
Bu layihədə iştirak edən qadın evdə ana, məktəbdə müəllim olur. Üstəlik, onun təhsilinin, vəzifəsinin də fərqi yoxdur. Söhbət 2018-ci ildən həyata keçirilən maraqlı bir layihə - “İcma əsaslı məktəbəqədər təhsil” layihəsindən gedir. Dünyada müəyyən uğura imza atan layihənin Azərbaycanda nəticələri necədir?
“İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri Orxan Cəfərov “Azərbaycan müəllimi”nə mövcud nəticələrdən, gələcək planlardan, layihənin prioritetlərindən danışıb.
Valideynlərin uşaqları ilə birgə qatıldığı bağça
–Artıq 8 ildir ki, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir. Bu, təhsilə, cəmiyyətə nə üstünlük qazandırır?
– İcma layihəsi hazırda məktəbəqədər təhsil sahəsində tətbiq olunan alternativ modeldir. Bu model Azərbaycanın şəhərdən kənar, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət göstərmədiyi yaşayış yerlərində məktəbəqədər təhsilə çıxış imkanlarını genişləndirmək məqsədilə alternativ olaraq tətbiq edilir. Artıq 2021-ci ildən paytaxtda – sıxlıq müşahidə olunan və mövcud bağçaların tələbatı ödəmədiyi yerlərdə də təşkil olunur. Layihənin mahiyyəti 3–5 yaşlı uşaqların dörd əsas inkişaf sahəsi – sosial-emosional inkişaf, idrak və ümumi biliklər, yaradıcı inkişaf və fiziki inkişaf üzrə bacarıqlarının artırılmasıdır. Bununla yanaşı, icma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin yaradılması, valideyn birliklərinin təşkili və məktəblərlə sıx əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətinə dəstək göstərilməsi nəzərdə tutulur.
Bu model həm də vətəndaş cəmiyyətinin təhsil prosesində iştirakını gücləndirir, valideynlərin övladlarının təhsil xidmətlərinin idarə olunmasında və monitorinqində fəal tərəfdaş olmalarını təmin edir. Onun uğurla tətbiqi məktəblərin gələcək təhsil uğurlarının da başlanğıcı hesab oluna bilər.
Valideynlərin iştirakı niyə vacibdir?
– Bu layihənin iştirakçıları kimlərdir?
– Əsasən valideynlər və 3-4 yaşlı uşaqlardır. “3-4 yaşlı” deyərək məhdudiyyət də qoymuruq. Valideynlər arzulayarsa, 3 yaşına qədər olan uşaqları da bu layihəyə cəlb edə bilərlər. Ancaq burada bir şərt var: onlar uşaqlarının adaptasiya prosesində yaxından iştirak etməlidirlər. Bu layihədə valideynlər prosesin fəal iştirakçılarıdırlar. Hazırda tərbiyəçi-müəllimlərin 70 faizinin əsas iş yeri icmadır. Bu da o deməkdir ki, layihə qadınların iş yeri ilə təminatında da mühüm rol oynayır. Qadınlar sadəcə iş yeri kimi deyil, qrupdakı uşaqların valideynləri olaraq da növbəli şəkildə məşğələlərə qatılırlar. Bunun nəticəsində layihə valideynlərin məktəblə gələcək sıx əməkdaşlığının təməlini qoyur. Bir sözlə, “bu layihə qadınlara iş yeri, uşaqlara isə təhsil verir”,- deyə bilərik.

– Bu layihədən danışarkən valideynlərin iştirakının vacibliyinə xüsusi diqqət çəkirsiniz. Bu, niyə vacibdir?
– Dediyim kimi, icma əsaslı məktəbəqədər təhsil modelində valideynlər yalnız övladlarını mərkəzə gətirməklə kifayətlənmir, onlar prosesin birbaşa iştirakçısına çevrilirlər. Müəllimlərlə birgə dərs və oyun fəaliyyətlərində iştirak edərək uşaqların inkişafını yaxından izləyirlər. Bu, valideynlər üçün də bir təcrübə məktəbi rolunu oynayır – onlar öyrəndiklərini ev şəraitində tətbiq edə bilir, övladlarının maraqlarını, istedadlarını və ehtiyaclarını daha dərindən anlayırlar. Beləliklə, valideynlər evdə övladlarının təhsili ilə daha effektiv məşğul olur, uşaqların bilik və bacarıqlarının inkişafına birbaşa dəstək verir, övladlarını daha yaxından tanıyaraq, onların gələcək təhsil yolunda düzgün istiqamət seçməsinə yardımçı olurlar. Başqa bir məqam: layihədə aktiv iştirak edən valideynlər gələcəkdə icma mərkəzlərində tərbiyəçi-müəllim kimi fəaliyyət göstərə bilərlər. Bu da layihənin davamlılığını və keyfiyyətini artıran əlavə üstünlükdür.
Nəticədə, icma əsaslı model yalnız uşaqların deyil, həm də valideynlərin inkişafına xidmət edir, ailə daxilində öyrənmə mədəniyyətini gücləndirir və gələcək kadr potensialını formalaşdırır.
Ana müəllim rolunda
– Axı o qadınların əksəriyyətinin pedaqoji biliyi yoxdur. Onlar üçün bu yönümdə ayrıca təlimlər keçirilirmi? Ümumiyyətlə, tərbiyəçi-müəllimdən nə tələb olunur?
– Əlbəttə, təlimdən keçirlər. Hazırda layihədə 70 nəfərə yaxın təlimçi tərbiyəçi-müəllim çalışır. Onlar mütəmadi olaraq müəllimlərin pedaqoji hazırlığında, təlimlərə cəlb olunmağında iştirak edir, metodiki dəstək göstərirlər. Qeyd edim ki, təlimçi müəllimlərimiz uzun müddət layihədə çalışan təcrübəli müəllimlər arasından seçiliblər. Odur ki, istənilən situasiyada tərbiyəçi-müəllimlər onların köməyindən istifadə edirlər.
– Bəs valideynlər bu layihədə tərbiyəçi-müəllim kimi iştirak edə bilərlərmi? Yeri gəlmişkən, qəbul nə vaxtdır?
– Tərbiyəçi-müəllimlərin işə qəbulu prosesi başa çatıb. Qəbul müsabiqə yolu ilə aparılır. Adətən may ayından başlayır, avqusta qədər davam edir. Arzulayanlar iştirak edə bilərlər.
– Layihə öz məqsədinə nail ola bilirmi? Ötən dövrün təhlilləri nə göstərir?
– Bildiyiniz kimi, layihənin bir neçə mühüm hədəfi var. Bu yolla məktəbəqədər təhsilə əlçatanlığı artırmaq, valideyn, icma və məktəb əməkdaşlığını gücləndirmək istəyirik. Bundan başqa, 3–4 yaşlı uşaqların fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idrakın inkişafı, estetik və yaradıcı inkişaf, sosial emosional inkişafı əhatə edən bacarıqlarını inkişaf etdirəcəyimizi düşünürük. Modelin tətbiqi nəticəsində məktəbəqədər təhsilin inkişafı vasitəsilə ibtidai təhsilin keyfiyyətini yüksəltməyə nail olmaq fikrindəyik. Mərkəzlərdə 3-4 yaşlı uşaqlar üçün həftədə 4 dəfə, hər biri 2–2.5 saat olmaqla məşğələlər keçirilir. Məşğələlər yerli və eston mütəxəssislərin hazırladığı proqram əsasında aparılır.

Bu il 60 rayonda 1650 icma əsaslı qrup yaradılacaq
– Bəs bu tədris ilində layihədə hansı nəticələrə ümid edirsiniz?
– Hazırkı tədris ilində ölkə üzrə 60 rayonu əhatə etməklə 1180 məktəbdə 1650 icma qrupunun fəaliyyətinin təşkili nəzərdə tutulub. Nəticədə 28 min erkən yaşlı uşaq məktəbəqədər təhsilə cəlb olunacaq. Qrupların əksəriyyəti şəhərdən kənarda, rayon, kənd və ucqar ərazilərdə fəaliyyət göstərir. Hazırda ən çox icma qrupu Bakı, Salyan, Sabirabad, Gəncə, Biləsuvar, Lənkəran, Astara, Tovuz, Quba, Qusar, Xaçmazda fəaliyyət göstərir.
– Təhsildə əməkdaşlığın önəmi xüsusi vurğulanır. Yerli qurumlar layihənin icrasında necə iştirak edirlər, onlar öz üzərlərinə hər hansı rol götürürlərmi?
– Layihənin həyata keçirilməsi birgə əməkdaşlığa əsaslanır. Bu prosesə regional təhsil idarələri, təhsil sektorları, məktəb direktorları fəal şəkildə qoşulurlar. Onlar mərkəzlərin fəaliyyətinə nəzarət edir, müəllimlərin fəaliyyətini dəstəkləyir, valideynlərlə işin təşkilində iştirak edirlər.
Eyni zamanda, layihə çərçivəsində 60 rayon üzrə 70 nəfərə yaxın təlimçi müəllimlər də fəaliyyət göstərir. Onlar icma qruplarında çalışan müəllimlərə metodiki dəstək verir, proqramın məzmununun tətbiqi, dərs prosesinin keyfiyyəti və valideynlərlə əməkdaşlıq sahəsində bilik və bacarıqların artırılmasına yardım edirlər.
Model dünyada uğur qazanıb
– Model Azərbaycandan əvvəl başqa ölkələrdə də tətbiq olunub və hazırda da onu davam etdirənlərin sayı çoxdur. Maraqlıdır, öz nəticələrinizi başqa ölkələrin nəticələri ilə müqayisə edirsizmi?
– Estoniyada icma əsaslı məktəbəqədər təhsil modeli xüsusən kənd yerlərində tətbiq edilir. Məktəbdə yaradılan icma qrupları uşaqların erkən yaşdan təhsilə çıxışını asanlaşdırır. Nəticədə ibtidai siniflərdə hazırlıq səviyyəsi yüksəlib. Müəllimlər bildirirlər ki, məktəbə gələn uşaqlar artıq yazı, oxu və hesablama üzrə ilkin bacarıqlara sahib olurlar. Valideynlərin iştirakına da xüsusi önəm verilir, bu isə ailələrin təhsilə bağlılığını artırır.
Banqladeş dünyada əhalinin ən sıx məskunlaşdığı və sosial-iqtisadi çətinliklər yaşayan ölkələrindən biri olsa da, burada UNICEF və digər təşkilatların dəstəyi ilə yaradılan icma əsaslı məktəbəqədər qruplar minlərlə uşağı əhatə edib. Ən böyük uğur ucqar kəndlərdə uşaqların məktəbə cəlb olunmasıdır. Məlumatlara görə, bu proqramlar nəticəsində dərsə davamiyyət 20–30 faiz artıb, uşaqların ibtidai siniflərdə oxuma və yazma sürəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
Nepalda coğrafi baxımdan ucqar dağlıq kəndlərdə icma əsaslı modellər çox faydalı olub. Burada valideynlər həm təşkilati işlərdə, həm də uşaqların gündəlik fəaliyyətlərində birbaşa iştirak edirlər. Tədqiqatlar göstərir ki, bu qruplara qatılan uşaqlar daha sosial olur, yaşıdları ilə daha yaxşı ünsiyyət qurur və məktəbə daha asan uyğunlaşırlar. Əlavə olaraq, qız uşaqlarının məktəbəqədər təhsilə qatılması onların sonrakı mərhələdə məktəbdə qalma faizini artırıb.
Qazaxıstan Orta Asiyada bu modeli uğurla tətbiq edir. Kəndlərdə yaradılan icma əsaslı məktəbəqədər qruplar valideynlərin fəallığını artırıb. Qazaxıstanda aparılan monitorinqlər göstərib ki, icma qruplarına qatılan uşaqların sosial-emosional bacarıqları daha güclü olur, məktəb mühitinə adaptasiyaları sürətlənir. Bu yanaşma xüsusilə regionlararası bərabərsizliyi azaltmaq üçün faydalı olub.
2017-ci ildə UNICEF-in hesabatında qeyd olunan “Playcentre” modeli (Yeni Zelandiyada) valideyn rəhbərliyinə əsaslanır. Burada valideynlər yalnız övladlarını gətirməklə kifayətlənmirlər, həm də müəllim rolunda prosesə qoşulurlar. “Te Whāriki” adlanan milli kurikulum uşaqların maraqlarına, oyunla öyrənməyə və ailə-icma əməkdaşlığına əsaslanır. Bu model həm sosial inteqrasiyanı gücləndirir, həm də valideynlərə pedaqoji biliklər qazandırır.
.jpeg)
Layihənin uğuru üçün əməkdaşlıq
– Məktəb direktorlarının iştirakı nəyə görə vacibdir?
– İcma əsaslı məktəbəqədər təhsil modelində məktəbin bütün komponentlərinin rolu var. Müəllimlər yalnız dərs prosesini təşkil etmir, həm də valideynlərə təlim, məzmun və pedaqoji dəstək göstərir, uşaqların fərdi inkişafını izləyir və layihənin keyfiyyətli icrasını təmin edirlər.
Məktəb direktorlarının dəstəyi layihənin uğurunda həlledici rol oynayır. Uşaqlar məktəbəqədər mərkəzlərdə aldıqları təhsildən sonra təhsillərini ibtidai siniflərdə davam edirlər. Bu səbəbdən direktorların iştirakı və dəstəyi layihənin davamlılığı üçün vacibdir. Onlar məktəb-icma-valideyn əməkdaşlığını gücləndirir, resursların optimal istifadəsini təmin edir, məktəbin ümumi təhsil keyfiyyətinə müsbət təsir göstərir, uşaqların məktəb mühitinə adaptasiyasını asanlaşdırır.
Beləliklə, müəllimlərin peşəkarlığı və direktorların fəal dəstəyi olmadan layihənin səmərəli icrası mümkün deyil. Onların iştirakı, həmçinin layihənin uzunmüddətli nəticələrinin qorunmasını və daha geniş miqyasda tətbiqini təmin edir.
Uşağın uzunmüddətli akademik, sosial və karyera perspektivlərinə mühüm töhfə verir
– Erkən yaşdan təhsilə cəlb olunmanın uşağın gələcək inkişafı və karyera perspektivlərinə təsirindən çox danışılır. Bu, həqiqətən belədir?
– Əlbəttə, uşaqların 3–5 yaşdan məktəbəqədər təhsilə cəlb olunması onların həm qısa, həm də uzunmüddətli inkişafına böyük təsir göstərir. Erkən təhsil uşaqlara verdiyi imkanları saymaqla bitməz. Məsələn, uşaqların sosial-emosional bacarıqları inkişaf edir. Onlar yaşıdları ilə əməkdaşlıq etməyi, konfliktləri həll etməyi və emosiyalarını idarə etməyi öyrənirlər.
İdrak və akademik hazırlıq səviyyələri artır. Erkən yaşda öyrənmə və oyun vasitəsilə riyazi, dil və məntiq bacarıqları inkişaf edir, ibtidai siniflərdə daha hazırlıqlı olurlar.
Yaradıcı və tənqidi düşünmə qabiliyyətləri formalaşır. Oyun və layihə fəaliyyətləri uşaqların fantaziyasını, problemləri həll etmə və qərarvermə qabiliyyətini gücləndirir.
Fiziki inkişaflarında önəmli irəliləyiş müşahidə olunur. Hərəkətli oyunlar və motor fəaliyyətlər uşaqların koordinasiyasını və sağlamlığını yaxşılaşdırır.
Özünəinam və motivasiya çox önəmlidir. Erkən uğurlar uşaqlarda öyrənməyə maraq və təşəbbüskarlıq yaradır, bu isə onların gələcək təhsil və peşə həyatında təşəbbüskar olmasına yardım edir.
.jpg)
Bundan əlavə, erkən yaşdan təhsilə cəlb olunmuş uşaqların gələcək karyera və əmək bazarındakı rəqabət qabiliyyəti artır. Əsas bilik və bacarıqların formalaşması onların orta və ali məktəb səviyyəsində daha uğurlu olmasına gətirib çıxarır. Sosial və emosional bacarıqlar, liderlik və kommunikasiya qabiliyyətləri əmək bazarında yüksək qiymətləndirilir. Uzunmüddətli olaraq, erkən təhsilə cəlb olunmuş uşaqların ali təhsil imkanlarından faydalanma şansı və davamlı karyera uğuru yüksək olur.
Beləliklə, erkən yaşdan məktəbəqədər təhsilə cəlb olunma yalnız uşağın dərhal inkişafına deyil, həm də onun uzunmüddətli akademik, sosial və karyera perspektivlərinə mühüm töhfə verir.
Layihənin əhatə dairəsi genişləndiriləcək
– Layihə ilə bağlı gələcək planlar nədən ibarətdir?
– Layihənin növbəti illərdə əhatə dairəsi genişləndiriləcək. Bu il ilk dəfə olaraq işğaldan azad edilən ərazilərdə də icma əsaslı qruplar təşkil ediləcək. Məsələn, Ağdamda, Ağdərədə qruplar fəaliyyətə başlayır. Ölkəmizin daha çox bölgəsində məktəbəqədər təhsilin əlçatanlığını artırmaq, ibtidai təhsilin keyfiyyətini yüksəltmək, valideynlərin təhsil prosesinə davamlı şəkildə cəlbini təmin etmək əsas prioritetdir. Odur ki, növbəti illərdə ehtiyac olan yerlərdə yeni icma mərkəzlərinin açılması, müəllim və valideynlərin dəstəyinin gücləndirilməsi, həmçinin layihə proqramlarının zənginləşdirilməsi nəzərdə tutulur. Bu, yalnız uşaqların deyil, bütün icmanın məktəbəqədər təhsil prosesində iştirakını və ümumi təhsil səviyyəsinin yüksəlməsini təmin edəcək.
Hazırda bu layihə Azərbaycanda məktəbəqədər təhsil üzrə tətbiq olunan ən geniş alternativ modeldir. Onun uğurla davam etdirilməsi üçün hər birimizin əməyi, dəstəyi vacib və zəruridir. Bu yalnız bir qurumun və ya bir şəxsin məsuliyyəti deyil, hamımız bu prosesin iştirakçısı, icraçısıyıq. İcmanın, valideynlərin, müəllimlərin, məktəb rəhbərlərinin və dövlət qurumlarının birgə səyləri nəticəsində uşaqlarımız daha yaxşı gələcək üçün möhkəm təməl qazanacaqlar.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər