
80 il sadəcə rəqəm deyil, elmə və təhsilə həsr olunmuş bir ömrün ifadəsi, böyük bir missiyanın və ülvi bir amalın salnaməsidir. Bu həyat yolu yalnız onu şəxsən tanıyanlar üçün deyil, eyni zamanda gələcək nəsillər üçün də əsl örnək olan bir alim və ziyalının həyat fəlsəfəsini ehtiva edir. Belə işıqlı ziyalılardan biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağsaqqallar Şurasının sədri, Riyazi analiz kafedrasının professoru, fizika-riyaziyyat elmləri dokroru, Əməkdar müəllim Məlikməmməd Saday oğlu Cəbrayılovdur.
Səmimiyyəti, ali insani dəyərlərə sadiqliyi, prinsipiallığı, mükəmməl idarəetmə bacarığı və sanballı elmi uğurları ilə seçilən Məlikməmməd müəllim bir əsrdən artıq yaşı olan Pedaqoji Universitetin tədris həyatında silinməz iz qoymuş şəxsiyyətlərdən biridir. Onun ömür kitabının səhifələrini vərəqlədikcə xoşbəxt babanın, vəfalı ailə başçısının, minlərlə tələbənin zəkasını və mənəviyyatını formalaşdıran ustad müəllimin, məhsuldar elmi-pedaqoji fəaliyyət göstərmiş nüfuzlu alimin, yüksək əxlaq və fəzilət sahibi olan alicənab dostun, vətənpərvər ziyalının və el ağsaqqalının obrazı ilə qarşılaşırıq. Onun sədaqətlə, zəhmətlə, fədakarlıqla, amma eyni zamanda şərəf və ləyaqətlə yazılan 80 illik ömür kitabı gələcək nəsillərə örnək olacaq zəngin bir irsə çevrilib.Yaşanan bu ömrün ziyası minlərlə tələbənin qəlbində, elm və təhsil yolunda atdığı hər bir addımda iz qoyub. Pedaqoji ictimaiyyət onu görkəmli alim, öz xalqının milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvərliyi və vətəndaşlıq mövqeyi ilə seçilən, hər zaman haqqın və ədalətin tərəfində olan nüfuzlu şəxsiyyət kimi dəyərləndirir.
Ömür yolu
Məlikməmməd Saday oğlu Cəbrayılov 15 may 1945-ci ildə Hacıqabul (ovaxtkı Qazıməmməd) rayonunun Atbulaq sovetliyinin Qızılburun kəndində anadan olub. 1961-ci ildə Atbulaq kənd orta məktəbini, 1967-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. Tələbəlik illərində ən yüksək tələbə təqaüdünə - Lenin təqaüdünə layiq görülüb, Tələbə Elmi Cəmiyyətinin fəal üzvlərindən biri kimi 1966-cı ildə Moskvada SSRİ tələbələrinin I Forumunda iştirak edib. İnstitutu fərqlənmə diplomu ilə bitirən M.Cəbrayılov universitetin Elmi Şurasının qərarı ilə Riyazi analiz kafedrasında assistent saxlanılıb. 1970-1974-cü illərdə aspirantura təhsili alıb. 1974-cü ildə “Çoxdəyişənli diferensiallanan funksiyalar nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda professor Əli Cəfərovun rəhbərliyi ilə namizədlik dissertasiyası (fəlsəfə doktorluğu) müdafiə edib, riyaziyyatçı alim kimi yetişib, az müddətdə bu sahədə səlahiyyətli söz sahibinə çevrilib. Etiraf edək ki, həmin illərdə Azərbaycanda digər elm sahələrində olduğu kimi, riyaziyyat sahəsində də çox böyük canlanma var idi. Azərbaycanda İttifaq alimlərinin də hesablaşdıqları Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, Məcid Rəsulov, Maqsud və Mais Cavadovlar, Cəlal Allahverdiyev, Fərəməz Maqsudov, Mirabbas Qasımov, Arif Babayev, Həşim Ağayev, Bəylər Ağayev, Əli Cəfərov kimi tanınmış riyaziyyat alimləri elmi-pedaqoji fəaliyyət göstərirdilər. Məlikməmməd müəllim qədirşünas ziyalı kimi onun elmi taleyində mühüm rol oynayan, riyaziyyatçı alim kimi formalaşmasında xidmətləri olan Azərbaycan EA-nın müxbir üzvü, professor Maqsud Cavadovu, professor Həşim Ağayevi, dosent Bəhram Yusifzadəni, professor Əli Cəfərovu daim sevgi və rəğbətlə yad edir, böyük ehtiramla xatırlayır. Həmin ziyalıların ona qarşı yüksək tələbkarlığı, həssaslığı, insanpərvərliyi, xeyirxahlığı və alicənablığı M.Cəbrayılovun yaddaşında silinməz izlər buraxıb, onun tanınmış alim-şəxsiyyət kimi yetişməsinə ciddi təsir göstərib.
