Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Qobustan rəsmlərinin yorulmaz tədqiqatçısı

 

Azərbaycanın ilk arxeoloq-etnoqraf alimlərindən biri, əməkdar elm xadimi, Qırmızı Əmək Bayrağı ordenli İshaq Məmmədrza oğlu Cəfərzadə Gəncədə anadan olmuşdur.  İshaq 6 yaşında mədrəsədə oxumağa başlamış, ərəb və fars dillərini öyrənmişdir. Altıillik şəhər məktəbində o, rus dilinə yiyələnmişdir. Əməksevər gənc biliklərə yiyələnmək üçün dilləri öyrənməklə yanaşı, atasından qədim sərraclıq peşəsini də mənimsəmişdir. 1927-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirən İshaq Cəfərzadə sonralar ADU-nun şərqşünaslıq fakültəsində oxumuşdur. Ali təhsil aldığı illərdə ictimai fəallığı ilə seçilən İ.Cəfərzadə Azərbaycanın Qədim Abidələrinin Mühafizəsi Komitəsinin üzvü kimi çalışmışdır. 1933-cü ildən İ.Cəfərzadə həyatını elmə bağlamışdır; Azərbaycan SSR EA-nın Tarix İnstitutunda fəaliyyət göstərmiş, arxeologiya şöbəsinə rəhbərlik etmişdir.

İ.Cəfərzadə ilk elmi axtarışlarını Gəncədə başlamışdır. Mütəfəkkir şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar təşkil olunmuş qazıntı işlərinə Cəfərzadə başçılıq etmişdir.

Bu elmi fəaliyyət nəticəsində Gəncənin yeri dəqiq müəyyənləşdirilmiş, qala divarları, sənətkar məhəllələri, müxtəlif məişət tikililəri aşkar edilmiş, çoxlu sayda maddi mədəniyyət nümunələri tapılmışdı.

Tale İshaq Cəfərzadəyə ilk dəfə olaraq Nizami Gəncəvinin məzarını açmağı, böyük sənətkarın nəşini gün işığına çıxarmaq şərəfini nəsib etmişdi. Şairin nəşini yubiley günlərində yeni türbədə qara mərmər sənduqəyə qoymuş İ.Cəfərzadə bu elmi araşdırmaların nəticələrini ümumiləşdirən "Qədim Gəncənin tarixi-arxeoloji oçerki" əsərini namizədlik dissertasiyası kimi 1944-cü ildə müdafiə etmişdir.

Alimin bioqrafiyasından bəlli olur ki, o, elə müharibə illərində həm də Bakı limanındakı Səbayıl şəhərinin, Yaloylutəpənin arxeoloji qazıntılarına rəhbərlik etmişdi.

Mənbələrdə qeyd olunur: Xəzərin dalğaları ilə yuyulan "Şəhri Səbayıl" tədqiqatları zamanı o, ağır və gərgin zəhmət hesabına dənizin dibindən 200-dən artıq iriölçülü yazılı daş çıxara bilmişdi.

İshaq Cəfərzadənin adı çəkiləndə Qobustan, Qobustandakı qayaüstü rəsmlər yada düşür. Həmin rəsmlər ötən əsrin 39-40-cı illərində aşkar edilmişdi.

Arxeoloji ədəbiyyatda göstərilir:

Bakıdan 50-60 km cənub-qərbdə yerləşən Qobustanda 1939-1940-cı illərdə Azərbaycanda ilk qayaüstü təsvirlər aşkar olunmuşdur. Böyük Qafqaz dağlarının cənub-şərq qurtaracağında Böyükdaş, Cingirdağ, Kiçikdaş və Yazılıtəpə silsiləsində tapılmış bu rəsmlər müxtəlif dövrlü və müxtəlif məzmunlu olub, Azərbaycan xalqının qədim mədəniyyətini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Qobustanda təxminən minə yaxın Abşeron süxurlu əhəng daşları üzərində 3500-dən çox müxtəlif ölçülü rəsmlər qeydə alınmışdır. Bu rəsmlər mövzu baxımından olduqca müxtəlifdir.  Əsasən insan, vəhşi öküz, maral, keçi, şir, ceyran, at, gur və s. təsvirlərindən ibarət olan bu rəsmlər çox vaxt təbii ölçüdə verilmişdir. Daşlarda kollektiv əmək prosesi, o cümlədən taxıl biçini, qurban gətirmək, ov səhnələri, müxtəlif heyvanların vuruş səhnələri, dəvə karvanları və s. çox real canlandırılmışdır. Qobustan qayalarının bir hissəsində adamlı və adamsız qayıq təsvirləri verilmiş, qayıqların burun hissəsində günəş şəkli çəkilmişdir. Tədqiqatçıların fikrincə, böyük yastı daşlarda çox qədim Azərbaycan əyləncə oyunlarının, o cümlədən "pul-pula", "ev köçdü" və ya "mərə-mərə"nin təsviri verilmişdir.

