırlar ki, hansı faktorun əvvəl gəldiyini müəyyən edə bilsinlər.

Bütün bu araşdırmalar göstərir ki, riyaziyyat yalnız fənn deyil, gündəlik həyatda daxili tarazlıq tapmağın, zehni çevikliyi artırmağın və emosional çətinliklərin öhdəsindən gəlməyin də açarı ola bilər.

Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Şərhlər

Xəbər lenti

23 may, 22:33

Naxçıvanın təhsil naziri “Son zəng”lə bağlı tapşırıqlar verib

23 may, 17:55

Sertifikatlaşdırma üzrə sınaq imtahanı keçiriləcək

23 may, 17:13

Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

23 may, 17:07

Müxtəlif mədəniyyətlər bir arada: ADA-dan dünyaya səyahət – REPORTAJ

23 may, 17:05

ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

23 may, 16:50

AzMİU doktoranturaya sənəd qəbulu elan edir

23 may, 16:46

MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq

23 may, 16:45

LDU-da süni intellektdən istifadə ilə bağlı infosessiya keçirilib

23 may, 16:35

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

23 may, 16:25

“Müəllimimin məni kəşf etməsi həyatımı dəyişdirdi” – Qaliblər uğurlarından danışırlar

23 may, 16:15

SDU-da beynəlxalq elmi konfrans keçirilib

23 may, 16:03

AMEA doktoranturaya sənəd qəbulu elan edir

23 may, 15:54

UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub

23 may, 15:39

Bu gündən bağçalara qeydiyyat dayandırılıb

23 may, 15:18

Səssiz dağlarda yüksək nəticə: Çayrud məktəbinin sirri – REPORTAJ

23 may, 15:00

Gənclərin karyera gözləntiləri əmək bazarı reallıqlarına cavab vermir – Yeni hesabat

23 may, 14:36

Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək

23 may, 13:35

Azərbaycan "Bebras" müsabiqəsinin tamhüquqlu üzvü seçilib

23 may, 13:19

“Startup School 3” layihəsi ADNSU-da təqdim olundu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.