Bütün xəbərlər
7 mart, 23:23

8 Mart Beynəlxalq Qadınlar Gününün ab-havasını yaşayırıq. Bu gün qadınların yalnız sosial, iqtisadi və mədəni sahələrdəki uğurlarını qeyd etmək üçün deyil, həm də onların həyatımızdakı əvəzolunmaz rolunu, fədakarlıqlarını və mübarizliyini bir daha xatırlamaq üçün gözəl bir fürsətdir. Və məhz bu bayramda dünya qadınlarının qazandığı nailiyyətlər qədər hər bir ölkənin qadınına verilən dəyər də ön plana çıxır.  

Qadınlar tarix boyu cəmiyyətin bütün sahələrində böyük uğurlar əldə ediblər. Müasir dövrdə onların rolu daha da artaraq, təkcə ailədə deyil, elmdə, siyasətdə, iş dünyasında və digər sahələrdə özünü daha qabarıq  göstərir.

Azərbaycan xanımları da bu baxımdan istisna deyil. Onlar tarixən həm ailənin, həm də cəmiyyətin fəal üzvləri olublar. Qədim dövrlərdən başlayaraq Azərbaycan qadını yalnız ana, həyat yoldaşı kimi deyil, həm də cəmiyyətin inkişafına töhfə verən şəxsiyyət kimi tanınıb. O, istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib.

Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlıdır. Azərbaycan qadını bəşəriyyətin mədəni fikir xəzinəsinə dəyərli ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Onlar maarifçilikdən dövlət idarəçiliyinə qədər müxtəlif sahələrdə silinməz iz qoyublar.

Azərbaycanın tarixiləşən qadınları 

Azərbaycan qadınları tarixin çətin dönəmlərində yalnız ailələrini deyil, bütöv xalqını qorumaq və inkişaf etdirmək üçün mübarizə aparıblar. Möminə Xatun, Sara Xatun, Tuti Bikə, Tomris, Nüşabə, Nigar, Həcər, Natəvan kimi xanımlar Azərbaycan tarixinin ən önəmli şəxsiyyətlərindən olublar. Onlar  təkcə ailə və dövlət işlərində deyil, həm də milli müstəqillik və azadlıq uğrunda mübarizədə fəal iştirak ediblər.

Bu qadınların fədakarlığı, hər birinin öz dövründə baş verən hadisələrə qarşı göstərdiyi mübarizə gələcək nəsillər üçün örnəkdir. Azərbaycan qadınının tarixdə qoyduğu  bu izlər onun necə güclü və iradəli olduğunu göstərir.

Müasir Azərbaycan qadınının siması…

Bu günün müasir Azərbaycan qadını da öz sələflərindən heç geri qalmır. Onlar  cəmiyyətin bütün sahələrində fəal iştirak edir, elm, təhsil, siyasət, mədəniyyət, biznes və digər sahələrdə uğurlar qazanırlar. Xanımlarımız xüsusilə dövlət idarəçiliyində və siyasətdə mühüm mövqelər tuturlar. Məsələn, ölkəmizin qanunvericilik hakimiyyətini həyata keçirən dövlət orqanı olan Milli Məclisdə təmsil olunan 125 deputatdan 26-sı qadındır və parlamentə rəhbərlik edən də məhz xanımdır.    

Azərbaycan qadını hər zaman müdrikliyi, fədakarlığı, ailəsinə və vətəninə sədaqəti ilə, cəmiyyətin bütün sahələri üzrə verdiyi töhfələrlə seçilib. Bu gözəl və nəcib xüsusiyyətlərin müasir dövrdə ən parlaq nümunələrindən biri məhz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadır. O, təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da Azərbaycan qadınının nəyə qadir olduğunu sübut edən nüfuzlu şəxsiyyətlərdən biridir. Mehriban Əliyevanın fəaliyyəti onun qayğıkeş ana, sədaqətli həyat yoldaşı, görkəmli ictimai-siyasi xadim və xeyriyyəçi kimi parlaq simasını ortaya qoyur.

Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Onun adı çağdaş Azərbaycan tarixinə modern qadın rəhbər, fenomen qadın lider kimi yazılmışdır. Azərbaycan qadınları Mehriban Əliyeva ilə fəxr edir, ondan nümunə götürürlər.  

