Naxçıvan Dövlət Universitetində "Təbiət
elmlərinin və dəqiq elmlərin müasir problemləri"
mövzusunda universitet elmi konfransı keçirildi.
NDU-nun rektoru, akademik İsa Həbibbəyli çıxış
edərək konfransın əhəmiyyətini vurğuladı,
universitetdə təbiət elmlərinin, dəqiq elmlərin
tədrisində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqindən, bir sıra fənn
laboratoriyalarının və təcrübə bazalarının
yaradılmasından, mövcud problemlərdən bəhs etdi.
Rektor universitet həyatında baş verən əlamətdar
hadisədən - burada elmi işlər üzrə prorektor
vəzifəsində çalışan, AMEA-nın müxbir üzvü Vəli
Hüseynovun Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komissiyası sədrinin
müavini vəzifəsinə təyin edilməsindən də söz
açdı, bunu ölkə başçısı İlham Əliyevin
regiondakı elmi kadrlara yüksək diqqət və
qayğısı kimi qiymətləndirdi.
Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyası sədrinin müavini,
AMEA-nın müxbir üzvü Vəli Hüseynov həmkarlarına
səmimi minnətdarlığını bildirərək bu zirvəyə
çatmasında Naxçıvan Dövlət Universitetinin,
akademik İsa Həbibbəylinin misilsiz rolundan
danışdı. Sonra fizik alim "Böyük Adron
Kollayderi və fizikanın müasir problemləri"
mövzusunda məruzə etdi.
Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə
prorektoru, fizika-riyaziyyat elmləri namizədi
Anar Kazımovun "Müasir riyaziyyatın bəzi aktual
problemləri", Coğrafiya kafedrasının müdiri,
coğrafiya elmləri namizədi Nazim Bababəylinin "Orta
Araz təbii vilayətində radioaktiv tullantıların
yayılmasında atmosfer sirkulyasiyasının rolu",
Kimya kafedrasının müdiri, kimya elmləri
namizədi, dosent Tofiq Əliyevin "Merkaptosirkə
turşusunun bəzi funksional törəmələrində "birləşmənin
quruluşu-inhibitor effekti" asılılığının
qanunauyğunluqları", Baytarlıq kafedrasının
müəllimi, baytarlıq elmləri namizədi Yunis
Rüstəmlinin məruzələri dinlənildi. Məruzələrdə
təbiət elmlərinin və dəqiq elmlərin aktual
məsələlərinə, iqtisadi potensialın, təbii
sərvətlərin və ekologiyanın qorunması
istiqamətində aparılan çoxsaylı tədqiqatlara
toxunuldu. Konfransda slaydlardan da istifadə
olundu.
Mehriban SULTAN,
NDU-nun Mətbuat
şöbəsinin müdiri |