Qədim karvan yolu üzərində yerləşən Qobustanda həm də epiqrafik abidə, o cümlədən qədim latın yazısı qeydə alınmışdır. Qobustanda aparılmış arxeoloji qazıntılar bu ərazinin ən qədim yaşayış məskəni olduğunu sübut etmişdir. Burada müxtəlif qayaüstü sığınacaqlar, 20-dən çox mağara ilə yanaşı, Orta Daş dövrünə (Mezolit) aid zəngin yaşayış məskəni və nekropol tədqiq edilmişdir.

Keçmiş SSRİ-də qayaüstü təsvirlərin görkəmli mütəxəssislərindən olan İ.Cəfərzadə Qobustan qayaüstü təsvirlərini məzmunu və işləmə texnikasına görə təhlil edərək onları dövrlər üzrə qruplara bölmüşdür.

Tədqiqatçının fikrincə, Qobustan qayaüstü rəsmlərinin ən qədim nümunələri çiyinlərindən kaman aşırılmış, ayaqüstə və ya yarım oturmuş vəziyyətdə silueti çəkilmiş insan təsvirləridir. Onlar təbii ölçüdə, çox vaxt qəfəsə çanaq hissəsi müstəsna olmaqla çılpaq vəziyyətdə təsvir olunmuşdur. Bəzən isə kişi təsvirləri əlində balta həkk edilmişdir. Böyükdaş və Cingirdağ zonalarında təbii böyüklükdə verilmiş öküz rəsmləri, nisbətən kiçik miqyasda silueti çəkilmiş geyimli, silahla birlikdə işlənmiş insan təsvirləri, burun hissəsində günəş rəsmi çəkilmiş qayıq rəsmləri və b. təşkil edir.

Qobustandakı qayaüstu təsvirlərin yaşı çox böyükdür. E.ə. I minillikdə yaşamış  ulularımızın adət-ənənəsi, təsərrüfat həyatı, ilkin incəsənət bu rəsmlərdən anlaşılır.

Arxeoloji qazıntılar onu da təsdiq edib ki, buralar həm də ən qədim yaşayış məskənlərindən olub. 20-dən çox daş dövrünə aid zəngin yaşayış məskəni aşkar edilib.

Mərhum İ.Cəfərzadəyə görə, Qobustan qayaüstü rəsmlərinin ən qədim nümunələri çiyinlərindən kalman aşırılmış, ayaqüstə və ya yarım oturmuş vəziyyətdə silueti çəkilmiş insan təsvirləridir.

Qayaüstü rəsmlərin bəziləri təsvirli yazılardır. Belə yazılar keçmiş köç və karvan yolları üzərindədir. Bu təsvirlər indi qədim Azərbaycanın keçmiş iqlim şəraitini, o dövrün əhalisinin təsərrüfat həyatını, incəsənətini öyrənmək baxımından böyük tarixi-coğrafi, elmi əhəmiyyətə malikdir.

İ.Cəfərzadə Qobustanda 5000-ə yaxın qayaüstu rəsm aşkar etmişdi. Həmin tarixi-mədəni yadigarların hamısı qeydə alınmaqla yanaşı, alimin ömür-gün yoldaşı, yaxın köməkçisi, Azərbaycanın ilk qadın rəssamlarından olan Səfiyyə xanım tərəfindən dəqiqliklə kağıza köçürülmüşdü.