Elmi-pedaqoji yüksəliş yolu
Məlikməmməd müəllim layiq olduğu məqama pillə-pillə ucalıb. ADPU-nun Riyazi analiz kafedrasında müəllim, baş müəllim (1967-1980), dosent (1980-1991) vəzifələrində işləyib, uzun müddət Riyaziyyat fakültəsinin dekan müavini olub. 1998-2012-ci illərdə Riyazi analiz kafedrasına rəhbərlik edib. 1989-1996-cı illərdə ADPU-nun qiyabi təhsil üzrə prorektoru, 1996-2017-ci illərdə tədris işləri üzrə prorektoru vəzifəsində çalışmaqla universitetdə təhsil-tərbiyə prosesinin yüksək səviyyədə təşkilində, kollektivdə sağlam mənəvi mühitin yaradılmasında, müasir dövrün tələbinə uyğun müəllim kadrları hazırlığında mühüm xidmətlər göstərib.
Ali pedaqoji təhsil standartlarının hazırlanmasında iştirak
Məlikməmməd müəllim ali pedaqoji təhsilin təşkilində və idarə edilməsində zəngin təcrübəyə, səriştəyə və idarəetmə qabiliyyətinə malik alimdir. 1989-1916-cı illərdə Təhsil Nazirliyi tərəfindən ali pedaqoji məktəblər üçün hazırlanan elə bir normativ sənəd tapmaq olmaz ki, Məlikməmməd müəllim işçi komissiyasının üzvü kimi həmin sənədin yazılmasında iştirak etməsin, təklif və tövsiyələrini bildirməsin. O, 1989-1992-ci illərdə Azərbaycanda müəllim kadrları hazırlığını həyata keçirən ali məktəblərin Elmi Metodiki Birləşməsinə, 2006, 2009 və 2012-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət Təhsil Proqramlarını (Dövlət standartları) hazırlayan işçi qrupuna rəhbərlik edib, uzun müddət Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının sədr müavini olub.
Elmi uğurların sirri: zəhmət və fədakarlıq
Riyaziyyat elminə 70-ci illərdə çox dəyişənli diferensiallanan funksiyalar nəzəriyyəsinin bəzi məsələlərini araşdırmaqla gələn Məlikməmməd müəllim Pedaqoji Universitetdə rəhbər vəzifələrdə işləməklə yanaşı elmi axtarışlarını davam etdirib, SSRİ-nin müxtəlif şəhərlərində ixtisasartırma kurslarında olub, məşhur riyaziyyatçı alimlərin mühazirələrini dinləyib, onların elmi seminarlarında iştirak edib, tədqiq etdiyi problemlə bağlı maraqlı təqdimatlar edib, Azərbaycanın və Rusiyanın nüfuzlu elmi jurnallarında məqalələr dərc etdirib. Elmi-metodiki sahədəki xidmətlərinə görə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adına layiq görülüb. Bu sahədə özünü tam təsdiq etdikdən sonra 1998-ci ildə “Vektorqiymətli funksiyalar üçün Besov fəzalarında daxilolma teoremləri və onların operator-diferensial tənliklərə tətbiqləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Tədqiqatlarında riyaziyyat elmi üçün vacib bir problem - bir sinif anizotrop diferensial operator tənliklərin tədqiqi ilə bağlı meydana gələn vektorqiymətli funksiyalardan ibarət Besov-Nikolski fəzalarının struktur xassələri öyrənilib, həmin fəzalarda, həmçinin vektorqiymətli Sobolev-Liuvill fəzalarında daxilolma kəsilməzliyi, çəkili halda isə kompaktlığı araşdırılıb, aproksimasiya ədədləri qiymətləndirilib. Aldığı nəticələrin tətbiqi ilə müəyyən sinif operator əmsallı diferensial tənliklər üçün sərhəd məsələsinin koersitiv həllinin varlığını isbat edib, baş hissəni öz-özünə qoşma olmayan diferensial operatorların rezolventasının qiymətləndirilməsi ilə bağlı nəticələr alıb. Onun aldığı elmi nəticələr görkəmli riyaziyyatçı-akademiklər S.M.Nikolski, M.K.Potapov, V.A.İlin, M.Qorbaçuk tərəfindən yüksək qiymətləndirilib. Professor M.K.Potapov dissertasiyaya yazdığı rəydə tədqiqat predmetinə çevrilən problemin hələ 1927-ci ildə Xardi və Litlvud kimi alimlər tərəfindən işlənməsinə toxunaraq qeyd etmişdir ki, “M.Cəbrayılov bir sıra ciddi çətinliklərlə qarşılaşsa da, nəticədə öz məqsədinə nail olmuş, riyaziyyat elminin məşğul olduğu bu sahəyə öz töhfəsini vermişdir”.
Pedaqoji və elmi-pedaqoji kadr hazırlığına töhfə
Professor M.Cəbrayılov 60 ilə yaxındır ki, Pedaqoji Universitetin auditoriyalarında gələcək riyaziyyat müəllimlərinə elmlərin şahı olan riyaziyatın sirlərini öyrədir, magistrant və doktoratlarda elmi-tədqiqat bacarıqlarıınn formalaşmasına rəhbərlik edir. Peşəkarlığı, tələbkarlığı və intellektual potensialı ilə seçilən Məlikməmməd müəllim hər bir iddiaçının elmi maraqlarına həssaslıqla yanaşır, onların elmi inkişaf yolunda qarşılaşdıqları çətinliklərə bələdçilik edir. O, dəfələrlə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda namizədlik (fəlsəfə doktorluğu) və doktorluq dissertasiyalarının müdafiəsini keçirən birdəfəlik şuraların sədr müavini olub, rəsmi opponent və rəyçi kimi çıxış edib. 2009-cu ildən ADPU-nun nəzdində fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi, təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisasları üzrə Dissertasiya Şurasının üzvüdür. Hazırda həm də riyaziyyatın tədrisi metodikası ixtisası üzrə elmi seminarın sədridir. Onun elmi rəhbərliyi ilə 8 nəfər riyazi analiz və riyaziyyatın tədrisi metodikası ixtisasları üzrə fəlsəfə doktoru, 1 nəfər elmlər doktoru elmi dərəcəsi alıb, 3 nəfər fəlsəfə doktoru dərəcəsi almaq üçün dissertasiya işlərini müdafiəyə təqdim edib. İndiyə kimi 21 nəfər tədqiqatçıya rəsmi opponent kimi xeyir-dua verib, onlarla dissertasiyanın avtoreferatına, dərslik və dərs vəsaitinə təqdiredici rəy yazıb.
Zəngin elmi irs
Professor M.Cəbrayılov uzun illər idarəetmə sahəsində çalışmasına baxmayaraq həmişə alimlik, tədqiqatçılıq və müəllimlik missiyasına sadiq qalıb, zəngin və məhsuldar yaradıcılığı ilə seçilib. İndiyə kimi onun 1 monoqrafiya, 11 dərs vəsaiti, 2 metodik vəsaiti, Azərbaycan, Rusiya və Ukrayna Elmlər Akademiyalarının Xəbərlərində və digər nüfuzlu elmi jurnallarda 120-dən artıq elmi və metodiki məqaləsi dərc olunub. “Ədədi üsullardan mühazirələr” (1989), “Metrik fəzalar və çoxdəyişənli funksiyaların diferensial hesabı” (1982), “Metrik və normalı fəzalar. Xətti operatorlar” (2004), “Riyazi analiz” (diferensial hesabı) (2006, 2010) və “Riyazi analiz” (inteqral hesabı) (B.Əliyevlə birlikdə) (2016) dərs vəsaitləri gələcəyin riyaziyyat və informatika müəllimlərinin ən çox istifadə etdiyi dəyərli mənbələrdən biridir.
Ali pedaqoji məktəblərdə riyazi analizin tədrisinin aktual problemləri ilə ciddi məşğul olan professor Məlikməmməd Cəbrayılov dəfələrlə Rusiyanın müəllim hazırlığı ilə məşğul olan ali məktəblərində uzunmüddətli elmi ezamiyyətlərdə olub, təcrübə mübadiləsi aparıb, Moskva Pedaqoji Universitetinin əməkdaşları ilə birlikdə 2 hissəlik “Riyazi analiz” (Moskva, 2005, 2006) kitabının nəşrinə nail olub. Kitab Rusiya Təhsil Nazirliyinin qrifi ilə dərs vəsaiti kimi təsdiq edilib. O, uzun illərdir ki, “ADPU-nun xəbərləri” məcmuəsinin redaksiya heyətinin üzvüdür. Ali pedaqoji təhsilin və riyazi analizin tədrisinin aktual problemləri ilə bağlı Bakı, Ankara, Kiyev, Moskva, Odessa, Düşənbə, Kaluqa, Saratov, Teberda, Voronejdə keçirilən beynəlxalq və respublika səviyyəli konfransların iştirakçısı olub. “Ömür boyu təhsil” layihəsi çərçivəsində Sankt-Peterburq, Roma, Afina, Tirana, Lissabon, Barselona, Stokholm, Kopenhagen, Oslo, Helsinki, Tallin şəhərlərində keçirilən konfrans və treninqlərdə iştirak edib.
Alim və müəllim əməyinin dəyərləndirilməsi
Professor M.Cəbrayılovun elmi-pedaqoji və ictimai fəaliyyəti həmişə yüksək qiymətləndirilib. 26 dekabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ona Əməkdar müəllim fəxri adı, 17 dekabr 2021-ci il Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni verilib. Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin 26 oktyabr 2023-cü il tarixli əmri ilə “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” yubiley medalı ilə təltif olunub. O, ayrı-ayrı vaxtlarda “Rəşadətli əməyə görə” medalı (1970), Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı (2006), Təhsil Nazirliyinin, ADPU rəhbərliyinin, müxtəlif təhsil təşkilatlarının diplom və Fəxri fərmanları ilə təltif edilib. Elm və təhsil sahəsində qazandığı uğurlara görə 2002-ci ildə Moskvada fəaliyyət göstərən Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Ömrün yaddaqalan günləri
Professor M.Cəbrayılovun elmi və pedaqoji bioqrafiyasının bəzəyi olan bu faktlar onun 80 illik ömür payının yaddaqalan anlarıdır. Xeyirxahlıqda səmimi və təmənnasız olan Məlikməmməd müəllim saf mənəviyyat, yüksək mədəniyyət sahibidir. Onun böyüklüyünün, fəzilətinin gücü sadəliyindədir. Onunla həmsöhbət olan hər kəs sanki istirahət edir, dincəlir, yüngülləşir, mənəvi cəhətdən zənginləşir. Çoxşaxəli fəaliyyəti ilə universitetimizdə rektor professor Cəfər Cəfərovun rəhbərliyi ilə həyata keçirilən islahatlara töhfə verir, yaşlı nəsil ilə gənc nəsil arasında mənəvi bir körpü rolunu oynayır.
9-cu onilliyiniz mübarək!!!
Professor M.Cəbrayılovun 80 illik ömür yoluna nəzər salarkən görürük ki, onun həyatı, fəaliyyəti və yaşam tərzi elinə, obasına, ailəsinə, seçdiyi ixtisasına sadiqliyin nümunəsidir. Onun 80 illik örnək həyatı, təhsil və elmdə qazandığı uğurlar ömrünün naxışları və ən parlaq göstəriciləridir. O, ömrünün müdriklik çağında da ADPU-nun Riyazi analiz kafedrasının professoru kimi pedaqoji fəaliyyətini davam etdirir, tələbələrinin və övladlarının uğurlarını bölüşür, nəvələrinin qayğısına qalır, onların sevinclərini bölüşməklə bənzərsiz rahat bir ömür yaşayır.
Gözəl insan, görkəmli alim, ustad müəllim, etibarlı dost kimi bütün gözəlliklərə layiq olan professor Məlikməmməd Cəbrayılova bundan sonrakı həyatında və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayaraq deyirik: 9-cu onilliyiniz mübarək!
Fərrux RÜSTƏMOV,
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər