
Oktyabrın 8-də Mingəçevir Dövlət Universiteti (MDU) ilə Özbəkistan Respublikasının Səmərqənd Dövlət Universiteti arasında qurulmuş əməkdaşlığa uyğun icra edilən layihəsi çərçivəsində növbəti fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə onlayn görüş keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə tərəflər arasında birgə əməkdaşlığın inkişafı, yeni fəaliyyət planının hazırlanması və “İnkişaf Yol Xəritəsi”nin müzakirəsi aparılıb. Müzakirələr zamanı fizika, ekologiya, biologiya, informasiya texnologiyaları və xarici dillər istiqamətlərində tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, eləcə də ixtisasartırma və təcrübə proqramlarının təşkili məsələlərinə toxunulub.
Bununla yanaşı, elmi-tədqiqat layihələrinin birgə işlənməsi, elmi məqalələrin hazırlanması, doktorant və dissertantlara elmi rəhbərlik, həmçinin birgə konfransların, seminarların və master-klasların təşkili imkanları da müzakirə olunub.
Onlayn görüşdə MDU-nu Beynəlxalq əməkdaşlıq ofisinin rəhbəri Samirə Əhmədova, Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva, Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Qurban Qurbanzadə təmsil ediblər.
Səmərqənd Dövlət Universiteti tərəfindən görüşdə prorektor Akmal Axatov, Eldor Kurtaliyev, Fahriddin İsmayılov, Sanjar Tillaev, Ziyadulla Qaniyev və Dilşod Oblokulov iştirak ediblər.
Görüşdə çıxış edən dr. Akmal Axatov qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verib, gələcək fəaliyyət planının reallaşdırılması üçün növbəti görüşdə müvafiq müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə çıxış edən A.Axatov iki ali təhsil müəssisəsi arasında əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. O, əməkdaşlığın həm təhsil, həm də elm istiqamətində faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib və növbəti görüşdə yeni təşəbbüslərin müzakirə ediləcəyini bildirib.
MDU tərəfi də universitetlər arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, birgə layihələrin həyata keçirilməsinə, mübadilə proqramlarının və təcrübə imkanlarının reallaşdırılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Sonda hər iki universitetin nümayəndələri gələcək əməkdaşlıq istiqamətlərinin daha da konkretləşdirilməsi və fəaliyyət planının icrası ilə bağlı razılığa gəliblər.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər