Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

28 May 2010 - 20

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

Bookmark and Share

(Əvvəli qəzetimizin  ötən saylarında) 

Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin BMT İnkişaf Proqramı, Qlobal Fond, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Norveç Qaçqınlar Şurası arasında əməkdaşlıq əlaqələri, təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi diqqətinizə çatdırmağa çalışacağam.

BMT İnkişaf Proqramının "Davamlı insan inkişafı" layihəsi. Qloballaşan dünyada müstəsna əhəmiyyət kəsb edən və xüsusi aktuallığı ilə seçilən, BMT tərəfindən minilliyin məqsədlərindən biri kimi müəyyənləşdirilən davamlı insan inkişafı konsepsiyası XX əsrin son onilliyində irəli sürülmüşdür və hazırda dünyada ən mühüm prioritetə çevrilmişdir. Təsadüfi deyildir ki, davamlı insan inkişafı qlobal məqsədlərdən biri kimi BMT tərəfindən Minilliyin Bəyannaməsinə daxil edilmiş, 2005-2014-cü illər Davamlı insan inkişafı sahəsində tədris onilliyi elan edilmişdir.

İnsan inkişafı konsepsiyasına görə, hər bir şəxsə onun fərdi qabiliyyətlərini, potensial imkanlarını davamlı şəkildə inkişaf etdirmək üçün iqtisadi, sosial, mədəni, siyasi sahələrdə əlverişli mühit yaradılmalıdır. Bu konsepsiya nəzərdə tutur ki, insanların layiqli həyat sürməsi, sağlam olması, təhsil və bilikdən bəhrələnməsi davamlı olmalı, cəmiyyətin inkişaf prosesində həm çağdaş, həm də gələcək nəsillərin layiqli həyat sürmək imkanları təmin edilməlidir. Bu səbəbdən heç bir fərd öz milli, dini, cinsi və digər mənsubiyyətinə görə uzun, dolğun və ləyaqətli həyat sürmək imkanlarından məhrum edilə bilməz.

Bu konsepsiyaya görə qlobal, ölkə və region səviyyələrində inkişafın planlaşdırılması, idarə edilməsi və qiymətləndirilməsi zamanı təkcə ümumiləşdirilmiş orta iqtisadi və sosial göstəricilər deyil, insanın cəmiyyətdəki vəziyyəti, onun rifahı təhlil edilib nəzərə alınır. Bunu qiymətləndirmək üçün isə sağlamlıq, təhsil və gəlirlər kimi göstəricilərin istifadəsi nəzərdə tutulur. Bu konsepsiya və onun əsasında qurulmuş siyasət BMT və onun üzvü olan ölkələr tərəfindən 1990-cı ildən həyata keçirilməyə başlanmışdır. Bu sahədə vəziyyəti səciyyələndirən ilk hesabat BMT tərəfindən 1990-cı ildə Nyu-Yorkda dərc edilmişdir. Hesabatda müxtəlif ölkələrdə davamlı insan inkişafının vəziyyəti qiymətləndirilmiş, müvafiq müqayisələr aparılmışdır. Həmin vaxtdan başlayaraq belə hesabatlar hər il dərc edilir və bu nəşrlər həm qlobal olaraq bütün dünyanı, həm də ayrı-ayrı qitə və ölkələri əhatə edir. Hesabatlarda, eyni zamanda davamlı inkişafın planlaşdırılmasında və idarə edilməsində əldə edilən nailiyyətlərin təbliği də öz yerini tapır, müxtəlif ölkələrdə müşahidə olunan ümumi problemlərin aradan qaldırılması yolları göstərilir.

Dünya təcrübəsində insan inkişafının əsas göstəriciləri təhsil, səhiyyə, iqtisadi, gender və ətraf mühit indikatorları ilə qiymətləndirilir. Təhsil indikatorları isə əhalinin savadlılıq səviyyəsi, təhsil alanların faizi, orta təhsil müddəti kimi göstəricilərə əsaslanır.

Müstəqillik bərpa olunduqdan sonra Azərbaycan Respublikasında da davamlı insan inkişafına dair monitorinq aparılmasına başlanmışdır. Bu sahədə vəziyyəti qiymətləndirən ilk milli hesabat 1995-ci ildə dərc edilmişdir. Həmin dövrdən başlayaraq insan inkişafına dair hesabatlar mütəmadi olaraq hazırlanmaqdadır. Milli səviyyədə aparılmış monitorinqin nəticələri göstərmişdir ki, Azərbaycanda müstəqillik bərpa olunandan sonrakı dövr davamlı insan inkişafı baxımından iki mərhələyə bölünür. 1990-cı illərin əvvəllərindən başlayaraq 1993-cü ilə qədər ölkədə davamlı insan inkişafı üzrə göstəricilər kəskin surətdə aşağı düşmüşdür. Bu, əsasən iqtisadiyyatda müşahidə edilən böhranın nəticəsi idi. Lakin 1993-cü ildən sonra ölkədə həyata keçirilən uğurlu iqtisadi və sosial siyasət nəticəsində 1996-cı ildən başlayaraq davamlı insan inkişafı göstəriciləri artmışdır. Ölkənin sürətli inkişafı, müxtəlif islahatların həyata keçirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsi bu prosesin daha geniş vüsət almasına səbəb olmuşdur.

Davamlı insan inkişafı sahəsində bilik və bacarıqlar təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Müvafiq fənnin tədrisi Azərbaycan Respublikası üçün də olduqca əhəmiyyətlidir. Ölkənin təbii ehtiyatlarının, o cümlədən neft və qaz kimi sərvətlərin zənginliyi davamlı insan inkişafı sahəsində bilik və bacarığın olmasının xüsusi əhəmiyyətindən xəbər verir. Bununla əlaqədar ölkə Prezidenti İlham Əliyev qeyri-neft sektorunun inkişafına hər zaman xüsusi diqqət yetirərək və bunun üçün, ilk növbədə, insan potensialının inkişafını və bu yolla biliyə əsaslanan davamlı inkişafın təmin edilməsinin vacibliyini göstərmişdir. Ölkədə neft strategiyası çərçivəsində uğurla həyata keçirilən islahatlar buna yönəlmişdir. Prezident İlham Əliyevin irəli sürdüyü "Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək, bilik və bacarıq isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə istinad etsək görərik ki, o ölkənin inkişafında aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır" kimi konseptual müddəaların əsasında da məhz həmin yanaşma dayanır.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir" - fikrini bəyan etməklə, əslində, ölkəmizdə təhsilin prioritet inkişaf istiqamətini müəyyənləşdirmişdir.

BMT ekspertlərinin insan inkişafı üzrə apardığı tədqiqatın nəticələrinə əsasən hazırlanmış hesabatda göstərilir ki, Azərbaycan əhalinin savadlılığı baxımından dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə edilə bilər və ölkə üzrə bu indeks 98 faiz təşkil etməklə maksimum səviyyəyə malikdir.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə insan inkişafının təmin edilməsi dövlət siyasətində prioritet təşkil etməklə, təhsil strategiyasında da geniş nəzərə alınmışdır. Belə ki, hazırda təhsilin bütün pillələrində beynəlxalq təşkilatlarla birlikdə davamlı inkişafa xidmət edən proqram və layihələr həyata keçirilir.

Təhsil indikatorları ilə yanaşı, insan inkişafının qiymətləndirilməsində iqtisadi indikatorlar da xüsusi əhəmiyyət kəsb edir. Bu indikatorlar adambaşına düşən ümumi daxili məhsul və yoxsulluğun səviyyəsi ilə müəyyənləşdirilir. Xüsusi qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanda iqtisadi inkişaf tempi dünya iqtisadçılarının, nüfuzlu beynəlxalq təşkilatların, müsbət mənada, marağına səbəb olmuşdur. Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bəyan edilmiş iqtisadi inkişaf göstəriciləri bunu bir daha sübut edir: 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında olmuşdur. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan rəqabətqabiliyyətliliyinə görə dünyada 51-ci, MDB məkanında 1-ci yerdədir. Bütün dünyanın güclü maliyyə böhranı ilə üzləşdiyi 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı istehsalı isə 3,5 faiz artmışdır. 2003-cü ildə Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdısa, bu gün bu göstərici 11 faizdir.

Təhsil Nazirliyinin səylərinin nəticəsidir ki, Azərbaycan insan inkişafının tədrisi sahəsində ən qabaqcıl ölkələr sırasındadır. BMT-nin İnkişaf Proqramı çərçivəsində "Davamlı insan inkişafı" layihəsi Azərbaycanda 1997-ci ildə başlanmış, ilk olaraq bu fənn Qərb Universitetində tədris proqramlarına daxil edilmiş, sonra bu təcrübə digər universitetlərə də yayılmışdır. Davamlı insan inkişafının orta məktəblərdə tədrisi 1998-ci ildən başlanmış, 2001-ci ildə Təhsil Nazirliyi ilə BMT İnkişaf Proqramının pilot layihəsi çərçivəsində Bakının 25 orta məktəbində həyata keçirilməyə başlanmışdır. 2002-ci ildə layihənin uğurlu nəticələri nəzərə alınaraq əhatə dairəsi genişlənmiş, 2003-cü ildə fakültativ məşğələ kimi bütün orta məktəblərin proqramına daxil edilmiş, müvafiq proqram və dərs vəsaiti hazırlanmışdır. Hazırda ölkənin bütün ümumtəhsil məktəblərinin X siniflərində 34 saat olmaqla tədris olunur. Bu proqram və dərs vəsaiti dünyada ümumtəhsil məktəbləri üçün hazırlanmış ilk vəsaitlər olmuşdur.

Təqdirəlayiq haldır ki, davamlı insan inkişafının tədrisinə dünyada 2005-ci ildə başlandığı halda, Azərbaycanda bu proses 1998-ci ildən başlanmışdır. Bu, ölkənin təhsil siyasətində insan amilinin prioritet təşkil etməsindən xəbər verir.

Azərbaycan Respublikasında davamlı insan inkişafının tədrisi sahəsində qəbul edilmiş konsepsiya ondan ibarətdir ki, bu fənnin tədrisi yalnız seçilmiş mütəxəssislər üçün olmayıb, ümumi təhsilin vacib elementi kimi qəbul edilir. Bu konsepsiyaya görə ixtisasından, təhsilin istiqamətindən və səviyyəsindən asılı olmayaraq cəmiyyətin hər bir üzvü insanı və onun maraqlarını mərkəzə qoyan fəaliyyəti həyata keçirməyə qadir olmalı və bunun üçün müvafiq bilik almalı və bacarıqlara yiyələnməlidir. Konsepsiyaya görə insan inkişafı sahəsində biliklər, eyni zamanda fərdi həyat tərzi, davranış üçün də vacibdir. Müasir dövrdə davamlı insan inkişafı sahəsində bilik və bacarıqlar ümumi mədəniyyətin ayrılmaz bir hissəsidir. Bu sahədə biliklər, eyni zamanda ümumi təhsil və tərbiyənin ən müasir istiqamətlərindən olan sosial məsuliyyətli fəaliyyət və həyat tərzi barəsində biliklərə yiyələnmək üçün də olduqca vacibdir. Bununla əlaqədar davamlı insan inkişafı haqqında bilik və bacarığın tədrisi ümumi təhsilin tərkib hissəsinə çevrilmişdir.

Azərbaycan Respublikasında "Davamlı insan inkişafı" fənninin tədrisi dövlət siyasətinin bir hissəsi olmaqla, bu istiqamətdə həyata keçirilən proqressiv təşəbbüslər BMT tərəfindən "innovativ ideya və təsirlər" kimi qiymətləndirilmiş və müvafiq məlumat bu təşkilatın Baş Qərargahı tərəfindən üzv olan ölkələr arasında 2004, 2005 və 2006-cı illərdə dəfələrlə yayılmışdır. Azərbaycan və ABŞ tərəfindən müştərək proqram çərçivəsində dərc edilən davamlı insan inkişafına həsr olunmuş kurikulum və kursların məzmununun ingilis versiyası dünya üçün yeni olduğundan 2005-ci ildən Nyu-Yorkda BMT-nin xüsusi saytında yerləşdirilmiş və üzv ölkələrin istifadəsinə verilmişdir.

Göstərilən misallar əsasında bu nəticəyə gəlmək olur ki, inkişafda yüksək nailiyyətlər əldə edilməsində insan amili həlledici rol oynayır. İnsan potensialının formalaşması və səfərbər edilməsi sürətli inkişafın təminatçısıdır. Bu istiqamətdə məqsədyönlü siyasət aparılması isə cəmiyyətdə bilik və bacarığın formalaşmasına, onları daim yeniləşdirməyə və təkmilləşdirməyə əsaslanır. Bu siyasəti formalaşdırmaq və həyata keçirmək üçün davamlı insan inkişafı sahəsində bilik və bacarığa yiyələnmək olduqca vacibdir. Çağdaş və gələcək nəsillərin davamlı inkişafının planlaşdırılması, idarə edilməsi və monitorinqi sahələrinə aid biliklər, eyni zamanda uğurlu şəxsi karyera qurulmasında da xüsusi əhəmiyyətə malikdir.

Layihə çərçivəsində "Davamlı insan inkişafı"nın ali təhsil müəssisələrində tədrisi üçün də müvafiq proqram və tədris vəsaiti hazırlanmış, 2007-2008-ci tədris ilindən bu kurs ali təhsil müəssisələrinin bütün ixtisasları üzrə tədris planlarına seçmə fənn kimi daxil edilmişdir.

Onu da qeyd etmək lazımdır ki, layihənin səmərəli həyata keçirilməsi və uğurlu nəticələrin əldə edilməsində akademik Urxan Ələkbərovun müstəsna xidmətləri olmuşdur. Layihə onun rəhbərliyi və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.

BMT-nin Qlobal Fondunun "Həyati bacarıqlara əsaslanan təhsil" layihəsi. Layihə Təhsil Nazirliyi və BMT-nin Qlobal Fondu tərəfindən YUNİSEF-in iştirakı ilə həyata keçirilən "Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" proqramı çərçivəsində reallaşdırılır. Dünya təcrübəsində geniş tətbiq olunan bu layihə Azərbaycanda 2006-cı ilin yanvarından başlanmışdır. Ümumilikdə, layihənin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur (2006-cı il - I mərhələ, 2007-2009-cu illər - II mərhələ, 2010-cu ildən sonrakı dövr - III mərhələ).

Layihənin həyata keçirilməsi məqsədilə Təhsil Nazirliyində Milli əlaqələndirici təyin edilmiş, Layihəni Əlaqələndirmə Qrupu yaradılmışdır.

Bu layihənin əsas məqsədlərindən biri ümumtəhsil məktəblərində "Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi olmuşdur. Müvafiq sənədlərin hazırlanması məqsədilə qabaqcıl müəllimlərdən, metodistlərdən, alimlərdən ibarət İşçi qrupu yaradılmış, beynəlxalq məsləhətçi cəlb edilməklə onlar üçün 4 təlim seminarı keçirilmiş, 16 nəfər təlimçi hazırlanmışdır.

Layihə çərçivəsində İşçi qrupu tərəfindən beynəlxalq məsləhətçilər B.Dobson və C.Lizin iştirakı ilə "Həyati bacarıqlara əsaslanan təhsil üzrə Milli Konsepsiya" hazırlanmış, Təhsil Nazirliyinin 22.05.2006-cı il tarixli, 366 nömrəli əmri ilə təsdiq edilmişdir. Konsepsiya 1000 nüsxə çap edilərək aidiyyəti qurumlara, təhsili idarəetmə orqanlarına və məktəblərə çatdırılmışdır. Konsepsiyada həyati bacarıqlara əsaslanan təhsilə konseptual yanaşma və bu sahədə təhsil strategiyası müəyyənləşdirilmiş, şagirdlərə psixoloji, fizioloji, hüquqi, iqtisadi, sosial və ekoloji biliklərin, ünsiyyət mədəniyyəti, münaqişələri həll etmək, riskli davranışlara yol verməmək, özünü və başqalarını qiymətləndirmək, məsuliyyətli, inamlı olmaq, peşə seçə bilmək, sağlam həyat tərzi sürmək, gender və reproduktiv sağlamlıq sahələrində lazımi bilik və bacarıqların aşılanması məsələləri öz əksini tapmışdır.

Konsepsiya əsasında İşçi qrupu tərəfindən I-IV, V-IX və X-XI siniflər üçün "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun proqramları hazırlanmış, Təhsil Nazirliyinin 17.07.2006-cı il tarixli, 571 nömrəli əmri ilə təsdiq edilmişdir. Proqramların hər biri ilkin mərhələdə 1000 nüsxə çap edilərək məktəblərə paylanmışdır. Proqramda hər bir sinifdə fərdi, fərdlərarası, sosial inkişaf və sağlamlıq kateqoriyaları əhatə edilməklə konkret mövzular müəyyənləşdirilmişdir. Proqramda kursun dərs ili ərzində hər sinifdə 33 saat olmaqla tədris olunması nəzərdə tutulmuşdur.

Xüsusi vurğulanmalıdır ki, "Həyati bacarıqlara əsaslanan təhsil" kursu məzmunu və mahiyyətinə görə unikal bir kursdur. Belə ki, heç bir zaman hər hansı bir kurs ümumi təhsil pilləsinin bütün səviyyələrini və bütün siniflərini əhatə etməmişdir. Digər tərəfdən, heç bir kurs məzmununa görə "Həyati bacarıqlara əsaslanan təhsil" kursu kimi inteqrativ olmamışdır. Bu cəhətlərinə görə "Həyati bacarıqlara əsaslanan təhsil" kursu xüsusi əhəmiyyət daşıyır və təhsil tariximizdə hələlik ilk təcrübə kimi dəyərləndirilir.

Əlbəttə, layihə çərçivəsində nəzərdə tutulan kursun tədrisinə başlanması üçün ən çətin iş müəllimlər üçün vəsaitlərin hazırlanması idi. Nəzərə alınsa ki, 2006-cı ildə hələ Azərbaycanda belə bir vəsaitin hazırlanması təcrübəsi yox idi, işin mürəkkəbliyi daha da aydın olar. Bununla əlaqədar İşçi qrupunda çoxsaylı müzakirələr aparılmış, beynəlxalq məsləhətçilərlə aparılan diskussiyalardan, beynəlxalq təcrübə ilə tanışlıqdan sonra vəsaitlərin işlənməsinə başlanmışdı. Qısa bir müddət ərzində ibtidai, ümumi orta və orta təhsil səviyyələri üzrə müəllimlər üçün "Həyati bacarıqlara əsaslanan təhsil" adlı tədris vəsaitləri hazırlanmış və Təhsil Nazirliyinin 03.10.2006-cı il tarixli, 718 nömrəli əmri ilə təsdiq olunmuşdur. I-IV siniflər üçün vəsait 495, V-IX siniflər üçün vəsait 607, X-XI siniflər üçün vəsait 303 səhifə həcmində olmaqla müəllim və şagirdlər üçün zəngin öyrənmə mənbəyinə çevrilmişdir. Tədris vəsaitlərinin hər biri Qlobal Fondun maliyyə və YUNİSEF-in texniki dəstəyi ilə 2006-cı ildə 78 min tirajla çap edilərək ölkənin bütün ümumi təhsil müəssisələrinə paylandı.

Qeyd olunmalıdır ki, tədris vəsaitləri bir sıra əhəmiyyətli cəhətləri ilə fərqlənir. İlk növbədə, vəsaitlərdə müasir təlim strategiyaları öz əksini tapmışdı ki, bu da müəllimlərə metodik kömək sahəsində xüsusi əhəmiyyət daşıyırdı. Digər üstünlük ondan ibarət idi ki, ilk dəfə olaraq bu vəsaitlərdə proqram üzrə tədris ediləcək hər bir mövzunun məqsədləri, dərsin mərhələləri üzrə həyata keçiriləcək tədbirlər, təlim üsulları, qiymətləndirmə mexanizmi və təlim materialının məzmunu barədə məlumatlar verilmişdi.

Məzmununa görə inteqrativ olan bu kursun məqsədi şagirdlərə sağlam həyat tərzi və yaşamaq bacarıqlarının aşılanması, bu sahədə onlarda müvafiq bilik, bacarıq və vərdişlərin, effektiv davranış strategiyalarının formalaşdırılmasıdır. Kursun məzmununa sağlamlığın qorunması ilə yanaşı, insan hüquqları, vətəndaşlıq və digər qlobal sosial məsələlər də daxil edilmişdir. Kursun tədrisində təlimin fəal-interaktiv üsullarından istifadə edilməklə şagirdlərin qazandıqları zəruri bilik, bacarıq və vərdişləri həyatda tətbiq edə bilmək bacarıqlarının formalaşdırılması əsas məqsəd kimi müəyyənləşdirilmişdir.

Layihə çərçivəsində Bakı şəhəri 5, 151, 191 nömrəli məktəblər, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Heydər Əliyev adına lisey, Sumqayıt şəhəri 1, 3, 5, 8, 10, 12, 14, 15, 16, 18, 21, 23, 27, 29, 30, 31, 33, 37, 38, 39 nömrəli məktəblər "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisi üzrə pilot məktəblər kimi müəyyənləşdirilmiş, 2006-2007-ci dərs ilindən həmin təhsil müəssisələrinin I-XI siniflərində kursun eksperiment şəklində tədrisinə başlanmışdır.

2007-2008-ci dərs ilində bu məktəblərin sayı 400-ə çatdırılmış, 2008-2009-cu dərs ilində isə ölkənin bütün ümumtəhsil məktəblərini əhatə etmişdir.

"Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisi sahəsində həll edilməli əhəmiyyətli məsələlərdən biri də bu kursu tədris edəcək müəllimlərin hazırlanması idi. Ümumilikdə layihə çərçivəsində 8164 müəllim treninqlərdən keçirilmiş, müvafiq sertifikatlar alaraq kursun tədrisinə başlamışdır.

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP). Proqramın məqsədi məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə ibtidai məktəb şagirdlərinin qeydiyyatı və davamiyyətinin artırılması olmuşdur. "Təhsilə görə ərzaq proqramı" 2003-cü ilin yanvar ayında başlanmışdır. İlk illərdə proqram çərçivəsində Azərbaycanın 10 rayonunun 98 məktəbində təhsil alan 5300 şagird ərzaq səbətinin "evə aparma" rasionu ilə təmin olunmuşdur. ÜƏP-in bu təşəbbüsünün uğurlu nəticələri nəzərə alınaraq təhsil müəssisələrində şagirdlərin davamiyyətinin yaxşılaşdırılması ilə əlaqədar proqram 2006-cı ilin iyul ayında daha 2 il müddətinə uzadılmışdır. 2006-2008-ci illərdə 13 min məcburi köçkün şagirdə ərzaq yardımının davam etdirilməsi, "Təhsilə görə ərzaq proqramı"nı genişləndirərək məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə təxminən 500 məktəbi və 60 min ibtidai sinif şagirdini əhatə etməsi nəzərdə tutulmuşdu. Lakin proqram 10 rayon üzrə 167 məktəbdə 12 min şagirdi əhatə edə bildi. Bunun əsas səbəbi isə həmin dövrdə Azərbaycanın iqtisadi imkanları artmış, məcburi köçkünlərin sosial prolemlərinin həlli Azərbaycan hökuməti tərəfindən həll edilməyə başlanmışdır. Bu səbəbdən də ÜƏP çərçivəsində məcburi köçkün şagirdlərin ərzaq təminatına ehtiyac olmamışdır.

Proqram çərçivəsində müəyyənləşdirilmiş məktəblərdə məktəb direktorları, ibtidai sinif müəllimləri və VMA üzvləri üçün 2006-cı ilin oktyabr-noyabr aylarında təlimlər də keçirilmişdir.

Eyni zamanda şagirdlərin qeydiyyat və davamiyyət əmsalları üzrə göstəricilərinin monitorinqinin aparılması istiqamətində ilk addım kimi "ÜƏP-in əhatə etdiyi məktəblərdə monitorinq sisteminin qurulması" layihəsi həyata keçirilməyə başlanmışdır. Bu layihənin məqsədi məktəblərdə mövcud olan monitorinq sisteminin təkmilləşdirilməsi və rayon səviyyəsində təhsil göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarət olmuşdur.

"Təhsilə görə ərzaq proqramı"nda iştirak edən uşaqlar arasında 2005 və 2006-cı illərdə rəsm müsabiqələri keçirilmiş, seçilmiş 30 qalib şagirdin çəkdikləri rəsmlərdən ibarət masaüstü təqvimlər hazırlanmış və ÜƏP tərəfindən çap olunmuşdur.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK). Təşkilat 1992-ci ildən Azərbaycanda fəaliyyətə başlamış, 1995-ci ildən təhsil layihələri həyata keçirməyə başlamışdır. BQXK Azərbaycan hökumətinə beynəlxalq humanitar hüquqda nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməkdə yardım göstərir. Orta məktəblər və universitetlər də daxil olmaqla cəmiyyət arasında beynəlxalq humanitar hüququn yayılması Azərbaycanda həyata keçirilən proqramların əsas tərkib hissəsidir. Proqramın əsas məqsədi beynəlxalq humanitar hüququn əsaslarının ölkədə ümumi təhsil proqramına daxil edilməsi və universitetlərin beynəlxalq münasibətlər, siyasi elmlər və jurnalistika fakültələrində ayrıca fənn kimi tədris olunmasına nail olmaqdır.

Təşkilat tərəfindən həyata keçirilən "Beynəlxalq humanitar hüququn (BHH) əsasları barədə biliklərin yayılması" layihəsi çərçivəsində 5-ci siniflər üçün "Hamımız bir günəşin zərrəsiyik" adlı vəsait nəşr olunmuş, 190 min nüsxədə şagirdlərə, 12 min nüsxədə müəllimlərə paylanmış və bütün ümumtəhsil məktəblərinin 5-ci siniflərində tədris olunur. Müəllim və şagirdlər üçün "Dünya mənim, dünya sənin" adlı vəsait hazırlanmış və ümumtəhsil məktəblərinin 6-cı siniflərində tədris olunur. 2003-cü ildən ötən müddətdə 123 treninq keçirilmiş, bunlarda məktəblərin 5-6-cı siniflərində işləyən 2060 nəfər müəllim iştirak etmişdir.

Təhsil Nazirliyi və BQXK arasındakı əməkdaşlıq çərçivəsində 2005-ci ildə beynəlxalq humanitar hüquqa həsr olunmuş mövzular insan və cəmiyyət fənninin VIII, X və XI sinif proqramlarına daxil edilmişdir. Eyni zamanda "Beynəlxalq humanitar hüququn əsaslarının tədrisi" adlı elektron tədris vəsaiti hazırlanmışdır.

Birgə layihə çərçivəsində 2009-cu ildə şagirdlər arasında rəsm və inşa müsabiqələri keçirilmiş, Dövlət Pantomim Teatrı tərəfindən "Hamımız bir günəşin zərrəsiyik" və "Dünya mənim, dünya sənin" kitablarından A.Ekzüperinin "Balaca şahzadə" və Ç.Aytmatovun "Manqurt" əsərləri səhnələşdirilmişdir.

Azərbaycanda BHH üzrə universitetlərin beynəlxalq hüquq, hüquq və beynəlxalq münasibətlər fakültələrinin tələbələri üçün ilk milli müsabiqə 2004-cü ilin noyabrında keçirilmişdir. 10 komandanın iştirak etdiyi bu müsabiqədə Bakı Dövlət Universitetinin "Alma Mater" komandası qalib gəlmişdi. 2005-ci ilin sentyabrında isə BHH üzrə ikinci milli müsabiqə elan edilmiş, 2005-ci il noyabr ayında keçirilmişdir. Müsabiqənin yerli və xarici ekspertlərdən ibarət münsiflər heyəti BHH üzrə biliklərini və müvafiq şəraitdə nəticə çıxarmaq və müvafiq addım ata bilmək bacarıqlarını göstərən komandaları qalib hesab etmişdir.

1995-ci ildən başlayaraq universitetlərdə BHH-nin tədrisi üzrə proqram həyata keçirilmişdir. Hazırda BHH beynəlxalq hüquq fakültələrinin tədris planına daxil edilmişdir, bir sıra universitetlərin beynəlxalq münasibətlər və hüquq fakültələrində də tədris olunur.

Norveç Qaçqınlar Şurası (NQŞ). 1995-ci ildən Azərbaycanda fəaliyyətə başlayan təşkilat ilkin mərhələdə məcburi köçkünlər üçün çadır düşərgələrində təhsil prosesinə yardım göstərmişdir. 1998-ci ildən NQŞ tərəfindən "İnsan hüquqlarının tədrisi" layihəsi həyata keçirilməyə başlanmışdır. Layihə uşaqların öz hüquq və vəzifələrini öyrənməsi, onlarda tolerantlıq, tənqidi təfəkkür və analitik bacarıqların formalaşdırılması məqsədi daşımışdır. Layihə aşağıdakı sahələri əhatə etmişdir:

-müəllimlərin təlimləndirilməsi;

-təlim materiallarının hazırlanması;

-məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə resurs mərkəzlərinin yaradılması;

-QİÇS və gender məsələləri üzrə təlimlərin təşkili;

-QHT-lər və yerli təhsil institutları ilə əməkdaşlıq;

-qaçqın və sığınacaq axtaranların təhsillə təmin edilməsi üçün xüsusi cəhdlər.

2001-ci ildə Bakı şəhəri 18 nömrəli məktəbdə İnsan Hüquqlarının Tədrisi üzrə ilk Mərkəz yaradılmış, 2002-ci ildə belə mərkəzlər Gəncə şəhərində, Ağcabədi, Göyçay və Füzuli rayonlarında da açılmışdır. Sonrakı illərdə daha 9 mərkəz yaradılmışdır.

Birgə layihə çərçivəsində müəllim və şagirdlər üçün insan hüquqlarına dair 7 vəsait hazırlanıb nəşr edilmişdir:

1.Kiçikyaşlı məktəblilərə insan hüquqlarının öyrədilməsi (müəllimlər üçün vəsait).

2.İnsan hüquqlarının tədrisi (ümumtəhsil məktəblərinin IX-XI sinifləri üçün insan hüquqlarının tədrisi üzrə fakültativ məşğələnin proqramı).

3.İnsan hüquqlarının tədrisi (müəllimlər üçün tədris vəsaiti).

4.Hüquqlara aparan yol (müəllimlər üçün metodik vəsait).

5.Hüquqlara aparan yol (şagirdlər üçün tədris vəsaiti).

6.Hüquqlara aparan yol (valideynlər üçün vəsait).

7.Bu da mən (ibtidai sinif şagirdləri üçün vəsait).

"İnsan hüquqlarının tədrisi" layihəsi çərçivəsində ümumilikdə 100-dən çox təlim seminarı keçirilmiş, 2950 müəllim təlimlərə cəlb olunmuş, 42 min nüsxədə vəsaitlər nəşr edilərək məktəblərə verilmişdir.

(Ardı var)

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

28 May 2010 - 20

"Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı
 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi
 
"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinə yekun vuruldu
 
Azərbaycan-Latviya Təhsil Forumu keçirildi
 
Xüsusi istedada malik şagirdlərin son seçim turu
 
M.V.Lomonosov adına Moskva Dövlət  Universitetinin Bakı filialında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşüb
 
Təlim kursunu başa vuran müəllimlərə sertifikatlar təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilib
 
Təhsil Şurası musiqi təhsilinə dair konfrans keçirdi
 
SİFE dünya çempionatında ölkəmizi NDU-nun komandası təmsil edəcək
 
Moskvada "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib
 
Bərdə və Füzuli rayonlarında treninqlər keçirilib
 
Tələbənin fərdi yaradıcılıq sərgisi
 
Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu
 
Kimyaçı alim liseyin qonağı oldu
 
Bakıdakı 236 nömrəli orta məktəb əsaslı təmir olunur
 
"Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binası inşa olunur
 
"Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusunda simpozium
 
Mütəxəssislər dərslərdən razı qalıblar
 
Optimal idarəetmə elmi məktəbinin banisi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Ən yaşlı müəllimlərimiz
 
Təbiəti qorumaq hamının borcudur
 
"Ətraf mühit və biz"
 
Siqaretin zərəri barədə nə bilirik. Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə söhbət
 
"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"
 
Elm və təhsilə həsr edilmiş ömür
 
Qafqaz Universitetində "Əmək sərgisi"
 
Koreyalı gənclər heyranlıqlarını gizlətmədilər
 
Peşəsinin vurğunu
 
Böyük türkmən şairi Məxdumqulu Fəraqi yad edilib
 
Almaz İldırımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə
 
Xeyirxah insan, yenilikçi alim
 
Bağça uşaqlarının bayram sevinci hədsiz idi
 
Daha bir məktəbdə VMA yaradıldı
 
Tanınmış rejissorla görüş
 
Layiqli vətəndaş yetişdirmək şərəfli missiyadır
 
Zərdabi kənd orta məktəbi Qubanın nümunəvi təhsil ocaqlarındandır
 
Təhsilin əsasları: Təhsil fəlsəfəsi və təlim prosesi
 
Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı
 
"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"
 
İntellektual əyləncəli idman yarışı
 
"Vətən  mənim, Vətən sənin, bizlər isə bu Vətənin"
 
"Durna" musiqili komediyası şagirdlərin ifasında
 
Ədəbi-bədii kompozisiya
 
Bir dərsin təəssüratları
 
Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalçısı
 

Dünya universitetləri: Melburn Universiteti

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov