Müəllimlər tədrisin qismən onlayn keçirildiyi hibrid təhsil formalarına hazırlaşmalıdırlar


Pandemiyanın ikinci dalğasının geniş yayılması ilə əlaqədar bir sıra ölkələrin  təcrid rejiminə qayıtması məktəbləri yenidən distant  təhsil formatına keçməyə məcbur etdi. Bu dəfə müəllimlər təcrid rejiminə daha yaxşı hazırlaşsalar da, bütün çətinliklərin qarşısını almaq mümkün olmayacaq.

 

“Promethean”  Təhsil Strategiyası Departamentinin rəhbəri, doktor Con Kollik distant  təhsilə qayıtmağın nə kimi problemlərə səbəb olacağını, rəqəmsal bərabərsizlikdən niyə qurtula bilməyəcəyimizi və 2021-ci ildə təhsil sahəsində bizi hansı trendlərin gözlədiyini izah edir.

 

Rəqəmsal bərabərsizlik

 

Ötən il onlayn təhsil gözlənilmədən hamı üçün adi dərsləri tamamilə əvəz etdi. Məlum oldu ki, nəinki bir çox məktəblər "distant" a keçməyə hazır deyildi, məktəblilərin özlərinin də bəzən onlayn texnologiyalardan istifadə etmək imkanları yox idi. Bu gün dünya əhalisinin 20% -dən azı geniş zolaqlı şəbəkəyə çıxış imkanına malikdir. Planetin əhalisinin yarıdan çoxu internetə qoşula bilmir.  Bu, inkişaf etməkdə olan ölkələrin problemi kimi görünür. Lakin, əslində, hər şey o qədər də asan deyil: çox vaxt zəngin dövlətlərin sakinləri də internetə daxil ola bilmir. Məsələn, ailədə bir neçə uşaq var, amma hər uşağa bir kompüter yoxdur.    Və ya mənzildə internet var, lakin onun sürəti təlim videolarını yükləmək və ya Zoom konfranslarında iştirak etmək üçün kifayət deyil.

 

Bir qayda olaraq, şəhər sakinlərinin şəbəkəyə giriş problemləri daha azdır. Yalnız tamamilə yoxsul ailələr internetə qoşula bilmir. Pandemiya zamanı bəzi müəllimlər ev-ev gəzərək şagirdlərinə tapşırıqlar gətirirdilər ki, hamının  eyni öyrənmə şəraiti, imkanı  olsun. Lakin qlobal rəqəmsal bərabərsizlik həll olunmamış problem kimi  qalır.

 

Səriştə çatışmazlığı

 

Texnoloji çətinliklərdən başqa, pandemiya müəllimlərin səriştələrinə də yeni tələblər gətirdi.  Bütün müəllimlər məsafədən təhsilə kəskin keçid üçün  hazır deyildi: bir çoxunun onlayn resurslardan necə istifadə etmək barədə bilikləri  yox idi.

 

”Promethean”ın  2020-2021-ci illərdə təhsildə texnologiyanın inkişafı ilə bağlı hesabatına əsasən, məktəblərin yalnız 1 faizi müəllimlərin ən yeni texnologiyalarla öyrətməsini prioritet hesab edir. Bununla yanaşı, müəllimlərin 41 faizi rəqəmsal alətləri müstəqil şəkildə mənimsəməli olur.

 

Bu gün rəqəmsal təhsilin inkişaf strategiyasına ehtiyacımız var. Biz məktəbin divarları arasına qayıdırıq, lakin müəllimlər hələ də tədrisin qismən onlayn keçirildiyi hibrid təhsil formalarına hazırlaşmalıdırlar. Belə strategiya istənilən pandemiyaya və gələcəyin digər problemlərinə hazır olmağa imkan verəcəkdir.

 

Müəllimlərin təhsili, o cümlədən, Ed-tech  (təhsil texnologiyaları) şirkətlərinin üzərinə düşür: onlar ən yeni texnologiyaların tətbiqi üzrə məktəblərə daim məsləhət verməlidirlər. Bundan əlavə, onların qarşısında rəqəmsal alətləri daha sadə, asan və mümkün qədər aydın etmək vəzifəsi durur.

 

Distant təlim adi dərslərdən texnologiyaların istifadəsini ləğv etmir. Bu, həm də tanış olmayan rəqəmsal mənbələrin keyfiyyətini öyrənməyə vaxt qazanmağa kömək edəcək.  Məsələn, müəllim hazır təhsil məzmununu axtarmaq və yoxlamaq əvəzinə, öz dərslərini qeyd edib şagirdlərlə bölüşə bilər.

 

Dərs hazırlığı proqramı və təhsil xidmətləri  artıq yaradılmış təhsil məzmununun ötürülməsi üçün vasitədir. Beləliklə, müəllimin hazırladığı materiallardan dəfələrlə istifadə edilə bilər.

 

Onlayn sosiallaşdırma

 

Minilliklər boyu təhsil sosial fəaliyyət olub. Uşaqlar məktəbə gəldikdə, ilk növbədə onlara  kollektivin bir hissəsi olmağı öyrədirlər. Sinifdə şagirdlər daim dostları və müəllimləri ilə ünsiyyət qurur, qruplarda çalışırlar. Uşaqlar bir-birindən təcrid olunarsa, o zaman yeni bilik almaq üçün motivasiyaları yox olur.

 

Onlayn təlimdə sosial qarşılıqlı əlaqə kifayət deyil. Onlayn dərslər sinif məşğələlərinə maksumum dərəcədə  oxşar olarsa, onun yoxluğunu kompensasiya etmək olar. Bunun üçün məktəblilərlə daha çox ünsiyyət qurmaq, onların bacarıqlarını inkişaf etdirmək lazımdır. Onları, sadəcə dərslikdən fəsilləri oxumağa məcbur etmək düzgün deyil. Təhsil proqramları şagirdlərin iştirakı ilə hazırlandıqda "icma təhsili" metodikası bu problemin həllinə kömək edir.

 

Məktəblilər distant məşğələlər  zamanı müəllimi,  hətta o, boş sinifdən video əlaqə vasitəsilə dərsi izah etsə  belə, onu görmək, onunla ünsiyyət qurmaq istəyir. Bu format interaktiv onlayn təhsil platformalarından istifadə etməkdən daha effektivdir.

 

Oruc MUSTAFAYEV

 



Bölmənin digər xəbərləri