Nəciblik və xeyirxahlıq mücəssəməsi olan Mehriban Əliyeva həm də Heydər Əliyev Fondunun prezidenti olaraq bir çox xeyriyyə və sosial layihələrin həyata keçirilməsində böyük rol oynayıb. Onun rəhbərliyi ilə Fondun təşkil etdiyi müxtəlif  layihələr Azərbaycanın dünyada daha çox tanınmasına və qadınların fəaliyyətlərinin qiymətləndirilməsinə imkan yaradır.

Bəli, bu gün Azərbaycan xanımları Mehriban Əliyevanı  özlərinə ideal seçir, ondan öyrənir və bəhrələnirlər. Qadınlarımız  müxtəlif dövlət qurumlarında, nüfuzlu beynəlxalq təşkilatlarda uğurla  çalışırlar. Onlar yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da öz  səmərəli fəaliyyətləri ilə seçilir, müxtəlif sahələrdə Azərbaycanın adını yüksəklərə qaldırırlar. Qadın diplomatlarımız ölkəmizi layiqincə təmsil edirlər.

Təhsil sahəsində də mühüm nailiyyətlər əldə edən qadınlarımızın arasında Azərbaycan təhsilinə öz töhfələrini verən neçə-neçə Əməkdar müəllim, akademik, elmin ən müxtəlif istiqamətləri üzrə tədqiqat işləri aparan alim, tədqiqatçılar var. Azərbaycanın  istər ümumtəhsil, peşə, istərsə də orta  ixtisas  və ali təhsil müəssisələrində  çalışan  qadın müəllimlərin, professorların sayı kifayət qədər çoxdur.

Ölkəmizdə qadınlara dövlət səviyyəsində göstərilən diqqət və qayğı

Tarixən Azərbaycan qadınına  hər zaman hörmət və ehtiram olub. Onlar Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.  

Dövlət müstəqilliyimizin bərpasından sonra ötən müddət ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.  

Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olması danılmaz faktdır. Dahi şəxsiyyət qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib amil kimi hər zaman diqqətdə saxlamışdır. Və ölkəmizdə qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlətin önəm verdiyi ən mühüm məsələlərdəndir.  

Ulu Öndər Heydər Əliyev 1998-ci il sentyabrın 14-də baş tutan və iki gün davam edən Azərbaycan Qadınlarının I Qurultayındakı çıxışında  ölkə xanımlarının aparıcı qüvvə olduğunu xüsusi qeyd edərək onların ictimai-siyasi həyatda iştirakını, dövlət idarəçiliyində təmsilçiliyini, bütün sahələrdə bərabər hüquqlarının təmin edilməsi məsələlərini dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb: “Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmüsünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm”.

Qeyd olunduğu kimi, 1998-ci ildə keçirilən  müstəqil Azərbaycanın ilk Qadınlar qurultayı bir çox cəhətləri ilə həmişəlik yaddaşlara həkk olundu. Qadın hərəkatının əsasını qoyan, davamlı olaraq 2003, 2008, 2013, 2018 və 2023-cü  illərdə keçirilən Azərbaycan Qadınlarının  Qurultayları dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.  

Zaman-zaman qadınlarla bağlı görülən işlərin əhatə dairəsi də genişlənib. Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyev hər zaman ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmaqla onların fəaliyyətinə geniş meydan yaradıb.  

Ölkəmizdə qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin tətbiqi qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir.

Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət qadın siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Belə ki, Azərbaycanda qadınların inkişafı məqsədilə ölkə başçımızın rəhbərliyi altında çoxlu sayda fərman və sərəncamlar imzalanıb, yeni  qanunvericilik aktları qəbul edilib. Prezident İlham Əliyev Azərbaycan qadınının potensialına, onların ictimai-siyasi həyatdakı fəaliyyətinə xüsusi diqqət ayırır.

Bundan başqa, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir.

Bəli, Azərbaycanın müasir inkişafında qadınların rolu artır. Qadınların sosial və iqtisadi inkişafı sahəsindəki proqramlar onların təhsil və iş imkanlarını artırmış, müxtəlif sahələrdə fəaliyyət göstərməsinə şərait yaratmışdır. Azərbaycan qadını artıq yalnız evin qayğısını çəkmir, eyni zamanda dövlətin idarə olunmasında, iqtisadi inkişafda, cəmiyyətin bütün sahələrində fəal iştirak edir.

İgidlər böyüdən ANA, vəfalı HƏYAT YOLDAŞI, mübariz ruhlu QADIN

Azərbaycan qadını tarix boyu təkcə ailənin dayağı deyil, həm də cəmiyyətin güclü sütunlarından biri olub. O, həm qəhrəman oğullar yetişdirən ana, həm vəfalı həyat yoldaşı, həm də lazım gəldikdə döyüş meydanında mübarizə aparan əzəmətli bir simadır.  

44 günlük Vətən müharibəsində qadınlarımız bu şərəfli missiyalarını bir daha sübut etdilər. İşğal olunmuş torpaqlarımızın  azad edilməsi uğrunda  canlarını fəda edən şəhidlərimizin anaları övladlarını qürurla torpağa tapşıraraq, xalqımıza güc və ruh yüksəkliyi verdilər. Onların “Vətən sağ olsun!” sözləri bu xalqın iradəsinin sarsılmaz olduğunu bir daha göstərdi.

Şəhid və qazilərimizin həyat yoldaşları sədaqət və güc rəmzinə çevrildilər. Müharibədə həyat yoldaşlarını itirən, lakin onların adını yaşatmaq üçün mübarizəni davam etdirən qadınlarımız əsl vəfa nümunəsidir. Onlar həm şəhid olmuş həyat yoldaşlarının yadigarları olan övladlarını böyüdür, həm də cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərərək dövlətimizin daha da güclənməsinə töhfə verirlər.

Azərbaycan ordusunda xidmət edən qadın hərbçilər, həkimlər, tibb bacıları, könüllülər  44 günlük müharibədə öz dəstəyini, sarsılmaz həmrəyliklərini nümayiş etdirdilər. Müharibə dövründə informasiya cəbhəsində qadın müəllimlər, jurnalistlər, digər peşə sahibləri  öz fəallıqları ilə Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Səhhətindən və yaşından asılı olmayaraq minlərlə Azərbaycan qadını bu haqq savaşımızın Qələbə ilə bitməsi üçün əlindən gələni əsirgəmədi.  

Dünyanı gözəlləşdirən də, sevgi ilə dolduran da SİZSİNİZ…

Bəli, Azərbaycan qadını hər zaman zəriflik və gücün, mərhəmət və əzmkarlığın vəhdətini özündə birləşdirib. O, yalnız ailəsinin deyil, cəmiyyətin də ilham mənbəyi, qurucu qüvvəsidir. Tarixin hər bir dövründə qeyd etdiyimiz kimi Azərbaycan xanımı öz şücaəti, zəhməti və iradəsi ilə ön sıralarda olub - bəzən ana, bəzən müəllim, bəzən də qəhrəman kimi. Və  bayram əhvali-ruhiyyəsi yaşadığımız 8 Mart Beynəlxalq Qadınlar Günü təkcə təbriklərin söylənilməsi deyil, həm də qadınlara olan sevgi və dəyərin ifadəsidir.  

Qoy bu gün hər bir Azərbaycan xanımı özünü dəyərli, sevilən və ilhamverici hiss etsin. Həyat yolunuz həmişə uğur, sevinc və xoşbəxtliklə dolu olsun. Qəlbinizdəki işıq heç vaxt sönməsin, gülüşünüz daim sevgi ilə parlasın! Dünyanı gözəlləşdirən, sevgi ilə dolduran SİZSİNİZ - elə bu gün də, sabah da və əbədi olaraq  həmişə... 

Bayramınız mübarək olsun!

Şərhlər

Xəbər lenti

1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

1 may, 20:00

Valideyn davranışlarına məktəb qiymətləndirmə vərəqlərindən alınan məlumatların təsiri

1 may, 19:05

Norveçdə 15 yaşlı yeniyetmələrin karyera inkişafı

1 may, 18:12

RFO-nun fizika fənni üzrə ilkin nəticələri elan edilib

1 may, 17:45

BANM-də III Biznes-forum keçirilib

1 may, 17:34

“Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə imtahan keçirilib

1 may, 17:33

BMU ilə UNEC birgə elmi seminar keçirib

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.