Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilir.

 

Dövlət Proqramı İdarəetmə Qrupundan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulu martın 1-dən iyunun 15-dək həyata keçilir. Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün müvafiq seçim qaydalarının tələblərinə uyğun olaraq sənədləri uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər aidiyyəti üzrə növbəti mərhələyə - müsahibə mərhələsinə keçid əldə edirlər.

 

Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir. Müsahibənin nəticəsinə uyğun olaraq, müvafiq balı toplamış namizəd müsabiqə mərhələsinə keçid alır.

 

Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcəkdir.