.jpeg)
Onu tədbirlərdən tanıyırdım. Gur səsi, fərqli ifası və gülərüzü ilə hər kəsin üzündə təbəssüm yarada bilir. Axıcı səsi qəlblərə yol tapır. Bəs bu möhtəşəm səsin sahibi kimdir? Söhbət məktəbli vokalist Abbas Rzayevdən gedir.
“Azərbaycan müəllimi” olaraq bu dəfə onu tanımağa və tanıtmağa qərar verib yolumuzu təhsil aldığı məktəbdən salırıq.
Abbas Rzayev Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Həm də Heydər Əliyev adına Uşaq və Gənclər Yaradıcılığı Mərkəzinin dərnək üzvüdür. Burada ilk olaraq qum sənəti, rəsm, əl işi dərnəyinə gedib. Musiqi sahəsi üzrə 3 ildir ki, məşğul olur. Bəs onu kim kəşf edib?

Deyir ki, buna vəsilə olan dostudur: ”Yanımda qum sənətinə gələn bir dostum var idi, o həm də musiqiyə gedirdi. Məni ilk olaraq o kəşf etdi. Dedi ki, sənin səsin yaxşıdır, müəllimin yanına get. Müəllim məni görən kimi dedi ki, sənin bacının da gözəl səsi var idi, ola bilər sənin də olsun. Mahnı oxudum, qulaq asdı, xoşuna gəldi və başladım musiqi dərnəyinə getməyə. İki aydan sonra - Novruz bayramı tədbirində ifa etdim, hamı bəyəndi. Bundan sonra başladım tədbirlərdə oxumağa. İlk vaxtlar səhnəyə çıxanda həyəcandan gözüm qaralırdı. İndi rahat oxuya bilirəm, amma yenə də həyəcanım olur”.
Bəlkə də tamaşaçı qarşısında bu həyəcanın sənətə olan sevgisindən irəli gəldiyini hələ bilmir. Çünki musiqini sevdiyi müddətdə bu həyəcanı azalmayacaq.
Deyir ki, ifalarına müəllimi ilə birlikdə hazırlaşıb: “Təhminə müəllim mənə istiqamət verirdi, mahnıları sözbəsöz öyrənirdik. İndi müəllimim təqaüdə çıxıb, amma məni yönləndirdiyi üçün özüm tək də hazırlaşa bilirəm. Evdə musiqini qoyaraq oxuyur və öyrənirəm. Mahnıları oxuduqca əzbərləmək daha asan olur”.
Onun gur səsini “Sən elə bir zirvəsən” mahnısında eşitmişdim. “Başqa hansı mahnıları sevirsən?” sualına “Rəşid Behbudovun mahnılarını sevirəm” cavabını verir. Tədbirlərdə də onun mahnılarından oxuyur.

Bacısı professional şəkildə ifa etməsə də, asudə vaxtını səmərəli keçirmək üçün dərnəkdə oxuyub. Sanki Abbas onun yolunu davam etdirir. Amma ondan fərqli olaraq daha professional. “Nəsildə də gur səsi olan qohumlarım var”,- deyir.
“Toyda, şənlikdə “Abbas, yaxşı səsin var, bir mahnı oxu!”- deyən olurmu?” soruşanda gülə-gülə cavab verir: “Hə, əlbəttə, qohumların toylarında yaxşı mahnılar oxuyuram”.
Abbas musiqi sahəsində təhsil almaq istəyir: “Kollecə, sonra da konservatoriyaya getmək istəyirəm. Amma məktəbdə də dərslərimi oxumağa çalışıram. Əsasən 3 fənni - Azərbaycan dili, riyaziyyat və ingilis dilini daha yaxşı oxuyuram. Əlavə hazırlıqlara da gedirəm”.
Oxuduğu məktəbin bütün tədbirlərində fəal iştirak edir. “Abbas, yolda, başqa yerlərdə səni görəndə tanıyırlarmı?”- deyəndə üzündə gülüş yaranır. “Yoldan keçəndə məni tanıyırlar, yaxınlaşıb salam verirlər, mahnı oxuduğumu bilirlər. Bu da mənə əlavə stimul verir”.

2023-cü ilin yeni ilində “Naxçıvanfest”də musiqi yarışında birinci yerə layiq görülüb. Onun yaşında olan gənclərin əksəriyyəti, adətən, pop, rep, caz kimi janrları sevsə də, o, retro mahnıları sevir. “Müasirlərə çox da qulaq asmıram”,- deyir. Əlavə edir ki, retro mahnılarda özünü daha yaxşı ifadə edə bilir: “Belə mahnılarda səsimin imkanlarından tam istifadə edə bilirəm. Evdə ailəm də televizorda belə mahnılara qulaq asıb, mən də həmişə onları eşitmişəm”.
Abbas müğənnilərdən İlqar Muradovun mahnılarını da çox sevdiyini və onun mahnılarını oxuduğunu da deyir. Daha sonra bizim üçün də sevdiyi mahnılardan bir neçəsini oxuyur. Çox heyif ki, yazının musiqini çatdırmaq imkanı yoxdur. Çünki içdən gələn o hissləri, duyğuları çatdırmağa heç bir söz yetməz. “Gələcəkdə məşhur olanda bizi də unutma”,- deyib onunla sağollaşırıq.
Bir daha şahid olduq ki, musiqi hər nə olursa-olsun, həmişə təbəssüm yarada bilir.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər