Tədbir müəllimlərin peşə-metodik biliklərinin təkmilləşdirilməsinə dəstək məqsədi ilə təşkil olunub


Dekabrın 1-də “Xəzər” Universitetinin mərkəz kampusunda respublika müəllimlərinin beynəlxalq seminarı keçirilib. Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti ilə Turkuaz Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan seminarda millət vəkilləri, təhsil ictimaiyyətinin təmsilçiləri, o cümlədən Azərbaycanın müxtəlif bölgələrindən olan müəllimlər iştirak edib.

 

Tədbirdə çıxış edən millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov müasir müəllimin keyfiyyət meyarlarından bəhs edib. Millət vəkili Sona Əliyeva Azərbaycan dövləti tərəfindən həyata keçirilən təhsil strategiyasından danışaraq müəllimlərə uğur arzulayıb.

 

Bakı Dövlət Universiteti “Türkologiya” kafedrasının müdiri, professor Ramiz Əsgər, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət seminarın əhəmiyyətini vurğulayaraq təhsilin keyfiyyətinin artırılmasında belə tədbirlərin zəruriliyindən bəhs ediblər.

 

 “Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri, dosent Nuğay Əliyev  qonaqlara və müəllimlərə təşəkkür edib. Bildirib ki, uzun illərdir təhsil sahəsində geniş fəaliyyət göstərən Cəmiyyət sözügedən seminarı təşkil etməklə müəllimlərin peşə-metodik biliklərinin təkmilləşdirilməsinə dəstək olmağı hədəfləyir.

 

Sonra tədbir təlimçilərin çıxışları ilə davam edib.  Araz Zeyniyev (ABŞ), Stefanie Matzer (Avstriya), 193 nömrəli tam orta məktəbin müəllimi Günay Hüseynzadə (Azərbaycan), Chen Xiaozhen (Çin), Bakı Beynəlxalq Təhsil Kompleksi rəqəmsal öyrənmə və İT üzrə koordinatoru Elvin Əliyev (Azərbaycan), Ceren Evcen (Türkiyə), Bakı Uşaq Teatrının nəzdindəki uşaq hüquqları sahəsində layihələr həyata keçirən “Forumclub”un rəhbəri Arzu Soltan (Azərbaycan), Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin inklüziv təhsil mütəxəssisi Fərid Süleymanov (Azərbaycan) və Təhsil İnstitutunun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Əməkdar müəllim Almaz Həsrət (Azərbaycan)  müxtəlif mövzularda çıxışlar edib, dünya təhsil sistemində tətbiq edilən müasir metodlardan və təlim üsullarından danışıblar.

 

Seminarda Bakı Avrasiya Universiteti və Qərbi Kaspi Universitetinin tələbələri könüllü qismində təşkilatçılara dəstək veriblər.