Bu fədakar və vətənsevər alim həmin rəsmlər üzərində illər boyu araşdırma aparmışdır. Dünyanın bir çox yerlərində aşkar edilmiş qayaüstü təsvirlərdən Qobustan rəsmlərinin üstünlüyü aşağıdakılardır: bu təsvirlər geniş xronoloji çərçivəlidir, mövzu cəhətdən rəngarəngdir, orijinal süjetlidir, böyük bədii-estetik dəyərə malikdir.

Ümumiyyətlə, İ.Cəfərzadə 70-dən çox maddi mədəniyyət abidəsi aşkara çıxarmışdır.

O, Xocalı, Yaloylutəpə, Orənqala, Çovdar ... arxeoloji ekspedisiyalarında, etnoqrafiya ilə bağlı elmi səfərlərdə iştirak etmişdir.

1938-40-cı illərdə Gəncə, Abşeron, Səbayıl, Qobustan (1939-1950) ... arxeoloji ekspedisiyalarının təşkilatçısı və rəhbəri olmuş alim 1929-cu ildə SSRİ Elmlər Akademiyasının təşkil etdiyi ekspedisiyanın işinə qoşularaq Qara dənizin şimalındakı antik dövrlərə aid Olviya şəhər yerində də qazıntılar aparmışdır (Q.İsmayılzadə).

İllər ötür, fəqət Qobustan qayaları tarixin daş yaddaşı kimi qalmaqdadır. Və bu təsvirlərdən söz düşəndə böyük alimin adı hörmət və ehtiramla çəkilir. Aşağıdakı əsərləri mənbələr kimi oxunmaqdadır:

"Azərbaycanın qədim tarixi. Azərbaycan SSR Tarix və Fəlsəfə İnstitutunun əsərləri, c.1. Bakı: 1961.

"İstoriko-arxeoloqiçeskoy oçerk staroy Qendji (Rodina Nizami)". Baku: 1949. Qobustan. Naskalnıye izobrajeniya". Baku: 1973.

 

"İshaq müəllimin qayaüstü rəsmlər üzərində iş təcrübəsi alimlər üçün gözəl məktəb olmuşdu"

 

 

Qüdrət İSMAYILZADƏ,

BDU-nun etnoqrafiya və

arxeologiya kafedrasının müdiri,

tarix elmləri doktoru, professor, əməkdar müəllim

 

Onun sevinc və günəş işığı ilə dolu böyük yaradıcılıq yolu vardı. Ona qədim Gəncənin xarabalıqlarını tapmaq, dahi Nizaminin müqəddəs türbəsini açmaq, səfalı Xaçbulaq yaylasının əfsanəvi qalalarını öyrənmək və Qobustanın min bir səhifəli daş kitabını oxumaq kimi şərəfli, qibtə ediləsi işlər nəsib olmuşdu.

İshaq Cəfərzadənin adı respublikamızdan çox-çox uzaqlarda elmi ictimaiyyətə indi də yaxşı tanışdır. Onun adını İngiltərə və Fransada, Çexiya və Slovakiyada, Macarıstan, Almaniya, İtaliya, İspaniya və Kanadada çox eşidiblər. Hər yerdə onu Azərbaycan arxeologiyasının yaradıcılarından biri, misilsiz Qobustan mirasının ilk tədqiqatçısı kimi tanıyırlar.

Azərbaycanın elə bir guşəsi tapılmaz ki, oraya bu görkəmli alimin ayağı dəyməmiş ola. Lakin onun adı ilə daha çox dünya incəsənət xəzinəsini bəzəyən, milli mədəni və mənəvi qürurumuzu təşkil edən məhz Qobustanın daş naxışları, rəsmləri bağlıdır. Ulu babalarımızın hiss və duyğularını qoruyub saxlayan bu abidənin tətbiqinə o, ömrünün 40 ilə yaxın bir dövrünü həsr etmişdi. Bəlkə də elə buna görə Qobustanın yalçın qayaları üzaq minilliklərin, əsrlərin sirlərini ondan gizlətmək istəməmiş, çətin və əziyyətli axtarışlarda ona qüvvət, əzəmət vermiş, möhkəm arxa olmuşdu. Bəlkə də elə buna görə tanınmış alimin yerişində və duruşunda, söhbətlərində və yazılarında həmişə Qobustanın düşüncəsi, onun nəhəng qayalarının vüqarı, minbir səsli qədim və ecazkar mahnısı əks olunmuşdu.

