
Son illərdə gənclərimiz arasında elmi biliklərə, elmi-tədqiqatlara marağın artmasının şahidi oluruq. Şagirdlərimiz elmlə maraqlanır, axtarışlar aparır, nüfuzlu alimlərimizdən məsləhətlər alır və ölkə elminin gələcək təmsilçiləri olmaq yolunda ilk addımlarını atırlar.
Şagirdlərimizin elm yolunda bu cür titrək addımlarını dəstəkləmək isə təhsil sistemi qarşısında duran mühüm vəzifələrdən biridir. Məhz hərtərəfli dəstək sayəsində gənclərimizin dünya elm müsabiqələrində əldə etdiyi uğurlardan bəhs edə bilərik.
“Azərbaycan müəllimi”nin növbəti məqaləsi də belə istedadlı gənclərimizdən biri – Bakıdakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin məzunu Gülarə Əli qızı Həsənova barədədir.
Gülarə Çexiya Respublikasının paytaxtı Praqa şəhərində bu ölkənin səhiyyə nazirinin təşkilatçılığı ilə keçirilən “Global Evidence Summit” (GES - Qlobal Sübut Zirvəsi) adlı qlobal sammitdə ölkəmizi 73 ölkədən seçilən 1848 nəfər arasında tək azərbaycanlı olaraq tibb istiqaməti üzrə tapdığı genetik ideyası ilə təmsil edib.
Əlavə olaraq tibb sahəsində genetik ideyası ilə yanaşı anatomiyanı bizlərə asanlıqla öyrədə bilən robot ixtira edib. Robot ideyasına 2021-ci ildə “Sabahın alimləri” Respublika müsabiqəsində bürünc medala layiq görülüb və fərqlənmə dipolomu ilə təltif olunub.
G.Həsənova həmçinin robototexnika, kibertəhlükəsizlik sahələri üzrə elmi biliklərə, sertifikatlara sahibdir. Harvard, Oksford universitetləri tərəfindən keçirilən esse müsabiqələrindən də nailiyyətləri var. Vətənə, şəhidlərimizə həsr olunmuş bir neçə şeirlərin müəllifi olan Gülarə “Motivasiya bu günümüz, bu günümüz isə gələcəyimizdir" adlı, bu yaxınlarda nəşriyayata təqdim olunacaq kitab üzərində çalışır.
Gənc istedad elmi axtarışları və hədəfləri barədə fikirlərini bizimlə bölüşür:
– Orta məktəbi bitirdikdən sonra genetik ideyamı xarici arenada daha da inkişaf və təkmilləşdirmək qərarına gəldim. Bu səbəblə hazırda elmi biliklərimi inkişaf etdirirəm və biotibbi mühəndislik ixtisasında təhsil almaq istəyirəm. Onu da qeyd edim ki, orta məktəbdə təhsil alarkən Azərbaycan Tibb Universiteti, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Multikulturalizm Mərkəzi, bir neçə tibbi poliklinikalarda elmi-tədqiqatlar aparmış və professorlardan yüksək rəylər əldə etmişəm.
Həmçinin mexatronika və proqramlaşdırma, kibertəhlükəsizlik, insan anatomiyası və genlər kimi elmi sahələrlə məşğul olmuşam. Orta məktəbdə təhsil aldığım müddətcə isə Rauf Hacıyev adına 15 nömrəli musiqi məktəbindən kanon və fortepiano alətləri ixtisası üzrə məzun olmuşam. İnsanların sağlam həyat yaşamasını istəyirəm və bu mövzuya həvəsimin nəticəsi olaraq “Motivasiya bu günümüz, bu günümüz isə sabahımızdır” adlı kitabın müəllifiyəm. Bu kitab özündə sağlam qidalanma, yuxu rejimi, depressiya, stres və onun sinir sistemi, həmçinin digər orqanlarda yaratdığı zərərlər, ruh yüksəkliyi yaradan hormonlar və onu aktivləşdirmə metodları, eyni zamanda motivasiyamızı yüksəldəcək mənəvi düşüncələri əks etdirir.

Qeyd edim ki, “Global Evidence Summit” (Qlobal Sübut Zirvəsi) ilk tədbirdən 6 il sonra ll dəfə Çexiya baş nazirinin müavini, həmçinin səhiyyə naziri olan Vlastimil Valekin himayəsi altında keçirilmiş tibb sahəsində qlobal tərafdaşlıqların təşviqinə olan bağlılığa dair elmi sübutların, dəlillərin nümayişi, təhsil, iqlim dəyişkənliyi və ətraf mühit, sosial müzakirələr barəsində həsr olunmuş böyük elmi sammit idi.
Gülarədən onu elmi fəaliyyətə təşviq edən amillər barədə soruşuruq:
– Hələ VIII sinifdə oxuyarkən Azərbaycan dili müəllimimiz bizə tetra-ameliya (nadir hallarda rast gəlinən irsi xəstəlik) sindromundan əziyyət çəkən Nik Vuyçiç adlı oğlanın həyat hekayəsini danışırdı. Nick dünyaya gəldiyi andan əzaları olmayan azyaşlı, lakin həyat eşqini, əzmini itirmədən gözəl müvəffəqiyyətlər qazanmış gəncə çevrilir. Lakin xarici görkəminə görə dəfələrlə ətrafdakıların tənqidlərinə məruz qalaraq özünü bədbin hiss edərdi. Nikin başına gələnlər məni kədərləndirmişdi. O zamanlar “Niyə bir körpə uşaq əzasız dünyaya gəlib? Görəsən, buna səbəb nələr olub?” - deyə öz-özümə suallar verərdim. Zoologiya bölməsindəki heyvan orqanizmlərinin iş prinsiplərini oxuyan zaman genetika ilə konfiqurasiya edib yeni bir ideya fikirləşdim. O qədər sevincli hiss edirdim ki, çünki bu ideya genetik xəstəliklərin bəzilərini ana bətnində, yəni embrion dövrdə sağalda bilər. İdeyanın məğzi ondan ibarətdir ki, insan orqanizmindəki genlərdə müəyyən problemlər meydana gələ bilər ki, çox vaxt DNT bu problemləri deşifrələyir.

Bəzi genlər üçün maddələrdən istifadə edərək həmin deşifrələnməni tapa, eyni zamanda da genetik problemi həll edə bilərik. GES təşkilatçısı Milovlas Klugar, həmçinin digər xarici univerisitetlərin professorları ilə ideyamın məxfiliyini qorumaq şərti ilə müzakirələrim yüksək qiymətləndirilib. Əlavə olaraq ideyama Genetika Ehtiyatlar İnstitutunun İcraçı direktoru Mehrac Abbasov, həmçinin ABŞ-nin Dyuk Universitetinin professoru da müsbət rəy bildirib, bu ideyanın genetika sahəsində təkmil işlər görəcəyini vurğulayıblar.
İdeyam orqanizmdə çox dərin prinsiplərə toxunduğundan, xarici mütəxəssislər üstəlik elmi işimin Nobel mükafatına belə uyğun olduğunu bildirirlər.
Qarşıda növbəti yarışmalar, böyük elmi konfranslar var. Bu tədbirlərdə iştirak etməyi hədəfləmişəm.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər