Bütün xəbərlər
1 may, 20:00

Elena Ziege və Ariel Kalil tərəfindən hazırlanmış “Valideynlərin inanc və davranışlarına məktəb qiymətləndirmə vərəqlərindən alınan məlumatların təsiri: Almaniyada şagirdlər üzrə empirik təhlil" adlı tədqiqat işi uşaqlarının akademik bacarıqları haqqında valideynlərin məlumat əldə etmələrinin onların inanclarına və davranışlarına təsirini araşdırır. Tədqiqat Almaniyada dövlət məktəblərində uşaqların ilk dəfə rəsmi məktəb hesabat kartı (məktəb qiymətləndirmə vərəqi) aldıqları dövrdə aparılıb və beləliklə "məlumat şoku" effekti üçün təbii eksperiment şəraiti yaranıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, sözügedən tədqiqat işi tərcümə edilərək Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalının aprel sayına da salınıb. 

Tədqiqatın əsas arqumenti ondan ibarətdir ki, valideynlər övladlarının bacarıqlarını real vəziyyətdən fərqli qiymətləndirirlər. Eyni zamanda, bu yanlış təsəvvürlər onların uşaqlarla ünsiyyətinə və göstərdikləri təhsil dəstəyinə təsir edir.

Araşdırmanın nəticələrinə görə valideynlərin bir hissəsi (40%-dən çoxu) övladlarının bacarıqlarını həddindən artıq yüksək qiymətləndirir. Xüsusilə elm sahəsində bu göstərici daha yüksək olub. Belə ki, 46%-ə qədər valideyn uşaqlarının elmi bacarıqlarını real səviyyəsindən üstün dəyərləndirib. Digər tərəfdən övladlarının bacarıqlarını az qiymətləndirən valideynlərin payı təxminən 20% təşkil edib. Lakin tədqiqatın əsas diqqət mərkəzi "həddindən artıq qiymətləndirmə" (overestimation) fenomenidir. Səhv inanclar daha çox sosial cəhətdən dezavantajlı ailələrdə (az təhsilli analar və miqrant valideynlər arasında) müşahidə olunub. Məsələn, az təhsilli analar övladlarının alman dili bacarıqlarını orta hesabla 20 % daha çox şişirdiblər.

Məktəb hesabat kartlarının valideynlərin inanclarına təsirinin araşdırılması göstərib ki, məlumatın verilməsi bu yanlış təsəvvürləri qismən azaldır. Lakin tamamilə aradan qaldırmır. Tədqiqatın nəticələrinə əsasən, hesabat kartları valideynlərin uşaqları ilə daha çox məşğul olmasına səbəb olub. Amma dəyişikliklər, əsasən, davranış səviyyəsində baş verib, inanclar səviyyəsində isə təsir zəif qalıb. Ən nəzərəçarpan davranış dəyişikliyi isə oxuma fəaliyyəti sahəsində müşahidə olunub. Belə ki, valideynlərə hesabat kartı təqdim edildikdən sonra övladları ilə hər gün mütaliə etməyə başlayıblar. Statistik nəticələrə görə, valideynlərin uşaqları ilə oxuma fəaliyyəti məktəb hesabat kartları təqdim edildikdən sonra orta səviyyəyə nisbətən orta hesabla yarım vahidlik bir artım göstərmişdir. 

Əhəmiyyətli tapıntılardan biri də odur ki, məktəb hesabat kartları yalnız müəllimlərin uşaqların bacarıqlarını düzgün qiymətləndirdiyi hallarda valideynlərin təsəvvürlərini də dəqiqləşdirə bilir. Tədqiqat göstərir ki, müəllimlərin özləri də bəzən uşaqların bacarıqlarını səhv qiymətləndirirlər. Müəllimlərin 27%-i alman dili, 32%-i riyaziyyat və 39%-i elmi bacarıqları olduğundan daha da yüksək dəyərləndirib. Bu nəticə valideynlərə ötürülən məlumatın keyfiyyətinin nə qədər həlledici olduğunu nümayiş etdirir.

Bundan əlavə, tədqiqat valideynlərə təqdim olunan məlumatın formatının da mühüm rol oynadığını müəyyən edir. Rəqəmsal qiymətləndirmə (məsələn, 1-dən 6-ya qədər bal sistemi) valideynlərin uşaqların bacarıqlarını daha aydın və obyektiv şəkildə anlamağına kömək edir. Əksinə, şifahi (verbal) qiymətləndirmələr qeyri-müəyyən olur və valideynlərin yanlış inanclarını azaltmaqda daha az təsirli olur.

Sonda müəlliflər vurğulayırlar ki, valideynlərin övladlarının bacarıqları barədə dəqiq və aydın şəkildə məlumatlandırılması uşaqlarda bacarıqların erkən yaşda formalaşdırılması və inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Əgər valideynlər övladlarının zəif tərəflərini real qiymətləndirməsələr, onların əlavə resurs ayırması və dəstək göstərməsi ehtimalı azalır. Bu da təhsildə bərabərsizliyin erkən yaşdan dərinləşməsinə səbəb ola bilər.

Tədqiqatın yekunu olaraq bildirilir ki, valideynlərə övladlarının bacarıqları barədə dəqiq, rəqəmsal və aydın şəkildə məlumat verilməsi təhsil nəticələrinin yaxşılaşdırılması üçün vacib bir alət ola bilər. Bununla yanaşı, təkcə məlumatın verilməsi kifayət etmir, eyni zamanda, məlumatın keyfiyyəti və valideynlərin bu məlumatları necə qəbul etməsi də mühüm rol oynayır. Təhsildə uğurun artırılması üçün valideyn-müəllim ünsiyyətinin keyfiyyətinin yaxşılaşdırılması, məktəb hesabat kartlarının daha dəqiq, şəffaf və əlçatan olması təmin edilməlidir.

Ziege, E., & Kalil, A. (2025). How information affects parents' beliefs and behavior: Evidence from first-time report cards for German school children (BFI Working Paper No. 2025-54-2). Becker Friedman Institute for Economics at the University of Chicago.

Şərhlər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.