Böyük alim İshaq müəllimlə mənim ilk tanışlığım 50-ci illərin sonlarında olmuşdu. O vaxtlar mən uzaq dağ bölgələrindən birində, yoldan uzaq bir kənddə müəllimlik edir, boş vaxtlarımda isə işlədiyim yerin zəngin tarixi abidələrini öyrənməyə cəhd göstərirdim. Bəzi maraqlı abidələr haqqında mətbuat səhifələrində çıxışlar da etmişdim. Bəlkə də bunu nəzərə alaraq günlərin bir günündə təcili teleqramla məni Azərbaycan Elmlər Akademiyasının arxeologiya şöbəsinə işə dəvət etmişdilər. Müəllimliyi, uşaqlarla işləməyi çox xoşlasam da, teleqramı alan günün sabahı Bakıya yola düşmüşdüm. Əslində, onda mən illərdən bəri qəlbimdə yuva salmış arzuma qovuşmağa tələsmişdim.

Yadımdadır, əlimdə həmin teleqram, ürəyimdə isə böyük təşviş və həyəcan, o vaxtlar Voroşilov küçəsində yerləşən Tarix İnstitutunun arxeologiya şöbəsinə gəldim. Burada məni Azərbaycan arxeologiyasına rəhbərlik edən İshaq Cəfərzadənin otağına apardılar. Adını çox eşitdiyim görkəmli alimlə mənim əyani tanışlığım belə başlandı.

İshaq müəllim otağın künc tərəfində, böyük bir yazı masasının arxasında əyləşmişdi. Başında özbək araqçını vardı. Oturmaq üçün mənə yer göstərdi və bir müddət susdu. Hiss etdim ki, onun baxışları üzümdə gəzir və məni tər basdı. Düzü, arxeologiya mənim üçün əlçatmaz bir zirvəyə, İshaq müəllim isə bu zirvəyə gedən yeganə yolun zəhmli keşikçisinə çevrilmişdi. Görünür, o, mənim bərk həyəcan keçirdiyimi hiss edib yavaşcadan boğazını arıtdı və çox səmimi və açıq bir baxışla məqalələrimi oxuduğunu bildirdi. Bunun ardınca gözlənilmədən məndən maaşımı soruşdu. 240 manata qədər böyük maaş aldığımı eşitdikdə təəccübləndi, lakin birdən-birə quru bir səslə dedi:

- Bala, bizdə sən bu maaşın yarısından da az alacaqsan. Biz səni kiçik elmi işçi vəzifəsinə götürməyi nəzərdə tutmuşuq. Bu vəzifənin maaşı isə cəmi 83 manatdır. Lakin xəbərdarlıq edirəm ki, bu, çətinliyin yalnız bir tərəfidir. Arxeologiyanın özü çox ciddi və olduqca ağır bir elmdir. Yadda saxlamalısan ki, arxeoloq hər cür iş şəraitində işləməyə hazır olmalıdır. Bizim isə əsas iş şəraitimiz iliyimizə qədər işləyən şaxtadan və ya beynimizi yandıran istidən, gözlərimizi dolduran toz-torpaqdan asılı olmayaraq açıq havadadır. Bəziləri arxeologiyada romantika axtarırlar. Lakin belə adamların heç biri arxeologiyada bir mövsümdən artıq qala bilmir. İlk çöl axtarışından sonra qaçır. Mən səni qorxutmaq istəmirəm. Dediklərimi düşün, götür-qoy et. Özünü buna hazırlıqlı bilsən, ərizə ilə gəl. Onda mən sənə, - uğurlu yol, - deyərəm.

Doğrusu, o gecə yatmadım. Lakin ertəsi gün bir cümlə ilə yazdığım ərizəni İshaq müəllimə təqdim etdim. O, daha bir söz demədi, amma dodaqaltı gülümsəyərək üstünü yazdı.

Bir il sonra isə İshaq müəllim məni Xaçbulaq yaylağında yenidən başlanan tədqiqatlara apardı. Bu yerlər onun üçün doğma və əziz idi. Özünün dediyi kimi, bütün uşaqlıq və gənclik illərini Azərbaycanın bu səfalı guşəsində keçirmişdi. Sonralar ilk tədqiqatları üçün də o, məhz buranı seçmişdi. Xaçbulaqda tədqiqat apararkən biz alaçıqlarda qalırdıq. Hər axşam İshaq müəllim bizi özünün dədə-baba ənənəsi ilə qurulmuş iri alaçığına dəvət edirdi və gecə yarıdan keçənədək bu yerlərin tarixindən, adət-ənənələrindən və öz həyatından maraqlı söhbətlər edirdi.

***

Qədim qayaüstü təsvirlər dünyanın bir çox yerlərində aşkar edilmişdir. Lakin heç yerdə Qobustanın təsvirləri qədər geniş xronoloji çərçivəli, mövzu cəhətdən rəngarəng, orijinal süjetli və bədii dəyərli təsvirlərə təsadüf olunmamışdır.

İshaq müəllim Qobustan təsvirlərinin ən qədim nümunələrini orta daş - mezolit dövrünə aid etmiş, onların 9-10 min il əvvəl çəkildiyini sübuta yetirmişdi. Sonrakı dövrlərdə Qobustanın daş salnaməsində təsvirlərin sayı daha da artmış və zənginləşmişdi. Mis, tunc və dəmir dövrlərində Qobustanın bu qeyri-adi daş kitabına qədim təsərrüfat sahələrinin genişlənməsi, inkişafı, dini təsəvvürlərin mürəkkəbləşməsi ilə əlaqədar daha geniş məzmunlu və kompozisiyalı lövhələr - əsl incəsənət əsərləri əlavə edilmişdi. Ciddi axtarışlar nəticəsində İshaq müəllimə hər bir rəsmin dövrlərə görə mənasını açmaq, onların işlənmə üslubunu aydınlaşdırmaq müyəssər olmuşdur. Yer kürəsinin müxtəlif guşələrində tapılmış bütün qədim qayaüstü təsvirlərə yaxşı bələd olan İshaq Cəfərzadə Qobustan təsvirlərinin səciyyəvi xüsusiyyətini, bədii və tarixi əhəmiyyətini müəyyənləşdirə bilmişdi. Görkəmli alimin tədqiqatlarında diqqəti cəlb edən cəhətlərdən biri də Qobustanın qədim təbii-coğrafi şəraitinin nəzəri bərpası ilə bağlıdır. Alimə görə uzaq keçmişdə Qobustanın iqlimi rütubətli və tropik iqlimə yaxın olmuşdur. O zaman bu ərazi sulu çaylara, çoxlu bulaqlara və bol ot örtüyünə malik olduğundan burada saysız-hesabsız ov heyvanları özlərinə sığınacaq tapmış və yerli qəbilə və tayfaların böyük mal-qara sürüləri saxlanılmışdı.

Qobustan təsvirlərini öyrənərkən istedadlı alim onların meydana gəlmə tarixinə xüsusi fikir vermişdi. Tədqiqatçının fikrincə, Qobustanın saysız-hesabsız təsvirləri içərisində siluet üsulu ilə çəkilmiş, çiyinlərində kaman olan kişi və qadın təsvirləri ən qədim dövrlərə aiddir və onlar bilavasitə qadınların ibtidai cəmiyyətdə hakim olduğu madərşahlıq dövründə çəkilmişdir.

İshaq Cəfərzadənin dərin və geniş axtarışları ona sonrakı dövrlərin təsvirlərini də müəyyən etməyə, onların fərqləndirici xüsusiyyətlərini aydınlaşdırmağa imkan vermişdi. İshaq müəllim müəyyən bir dövrün təsvirlərini tədqiq edərkən çox düzgün olaraq onları həmin dövrün təsərrüfatı, dini təsəvvürləri və mədəni nailiyyətləri ilə əlaqələndirmişdi. Bu  sahədə o, mütəxəssislərin diqqətini cəlb etmiş bir sıra maraqlı və elmi əsaslı fikirlər irəli sürmüşdü. 

Şamxəlil MƏMMƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov