Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

28 May 2010 - 20

 

Optimal idarəetmə elmi məktəbinin banisi

Bookmark and Share

Xatirələrdə əksini tapmış hadisə, fakt və təəssüratlar (mətbu və ya qeyri-mətbu olsun) tanıdığın, yaxud tanımadığın şəxs, soydaş haqqında bədiilikdən uzaq, boyadan kənar, doğruluq mənəvi-əxlaqi yükü olan həyati-tarixi həqiqətləri çatdırır.

Bu qələm məhsulu xeyirxah, sadə təbiətli, fədakar və səbrli, səmimi, alicənab, genişürəkli insan, müəllim, alim, təhsil təşkilatçısı, elmi rəhbər, dost, vətən oğlu, bir dünya vətəndaşı (M.Arazın fikridir: Vətən daşı olmayandan olmaz dünya vətəndaşı) haqqında eşitdiklərim, oxuyub öyrəndiklərim fakt və hadisələr - xatirələr əsasında araya-ərsəyə gətirilib.

***

Görkəmli riyaziyyatçı alim Qoşqar Əhmədli 25 oktyabr 1917-ci ildə Gədəbəyin Söyüdlü kəndində tanınmış ziyalı Teymur Əhmədlinin ailəsində dünyaya gəlib.

Pedaqoji texnikumu bitirmiş Q.Əhmədli 1936-cı ildə ADU-nun fizika-riyaziyyat fakültəsinə daxil olmuş, ali məktəbi Stalin təqaüdü ilə başa vurmuşdur.

O, 1946-cı ildə aspiranturaya daxil olmuş, 1950-ci ildə akademik Əşrəf Hüseynovun elmi rəhbərliyi ilə "Bəzi xətti olmayan inteqral tənliklərin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1956-cı ildə M.V.Lomonosov adına MDU-nun doktoranturasına daxil olmuş, L.A.Lüsternik və V.V.Nemıtskinin rəhbərliyi altında yazdığı doktorluq dissertasiyasını 1960-cı ildə müdafiə etmiş, 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

1975-ci il fevral ayının 10-da dünyasını dəyişmiş alimin elmi irsi beş istiqaməti əhatə edir.

Birinci istiqamət qeyri-xətti inteqral  tənliklərin və operator tənliklərin analitik nəzəriyyəsinə aid tədqiqatlardır.

İkinci tədqiqat istiqaməti adi diferensial tənliklər üçün çoxnöqtəli sərhəd məsələlərinin və inteqral bərabərsizliklərin araşdırılmasına aiddir.

Üçüncü istiqamət  meyl edən arqumentli diferensial tənliklər nəzəriyyəsinə aiddir. Belə tənliklərin həllinin dayanıqlığı və inteqral göstəriciləri məsələlərində Qoşqar Əhmədlinin yetirmələri  ilə aldığı nəticələr indi də optimal idarə nəzəriyyəsində mühüm rol oynayır.

Dördüncü istiqaməti professor Q.Əhmədli ekstremal-diferensial və ekstremal-inteqral tənliklərin tədqiqi adlandırmışdır. Bilavasitə praktikadan gələn belə tənliklər araşdırılaraq həllinin tətbiqi üçün alqoritmlər verilmişdir.

Beşinci istiqamət optimal idarə nəzəriyyəsi ilə bilavasitə əlaqədardır. Bu istiqamət Azərbaycanda Qoşqar müəllimin adı ilə bağlıdır, ilk nəticələr professorun özü və yetirmələri tərəfindən alınmışdır.

Bu istiqamətlər üzrə Azərbaycan EA-nın müxbir üzvü Q.Əhmədlinin rəhbərliyi altında 50-dən çox namizədlik, təkcə ADU-da (indiki BDU) üç doktorluq dissertasiyası müdafiə olunmuşdur.

Hazırladığı kadrların coğrafiyası çox genişdir: Daşkənd, Səmərqənd, Nalçik, Qroznı, Xabarovsk, Düşənbə, Bişkek və s. Onun rəhbərliyi altında Misir Ərəb Respublikasından bir nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.

***

1997-ci ildə onun 80 illik yubileyi münasibətilə çoxlu sayda xatirə və şeirlərdən ibarət "Bu dağların Qoşqarı" adlı 14 çap vərəqi həcmində kitab nəşr olunub.

Bu kitabda (redaktoru N.Hacızadədir) toplanmış xatirələrdə "təbiət vurğunu", "çox nikbin adam", "milli musiqimizin, xüsusilə də aşıq musiqisinin vurğunu", "çox iti yaddaşı" olan insan, "nəinki Azərbaycanda, hətta keçmiş Sovet İttifaqında  da görkəmli bir alim kimi tanınan" vətəndaş, "böyük istedad sahibi olmaqla bərabər, həm də böyük hafizə" sahibi, "Azərbaycan Elmlər Akademiyasında böyük hörməti" olan, "tələbələrə əlindən gələn köməyi edən dekan", "yetim tələbələrin atası", "özünəməxsus gözəl müəllimlik istedadı" olan, "unudulmaz, nadir yaranan böyük bir şəxsiyyət", "genişqəlbli, alicənab bir insan", "başqa respublikalar və ölkələr üçün elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuş", "orta məktəb müəllimlərindən və şagirdlərindən də öz köməyini əsirgəməmiş" elm fədaisi, "hadisəni dərindən təhlil edən, haqlı, ədalətli qərar çıxaran", adamların elmə, mədəniyyətə, insanlığa çatmasını istəyən", "müqəddəs amallı", "təvazökar, mərd yoldaş", "idealı insanpərvərlik" olan, "kin-küdurət bilməyən", "heç kəsə paxıllıq və xəyanət etməyən" insan kimi yad olunur, anılır professor Qoşqar Teymur oğlu Əhmədli...

Aşağıdakı lent yazıları-müsahibələrdə də Qoşqar Əhmədli dünyasına nəzər salınır, onun mənəvi saflığı, elmi zəkası dəyərləndirilir.

 

Böyük ürək sahibi olan el adamı

İzzət Rüstəmov,

fəlsəfə elmləri doktoru, professor:

- Azərbaycanın görkəmli ziyalıları, alimləri, bəziləri adi alim səviyyəsindən yuxarı çıxaraq, daha öndə gedən xüsusiyyətlərə sahib olan insanlar haqqında yazmaq, onları xatırlamaq, barələrində söz demək çox nəcib işdir.

Professor Qoşqar Əhmədlini ilk dəfə 1949-cu ildə görüb tanımışam. Sonralar biz, Qoşqar müəllim dünyasını dəyişənə qədər, bir ali məktəbdə - Azərbaycan Dövlət Universitetində çalışdıq.

Qoşqar müəllim çoxlarından müsbət mənada fərqlənən bir insan idi. Onun insani münasibətlərində darçərçivəlilik, təkcə öz mənafeyi dairəsində qalmaq, təkcə öz ailəsini sevmək, təkcə öz əsərləri ilə fəxr etmək yox idi.

Qoşqar müəllim əslən Gədəbəydən idi, Azərbaycanın köksü sərvətlərlə dolu olan, təbiəti zəngin olan bir bölgəsinin oğlu idi. Qoşqar müəllim əslində bütün qəlbi ilə, varlığı ilə xalqına bağlı, Vətəninə sadiq bir Azərbaycan oğlu idi. O, Azərbaycan miqyasında böyük vətəndaş idi. Qoşqar müəllim öz dövründə, görkəmli riyaziyyatçı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olanda artıq Azərbaycanın hüdudlarından kənarda belə tanınmışdı. Bu mənada ki, Orta Asiya - Qazaxıstan, Özbəkistan, Türkmənistan respublikalarının mütəxəssisləri ADU-nun başqa kafedraları kimi, Qoşqar Əhmədlinin kafedrasına da inamla, ümidlə gəlirdilər.

Qoşqar müəllim Orta Asiyanın türkdilli xalqlarının kadrlarının yetişməsində öz bilik və qüvvəsini əsirgəmirdi. İllər keçsə də, həmin insanlar - alimlər Qoşqar müəllimi unutmurlar. Neçə il əvvəl ADU-nun prorektoru kimi Özbəkistan Universitetinin 75 illik yubileyində olarkən bunun bir daha şahidinə çevrildim.

Qoşqar müəllim sadə bir insan idi. Şən, nikbin ruhlu bir insan idi. Üstəlik humanist təbiətli, böyük ürəkli bir pedaqoq idi. Biz dəfələrlə birlikdə dövlət imtahanlarında olmuşuq. O, həmişə bir ağsaqqal, bir xeyirxah müəllim kimi tövsiyə edərdi ki, tələbələri çox incitməyək.

- Ay İzzət müəllim, onlar fəlsəfəni sizin kimi bilməzlər, qiymətlərini kəsməyin, - deyərdi.

O, bir müddət ADU-nun partiya təşkilatının katibi oldu. Dara düşənlər, işində problemləri olanlar, çətinliklərlə qarşılaşanlar Qoşqar Əhmədlinin yanına inamla, böyük ümidlə gedərdilər.

O, bir azərbaycanlı kimi, bir alim kimi unudulmazdı. İnsani münasibətlərin yaradıcısı kimi Qoşqar Əhmədli həmişə xoş xatirələrlə yada düşür.

Qoşqar Əhmədli el adamı idi, xalq sənətinin vurğunu idi. Heç vaxt unutmayacağam: Aşıq Əkbər Cəfərov, Aşıq İmran Həsənov və başqa aşıqları universitetə dəvət etmişdi. Böyük akt zalında möhtəşəm bir konsert təşkil olundu. O, belə bir böyük ürək sahibi idi. Böyük riyaziyyatçı alim kimi tanınmış Qoşqar Əhmədli həm də ədəbiyyatımızı bilirdi, poeziya vurğunu idi. Bilirsiniz, poeziya fikrin bir qanadıdır. Qoşqar müəllim aşıq musiqisinin, muğamların vurğunu idi, özü sazda çalırdı, böyük şövq və məhəbbətlə.

 

Ümumxalq işini hər şeydən uca tutan vətəndaş alim

Qəmbər Namazov,

fizika-riyaziyyat elmləri doktoru, professor:

- Q.Əhmədli ilə ilk dəfə ADU-ya sənəd verəndə, 1952-ci ildə tanış olmuşam. Mən sənədlərimi fizika şöbəsinə vermək istəyirdim.

Ucadan danışırdım. Bir nəfər yaxınlaşıb:

- Bu ayrım hansı məktəbi qurtarıb, - deyə soruşdu.

- Güllübulaq kənd məktəbini, - cavabını verdim.

O, ərizəmi alıb: - Niyə işini fizika şöbəsinə verirsən, - dedi. - Elə riyaziyyat şöbəsinə ver.

...İşimi riyaziyyat şöbəsinə verdim. Hələ adını bilmədiyim, tanımadığım dağ vüqarlı, ucaboylu müəllim: - Get, sən imtahan vermədən oldun tələbə, - dedi.

Payızda universitetə gələndə heyran qaldım: qəbul komissiyasının məsul katibi olan şəxs həm də riyaziyyat fakültəsinin dekanı imiş. Qoşqar müəllimin köməyi ilə yataqxanada yer aldım.

Sonralar onunla Moskva Dövlət Universitetində yenidən rastlaşdım. Qoşqar müəllim doktoranturada oxuyurdu, mən isə aspiranturada təhsil alırdım.

Sadə həyat sürən, dəbdəbəni sevməyən Q.Əhmədli özü çay dəmləyirdi, öz otağında çörəyini, xörəyini hazırlayıb yeyirdi. Qəribə adəti vardı; tək çörək yeməzdi.

Moskvada olarkən müşahidə etmişdim ki, məşhur alimlər onu açıqqəlbliliyinə, fitri istedadına və zəhmətsevərliyinə görə sevir, hörmət bəsləyirlər.

Professor Q.Əhmədli, sözün həqiqi mənasında, elm fədaisi, elm təəssübkeşi idi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi kimi fəaliyyətə başladığı ilk dövrlər idi. Vaxtilə ali təhsil aldığı universitetə gələn Heydər Əliyev professor-müəllim heyəti qarşısında çıxış edib, nöqsan və əyintilərdən danışdı, bunların aradan qaldırılmasını bir tələb kimi qarşıya qoydu.

Əməli təkliflər söylənilərkən Qoşqar müəllim də söz alıb dedi ki, müasir dövr riyaziyyat elminin tətbiqini mühüm problem kimi dünya elminin qarşısına qoyub. Bizim respublikada bu sahə inkişaf etməyib, təklif edirəm ki, mexanika-riyaziyyat fakültəsinin bazasında tətbiqi riyaziyyat fakültəsi açılsın...

Bu gün ölkə ali məktəblərinin flaqmanı olan BDU-dakı tətbiqi riyaziyyat fakültəsinin açılması Heydər Əliyevin bilavasitə köməyi və Qoşqar Əhmədlinin təklifi ilə bağlıdır.

Fizika fakültəsində Ali riyaziyyat kafedrası onun rəhbərlik etdiyi kafedra bazasında, onun təklifi, təkidi ilə açıldı.

Ali riyaziyyat kafedrasının bazasında, onun arzusuna uyğun olaraq, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları, Riyaziyyat və onun tədrisi metodikası kafedraları yarandı.

İndiki Diferensial və inteqral tənliklər, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedraları onun gərgin əməyinin, axtarışlarının nəticəsidir.

Qoşqar müəllim bir alim, bir müəllim, bir elmi rəhbər kimi, bir insan kimi istedadlı, əvəzsiz və qayğıkeş idi. Onu səciyyələndirən cəhət el adamı olması idi. O, üstünə gələn, kömək istəyən hər kəsə əl tutmağa, qayğı göstərməyə çalışardı. Bu böyük ürəkli insan bir vətəndaş kimi ümumxalq, dövlət əhəmiyyətli işləri öz şəxsi işindən həmişə üstün tuturdu.

 

Elm tarixində böyük xidmətləri olan şəxsiyyət

Məmməd Yaqubov,

fizika-riyaziyyat elmləri doktoru, professor, respublikanın əməkdar müəllimi:

- Qoşqar müəllimi 1957-ci ildən, ali məktəbə qəbul imtahanı verməyə gəldiyim dövrdən tanıyıram. Birinci kursda bizə riyazi analiz fənnindən mühazirələr oxudu. İkiillik bir müddətdə bu fənnin incəliklərini bir ustad pedaqoq kimi bizə öyrətdi. O, çox sadə, xalqa yaxın bir insan idi, güclü yumor hissi vardı.

Yadımdadı, dərsdə bir faktı bizə bir neçə dəfə izah elədi, çətin məsələ idi. Biz durub baxırdıq. Axırda gülə-gülə dedi: - Ayə, mən özüm başa düşdüm, nə təhər oldu siz başa düşmədiniz?

Üçüncü kursda ixtisas seçəndə onun kafedrasını seçdim. Namizədlik dissertasiyamın elmi rəhbərlərindən biri o idi.

Biz onun hər dərsində nəyisə öyrənər, hər bir hərəkət və münasibətindən tərbiyəvi keyfiyyət əxz edərdik. Biz ondan dərs alırdıq: adamda hövsələ olar, səbr olar, böyüyün qarşısında çıxış edəndə birinci növbədə özünə hesabat verər ki, nə danışıram, danışdığım səhv olmasın. Qoşqar müəllim heç vaxt danışanı pərt vəziyyətə salmazdı ki, sən səhv edirsən. Sakitcə həmin məsələ ətrafında söhbət edər, mövzuya aydınlıq gətirər və həmin adam başa düşər, növbəti dəfə belə səhvlər buraxmamağa çalışardı.

Sözün həqiqi mənasında, aşıq sənətinin vurğunu idi. Bir dəfə Moskvadan qayıdanda onu vağzalda qarşıladım. Taksi "Nizami" kinoteatrının yanından keçəndə birdən sürücüyə: - Saxla, - dedi. - Məmməd, o iki aşığı görürsən? Onlara de, Qoşqar müəllim sizi gözləyir.

Maşından düşüb geri qayıtdım, Aşıq Əkbərlə Aşıq İmrana yaxınlaşıb salamlaşdım: - Qoşqar müəllimi tanıyırsınız, - deyə soruşdum.

- Qoşqar müəllimi kim tanımır, - deyib maşına yaxınlaşdılar.

O, mənim həm müəllimim, həm də elmi rəhbərim olubdu. Biz onunla həm müəllim-tələbə, həm ata-oğul, həm də dost, qardaş olmuşuq.

O, sözün əsl mənasında, elm fədaisi idi. Öyrənməkdən, öyrətməkdən doymurdu.

1965-ci il idi, optimal idarəetmə nəzəriyyəsinə aid ilk əsərlər işıq üzü görmüşdü. Bu yeni sahəyə az-çox maraq göstərirdilər. Sən demə, Qoşqar müəllim müvafiq ədəbiyyatı diqqətlə izləyirmiş. Həmin ilin mayı idi, Q.Əhmədli elan etdi ki, optimal idarəetmə məsələləri ilə bağlı elmi seminar təşkil edir.

Qoşqar müəllimdə səbr və təmkini onda da gördük; heç ruhdan düşmədi, daha inam və qətiyyətlə işinə davam etdi. Payızdan seminarlar daha intensiv keçirildi, 1965-ci ildən 1966-cı ilin mayına qədər hər həftə içi dörd gün məşğələ olurdu. Qoşqar müəllimin elmə olan sonsuz həvəsi və yorulmazlığı hamımıza sirayət etdi. Elm tarixi baxımından bu birillik dövrü ölkəmizdə optimal idarəetmə məktəbinin yaranması dövrü, Qoşqar Əhmədlini isə onun banisi adlandırmaq olar. Qoşqar müəllim bizi fədakarlıqla öz ardınca apardı, respublikada optimal idarəetmə elmi məktəbini yaratdı. Bu gün həmin məktəbin nümayəndələrinin səsi indi müxtəlif ölkələrdən gəlir. Bu, Qoşqar Əhmədlinin elm tarixində böyük xidmətlərindən biri idi...

Qələmə aldı:
Ş.MƏMMƏDOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

28 May 2010 - 20

"Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı
 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi
 
"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinə yekun vuruldu
 
Azərbaycan-Latviya Təhsil Forumu keçirildi
 
Xüsusi istedada malik şagirdlərin son seçim turu
 
M.V.Lomonosov adına Moskva Dövlət  Universitetinin Bakı filialında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşüb
 
Təlim kursunu başa vuran müəllimlərə sertifikatlar təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilib
 
Təhsil Şurası musiqi təhsilinə dair konfrans keçirdi
 
SİFE dünya çempionatında ölkəmizi NDU-nun komandası təmsil edəcək
 
Moskvada "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib
 
Bərdə və Füzuli rayonlarında treninqlər keçirilib
 
Tələbənin fərdi yaradıcılıq sərgisi
 
Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu
 
Kimyaçı alim liseyin qonağı oldu
 
Bakıdakı 236 nömrəli orta məktəb əsaslı təmir olunur
 
"Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binası inşa olunur
 
"Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusunda simpozium
 
Mütəxəssislər dərslərdən razı qalıblar
 
Optimal idarəetmə elmi məktəbinin banisi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Ən yaşlı müəllimlərimiz
 
Təbiəti qorumaq hamının borcudur
 
"Ətraf mühit və biz"
 
Siqaretin zərəri barədə nə bilirik. Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə söhbət
 
"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"
 
Elm və təhsilə həsr edilmiş ömür
 
Qafqaz Universitetində "Əmək sərgisi"
 
Koreyalı gənclər heyranlıqlarını gizlətmədilər
 
Peşəsinin vurğunu
 
Böyük türkmən şairi Məxdumqulu Fəraqi yad edilib
 
Almaz İldırımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə
 
Xeyirxah insan, yenilikçi alim
 
Bağça uşaqlarının bayram sevinci hədsiz idi
 
Daha bir məktəbdə VMA yaradıldı
 
Tanınmış rejissorla görüş
 
Layiqli vətəndaş yetişdirmək şərəfli missiyadır
 
Zərdabi kənd orta məktəbi Qubanın nümunəvi təhsil ocaqlarındandır
 
Təhsilin əsasları: Təhsil fəlsəfəsi və təlim prosesi
 
Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı
 
"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"
 
İntellektual əyləncəli idman yarışı
 
"Vətən  mənim, Vətən sənin, bizlər isə bu Vətənin"
 
"Durna" musiqili komediyası şagirdlərin ifasında
 
Ədəbi-bədii kompozisiya
 
Bir dərsin təəssüratları
 
Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalçısı
 

Dünya universitetləri: Melburn Universiteti

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov