
İyunun 25-də ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırma prosesini izləmək məqsədilə media qurumlarının rəhbərləri və influenserlər üçün infotur təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, infoturda həmçinin Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin birinci müavini Tehranağa Abdullayev, şöbə müdiri Elnur Sadıqov iştirak ediblər.
İnfotur iştirakçıları imtahan prosesini yerində izləyərək şəffaflığın və obyektivliyin təmin olunmasının şahidi olublar.
Sonra tədbir iştirakçıları üçün "dəyirmi masa" keçirilib. Tədbiri Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev açaraq növbəti dəfə belə bir infoturun keçirilməsində əsas məqsədin imtahan prosesinin təşkili və keçirilməsi mərhələlərində şəffaflıq və obyektivliyin təmin olunması ilə bağlı media rəhbərlərinə, blogerlərə birbaşa müşahidə imkanı yaratmaq olduğunu bildirib.
Sertifikatlaşdırmanın həm müəllimin inkişafında, eyni zamanda keyfiyyətli təhsil mühitinin formalaşmasında əhəmiyyətli rolunu xüsusi vurğulayan şöbə müdiri onu da bildirib ki, adıçəkilən proses təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir: "Sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır.
Davamlı öyrənmə mühiti müəllim-şagird-ailə üçbucağının əsas missiyasıdır. Burada müəllim amili peşəkar, motivasiya edən, üfüq açan və daha yeni öyrənmə vasitələri ilə şagirdlərini gələcəyə hazırlayan şəxs kimi xarakterizə olunur.
Müəllimlərin bilik və bacarıqlarının sertifikasiya vasitəsilə ölçülməsi öyrənmə prosesində məhz bu hədəflərə çatmanı ifadə edir. Bu həm də ölkəmizin “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji hədəflərindən biridir. Və təhsil sistemi olaraq biz tədricən “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapan hədəflərə çatırıq. Artıq valideynlər də övladlarına peşəkar, yüksək bilik və bacarığa malik, sertifikasiyadan uğurlu nəticə əldə edən müəllimlərin dərs deməsində maraqlıdırlar. İctimaiyyət tərəfindən müəllimlərin sertifikatlaşdırılması prosesi rəğbətlə qarşılanmaqdadır. Və bu, müsbət bir haldır”.
Səbuhi Rzayev daha sonra qeyd edib ki, sertifikatlaşdırma nəticəsində həm müəllimin davamlı peşəkar inkişafı təmin olunur, öz işinə peşəkarlıqla yanaşan, ixtisası üzrə yüksək bilik nümayiş etdirən müəllimlərin əməkhaqlarında artımlar edilir ki, bu da müəllim əməyinin stimullaşdırılmasında önəmli rol oynayır.
İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev çıxış edərək sertifikatlaşdırma prosesinin məqsədi, əhəmiyyəti və mərhələləri barədə iştirakçıları məlumatlandırıb. Son zamanlar hamını maraqlandıran imtahan suallarının tərtibi ilə bağlı sualı da cavablandıran şöbə müdiri bildirib ki, bütün müəllimlərə eyni suallar təqdim olunur və onlar yalnız məktəb proqramı əsasında peşəkar mütəxəssislər tərəfindən hazırlanır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib ki, 2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub.
2024-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesində isə 31 853 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 9 020 (44,64%) təhsilverənin vəzifə maaşına 35 faiz, 14 543 (55,33%) təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub.
Bu il keçirilən sertifikatlaşdırma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edirlər.
Ümumilikdə 2025-ci il üçün təşkil olunan sertifikatlaşdırma prosesinə 21 000-ə yaxın təhsilverən qatılıb.
Nurlan İsmayılbəyli imtahanların ölkə üzrə vahid sistem vasitəsilə izlənildiyini söyləyərək tədbir iştirakçılarına bu sistem barədə də məlumat verib. Qeyd olunub ki, sistem müasir texnoloji infrastrukturla təmin edilib ki, bu da ədalətli, şəffaf və etibarlı imtahan mühitinin yaradılmasında mühüm rol oynayır.
“Dəyirmi masa”da sertifikasiyadan keçməyən müəllimlərlə bağlı məsələyə də toxunulub. Nurlan İsmayılbəyli bildirib ki, sertifikatlaşdırmadan keçməyən müəllimlərə bir il iş yeri saxlanmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilir.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesindəki nəticələri nəzərə alınaraq uğur qazanmayan müəllimlərə uyğun proqram tərtib edilir və sözügedən müəllimlər həmin təlimlərə cəlb olunurlar. Media nümayəndələrinin belə müəllimlərin məşğulluğu ilə bağlı sualına cavab olaraq qeyd olunub ki, indiyə qədər 1200 belə təhsilverən işlə təmin edilib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin birinci müavini Tehranağa Abdullayev sertifikatlaşdırmanın önəmindən söz açaraq bu cür obyektiv və şəffaf qiymətləndirmə mexanizminin müəllimlərin bilik və bacarıqlarının daim yenilənməsinə xidmət etdiyini söyləyib: "Prosesi yaxından izləmək üçün ictimaiyyət nümayəndələrinin dəvət olunması təqdirəlayiqdir. Bu, təhsil sistemində etimad mühitinin formalaşması üçün mühüm addımdır”.
Sədr müavini ATİAHİ Respublika Komitəsinin Elm və Təhsil Nazirliyi ilə uğurlu əməkdaşlığını da diqqətə çatdıraraq birlikdə həyata keçirilən layihələrdən söz açıb.
Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən “dəyirmi masa”da media nümayəndələrini maraqlandıran təhsillə bağlı digər məsələlər də geniş müzakirə olunub.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər