Uğur qazanmağın tək səbəbi


“Hər bir dövlətin həqiqi sərvəti - onun insanlarıdır”- fikri dayanıqlı və davamlı  insan inkişafı paradiqmasının əsasını təşkil edir. Dünyaya gələn uşaqların böyüdülməsi, onaların təhsil-tərbiyəsi, şəxsiyyət kimi formalaşdırılması ilk növbədə valideynlərdən və tərbiyəçilərdən, məktəbdə isə müəllimlərdən böyük məsuliyyət tələb edir. Bu, böyük bir missiyadır, hətta İlahi bir missiyadır. Tərbiyəçinin, müəllimin əməyi Allahın xəlqetmə qüdrətinin bilavasitə davamıdır. Müdriklərdən biri deyib ki, hava və qidadan sonra vücudumuzun ən çox tələb etdiyi üçüncü şey məhz təhsil-tərbiyədir. Təhsil-tərbiyənin mahiyyəti, məzmunu, qanunauyğunluqları, prinsipləri, metodları və təşkili formaları ilə pedaqogika elmi məşğul olur.

 

Pedaqogika elmdir, yoxsa sənət?

 

Pedaqogika elmini bəzi alimlər elm, bəziləri isə sənət hesab edirlər. Dünya pedaqoji fikir klassikləri birmənalı olaraq sübut ediblər ki, pedaqogika elmdir, özü də sosial elmdir. Pedaqogikanı sənət hesab edənlər nəyi əsas götürürlər? Adətən sənətkar  fərqli  bir şey yaradır. Məsələn, divardan asılmış ağ kətan  bir neçə saatdan sonra rəssam fırçasının qüdrəti sayəsində sənət əsərinə çevrilir. İnsanları heyrətə salan əsrarəngiz gözəllik yaranır. Müəllim əməyinin  nəticəsində isə fidan körpələrdə keyfiyyət dəyişikliyi (anatomik-fizioloji, psixoloji və sosial)  baş verir, fərddən adı  böyük hərflə yazılan insan yaradılır. Bu, alim, memar, həkim, hakim, müəllim, mühəndis, texnoloq,  adi bənna  ola bilər. Amma hər şeydən əvvəl o, insan olmalıdır. J.J.Russo “Emil və ya tərbiyə haqqında” əsərinin sonunda yazırdı: “Emil, nə həkim, nə hakim, nə keşiş, nə də əsgər olacaq, o insan olacaq”. Biz insan deyəndə hər şeydən əvvəl onun əxlaqını nəzərdə tuturuq. Bəşəriyyətin bütün mərhələlərində əxlaq və qəbahət, fəzilət və rəzalət həmişə tərəzinin müxtəlif gözlərində yerləşib. Cəmiyyət  tərəzinin əxlaq gözünün  həmişə yüksəkdə olması üçün müəllimlərə borcludur. Bu səbəbdən də müəllimlərə həmişə hörmət və  ehtiram göstərilib, yaxşı mənada onlara  sitayiş edilib ki, tərəzinin tarazlığının   pozulmasına imkan verməsinlər, tərəzinin əxlaqi tərəfini yuxarıda saxlaya bilsinlər. Əxlaq paltarını soyunan ayrı-ayrı  fərdlər  və ya bütövlükdə  cəmiyyət  başqa paltar geyinə bilməz, o, mütləq  məhv olar.

 

Hər bir insanın kamilləşməsi, şəxsiyyət kimi formalaşması, inkişafı, əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafı bilavasitə müəllimdən asılıdır. Çünki müəllim tərbiyəsi ilə məşğul olduğu insanın əqli, əxlaqi, estetik, fiziki imkanlarını, yaş və cinsi xüsusiyyətlərini, potensialını nəzərə alaraq onun hissinə, təfəkkürünə, mənəviyyatına və əxlaqına təsir göstərir. Bu təsir nəticəsində insan dəyişir, formalaşır, fərddən şəxsiyyətə çevrilir, özünü dərk edir, çevrəsini dərk edir və nəhayətdə yaradanı dərk edir.

Müəllim ayrı-ayrı insanları və bütövlükdə millətləri qaranlıqdan aydınlığa çıxaran işığa bənzəyir. Müəllim insanın özünü yetişdirir,  onun əxlaqını formalaşdırır. Heç bir sivilizasiya, heç bir cəmiyyət əxlaqdan kənarda mövcud ola bilməz. Deməli,  müəllimin rolu, missiyası, məqamı necə yüksəkdir!  Ona görə də  insanın kamillik və müdriklik aləminə qovuşmasında müəllimin rolu valideynin rolundan da yüksək hesab edilir. Valideyn bizim bədənimizin tərbiyəçisi olduğu halda, müəllim bizim mənəviyyatımızın, əxlaqımızın, ruhumuzun tərbiyəçisidir.  Həm müəllim, həm də valideynlər bizə həyat bəxş edirlər.

Valideyn övladına adi həyat verirsə, müəllimlər  onlara layiqli, ləyaqətli həyat bəxş edirlər. Ona görə də müdriklər belə hesab edirlər ki, millət məktəbdə doğulur, məktəbdə ölür. Ayrı-ayrı insanlar dünyaya gəldiklərinə görə valideynlərinə, bütövlükdə millət isə  müəllimlərə borcludur. Əgər məktəb olmasa, müəllim olmasa, millət də formalaşa bilməz. Öyrədən və öyrənənlərin yaradıcı ürəkləri ancaq məktəbdə öz ritmində döyünür, müəllim-şagird həmrəyliyi və  simfoniyası burada baş tutur. Həmişə belə olub: qədimdə də, orta əsrlərdə də, müasir dövrdə də.  Yaradıcı ürəklərin birgə döyünməsi, həmrəyliyi və simfoniyası millətin tərəqqisinin açarı, onun inkişafının müqəddəm şərtidir. Azərbaycanın iqtisadi, siyasi, elmi-mədəni, hərbi potensialının inkişafında və insan kapitalının formalaşmasında yaradıcı ürəklərin simfoniyasını yaradan məktəbin böyük rolu vardır. 

 

Uşaqlar oxumaq istəmir, yoxsa biz  onları oxuda bilmirik?

 

Son dövrlərdə valideynlərdə belə bir fikir formalaşdırmağa çalışırlar: “Uşağının ali məktəbə daxil olmasını istəyirsənsə hazırlıq  kursuna  qoy, repetitor tut”. Heç bir repetitorun köməyindən istifadə etməyərək yüksək bal toplayan tələbələrimiz var və hər il də bunların sayı artır. Amma reallıq  ondan ibarətdir ki, şagirdlərin bir qismi oxumaq istəmir. Hamının şahidi olduğu bir məsələnin üzərində dayanmaq istərdim. Uşaqların  3-4 yaşı olanda onların hər birinin istəyi məktəbə getmək olur. Evdəkilər də,  ailəyə qonaq gələnlər də “nə qəşəng baladır, nə vaxt məktəbə gedir? Və ya “qızım oxuyub həkim olacaq, xalasına (əmisinə, dayısına, babasına) iynə vuracaq, oğlum oxuyub  prokuror olacaq”- deməklə onun şüuraltına  məktəbin yaxşı bir yer olması haqqında fikir yeridirlər. Uşaqlar məktəbdə tapacaqları dostları və valideynləri qədər əziz və mehriban olacaq sinif müəllimləri  haqqında düşünürlər. Məktəbə getmək arzusu ilə yaşayırlar.  Məktəb yaşı çatan ilin sentyabr ayının 1-dən 15-dək  bəlkə də hər gün məktəb paltarını  geyinib-soyunurlar,  dəftər-kitablarını çantaya  yığıb-boşaldırlar. Hələ su qabını demirəm. Həmin qabın  suyunu gündə  neçə dəfə dəyişmək olar?  Əllərində gül dəstəsi gəlirlər məktəbə. Heç bir uşaq  məktəbə könülsüz gəlmir, 3 ay-5 ay keçir, bu uşaqların bir hissəsi məktəbə getmək istəmir. Sonra  valideynlər də, məktəb rəhbərləri də, müəllimlər də narazılıq ifadə etməyə başlayırlar. Uşaq oxumur, oxumaq istəmir. Görəsən bunun səbəbi nədir? İllərlə məktəbə getməyi arzulayan, xəyallar quran uşaq görəsən niyə məktəbə getmək və  oxumaq istəmir? Özü oxumaq istəmir, bizmi onu oxuda bilmirik? Biz onun  potensial enerjisini kinetik enerjiyə çevirə bilmirik.  Bəlkə elə onun yaxşı oxumasına bizim tələblərimiz, bizim istəyimiz, bizim düzgün olmayan baxışlarımız, bir sözlə, ailə, məktəb, cəmiyyət mane  olur.

 

V.Hüqo deyirdi: Tanrı,  heç bir uşağı  pis olsun deyə yaratmaz! Bəlkə  biz uşaqlarla bağlı, onların oxumaları ilə bağlı öz baxışlarımızı dəyişək. Hər bir uşağın ürək döyüntülərini eşidək, qayğı göstərək. Aqillər yaxşı deyib ki, qayğı ən yaxşı məlhəmdir.  Axı, onlar valideynlərindən  və müəllimlərindən heç də çox şey istəmirlər: səmimi münasibət, hörmət, ehtiram, bir də onları ruhlandıracaq  söz. Məsələn:

 

- Səni sevirəm.

- Sənə güvənirəm.

- Səninlə qürur duyuram.

- Bağışla!

- Səni bağışladım!

- Sənə qulaq asıram.

- Sənə inanıram.

- İstəsən bacara bilərsən.

- Çox ağıllısan.

 

Bəs biz onlardan nə istəyirik? Bizim kimi düşünmələrini. Bizim  dediklərimizi  olduğu kimi təkrar etmələrini. Tarixi dəyişən insanlar isə həmişə fərqli düşüncə sahibləri olub. Vaxtı ilə müəllimlərinin, sinif yoldaşlarının  rişxənd etdiyi uşaqların bəziləri  sonralar öz kəşfləri ilə bəşəriyyəti heyran qoyub,  elm, təhsil və mədəniyyətin inkişafına mühüm töhfə veriblər. Maraqlı bir hind filmi var: “Yerdəki ulduzlar”. Filmdə təsviri incəsənət müəllimi Nikol uşağına qayğı göstərməyən, onu döyən, təhqir edən, alçaldan, ələ salan valideynə belə bir əhvalat danışır: “Solomon adalarında insanlar ağaclıq  hissəni  otlaq yerlərə çevirmək üçün ağacları  kəsmirlər. Ağacların ətrafına toplaşıb onu təhqir edirlər, qarğış edirlər. Nəticədə  də ağaclar tədricən quruyur və məhv olurlar”.

 

Hamı dünyanı dəyişmək istəyir...

 

L.Tolstoy deyirdi ki, hamı dünyanı dəyişmək istəyir. Ancaq kimsə özünü dəyişmək niyyətində deyil. Halbuki siz özünüzü dəyişməyənə qədər dünya da dəyişməyəcək. Biz uşağın təbiətini dəyişmək istəyirik. Onu bir küpə salıb ondan əlaçı, sabah  600-700 bal toplaya biləcək  şagirdlər hazırlamaq istəyirik. Uşağın uşaqlığını, özəl həyatını, əyləncəsini, yaşam tərzini əlindən alırıq. Onu özü kimi deyil, biz istədiyimiz kimi olmağa məcbur edirik.  Buna nail olmaq mümkündürmü? Təbii ki yox! Buna ehtiyac varmı, təbii ki yox! Axı atalar deyir ki, qanı damara görə alarlar. D.Karneqi deyirdi ki, yaddan çıxarmayın ki, siz insanlarla qarşılıqlı münasibətlərinizdə məntiqi mühakimə yürüdən vücudla yox, emosional, öz hərəkətlərində qürur və hərisliyə qapılan bir vücudla iş görürsünüz. Siz yaddan çıxarmamalısınız ki, bu qüsurlar böyüməkdə olan uşaqlarda da var. Ona görə də onu necə var, elə də qəbul edin, illüziyalardan imtina edin, arzu etdiyinizə yox, uşaqda real mövcud olana istinad edin. Uşağı zorla dəyişdirmək əvəzinə onu başa düşməyə çalışın. Belə yanaşma  bizdə uşağın halına yanmağı, dözümlülüyü və xeyirxahlığı inkişaf etdirir. Şüurumuzun dərinliyində elə imkanlar gizlənir ki, onları hərəkətə gətirməklə insanı fəal vəziyyətə, tam gücü ilə fəaliyyətə sövq etmək olar. İnsan çoxsifətlidir, ona görə də ona güclü təsir edən bir stimulu tətbiq etməkdənsə, həmişə çoxlu zəif stimullar tətbiq etmək daha yaxşı olar. Çünki ümid etdiyimiz güclü stimul heç təsir göstərməyə, amma zəif stimullardan biri yerinə düşə bilər. Hamının başını eyni ülgüclə qırxmaq olmaz (Şəhriyar). Qədim Roma filosofu və dövlət xadimi Senekanın  “Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” - fikri bu gün üçün də aktuallığını itirməyib və bu barədə bir daha düşünməyimizə dəyər.

 

Ənənəvi pedaqogika, yoxsa...

 

Ənənəvi pedaqogika praktikaya o qədər də dəyişdirici təsir göstərə bilmir. İnzibati-amirlik dövründə formalaşan ideoloji ehkamlar pedaqogikanı öz təbii inkişaf axarından çıxarmışdır. Uşaqların anadan bərabər imkanlarla doğulması, təhsil-tərbiyədə bərabər imkanlara malik olması kimi heç bir elmi əsasa söykənməyən fikirlər bu gün özünü doğrultmur. Elm və təcrübə sübut edir ki, təhsil-tərbiyənin köməyi ilə çox şeyi dəyişmək olar, amma insanın təbiətini dəyişmək olmaz. Şagirddən bizim kimi, bizim istədiyimiz kimi olacağını gözləmək olmaz,  onlara  özləri olmalarına kömək etmək ən səmərəli yoldur. Yağış təbiətin hər yerinə eyni yağır, amma bir yerdə gül-çiçək, digər tərəfdə tikan  bitir. Bu işdə valideynlərin təzyiqləri daha böyükdür. Onlar bəzən öz uşaqlarını başqalarının yanında aşağılayırlar. Sən filankəsin uşağından qabiliyyətsizsən. Filankəsin uşağı səndən qabiliyyətlidir. O, əlaçı oxuyur, müəllim onu sinif iclasında tərifləyir. Bəs sən? Hamıdan yaxşı geyinirsən, yeyirsən, gəzirsən, amma bacarıqsızsan. Bu kimi sözlər uşaqlarda həm valideynlərin özlərinə, həm də adıçəkilən uşağa qarşı kin-küdurət yaradır. Ona görə də qəbul imtahanında  uğurlu nəticə göstərə bilməyən bəzi uşaqlar valideynlərinin danlağını, məzəmmətini, bəzi hallarda təhqirli sözlərini eşitməmək üçün özlərinə qəsd edirlər.

 

Məktəbin əsas problemi: səriştəli valideyn

 

Hazırkı dövrdə məktəblərimizin ən  mühüm problemlərindən biri də  səriştəli valideyn problemidir. Ata-analar zəmanənin tələblərinə uyğun savadlı övladlar böyütməyə çalışırlar ki,  onların övladları yüksək balla ali məktəblərə qəbul olunsun.  Ona görə də kiçik yaşlarından uşaqları müxtəlif dərnəklərə (özü də bir neçəsinə)  qoyur, savadlı olmaları ilə   qürrələnirlər. Eyni vaxtda bir neçə dil öyrətməyə  çalışırlar.  Rusiyanın  dünya şöhrətli neyrobioloqu Tatyana Çerniqovskaya isə bu üsulun tamamilə yanlış  olduğunu  bildirir. O deyir  ki, müasir  uşaqların ən böyük problemi tələbkar valideynlərdir: “Kimsə mənə deyəndə ki, uşağımın iki yaşı var, amma yazıb-oxumağı öyrətmişəm. Cavab verirəm ki, axmaqsan ona görə. Uşağınızın zehni buna hazır olmadan onun beynini niyə yükləyirsiniz? Təbii ki, istiqamət versəniz, o hər şeyi öyrənər. Çünki uşaq beyni ağ kağızdır, intensivdir. Amma erkən yaşda ona niyə yazıb-oxumaq öyrədirsiniz? Uşaq ona görə 7 yaşında məktəbə gedir ki, beyin təhsil yükünə tam hazır olsun. Biz böyüklər körpə zehni kimi düşünə bilmirik, elə bilirik ki, onlar üçün də tədrisdə mürəkkəb heç nə yoxdur. Övladınıza belə işgəncə vermək əvəzinə, onlarla matorika sistemini sınaqdan keçirdin. Gözəl musiqi dinləyin. Bununla onlara yüksək zövq aşılayın.  Bundan əlavə, oğlanlarla daha konkret və qısa söhbət edin. Əsasən fəal işə yönləndirin. Onların enerjisi boldur. Daha geniş məkanlarda oynamaqlarını təmin edin. Ən xırda uğurlarına görə tərifləyin. Qızlar isə qrup halında çalışmağı, göz ünsiyyətini, müəllimə yardım etməyi sevirlər. Onları bu zövqdən məhrum etməyin. Unutmayın, bəzən övladınızın zəif yaddaş irsi ona mane ola bilər. Amma uşaqlarınızı buna görə ittiham etməyin. Bu bacarıq da onlara sizdən keçib. İstənilən bir şeyi öyrədəndə arada fasilə etməyi unutmayın”.

 

Zor gücünə verilən bilik...

 

Dövlətin milli səviyyədə qəbul etdiyi  standartların  ümumtəhsil məktəblərində mənimsədilməsi  zəruridir. Çünki bunlar  minimum standartlardır. Qiymətləndirmə Konsepsiyasında bunun 4 səviyyəsi göstərilir. 1-2 səviyyə, 3-4 səviyyə. Tam orta məktəbi bitirən şagird  minimum bilik, bacarıq (oxu, yazı və  hesablama bacarığı) və dəyərlərə malik olmalıdır. Müxtəlif fəaliyyətlərlə bağlı standartlar var ki, bunlar  reallaşdırılmalıdır. Lakin uşaqların əksəriyyətini  fəaliyyətə sövq edən daxili motiv çatışmadığından buna nail olmaq mümkün olmur.  Uşağı oxutmağa məcbur  etmək  olmur,  o özü oxumaq istəməlidir. Zor gücünə verilən bilik ağlı boğur. H.C.Ayzenk deyirdi: “Əgər biz atı su axurunun yanına gətirə biliriksə, uşağı da bu qaydada məktəbə gətirə bilərik. Lakin atı su içməyə məcbur edə bilmədiyimiz kimi, uşağı da, əgər o bunu istəmirsə, oxumağa məcbur edə bilmərik”. Problem də elə  bundadır. Elə bir şərait, elə bir təhsil mühiti yaradılmalıdır ki, şagird özü oxumaq istəsin. Yaxşı xatırlayıram: 70-80-ci illərdə xəstələnən  uşaqlara verilən  dərman  çox acı olurdu. Onu uşaqlara zorla, bəzən  hətta  döyə-döyə verirdilər. Bu gün də həmin dərman  uşaqlara verilir.  Amma uşağı  döyməyə, qorxutmağa  ehtiyac yoxdur. Həmin dərmana şirin məhlul qarışdırıldığından  uşaq onu həvəslə içir. Uşaq elə bilir ki, o, şirə içir. O, başa düşmür ki, dərman onun içindədir. Bax, biz də  təhsili elə verməliyik ki, uşaq onun ağırlığını hiss etməsin. Zehni əmək ən ağır əməkdir. Zehni əməklə məşğul  olanların beyni  fiziki əməklə məşğul olanlarınkından   bir neçə dəfə  artıq oksigen tələb edir.   Həm valideynlər, həm də müəllimlər məktəblilərə qarşı olduqca tələbkardırlar. Hafizə məktəbindən təfəkkür məktəbinə keçdiyimizi  bəyan etsək də, bu proses hər yerdə eyni getmir. Kimin hafizəsi güclüdürsə, kim daha çox testin  düzgün cavabını yadında saxlayırsa, o, daha yaxşı nəticə göstərir, yüksək bal toplamış olur. Əksər şagirdlərlə söhbət edəndə dərhal hiss edirsən ki, onun təfəkkürü yox, yaddaşı danışır.

 

(Ardı var)

 

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi