
Son illər ali məktəblərdə oxuyanların sayının artması onların yataqxanalarla təmin olunması məsələsini də xüsusilə aktual mövzuya çevirib. Bəs mövcud yataqxanalar tələbələrin ehtiyaclarını qarşılayırmı?
“Azərbaycan müəllimi” müxtəlif universitetlərdəki mövcud vəziyyətlə maraqlanaraq bu məsələni araşdırıb. Alınan cavablar göstərir ki, bu sahədə həm müsbət nümunələr, həm də həllini gözləyən məsələlər mövcuddur.
AzTU tələbələrinin yerləşmə problemi: 114 köçkün ailəsi hələ də yataqxanada yaşayır
Azərbaycan Texniki Universitetinin (AzTU) yataqxanasında uzun illər məcburi köçkün ailələri məskunlaşıb. Orada əvvəllər 124 ailə yaşayıb. Artıq 10 ailə işğaldan azad edilmiş ərazilərdəki doğma yurdlarına qayıdıb, 114 ailə isə hələ də həmin binalarda qalır.
Universitetdən bildirilib ki, yataqxana kompleksi hazırda tamamilə yararsız vəziyyətdədir və heç bir yaşayış standartına cavab vermir. Su, elektrik, qaz xətləri və kanalizasiya sistemi ötən illər ərzində dəyişdirilib. Kompleksin ərazisində vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, həmçinin yollar və yaşıllıqlar da tamamilə yararsız hala düşüb. Qurumdan verilən məlumata görə, köçürülmə prosesi yekunlaşdıqdan sonra yataqxana binalarının taleyi ilə bağlı qərar veriləcək. İstər təmir olunması, istərsə də sökülərək yenidən tikilməsi müzakirə predmetidir. Hər iki halda məqsəd yataqxananın yenidən tələbələrin istifadəsinə verilməsidir.
.jpg)
BDU yeni yataqxananın tikilməsi ilə bağlı müzakirələri davam etdirir
Bakı Dövlət Universitetinin “Tələbə evi” 220 nəfərlikdir. Burada tələbələr üçün bütün zəruri şərait yaradılıb: çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat fəaliyyət göstərən təhlükəsizlik kameraları və digər imkanlar. Yataqxanaya, əsasən, şəhid və qazi övladları, valideynlərini itirmiş gənclər, sosial həssas qruplara aid digər tələbələr qəbul olunur. Burada yaşamaq üçün tələb olunan aylıq ödənişin məbləği 75 manatdır. Universitetdən bildirilib ki, yeni yataqxananın tikilməsi ilə bağlı dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr davam edir.
BSU-nun yataqxanasının yalnız 2 mərtəbəsi tələbələrin istifadəsindədir
Bakı Slavyan Universitetinin nəzdində ümumilikdə 4 yataqxana mövcud olsa da, onların hamısında məcburi köçkünlər yaşayır. Yalnız bir yataqxananın 2 və 4-cü mərtəbələri universitet tələbələrinin istifadəsinə verilib. Bu yataqxanada qalmağın aylıq ödənişi 50 manatdır. Universitetdən bildirilib ki, 2026-cı ilə qədər bütün mövcud yataqxanaların əsaslı təmir olunması nəzərdə tutulur.
Yataqxanada yaşamaq necə idi? Bəs tələbələr yataqxanaların şəraitləri, imkanları barədə nə düşünürlər?
BDU-nun “Tələbə evi”ndə yaşamış tələbə bildirib ki, ümumi şərait kifayət qədər rahatdır: “Bir otaqda iki nəfər qalır, otaqlar yaxşıdır. Mətbəx, sanitar qovşaqları ümumidir. Yeməyi tələbələr özləri bişirə, çöldən ala və ya evdən gətirə bilirlər, hazır yemək verilmir. Aylıq ödəniş 75 manatdır, yayda isə ödəniş alınmır. Növbəti tədris ilində də yataqxanada qalmaq istəyən tələbə bunun üçün təkrar müraciət etməlidir. Əsasən sosial həssas qruplara və xarici tələbələrə yer verilir”.

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsini bitirmiş Suzanna Bədəlova tələbəlik illərində yataqxanada qalma təcrübəsindən danışıb. O bildirib ki, 2017-2019-cu illərdə ATU-nun yataqxanasında yaşayıb: “Yataqxananın hər bir şəraiti vardı. Mətbəxi, oxu zalı, istirahət zalı, daimi interneti var idi. Yataqxananın universitetə yaxın yerləşməsi, hər cür şəraitinin olması böyük üstünlük idi. Ən yaxşı tərəflərindən biri də orada qalanların hər kəsin ATU-nun tələbəsi olması idi”.
“Yataqxanalar təkcə qalmaq üçün yer deyil, həm də “həyat məktəbi”dir”
Təhsil eksperti Şahlar Əsgərov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, tələbənin şəxsiyyət kimi formalaşmasında, sosial bacarıqlarının inkişafında və həyata hazırlanmasında universitet mühiti ilə yanaşı, yataqxanaların da rolu əvəzolunmazdır: “Əgər bütün tələbələr yataqxana ilə təmin edilirsə, bu, ideal vəziyyətdir. Lakin yataqxanalar tələbələrin cəmi 40-50%-ni yerlə təmin edirsə, bu, sistemdə boşluğun olması deməkdir. Belə halda tələbələrin sosiallaşması, şəhər həyatına inteqrasiyası və şəxsi inkişaf imkanları məhdud qalır. Universitet yalnız “məktəb həyatı” təklif edir, yəni tədris prosesi. Amma “həyat məktəbi” yataqxanada baş verir. Yataqxanalar təkcə qalmaq üçün yer deyil, burada gənclər birgə yaşayış qaydalarını öyrənir, kollektivdə qərar verməyi, ünsiyyət qurmağı və ictimai fəallığı mənimsəyirlər. Yataqxanada təşkil olunan tədbirlər, sənət və elm adamları ilə görüşlər tələbələrin dünyagörüşünü genişləndirir və real həyatı öyrədir. Məsələ burasındadır ki, Bakının mərkəzində keçirilən tədbirlər, konsertlər, sərgilər və açıq mühazirələr tələbələrin intellektual və mədəni inkişafına böyük töhfə verir. Belə imkanlara yaxın olmaq üçün yataqxanalar universitetlərin yaxınlığında olmalı, şəhər mərkəzlərinə inteqrasiya edilmiş şəkildə fəaliyyət göstərməlidir”.

“Yataqxana kommersiya obyekti olmamalıdır”
O qeyd edib ki, bu sahədə özəl sektorun rolu da mübahisəlidir. Yataqxana kommersiya obyekti olmamalıdır: “Çünki təhsil, təlim-tərbiyə dövlətin məsuliyyətində olan strateji sahələrdəndir. Özəl sektorun əsas məqsədi qazanc olduğu üçün bu yanaşma tələbənin mənəvi və sosial inkişafı ilə üst-üstə düşmür. Belə nəticəyə gəlmək olar ki, ali məktəbin yataqxanası onun ayrılmaz tərkib hissəsidir. Yataqxanasız ali məktəb axsaq adama bənzəyir. İrəliləyə bilər, lakin tam potensialını reallaşdıra bilməz. Yataqxanalar tələbəyə yalnız yer deyil, həyat dərsi verir. Və bu dərs auditoriya dərsləri qədər dəyərlidir”.
Ekspertin sözlərinə görə, bu gün ölkədə təhsilə ayrılan vəsaitlərin böyük hissəsi universitetlərin maddi-texniki bazasına yönəldilsə də, yataqxana infrastrukturuna yetərincə diqqət ayrılmır: “Bu da göstərir ki, hələ yataqxananın əsl mahiyyəti tam anlaşılmayıb. Əslində isə yataqxana təkcə yaşayış yeri deyil. O, gənclərin sosial bacarıqlarını formalaşdıran, onları müstəqil həyata hazırlayan önəmli bir mühitdir. Misal üçün, bir ailənin iki övladı varsa və onlardan biri yataqxanada, digəri evdə yaşayırsa, yataqxanada qalan gənc həyatla daha erkən tanış olur, sosial münasibətləri daha tez qavrayır və nəticədə daha hazırlıqlı bir fərd kimi formalaşır. Yəni yataqxana, sadəcə yaşayış deyil. Bu, təhsilin və həyat məktəbinin bir parçasıdır. Bu reallığı qəbul etdikcə, təhsilin keyfiyyəti ilə yanaşı, gənclərin cəmiyyətə inteqrasiyası da daha sağlam əsaslarla qurulacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər